Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-396/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «De Fendo» vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-345/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, məhkum olunana qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metafmetamini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,686 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla 29 iyul 2025-ci il tarixdə ünvan 2 ünvanının qarşısına daşımış və 29 iyul 2025-ci il tarixdə saat 19:25-də Nərimanov RPl-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,686 qram olan xeyli miqdarda ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, hadisə günü evdən çıxaraq Təhsil Nazirliyinə doğru gedən zaman 3 avtomobil ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və avtomobilə əyləşməli olduğunu bildirmişlər. Avtomobillər qara Kia Sportage və ağ Toyota markalı avtomobillər olmuş, digər avtomobilin markasını xatırlamır. O, Kia Sportage markalı avtomobilə əyləşdirilmişdir və 18-ci PŞ-yə gətirilmişdir. Bir müddət həyətdə gözlədikdən sonra Ruslan adlı əməkdaş ona yaxınlaşaraq, həyətdə onun sağ cibinə metamfetamini qoymuşdur. Ona etiraz edib bu hərəkətinin səbəbini soruşduqda bu maddənin ona məxsus olduğunu bildirməsini demişdir. Daha sonra onlarla razılaşmış və çəkiliş edilməyə başlanılmışdır. Çəkiliş saxlanıldığı yerdən biraz aralıda, yəni şöbənin yanında apraılmışdır. Təqsirli olmadığını bildirərək məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddəni onun üzərinə bölmənin həyətində sağ tərəfdə Ruslan adlı polis əməkdaşı təqdim etmişdir. Narkotik vasitə ona təqdim edildikdən sonra çəkiliş edilmişdir. Onu şöbədə kimin qəbul etdiyini xatırlamır. Çəkiliş yerinə dörd nəfər getmişlər. İfadə verən polis əməkdaşlarını ancaq çəkilişdə görmüş, onu saxlayan isə Ruslan olmuşdur. Ruslan onu saat 17:30-da saxlamış və 18:30-də çəkiliş başlamışdır. Narkotik vasitəni Ruslan onun şalvarının sağ arxa cibinə qoymuşdur. Etiraz etməməsinə səbəb daha öncə narkotik vasitələrə görə tutulması olmuşdur. Narkotik vasitənin neçə qram olmasını xatırlamır. Ona qarşı polis əməkdaşları tərəfindən şiddət və fiziki təzyiq olmamışdır. Çəkilişdən sonra onu iki gün saxlamışlar. Bu hadisə bağlı heç bir quruma şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyul 2025-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində olması və üstündə psixotrop maddə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsinə getmişlər. Həmin vaxtı ünvan 2 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona psixotrop maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, üzərində qanunsuz saxlanılan psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, onlar onun təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirmişlər və həmin bükümün içərisində ağ rəngli kristalşəkilli maddə var idi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddədir, həmin psixotrop maddəni İran vətəndaşından həmin ünvandan zakladka yolu ilə 40 manata əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman onun boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, bundan başqa onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Nərimanov RPİ- nin 18-ci PŞ-nə getmişdir. Bundan sonra onlar Nərimanov RPİ-nin 18-ci PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən aşkar edilərək 01 ədəd zərfdə qablaşdırılmış bükümə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş zamanı təhqiqatçı Fərid Rəhimov 01 ədəd zərfdə qablaşdırılmış şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminə baxış keçirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddədir, həmin psixotrop maddəni İran vətəndaşından həmin ünvandan zakladka yolu ilə 40 manata əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 01 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs göstərdiklərini təkzib edərək, onu saxlayan əməkdaşlar arasında Ruslanın olmadığını, üç nəfər polis əməkdaşının əməliyyatda iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 oğlunun göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, hazırda Nərimanov RPİ-də NMQ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs şəxsi olaraq tanıyır, lakin onunla ədavəti yoxdur. Belə ki, may ayında da Nazim barəsində eyni cinayət əməli ifşa edilmiş, həmin əməli ifşa edən əməliyyatçı özü olmuşdur. Hazırki epizod ilə bağlı bildirmişdir ki, sözügedən tarixdə Nazimin saxlanılması əməliyyatında iştirak etməmiş, ona qarşı təzyiq göstərməmiş, narkotik vasitə təqdim etməmişdir. Nazim tarixləri qarışdırır. Belə ki, onu ilk epizodda saxlayan özü olmuş, digər epizodda, yəni hazırki işdə iştirakı olmamışdır. Onu saxlayan vaxtı narkotik vasitənin təsiri altında olduğundan hadisələri xatırlamaması normaldır. Araşdırma ilə bağlı verilən suallara cavab olaraq, Nazimin hazırki işdə saxlanıldığı yer ilə 18-ci polis şöbəsi arasında 4 km-dən artıq məsafə olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, kristalşəkilli kütləni təqdim etmişdir. Bundan başqa yoxlama zamanı “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra ağ rəngli, kristalşəkilli metamfetaminə bənzər kütlə qablaşdırılmış və saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:25 dəqiqədən hesablanmaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 01 ədəd bükümə baxış keçirilmişdir. 01 ədəd bükümdə ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra maddə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs bükümün ona məxsus olmasını və xx.xx.2025-ci il tarixində tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 30 iyul 2025-ci il tarixli, 3-16/16/2-6/2607/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №224” dairəvi möhür əksi, “X6 (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,686 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir. 31 iyul 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” və “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, kristalşəkilli kütləni təqdim edir. Bundan başqa yoxlama zamanı “Samsung” markalı mobil telefon aşkar edilir. Daha sonra ağ rəngli, kristalşəkilli metamfetaminə bənzər kütlə qablaşdırılır və saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 11 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 01 avqust 2025-ci il tarixli, 4649 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Respublika Narkoloji Mərkəzində xx.xx.2025-ci il tarixdən F19x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,686 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,636 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir və video görüntülərin əks olunduğu 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-345/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən ona təqdim edildiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): Cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 66.5 Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. AİHM-in Edwards və X3rşı (27 oktyabr 2004-cü il, ərizə № 39647/98 və 40461/98, §§ 55-57) işi üzrə qərarında, narkotiklərlə bağlı işlərdə polis əməliyyatları və onların ifadələrinin rolu müzakirə olunarkən, əsas diqqət əməliyyatın və sonrakı məhkəmə prosesinin ümumi ədalətliliyinə yönəlmişdir. Əgər polis ifadələri digər sübutlarla (məsələn, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin öz etirafları) dəstəklənirsə və müdafiə tərəfi bu ifadələri effektiv şəkildə sorğulaya bilibsə, onların sübut kimi nəzərə alınması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab edilmir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirliliyi məsələsini həll edərkən, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyasının fundamental prinsipini rəhbər tutur. Həmin prinsipə və onu cinayət-prosessual qanunvericilikdə konkretləşdirən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 25-ci maddəsinə uyğun olaraq, ittihamın sübuta yetirilməsi vəzifəsi tam həcmdə ittiham tərəfinin üzərinə düşür və təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Bununla yanaşı, məhkəmə sübutların qiymətləndirilməsini CPM-nin 125-ci və 145-ci maddələrinin imperativ tələblərinə uyğun olaraq həyata keçirir. Qanunun bu normalarına görə, yalnız qanunun tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Zorakılıq, hədə-qorxu, işgəncə və ya digər qeyri-insani rəftar yolu ilə, habelə cinayət prosesi iştirakçılarının hüquqlarını pozmaqla əldə edilmiş materialların hüquqi qüvvəsi yoxdur və onlar ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə öz yekun qərarını formalaşdırarkən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından, bütün sübutların məcmusunu isə ittihamın həlli üçün kifayət olması nöqteyinəzərindən qiymətləndirir. Bu prosesdə yaranan və aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 32-ci bəndinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Bu səbəbdən məhkəmə vəzifəsinə uyğun sübutları təhlil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. O, 29 iyul 2025-ci il tarixli üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsinə dair epizodun polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən sübutların saxtalaşdırılması yolu ilə qurulduğunu, yəni həmin psixotrop maddənin onun üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə, irəli sürülmüş sübutların saxtalaşdırılması və qanunsuz saxlanılma iddialarını təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan müdafiə mövqeyi kimi qiymətləndirir və aşağıdakı əsaslara görə rədd edir: Təqsirləndirilən şəxsin üzərinə psixotrop maddənin qoyulması iddiası, öz mahiyyətinə görə, cinayət prosesində sübutların saxtalaşdırılması iddiasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedentlərində (Cənnətov Azərbaycana qarşı, Məmmədov və digərləri Azərbaycana qarşı) müəyyən etmişdir ki, bu cür ciddi iddialar müvafiq dəlillərlə dəstəklənməlidir. Məhkəmə belə iddiaları qiymətləndirərkən “əsaslı şübhədən kənar” sübut standartını tətbiq etməli və iddianı təsdiq edən kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin mövcudluğunu yoxlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin bu iddiasını heç bir obyektiv sübutla əsaslandıra bilmədiyini müəyyən edir. Təqsirləndirilən şəxs iddia etdiyi onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının kimliyini dəqiq müəyyən edə bilməmiş, sadəcə sonradan narkotik vasitənin Ruslan adlı polis əməkdaşı tərəfindən onun üzərinə qoyulduğunu formal şəkildə şərh etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş bütün polis əməkdaşları da onun göstərdiklərini təkzib edərək, şöbədə heç kimin Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə qoymadığını bildirmişdir. Ruslan Səfərov isə ifadəsində Təqsirləndirilən şəxs həqiqətən də saxladığını, lakin həmin hadisənin hazırda cəza çəkdiyi hökmü üzrə may ayında olduğunu bildirmişdir. Məhkəmə sözügedən hökmü nəzərdən keçirərkən, həqiqətən də Ruslan Səfərovun 08 may tarixində keçirilmiş əməliyyat axtarış tədbirində iştirak etdiyini müəyyən etmişdir. Bunun əksinə olaraq, ittiham tərəfinin təqdim etdiyi sübutlar, xüsusilə də 29 iyul 2025-ci il tarixli şəxsi axtarışın videoçəkilişi təqsirləndirilən şəxsin psixotrop maddəni heç bir məcburiyyət olmadan, könüllü şəkildə özü təqdim etdiyini təkzibedilməz şəkildə nümayiş etdirir. Bu obyektiv sübut, hadisənin şahidi olmuş polis əməkdaşlarının ifadələri ilə birlikdə, sübutların saxtalaşdırılması iddiasını tamamilə rədd edir. Avropa Məhkəməsinin Edwards və X3rşı işində qeyd edildiyi kimi, polis ifadələri digər obyektiv sübutlarla (maddi sübutlar, ekspert rəyləri, videoçəkiliş) dəstəklənirsə və müdafiə tərəfinə bu ifadələri effektiv sorğulamaq imkanı verilirsə, onların sübut kimi nəzərə alınması ədalətli məhkəmə araşdırması prinsipini pozmur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqa verdiyi və ittihamı tam etiraf etdiyi ifadələrini təkzib etmişdir. Məhkəmə, müdafiə tərəfinin bu iddiasını hərtərəfli araşdıraraq, onu sübutların mümkünlüyünə xələl gətirməyən və əsassız hesab edir. Belə ki, təqsirləndirilən şəxs özü dindirilməsi zamanı ona qarşı hər hansı fiziki zorakılıq və ya işgəncənin tətbiq edilmədiyini birmənalı şəkildə təsdiq etmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə ona qarşı heç bir şiddət və təzyiq göstərilmədiyini qeyd etmiş və psixotrop maddənin onun üzərinə qoyulmasından sonra bu barədə heç bir orqana şikayət etmədiyini bildirmişdir. Bütün bunlar bir daha sübut edir ki, təqsirləndirilən şəxsin müdafiə mövqeyi həqiqətə uyğun deyil və o, sadəcə məsuliyyətdən yayınmaq üçün bu versiyanı irəli sürmüşdür. Beləliklə, təqsirləndirilən şəxsin müdafiə üçün gətirdiyi dəlillər subyektiv mülahizələrdən ibarət olub, işin obyektiv materialları və məhkəmədə tədqiq olunmuş sübutlar məcmusu ilə təkzib edilir. Cinayətin obyektiv cəhəti, yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı şalvarının cibindən ümumi çəkisi 0,686 qram olan psixotrop maddə – metamfetaminin aşkar edilməsi faktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, heroinin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Məhkəmə-kimyəvi ekspertizasının 30 iyul 2025-ci il tarixli, 3- 16/16/2-6/2607/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş maddənin ümumi təmiz çəkisi 0,686 qram olmaqla, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bu, qanunla müəyyən edilmiş “xeyli miqdar” həddini əhəmiyyətli dərəcədə üstələyir və cinayət tərkibinin predmetinin və miqdarının mövcudluğunu sübut edir. Cinayətin subyektiv cəhəti, yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını səmimi şəkildə etiraf etmişdir. Bu etiraf, onun törətdiyi əməlin ictimai təhlükəli xarakterini tam dərk etdiyini və onun nəticələrini arzu etdiyini, yəni birbaşa qəsdin mövcudluğunu təkzibedilməz şəkildə sübuta yetirir. Həmçinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 01 avqust 2025-ci il tarixli, 4649 nömrəli rəyi ilə Təqsirləndirilən şəxsda “Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu”nun aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması faktı, onun psixotrop maddələri əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. Bütün yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və əməlləri düzgün tövsif edilmişdir. Buna görə də, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxsya cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Bu çərçivədə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş cinayət əməlinin xarakterinə gəldikdə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl – satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma – cəmiyyətin sağlamlığı və mənəviyyatı üçün ciddi təhlükə yaradan əməllər sırasına daxil olmaqla obyekt olaraq ictimai təhlükəsizliyə qəsd dən cinayət əməlidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi fərdlərin həyatını və sağlamlığını təhdid etməklə yanaşı, cinayətkarlığın artmasına və sosial problemlərin dərinləşməsinə də zəmin yaradır. Məhkəmə, CM-nin 59-cu və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Məhkəmə, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün məlumatları, narkomaniya xəstəliyindən əziyyət çəkməsini və narkoloji dispanserdə qeydiyyatda olmasını nəzərə alır. Bu hallar, onun islah olunmasının müəyyən çətinliklərlə üzləşə biləcəyini və cəmiyyətdən təcrid olunmadan davranışına effektiv nəzarətin təmin edilməsinin mürəkkəbliyini göstərir. CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik mühitlə əlaqələrini davam etdirməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini və dayanıqlı olmama ehtimalını artırır. Məhkəmə hesab edir ki, azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin bərpasına və narkotik asılılığından xilas olmasına real imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyini, törədilmiş əməlin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Eyni zamanda iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Bu səbəbdən, onun barəsində cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməlidir. Həmin normaya əsasən, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydalarına uyğun cəza təyin edilir və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan əlavə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət 02 gün olaraq müəyyən edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş tutulduğu 02 müddət nəzərə alınmalı, ümumilikdə 04 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq ümumi rejimli müəyyən edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-345/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs F19.2 diaqnozu ilə Bakı şəhər Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X1 saxlanılan psixotrop maddənin qalığı – 0,636 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 114 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkilin təqdim etdiyi hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 iş saatı üçün cəmi 495 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-345/2025 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdən 31 iyul 2025-ci il tarixədək və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmi 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın (cəza müddətinə hesablansın) və üzərində qəti olaraq 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-345/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs F19.2 diaqnozu ilə Bakı şəhər Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X1 saxlanılan psixotrop maddənin qalığı – 0,636 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 114 manat vəsait Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 iş saatı üçün cəmi 495 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-396/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-396/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver