Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-395/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 41, mənzil 112-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd kağız bükümün içərisində sarı rəngli polietilen bükümdə təmiz çəkisi 0,350 qram ağ rəngli kristallardan ibarət xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış və 27 aprel 2024-cü il tarixdə, saat 02:00 radələrində Nərimanov RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 109 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının qabaq sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd kağız bükümün içərisində sarı rəngli polietilen bükümdə təmiz çəkisi 0,350 qram ağ rəngli kristallardan ibarət xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 41, mənzil 112-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Təxminən 2 (iki) il olar ki, narkomanlar arasında «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin qəbul edir. 26 aprel 2024-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsində Abdul kimi tanıdığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün bir büküm «şüşə» alıb əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibinə qoyub gizlətmişdir. 27 aprel 2024-cü il tarixdə gecə saat 02 radələrində Nərimanov rayonu, Montin adlanan ərazidə, Arif Heydərov küçəsində yerləşən «Xəmsə» restoranmm yaxınlığında yaşadığı ünvana getmək üçün mobil telefonu ilə taksi sifariş vermək istəyən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirərək ondan adını və soyadını, habelə hansı ünvanda yaşadığını soruşmuşlar. Cibində olan «şüşə» bükümünə görə həbs olunacağını düşünüb həyəcanlanaraq özünü itirmiş və polis əməkdaşlarına konkret cavab verə bilməyib oradan uzaqlaşmaq istəmişdir. Bunu görən polis əməkdaşları onlarla birlikdə Nərimanov rayon polis idarəsinə getməyi təklif etmişlər. Başqa çıxış yolu görməyib etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon polis idarəsinə getmişdir. Həmin vaxt polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb cibində gizlətdiyi «şüşə» bükümünü kənara tullaya bilməmişdir. Nərimanov rayon polis idarəsinin təhqiqat şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə hər hansı qeyri-qanuni əşya və predmet varsa, təqdim etməyi təklif etmişlər. Buna cavab olaraq əynindəki qara rəngli qolsuz gödəkcəsinin sol yan cibindən mobil telefonunu, göy rəngli cins şalvarının qabaq sol cibindən içərisində özünə məxsus bank kartları olan pul kisəsini, şalvarının qabaq sağ cibindən isə kağız bükümün içərisində sellofan bükümdə olan narkomanlar arasında «şüşə» kimi tanınan psixotrop maddə metamfetamini stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd bükümdəki maddənin nə olduğunu və həmin maddəni haradan aldığını ondan soruşduqda başqa çıxış yolu görməyib səmimi etiraf edərək bükümün içərisində metamfetamin olduğunu və həmin maddəni Suraxanı rayonunda öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Polis əməkdaşları üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə aparıb protokol tərtib etmişlər və ondan aşkar olunmuş narkomanlar arasında “şüşə” kimi tanınan həmin “metamfetamin” bükümünü zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. “Şüşə” əldə etdiyi Abdul adlı həmin şəxsin əsl adını, soyadını və atasının adını, yaşadığı ünvanı və telefon nömrəsini bilmir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. 27 aprel 2024-cü il tarixdə saat 02:00 radələrində ünvan 3 ünvanının yaxınlığında Nərimanov RPİ-nin əməliyyat rabitə qrupunun operatoru, polis serjantı Şahid2 ilə birlikdə xidməti vəzifələrini icra edən zaman Arif Heydərov küçəsi ilə piyada hərəkət edən bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını müşahidə etmişlər. Bu səbəbdən Arif Heydərov küçəsi, 109 ünvanının qarşısında narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan adını və soyadını, habelə yaşayış ünvanını soruşmuşlar. Bu vaxt həmin şəxs rabitəsiz danışaraq ərazidən uzaqlaşmağa çalışdığından onun üzərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onu Nərimanov RPİ-yə dəvət edib gətirmişlər. Nərimanov RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün idarə rəisinə raportla məruzə etmişlər. Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mirsaleh Cavadov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, Nərimanov RPİ-nin əməliyyat-rabitə qrupunun operatoru, polis serjantı Şahid2 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil X1 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna cavab olaraq əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol yan cibindən “Tecno Pova” markalı mobil telefonunu, göy rəngli cins şalvarının qabaq sol cibindən pul kisəsini, şalvarının qabaq sağ cibindən isə bir ədəd kağız büküm çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin kağız bükümə baxış keçirilərkən bükümün içərisində spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddə barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin metamfetamin olduğunu və həmin maddəni öz şəxsi istifadəsi üçün Suraxanı rayonunda əldə etdiyini bildirmişdir. Axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi baş təhqiqatçı Mirsaleh Cavadov tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xanbaba Xankişiyevin, axtarışda iştirak edən digər polis əməkdaşı Şahid2 və onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Həmçinin araşdırma üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs aşkar olunmuş «Tecno Pova» markalı mobil telefon baş təhqiqatçı Mirsaleh Cavadov tərəfindən götürülmüşdür. Baş təhqiqatçı Mirsaleh Cavadov tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol və Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsinin qablaşdırıldığı zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə, saat 04:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd kağız bükümün içərisində polietilen bükümdə spesifik qoxuya malik ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesinə dair videogörüntünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə protokoluna əlavə olunmuş CD diskə xx.xx.2024-cü il tarixdə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadov tərəfindən 27 aprel 2024-cü il tarixdə saat 04:40-dan 05:00-dək həmin şöbədə yerləşən xidməti otağında Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili X3, Nərimanov rayon polis idarəsinin 16-cı polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Nərimanov RPİ-nin əməliyyat-rabitə qrupunun operatoru, polis serjantı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş 1 (bir) ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsinin götürülməsinə dair videogörüntünün mövcud olduğu müəyyən edilmişdir. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 27 aprel 2024-cü il tarixli 3-16-16/2- 6/2326 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 44» dairəvi möhür əksi, «vət. (imza) Əhmədov» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,350 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi - 0,350 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,300 qram. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSYdən dərhal azad edilmişdir; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 28 aprel 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-129/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-129/2020 saylı, xx.xx.2020-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək məmiş 01 il 01 ay 27 gün hissəsi 6 ay azaldılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş №359 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-129/2020 saylı, xx.xx.2020-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək cəza müddətini çəkib və cəza müddətinin sona çatması ilə azad olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 dair xx.xx.2024-cü il tarixli 2801A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,350 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin tərəfimdən 17 iyul 2024-cü il tarixdə maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,300 qram metamfetamin Nərimanov RPİyə saxlanışa verilmişdir və öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk tərəfimdən 17 iyul 2024-cü il tarixdə sübut növü hesab edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,350 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0.300 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-395/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-395/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver