Məhkəmə qərarları › İş №1(005)-399/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-399/2025

30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-399/2025 30.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu, Dərəcənnət kəndində qeydiyyatda olmaqla. Abşeron rayonu, Qobu qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid1 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlməsinə köməklik göstərəcəyi barədə yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, aldadıb 2024-cü ilin iyul ayının əvvəllərində istintaqla dəqiq müəyyən olunmamış saatda özünün adına olan plastik kart hesabına Şahid1 Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən “Dəhnəstore” ticarət mərkəzində yerləşən ödəmə terminalı vasitəsilə köçürtdüyü 500 (beş yüz) manat pulu və 15 avqust 2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid2 vasitəsi ilə göndərdiyi 11500 (on bir min beş yüz) manat pulu ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında sonuncudan alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 12000 (on iki min) manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən avtoyuma məntəqəsini və Yasamal rayonu, H.Cavid küçəsində, Kristal Abşeron yaşayış binasının birinci mərtəbəsində yerləşən avtoyuma məntəqəsini işlətmişdir. Əvvəllər məhkum olunmamışdır, ailəlidir, yetkinlik yaşına çatmayan iki övladı vardır. Zərərçəkmiş şəxs və oğlu Şahid1 həmkəndlisi kimi tanıyır, hətta qohumluq əlaqələri də vardır. Münasibətləri normal olmuşdur, heç bir ədavət və düşmənçilikləri yoxdur. 2024-cü ilin may ayında həmkəndlisi və Vəzirxanın xalası oğlu olan Şahid2 ona zəng edərək, onun Bakı şəhərində hüquq-mühafizə orqanlarına işə düzəlməsinə köməklik göstərməyini xahiş etmişdir. Lakin Heydərin boyu qısa olduğuna görə bunun alına bilməyəcəyini bildirmişdir. Daha sonra Heydər ona xalası oğlu Vəzirxanın da işə düzəlmək istədiyini demişdir. Vəzirxanın boyu 1,80 metrdən hündür olduğu üçün onu işə düzəldə biləcəyini vəd etmişdir. Daha sonra bu məsələ ilə bağlı Vəzirxanın anası Şamama ilə danışmışdır. Şamamaya Vəzirxanı Ədliyyə Nazirliyinin PX-nin X1 işə düzəldə biləcəyini, bunun üçün 12000 (on iki min) manat pul lazım olduğunu demişdir. O, elan saytlarında Ədliyyə Nazirliyinə işə qəbul ilə bağlı məlumatları oxumuş və lazım olan sənədləri Vəzirxana hazırlamasını tapşırmışdır. Ona təcili 500 manat pul lazım olduğu üçün Heydərə zəng edərək Vəzirxanın işinə görə 500 manat pul istəmiş, bir neçə saat sonra öz adına olan “Unibank”a məxsus kart hesabına 500 manat pul köçürülməsinə nail olmuşdur. Daha sonra təxminən iki ay ərzində Vəzirxan özü Bakı şəhərinə gəlmişdir. O, Vəzirxana guya Ədliyyə Nazirliyində olan tanışları ilə danışıb işini həll etdiyini demiş və onu nazirliyin inzibati binasına aparmışdır. Özü çöldə dayanmış, Vəzirxan içəri daxil olaraq qeydiyyat alınaraq idman və tibbi yoxlamalardan keçmişdir. 2024-cü ilin avqust ayının ortalarında Vəzirxan Bakı şəhərində olarkən o, Heydərə zəng edərək Vəzirxanın işinə görə qalan 11500 manat pulu istəmişdir. Daha sonra Vəzirxan Nərimanov rayonunda işlədiyi avtoyuma məntəqəsinə onun yanına gəlmiş, Vəzirxana da növbəti imtahana qədər pulu çatdırmaq lazım olduğunu demişdir. Bir neçə gün sonra Vəzirxanla o, avtoyuma məntəqəsinin qarşısında oturub çay içərkən saat 11 radələrində Heydər onların yanına gəlmiş, 11500 manat pulu Vəzirxana vermiş, Vəzirxan da pulları sayıb ona vermişdir. O, pulu götürüb Vəzirxana imtahan məsələsini danışdığını, onu imtahandan keçirəcəklərini demişdir. Onlardan aldığı pul ilə borclarını ödəmiş, düşünmüşdür ki, Vəzirxan özü imtahanlardan yüksək nəticə əldə edərək işə qəbul olunar. Lakin Vəzirxan iki dəfə imtahandan kəsilmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunmuş və dəymiş ziyan tərəfindən tam olaraq ödənilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir həmkəndlisi kimi tanıyır. Münasibətləri normal olmuşdur, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Oğlu Şahid1 hərbi xidmətdən qayıtdıqdan sonra onu dövlət işində işə düzəlmək istəmişdir. Bu barədə qohumları və tanışlarının yanında demiş, köməklik göstərilməsini xahiş etmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində bacısı oğlu Heydər ona zəng edərək, həmkəndlisi Təqsirləndirilən şəxs hazırda Bakı şəhərində yaşadığını, onunla söhbət zamanı Vəzirxana iş axtarmağı barədə Ramilə dediyini, Ramilin isə bu işdə onlara köməklik edəcəyinə söz verdiyini, Vəzirxanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəldə biləcəyini, bunun üçün isə 12000 manat pul istədiyini bildirmişdir. O, Ramil Bakı şəhərində yaşadığı üçün onun tanışlarının olduğunu düşünüb inanmışdır. Daha sonra o, Heydərlə zəng edərək özü də danışmış, telefon danışığı zamanı Ramil ona Vəzirxanın boyunun hündür olduğunu, normativlərə cavab verdiyini, ona görə də onu 12000 manat pul müqabilində Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində işə düzəldə biləcəyini demişdir. O razılaşaraq təsərrüfatında olan beş baş iribuynuzlu heyvanları və taxıl məhsulunu sataraq 12000 manat pulu düzəltmiş, həmin pulun 500 manatını Vəzirxan bacısı oğlu Heydərlə birlikdə “Dəhnəstore” marketdəki ödəmə terminalı vasitəsilə Ramilin adına olan kart hesabına köçürmüşdür, eyni zamanda Vəzirxan özünə aid sənədlərin şəkillərini Ramilin istəyi ilə mobil telefon vasitəsilə göndərmişdir. Təxminən bir ay sonra Ədliyyə Nazirliyindən zəng gələrək oğlu Vəzirxan Nazirliyə çağırılmışdır. Vəzirxan Bakı şəhərində Ramil ilə görüşüb birlikdə ƏN-nin inzibati binasına getmişlər, Ramili binanın içərisinə buraxmamışlar, Vəzirxan isə içəri daxil olduqda onun boy və çəkisini ölçmüşlər. Daha sonra Vəzirxan kəndə qayıtmışdır. Həmin vaxtdan sonra təxminən bir ay ərzində Vəzirxan özü tək sıra baxışına, idman və tibbi müayinə üçün hospitala getmişdir. Vəzirxan idmanla məşğul olduğu üçün idman normativləri ödəyə bilmişdir. Lakin tibbi müayinədən keçən vaxtlarda Ramil onlara zəng edərək, tibbi müayinə zamanı Vəzirxanın ayağında problemlər olduğunu, onu həll etmək üçün qalan 11500 manat pulu da ona çatdırmağı demişdir. Həmin vaxt Vəzirxan Bakı şəhərində olmuş, Ramil isə pulu əlbəəl ona verməyi tapşırmışdır. Ona görə o, bacısı oğlu Heydərə 11500 manat pulu verib həmin pulu Vəzirxanla birlikdə Bakı şəhərində Ramil ilə görüşərək vermələrini xahiş etmişdir. Heydər də xx.xx.2024-cü il tarixdə oğlu Vəzirxanla birlikdə Bakı şəhərində “Gənclik” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşərək oğlu Vəzirxanı işə düzəltməsi üçün 11500 manat pulu ona vermişlər. Bundan təxminən bir ay sonra ƏN-dən əlaqə saxlayaraq oğlu Vəzirxanı imtahana çağırmışlar, Vəzirxan Bakı şəhərinə getmiş və imtahanda iştirak etmişdir. Onlar Ramil ilə əlaqə saxlayaraq Vəzirxanın imtahanda zəif cavab verdiyini dedikdə, Ramil ona narahat olmamağı, nazirliklə danışdığını, Vəzirxanı imtahandan keçirəcəklərini və tezliklə Vəzirxanı kursa çağıracaqlarını demişdir. Bir müddət gözlədikdən sonra Vəzirxan Ədliyyə Nazirliyinə zəng edərək, işlə bağlı maraqlandıqda onlara məlum olmuşdur ki, Vəzirxan imtahandan kəsildiyi üçün işə qəbul olunmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında iştirak edən şahidlər Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:10-da Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məhkumluğu və ya cinayət məsuliyyətindən azad olunması barədə məlumat yoxdur. Şəki Regional “ASAN xidmət” mərkəzində xx.xx.2026-cı il tarixdə təsdiq edilmiş ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2026-cı il tarixli məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bildiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş ziyanı ödədiyini və himayəsində iki yetkinlik yaşına çatmayan övladı olduğunu qeyd etməklə, amnistiya aktının tətbiq edilməklə barəsində bəraətverici əsaslar olmadan işə xitam verilməsini xahiş etmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə olunan “şəxsi və qohumluq məlumatları”na dair çıxarışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan iki övladı vardır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına görə şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. (“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.) 7-ci hissəsinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər (CM-in 178.2.4-cü maddəsi nəzərdə tutulmamışdır); 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145-ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60cı, 65-ci və 191-1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19-cu hissəsi və 19.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən amnistiya bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladı olduğundan və zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödədiyindən, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi mümkündür. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 35 iş saatı üçün 385 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-349, 356, 358 və 384-385-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16, 5.1-ci bəndləri, 6, 7, 10 və 19-cu hissələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 35 iş saatı üçün 385 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar