Məhkəmə qərarları › İş №1(005)-399/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-399/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-399/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonunun Qaralılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonunun, Qaralılar ərazi dairəsi, Qaralılar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Şahid3 küçəsi ev 97, mənzil 12 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,432 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə saat 19:00-da ünvan 2 ünvanında yerləşən “Şüa Kəndimiz” restoranının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən adı çəkilən Baş İdarəyə gətirilmiş və orada həmin tarixdə saat 21:17-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ayrıayrılıqda təmiz çəkiləri 3,203 qram və 3,229 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 6,432 qram olan narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni çəkmə yolu ilə qəbul etmişdir. Lakin tam aludəçisi olmamış və nadir hallarda istifadə etmişdir. 16 fevral 2022-ci il tarixdə təsadüfi şəkildə sosial şəbəkələrin birində tanış olduğu özünü “İbad” adı ilə təqdim edən şəxslə Bakı şəhəri Nərimanov metrostansiyasının yaxınlığında saat 13 radələrində görüşmüş və həmin şəxsdən iki sellofan bükümdə narkotik vasitə heroin almışdır. Həmin bükümləri üzərində olan şalvarın sağ yan cibinə qoymuşdur. Axşam saatlarında isə tanışı Xudadatla Nərimanov rayonu ərazisində yerləşən “Şüa Kəndimiz” restoranında görüşüb çay içmişlər. Şahid12 çoxdandır tanıyır və aralarında yaxşı münasibətləri olmuşdur. Aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Həmin yerə gəldikdə adlarını sonradan bildiyi Şahid9 və Şahid10 da orada olmuşdur. Həmin şəxslər Xudadatın tanışları olmuşdur. Bir neçə dəqiqə sonra isə Xudadatın məşq yoldaşı Rahib adlı şəxs də ora gəlmişdir. Rahib, Emin və Zauru əvvəllər tanımamışdır. Aralarında heç bir münasibət, düşmənçilik və ədavət olmamışdır. Orada bir qədər oturub çay içdikdən sonra saat təxminən 19 radələrində restorandan çıxmışlar və restoranın qarşı tərəfində dayanıb söhbət etdikləri zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar və özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər onun və Xudadadtın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarınə bildirib onları əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Daha sonra isə onları polis İdarəsinə dəvət etmişlər. Onlar heç bir etiraz etməmiş, həmçinin onlarla birlikdə olan Zaur, Emin və Rahib də polis idarəsinə dəvət olunmuşlar. Polis İdarəsinə gəldikdən sonra o və Xudadat müdafiəçi ilə təmin olunmuşlar. Daha sonra onları şübhəli şəxs qismində tutmuşlar və üzərlərində şəxsi axtarış keçiriləcəyi onlara izah olunmuşdur. O və Xudadat buna heç bir etiraz etməmişlər. Şəxsi axtarışın videoçəkilişdən istifadə olunmaqla aparılacağı onlara izah edilmişdir. Əvvəlcə Şahid12 üzərinə baxış keçirilmişdir. Daha sonra ona da təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya vardırsa təqdim etsin. O da üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan büküm, 24 manat və 5 evro pul əskinaslarını, şalvarın sol cibindən isə “İphone” markalı mobil telefonu masa üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroindir və onları şəxsi istifadəsi üçün həmin gün Nərimanov metrostansiyasının yaxınlığında “İbad” adlı şəxsdən almışdır. Eyni qayda ilə onun da üzərindən başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İki ədəd sellofan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Zərfin üzəri imzalarla təsdiq edildikdən sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. O Xudadatın üzərində psixotrop maddə olmasından xəbərsiz olmuş, Xudadatla birlikdə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərində aşkar edilmiş narkotik avsitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, satış niyyəti olmamış, ümumiyyətlə heç narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olammışdır. Qanunsuz olaraq narkotik maddələr, narkotik vasitələr əldə etmənin cinayət olduğunu bilir və əməlindən peşmandır. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 16 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşamış Şahid12 və Bakı şəhəri, Nərimanov rayonu, Ak.Şahid3 küəsi ev 97, mənzil 12 ünvanında faktiki olaraq yaşamış Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamalartı və daşımaları bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əldə etdiyi məlumat barədə raportla rəhbərliyə müraciət etmiş və daha sonra Şahid12 və Təqsirləndirilən şəxs barələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliy tərəfindən keçirilmişdir. 16 fevral 2022-ci il tarixdə Şahid12 və Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən “Şüa Kəndimiz” restoranının yaxınlığında olmaları müəyyən edilmişdir. Saat 19:00-da qeyd etdiyi ünvanının qarşısında Şahid12 və Təqsirləndirilən şəxs oxşar şəxsləri müəyyən etmişlər. Həmin şəxslərin yanında daha üç nəfər olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxslərin də özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərin yanında olanlar isə özlərini Şahid10 Rafiq oğlu, Şahid11 və Şahid9 olduqlarını bildirmişlər. Bundan sonra Şahid12 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər. Orada Şahid12 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına şərait olmadığı üçün onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmçinin Təqsirləndirilən şəxs və Şahid12 yanında olan şəxslər də baş idarəyə dəvət edilmişdir. Baş idarədə Şahid12 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və videoçəkiliş tərəfindən aparılmışdır. Şəxsi axtarışda həmçinin Şahid12 və Təqsirləndirilən şəxs saxlanılaraq Baş idarəyə gətirilməsi zamanı yanlarında olan Şahid10 Rafiq oğlu, Şahid11 və Şahid9 da iştirak etmişlər. Şəxsi axtarış əvvəlcə Şahid12 üzərinə keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kokos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın cibindən 02 ədəd şəffaf sellofan bükümü, bundan başqa üzərində olan “İphone” markalı mobil telefonu və pulu masa üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümdə “kokos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və başqa bir predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş iki sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə polis əməkdaşı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 16 fevral 2022-ci il tarixdə N.Nərimanov metrostansiyası yaxınlığında tanımadığı və anket məlumatlarını bilmədiyi İbad adlı şəxsdən ümumilikdə 60 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Şahid12la aralarında tanışlıq münasibətinin olduğunu, Şahid12 psixotrop maddə qəbul etməsini bilsə də, lakin saxlanılan zaman üzərində psixotrop maddə olmasından xəbərsiz olduğunu, birlikdə satışını aparmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid5, Şahid8, Şahid9, Şahid10, Şahid11 iştirak etməməsi səbəbindən onların istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 19:00-da ünvan 2 ünvanında yerləşən “Şüa Kəndimiz” restoranının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2022ci il tarixli 6/972 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir:Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün üçün N6” dairəvi möhür əksləri olan iki ədəd zərfdə:-üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,203 qram, 3,229 qram, ümumi təmiz çəkisi 6,432 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi-6,432 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq- 6,332 qram. "Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-217/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-627/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 03 ay, yəni 16 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2022-ci il tarixli, 774 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022 il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin 6,332 qram qalığının maddi sübut hesab edilməsi və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 6.432 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - narkotik maddə heroininm qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPMin 132), ekspertiza tədqiqatının dəyəri müştərək qaydada bölünməsi nəzərə alınmaqla cəmi 45.88 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 27 (iyirmi yeddi) iş saatı üçün cəmi 162 (yüz altmış iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 6,332 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroin məhv edilsin. İş üzrə ekspertiza xərci 45,88 (qırx beş manat səksən səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 27 (iyirmi yeddi) iş saatı üçün cəmi 162 (yüz altmış iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 25 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar