Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-40/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ədə yaşamış, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.05.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə saat 19 radələrində kirayə yaşadığı ünvan 4 ünvanda yerləşən həyət evinin pəncərəsinin bayır tərəfindən ev sahibi Zərərçəkmiş şəxs məxsus 600,00 manat dəyərində bir ədəd “Xiomi” markalı, «Redmi Note 8» modelli mobil telefon aparatını və həmin mobil telefon aparatında istifadə etdiyi 10,00 manat dəyərində bir ədəd ***-***-**-** saylı Azerfon GSM nömrəsini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 610,00 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin ortalarında adını ona Aidə kimi təqdim edən qadınla tanış olmuş, həmin Aidə adlı qadınla 2021-ci ilin may ayının əvvəllərində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus həyət evində kirayədə qalmışlar. 08 may 2021-ci il tarixdə saat 19 radələrində kirayə yaşadığı evin həyətinə çıxmış, Zərərçəkmiş şəxs evinin pəncərəsinin bayır hissəsində mobil telefonun olduğunu görmüş, evin həyətində heç kimin olmadığına tam əmin olub dərhal telefonu gizlincə götürərək kirayə qaldığı evə getmişdir. Aradan təxminən 15-20 dəqiqə keçmiş, ev sahibi Zərərçəkmiş şəxs ona məxsus mobil telefonuna zəng edib az yaşlı oğlu Əlinin mobil telefonunun oğurlandığını demiş, onun bu barədə məlumatı olub-olmadığını soruşmuşdur. O, Zərərçəkmiş şəxs qəti olaraq bildirmişdir ki, onun telefondan xəbəri yoxdur. Bundan sonra o, oğurladığı mobil telefonu xalası oğlu Orxana 80 manata satmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında azyaşlı oğlu Əliyə 600 manata “X10 8” markalı mobil telefonu, 10 manata isə ***-***-**-** saylı Nar nömrə almışdır. 08 may 2021-ci il tarixdə axşam saat 19 radələrində oğlu Əli yaşadıqları evin həyətinə çıxmış, əlindəki mobil telefonu və gödəkçəsini çıxarıb yaşadıqları evin pəncərəsinin çöl tərəfinə qoyaraq küçədə uşaqlarla oynamağa getmişdir. Təxmin 10 dəqiqədən sonra küçədən həyətə qayıdan zaman telefonun yerində olmadığını aşkar etmiş, oğlu Əli bu barədə ona məlumat verəndə o, dərhal öz mobil telefonu ilə oğlunun mobil telefonuna zəng etdikdə görmüşdür ki, Əlinin telefonu söndürülmüşdür. Bundan sonra o, həyətlərində kirayədə yaşayan adını ona Rasim kimi təqdim edən Daşqın adlı şəxslə mobil telefonu ilə zəng edib əlaqə saxlayaraq oğlu Əliyə məxsus mobil telefonu görüb görməməsini, yaxud onun tərəfindən oğurlanmasını soruşmuş, Daşqın telefonun onun tərəfindən oğurlanmamasını demişdir. Lakin o, Daşqının sözlərinə inanmamışdır. Çünki onların həyətlərinə yad bir adam daxil olmamış, ona görə də o, Daşqından daha çox şübhələnmişdir. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirib protokol yazmışlar. Təhqiqat araşdırması zamanı da izahatında telefonun oğurlanmasında Daşqından şübhələndiyini bildirmişdir. Bundan sonra Daşqın Xətai rayonu ərazisində oğurluq edən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, oğlu Əlinin istifadə etdiyi mobil telefonu da polis əməkdaşlarına təqdim edərək oğurladığını etiraf etmişdir. Xətai RPİ-nin əməkdaşları Əlinin istifadə etdiyi telefonu ona təqdim etmişlər. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 610 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda mobil telefonu qaytarılsa da, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Şahid vermiş olduğu ifadədən aydın olur ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur, münasibətləri hər zaman olduğu kimi normal olmuşdur. Daşqın törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, təyin olunmuş cəzadan azad olunduqdan sonra deməsinə görə Bakı şəhərində onun tanımadığı evdə kirayədə yaşamışdır. 08 may 2021-ci il tarixdə saat təxminən 20 radələrində Daşqın onun işlədiyi Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Bakı Barbukes” restoranına gəlib “Xiomi” markalı Redmi Note 8” modelli mobil telefonu 150 manata satmaq istədiyini bildirmiş, o, Daşqından telefonun kimə məxsus olduğunu soruşmuş, Daşqın ona demişdir ki, narahat olmasın, telefon özünə məxsusdur. O, Daşqına bildirmişdir ki, 150 manat pulu yoxdur, istəsə 80 manat verə bilər. Daşqın bir qədər fikirləşib onunla razılaşmış və telefonu ona 80 manata satmışdır. Daşqın tam əminliklə ona demişdir ki, narahat olmasın, telefon onun özünə məxsusdur, sadəcə ona təcili pul lazım olduğuna görə satmaq qərarına gəlmişdir. O, Daşqının bu sözlərinə inanıb ona 80 manat pul vermiş Daşqın da ona yuxarıda qeyd etdiyi “Xiomi” markalı Redmi Note 8” modelli mobil telefonu vermişdir. O, telefonu Daşqından aldıqdan sonra istifadə etməyə başlamış, 12 may 2021-ci il tarixdə saat 20 radələrində işdə olan zaman ona zəng edib Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində ona demişlər ki, xalası oğlu Daşqın Xətai rayon ərazisində tanımadığı evdən oğurluq edib, eyni zamanda ona satdığı mobil telefonda kirayə yaşadığı ev sahibinindir onuda oğurlayıb. O, polis əməkdaşlarına telefonun oğurluq olmasından xəbəri olmadığını bildirmişdir. Bundan sonra o, telefonu Xətai RPİ-nin əməkdaşlarına təhvil vermiş və izahat yazıb çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3213 nömrəli, 14 iyun 2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəiyndən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən tədqiq edilən bir ədəd 2020-ci il istehsalı “Xiaomi” markalı «Redmi Note 8» mode mobil telefonun hazırki işlənmiş vəziyyətdə, 08 may 2021-c il tarixə, köhnəlməsi nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 360,00 manat olmaqla, dəymiş ziyan 360,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Əşyaya baxış keçirilməsi haqqında” 26 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Yavər Məmmədli icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq 12 may 2021-ci il tarixdə Xətai RPİ-nin əməkdaşlarına Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş “Xiomi” markalı «Redmi Note 8» modelli mobil telefonuna baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, bir ədəd hər iki tərəfi qara rəngli smartfon tipli telefon aparatının üz hissəsinin baş tərəfində 1 ədəd zavod üsulu ilə kamera yerləşdirilmiş, aşağı hissəsində isə Redmi sözləri yazılmışdır. Arxa hissəsində 4 ədəd kamera 1 ədəd işıq lampası, 1 ədəd barmaq izi ilə tanıma qurğusu vardır.Telefon aparatının arxa qapağını açdıqda 1 ədəd elektrik batareyası və elektron cihaz hissəsi yerləşir. Elektron cihaz hissəsinin plastik platası üzərində İMRİ 1; 864 032 040 057 885 rəqəmləri İMEİ 2; 864 032 040 057 893 rəqəmli kodlaşdırılmış yazılarının olması müşahidə olunur. Baxış zamanı “Xiomi” markalı «Redmi Note 8» modelli mobil telefon aparatının foto şəkili «Soni Rəqəmsal» markalı foto aparatla şəkilləri çəkilərək protokola əlavə olundu. “Maddi sübut kimi tanımaq haqqında” 27 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Xiomi” markalı «Redmi Note 8» modelli mobil telefonu ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış, maddi sübut olan 01 ədəd “Xiomi” markalı «Redmi Note 8» modelli mobil telefonun Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınmaqla sahibinə qaytarılması qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 ünvanlanaraq imzalanmış qəbzdən görünür ki, 08 may 2021ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən yaşadığı ünvan 6 ünvanda yerləşən evin pəncərəsinin bayır tərəfindən evin ümumi giriş həyətinə baxan pəncərənin kənarından ona məxsus “Xiomi” markalı «Redmi Note 8» modelli mobil telefonu oğurlamışdır. Hal hazırda “Xiomi” markalı «Redmi Note 8» modelli mobil telefonu qəbul etmişdir. “Şahid ifadəsinin yerində yoxlanılması barədə” 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X5 icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar, «24» iyul 2021-ci il tarixdə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanması istintaq hərəkətini keçirmişdir. Bundan sonra müstəntiq tərəfindən «Təqsirləndirilən şəxs! Siz istintaq zamanı verdiyiniz ifadənizdə 08 may 2021-ci il tarixdə axşam tərəfi saat təxminən 19:00 radələrində ünvan 7 ünvanda yerləşən vət. Zərərçəkmiş şəxs məxsus yaşayış evinin pəncərəsinin bayır tərəfindən ümumi həyətə giriş tərəfə baxan pəncərənin bayır tərəfinə qoyulmuş “X10 8” markalı mobil telefonu oğurladığınızı göstərmisiniz. Bu barədə nə göstərə bilərsiniz?» sualına şahid qismində dindirilən şəxs Təqsirləndirilən şəxs aşağıdakıları göstərdi ki, 2021-ci ilin may ayının əvvəllərində ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus həyət evində kirayədə qalırdı, 08 may 2021-ci il tarixdə saat 19 radələri olardı kirayə yaşadığı evin həyətinə çıxdı, Zərərçəkmiş şəxs ailəsinin yaşadığı evin pəncərəsinin bayır çöl tərəfində evin ümumi giriş həyətinə baxan hissəsindəki pəncərəsinin bayır tərəfində bir ədəd sahibsiz "X11 8” markalı mobil telefonun olduğunu görmüş, evin həyətində heç kimin olmadığına tam əmin olub dərhal telefonu gizlincə götürüb, yəni oğurlayıb kirayə qaldığı evə getmişdir. Aradan təxminən 15- 20 dəqiqə keçmişdi ev sahibi Zərərçəkmiş şəxs ona məxsus mobil telefonuna zəng edib azyaşlı oğlu Əlinin işlətdiyi "X10 8” markalı mobil telefonun yaşadıqları evin pəncərəsinin bayır çöl tərəfində evin ümumi giriş həyətinə baxan hissəsindəki pəncərəsının bayır tərəfindən naməlum şəxs tərəfindən götürüldüyünü, yəni oğurlandığını, bu barədə məlumatı olub-olmadığını soruşduqda ona qəti olaraq bildirdi ki, telefondan xəbəri yoxdur. Bundan sonra oğurladığı mobil telefonu xalası oğlu Orxana 80 manata satmışdır. 12 may 2021 -ci il tarixdə ünvan 9 ünvanında yaşayan vətəndaş X3 məxsus evin plastik pəncərəsini sındırıb evə daxil olaraq evdən stəkan, nəlbəki, meyvə qabı, qabqacaq dəsti, şalvar, köynək, ayaqqabı oğurladı, elə həmin gün onu X9 İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldı. Orada polis əməkdaşları digər hər hansı bir cinayət hadisəsi törədib- törətməməyi barədə soruşduqda onlara kirayə yaşadığı ünvan 8 ünvanında yaşayan ev sahibi Zərərçəkmiş şəxs məxsus azyaşlı oğlunun işlətdiyi “X10 8” markalı mobil telefonu yaşadıqları evin pəncərəsinin bayır çöl tərəfindən evin ümumi giriş həyətinə baxan hissəsindəki pəncərəsinin bayır tərəfindən oğurladığını tam səmimi olaraq etiraf etdi və həmin telefonu xalası oğlu Orxana 80 manata satdığını bildirdi. Bundan sonra törətdiyi cinayət əməlinə görə X9 İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis kapitanı Elşən Həsənov tərəfindən barəsində cinayət işi başlandı və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hal-hazırda ifadəsində qeyd etdiyi kimi bir daha bildirmək istəyir ki, 08 may 2021-ci il tarixdə saat 19 radələrində kirayə yaşadığı evin həyətinə çıxdı, Zərərçəkmiş şəxs ailəsinin yaşadığı evin pəncərəsinin bayır çöl tərəfində evin ümumi giriş həyətinə baxan hissəsindəki pəncərəsinin bayır tərəfində Zərərçəkmiş şəxs məxsus azyaşlı oğlu Əlinin işlətdiyi bir ədəd “X10 8” markalı mobil telefonu oğurlamış və xalası oğlu Orxana 80 manata satdığını bildirir. Bundan sonra şahid Təqsirləndirilən şəxs söylədiklərini əyani şəkildə göstərə biləcəyini soruşduqda sonuncu bildirdi ki, baş vermiş hadisənin baş verdiyi yeri əyani şəkildə göstərə bilər. Bundan sonra Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri yəni, ünvan 7 ünvanda yerləşən vət. Zərərçəkmiş şəxs məxsus yaşayış evinin pəncərəsinin bayır tərəfindən ümumi həyətə giriş tərəfə baxan pəncərənin bayır tərəfini göstərərək oğurluq etdiyi yeri göstərdi. “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2021-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həb qətimkan tədbirinin təyin edilməsini nəzərə alınaraq, onun barəsində ********* nömrəli cinayət işi üzrə qətimkan tədbiri seçilməsi nəzər alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 26 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-198/2021 nömrəli, 14.05.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 may 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham əsas olduğundan qüvvəsində saxlanılsmış, baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərildiyi 360,00 manat deyil, Zərərçəkmiş şəxs izahat və ifadələrində göstərdiyi 610,00 manat məbləğində nəzərə alınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etsə də, onun əməlində cinayət tərkibi yoxdur, buna görə də ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə saat 19 radələrində kirayə yaşadığı ünvan 10 ünvanda yerləşən həyət evinin pəncərəsinin bayır tərəfindən ev sahibi Zərərçəkmiş şəxs məxsus bir ədəd “Xiomi” markalı, «Redmi Note 8» modelli mobil telefon aparatını və həmin mobil telefon aparatında istifadə etdiyi 10,00 manat dəyərində bir ədəd ***-***-**-** saylı Azerfon GSM nömrəsini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Həmin maddənin qeyd hissəsinin 1-ci bəndinə bu Məcəllənin 177.1, 178.1 və 179.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə beş yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu halda yaranır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli rəyindən görünür ki, 2020-ci il istehsalı “Xiaomi” markalı «Redmi Note 8» modelli mobil telefonun respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 360,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə talanmış əmlakın faktiki dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli rəyi ilə 360 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs mobil telefonu 2020-ci ilin avqust ayında 600 manata aldığını, mobil telefonun oğurlanması nəticəsində ona bir ədəd ***-***-**-** saylı Azerfon GSM nömrəsi də nəzərə alınmaqla, 610 manat ziyan dəyməsini bildirsə də, talanan mobil telefonun faktiki dəyəri 08 may 2021-ci il tarixə 360 manat təşkil etmişdir. Belə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli rəyindən göründüyü kimi, ekspert tədqiqatı zamanı mobil telefon qiymətləndirilərkən Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlər, mobil telefonun hazırki işlənmiş vəziyyəti, həmçinin 08 may 2021-ci il tarixə köhnəlməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli rəyinə cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində talanan əmlakın mülkiyyətçisi Zərərçəkmiş şəxs mobil telefonda olan 10,00 manat dəyərində bir ədəd ***-***-**-** saylı Azerfon GSM nömrəsinin də olması nəzərə alınaraq, 370 manat məbləğində ziyan dəymişdir ki, göstərilən məbləğ cinayət məsuliyyətini yaratmır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs əsassız olaraq CM-in 177.1-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi sübuta yetirilsə də, oğurluq hadisəsi nəticəsində zərərçəkimş şəxsə dəyən ziyan məbləği (370 manat) cinayət məsuliyyəti yaratmır, yəni təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmadığından, həmin əsasla Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. İş üzrə maddi sübut 01 ədəd “Xiomi” markalı «Redmi Note 8» modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə qətimkan tədbirinin seçilməməsini, barəsində həbs qətimkan tədbirinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair digər cinayət işi üzrə seçilməsini nəzərə alır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.1.2, 42.1.2, 42.2.2, 61, 62, 346-347, 349, 350, 352-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd “Xiomi” markalı «Redmi Note 8» modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-40/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-40/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver