Məhkəmə qərarları › İş №1(005)-399/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-399/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-399/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Qubadlı rayonu, Xocahan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 8, mənzil 13-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının arxa hissəsində tanışı Zərərçəkmiş şəxs guya ümumi tanışlarının yanında onun arxası ilə danışmağını cüzi bəhanə etməklə heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarsı etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyub gücünü nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələr ilə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətləri edib ictimai yer sayılan yaşayış binasının arxasında üzərində olan silah hesab edilən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol ayağından bir dəfə qəsdən vuraraq ona sol bud arteriyasının xarici qanaxma və qalxan şaxəsinin zədələnmələri ilə müşayiət olunan budun bir ədəd deşilmiş kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır. Elçinlə əvvəllər işlədiyi Nəsimi rayonu ərazisində yerləşən “Piramida” klubunda tanış olmuşdur. Əvvəllər Elçinlə heç bir ədavət, düşmənçiliyi və mübahisəsi olmamışdır. O, 2006-cı ildə X6 ilə qeyri rəsmi nikah münasibətində yaşamış və bu münasibətdən onların 2010-cu ildə Nuran adlı oğlan övladları dünyaya gəlmişdir. Samirə İbrahimova 2013-cü ildə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. Həmin vaxtdan başlayaraq oğlu Nurana o baxmış və Nuran onunla birlikdə yaşamışdır. Elçinin onun övladının olması barədə məlumatı olmuşdur. 10 aprel 2021-ci il saat 19 radələrində o, Elçinlə ortaq tanışları olan Kənan və Elvinlə “Metropark” Ticarət Mərkəzinin yanında görüşmüşdür. Görüş zamanı Elvin və Kənan ona Elçinin orda-burda onun oğlu Nuranın ondan olmadığını, yəni bic olmasını danışmasını demişdir. O, Elvin və Kənana Elçinlə görüşüb bu məsələni aydınlaşdıracağını demişdir. Bir gün sonra yəni, 20 aprel 2021-ci il tarixdə o, Elçinin istifadəsində olan mobil nömrəsinə zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və Elçini yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19A, mənzil 36-ya dəvət etmişdir. 20 aprel 2021-ci il tarixdə saat 21 radələrində Elçin onun yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt o, evdə tək olmuş, evdə ondan başqa heç kəs olmamışdır. O, Elçinlə söhbət zamanı Elçindən hansı səbəbə orda-burda onun arxası ilə danışmasını soruşmuşdur. Onun bu sözündən sonra Elçin yaşadığı evdə səs-küy salıb qışqırmağa başlamış və ona arxasıyla danışmadığını bildirmişdir. O, Elçinə evdə olduqlarını və bu səbəbdən sakit danışmasını tələb etmişdir. Bundan sonra Elçin ona demişdir ki, gəl onda çıxaq həyətə və həyətdə danışaq. Əksər hallarda Elçinin üzərində bıçaq olduğu üçün Elçinin bıçaqla onu vurmağından ehtiyat etdiyindən evin mətbəxinə keçmiş və orada olan mətbəx bıçağını götürərək əynində oları gödəkcənin sağ yan cibinə qoymuşdur. Bundan sonra onlar birlikdə yaşadığı evi tərk edib həmin binanın arxa hissəsinə keçmişdirlər. Orada Elçin ondan arxasınca nə danışmasını bilmək istədiyini demişdir. O, Elçinə tanışlarının yanında onun oğlu Nuranin bic olmasını bildirməsini demişdir. Elçin ona demişdir ki, bəli o, tanışlarının yanında belə bir söz demiş və yaxşı eləmişdir. Elçinin bu sözündən sonra o, Elçinin üstünə qışqırmış və qələt eləməsini demişdir. Bu zaman hər ikisi bir-birinin üstünə qışqırmışdır. Onların mübahisəsi təxminən 5 dəqiqə davam etmişdir. Elçinin ona qarşı işlətdiyi söz onun qüruruna toxunduğundan əynində olan gödəkcənin sağ yan cibindəki bıçağı çıxartmış və Elçinin sol bud nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra o, Elçinə uzaq olmasını bildirmişdir. O, bu sözü deyərək yaşadığı binanın həyətinə doğru getməyə başlamışdır. O, bir qədər uzaqlaşmışdır ki, Elçin onu səsləyərək bildirmişdir ki, Səbuhi gözlə. O, Elçinin istiqamətinə çevriləndə Elçinin şalvarı qanın içində olduğunu görmüşdür. Onun Elçinə yazığı gəldiyi üçün Elçini yaşadığı evə aparmışdır. Elçinin yarasından qan çox gəldiyindən o, X10 Stansiyasına zəng vurmuş və yaşadığı evə həkim dəvət etmişdir. Daha sonra o, Elçinə xəsarət yetirdiyi bıçağı yaşadığı evin mətbəxinə qoymuşdur. Həmçinin Elçinə əynində olan şalvarı çıxartmasını bildirmiş və ona geyinməsi üçün özünə məxsus olan şalvarı vermişdir. Elçin olan qanlı və deşilmiş şalvarı çıxardaraq ona vermiş və o, isə həmin şalvarı zibil torbasına atmışdır. Təxminən 2 saat keçməsinə baxmayaraq X10 briqadası gəlmədiyi üçün o, məcbur özü Elçini yol taksisi ilə ilk öncə Nərimanov rayonu X10 Stansiyasına aparmışdır. Lakin orada Elçini qəbul etməmişdirlər. Bundan sonra Elçini Azərbaycan Tibb Universitetinin X3 aparmışdır. Orada Elçinə tibbi yardım göstərilmiş və o, isə yaşadığı evə qayıtmışdır. 21 aprel 2021-ci il tarixdə yaşadığı evə Nərimanov Rayon Polis İdarəsinin 17ci Polis Şöbəsinin əməkdaşları gəlmiş və ona birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 17-ci Polis Şöbəsinə getmiş və orada izahat vermişdir. Bir daha qeyd etmişdir ki, onlar mübahisə edərkən ətrafda heç kəs olmamışdır və onların mübahisə etməklərini heç kəs görməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, onun tərəfindən xuliqanlıq hərəkətlərinin edilmədiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. O, Səbuhi ilə “Piramida” gecə klubunda tanış olmuşdur. 20 aprel 2021-ci il tarixdə saat 15-16 radələrində Səbuhi ona zəng vuraraq yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən evə dəvət etmişdir. O, Səbuhidən nə məsələ olduğunu və onu hansı məqsədlə evlərinə çağırdığını soruşmuşdur. Səbuhi məsələnin telefon söhbəti olmadığını və ondan yaşadığı evə gəlməyini xahiş etmişdir. O, hazırda işi olduğunu bildirərək axşam gələ biləcəyini demişdir. 20 aprel 2021-ci il tarixdə saat 21 radələrində Səbuhinin yaşadığı evə getmişdir. Səbuhi onunla söhbət etməyə başlamış və ona niyə orda-burda onun arxasınca danışmasını demişdir. O, Səbuhiyə demişdir ki, o, heç kəsin yanında onun arxasıyla danışmamış və heç vaxt da danışmaz. Bundan sonra Səbuhinin yaşadığı evdə onların arasında səs-küylü mübahisə olmuşdur. Səbuhi demişdir ki, evdə səs-küy salmayaq, çıxaq həyətə və həyətdə danışaq. Səbuhi mətbəxə keçərək geri qayıtmış və bundan sonra onlar birlikdə Səbuhinin yaşadığı evi tərk etmişdirlər. Səbuhi ilə birlikdə yaşadıqları binanın arxa hissəsinə keçmişlər. Səbuhidən onun arxası ilə nə danışdığını soruşmuşdur. Səbuhi ona tanışlarının yanında onun oğlu Nuranın bic, yəni atasının onun olmamasını bildirməsini demişdir. O, isə bir daha Səbuhiyə bildirmiş ki, onun arxasınca heç kəsin yanında heç nə deməmişdir, ümumiyyətlə heç vaxt bir uşaq barəsində belə bir söz deməz. O, Səbuhiyə kimin ona belə bir yalan sözü çatdırdığını soruşmuşdur. Lakin Səbuhi sualına cavab verməmişdir. Onların mübahisəsi təxminən 5 dəqiqə davam etmişdir. Birdən Səbuhi sağ əlini əynində olan gödəkcənin sağ cibinə salmış və cibindən bıçaq çıxardaraq anidən onun sol bud nahiyyəsinə bir dəfə zərbə vurmuş və heç nə demədən yaşadığı binanın həyətinə doğru getməyə başlamışdır. Onun ayağından çoxlu qan gəldiyi üçün Səbuhini səsləyərək Səbuhiyə demişdir ki, gözlə. O, Səbuhiyə doğru yaxınlaşmışdır. Səbuhi onun ayağından çoxlu qan gəldiyini görmüş və ona demişdir ki, gəl evə qalxaq. O, Səbuhi ilə birlikdə Səbuhinin yaşadığı evə qalxmışdır. Səbuhi bundan sonra ev nömrəsi ilə X10 Stansiyasına zəng vurmuş və yaşadığı evə həkim dəvət etmişdir. Onun əynində olan şalvar tamamilə qan olduğu üçün Səbuhi ona geyinməsi üçün özünə məxsus şalvarı vermişdir. Təxminən 2 saat keçməsinə baxmayaraq X10 briiqadası gəlmədiyi üçün Səbuhi onu yol taksisi ilə ilk öncə Nərimanov rayonu X10 Stansiyasına aparmışdır. Lakin orada onu qəbul etməmişlər. Bundan sonra Səbuhi onu X3 aparmışdır. Orada ona tibbi yardım göstərilmiş və o, əməliyyat olunmuşdur. Artıq səhhəti yaxşı olduğu üçün 23 aprel 2021-ci il tarixdə o, evə buraxılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, onlar mübahisə edərkən ətrafda heç kəs olmamış, onların mübahisə etməklərini və Səbuhinin ona bıçaqla xəsarət yetirməsini heç kəs görməmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 6-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Elnur Məcidov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 19A ünvanda yerləşən yaşayış binasının qarşısına baxış keçirimişdir. Baxış zamanı müəyyən olundu ki, baxış keçirilən yer Ə.Əliyev küçəsi, 19 A ünvanda 5 mərtəbəli yaşayış binasının yanında elektrik qovşağının qarşısıdır. Vətəndaş Mehraliyev bildirdi ki, o, 20.04.2021-ci il tarixdə burada elektrik qovşağının yanında Elçin adlı şəxsi bıçaqla vurmuşdur. Hadisə yerində qan ləkələri müşahidə olunur. Həmçinin, vətəndaş Mehraliyevin iştirakı ilə hadisə yerinin fotoşəkilləri çəkildi. Cinayət işinin 10-12-ci vərəqələrində olan “Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” 21.04.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Elnur Məcidov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması hadisəsi ilə bağlı vət. Mehrəliyev evin mətbəxində vət.Quliyevə xəsarət yetirdiyi bir ədəd qəhvəyi tiyəsi olan təxminən ümumilikdə 20 sm uzunluğu olan mətbəx bıçağını ona təqdim etmişdir. Cinayət işinin 28-29-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-cı vərəqində olan Azərbaycan Tibb Universitetinin X4 23.04.2021-ci il tarixli, 166 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 21.04.2021-ci il tarixdə klinikaya sol budun bayır səthinin kəsilib deşilmiş yarası diaqnozu ilə gətirilmişdir. Cinayət işinin 73-cü vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 77-ci vərəqində olan “Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan olunmaqla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi üçün onun dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X7” X11 tərəfindən verilmiş 27.04.2021-ci il tarixli, 248 nömrəli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarət: xarici qanaxma sol bud arteriyasının qalxan şaxəsinin zədələnmələri ilə müşayiət olunan budun bir ədəd deşilmiş – kəsilmiş yarası deşici – kəsici alətin, o cümlədən ekspertizaya təqdim olunan bıçağın və bu tipli digər bıçaqların təsirindən əmələ gələ bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 20.04.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 117-121-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-39/2020 saylı, 13.02.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək qazancıınn 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi hökm edilmişdir. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli, 3/861 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirilən əlavə və dəyişiklər edilməmişdir. Cinayət işinin 183-cü vərəqində olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 11 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 626746 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 28.07.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 atası Təqsirləndirilən şəxs, anası isə X5r. Cinayət işinin 184-192-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 27.10.2021-ci il tarixli ərizəsindən görünür ki, 1(005)-399/2021 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yüngül bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin Təqsirləndirilən şəxs konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ictimai qaydanın pozulduğu halda ibtidai araşdırma orqanı hadisənin baş verdiyi yerdə hadisəni görmüş şəxslərin dairəsi müəyyənləşdirməli, həmin gün orada olan digər şəxsləri iş üzrə şahid qismində dindirməli, bununla da ictimai qaydanın pozulması hallarının baş verib-vermədiyini aydınlaşdırmalı olduğu halda bunu etməmiş, mübahisə tərəflərinin dindirilməsi ilə kifayətlənmişdir. İş üzrə şahid qismində, o cümlədən hadisənin bilavasitə şahidi qismində heç bir şəxs müəyyən edilməmişdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması və silah qismində mətbəx bıçağından istifadə etməklə qərəzli xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayaraq Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirmiş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı şəkildə barışmasını və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş təsərrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı məhv edilməlidir. (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 73.2, 321, 346, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza xərci 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar