Məhkəmə qərarları › İş №1(005)-401/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-401/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-401/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, əvvəllər qəsdən cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.05.2012-ci il tarixli hökmü ilə CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22.04.2015-ci il tarixli hökmü ilə CM-in 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsinə, 22.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 7,423 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə saat 15:10-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilərək orada həmin gün saat 16:40-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən həmin 7,423 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda 3,660 qram və 3,763 qram təmiz çəkilərdə olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ildə CM-in 126 və 221-ci maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2018-ci ilin sentyabr ayında azad olunmuşdur. Tutulmamışdan əvvəl narkotik maddə heroindən istifadə etməyə başlamışdır. 08 aprel 2021-ci il tarixdə saat təxminən 15:00 radələrində tanışı Şahid4 ilə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində olarkən onlara tərəf mülki geyimdə üç nəfər yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onlara özlərini təqdim etməyi təklif etmişlər. Onlar özlərini təqdim edəndən sonra polis əməkdaşları ona izah etmişdir ki, onun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat var. Həmin vaxt əynindəki şalvarın cibində iki ədəd sellofan bükümdə narkotik maddə heroin olmuşdur. Həmin heroini bir gün qabaq Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzinin yaxınlığında üzdən tanıdığı Elşən adlı şəxsdən özü üçün almış və cibində saxlamışdır. Lakin, tanışı Səddamın onda narkotik maddə olması barədə heç bir məlumatı olmamışdır. Artıq başa düşmüşdür ki, polis əməkdaşları onda heroin olmasından dəqiq məlumatlıdırlar, ona görə də üzərində narkotik maddə heroin olduğunu polis əməkdaşlarına səmimi bildirib onlara heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu, həmçinin tanışı Səddamı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Daha sonra idarədə vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. İlk növbədə ona təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı hər hansı əşya varsa təqdim etsin. O, əynindəki şalvarın cibindəki iki ədəd sellofan bükümdə saxladığı narkotik maddə heroini, mobil telefonunu və pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümlərə baxış keçirmiş və həmin bükümlərin içərisindən narkotik vasitə heroin aşkar etmişlər. Üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, pul vəsaiti özünə qaytarılmış, mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Həmin vaxt tanışı Səddamın üzərinə baxış keçirilsə də, Səddamın üzərindən qanunsuz hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra baş verənlərlə bağlı protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 aprel 2021-ci il tarixdə xidmət etdiyi Baş İdarəyə Nərimanov rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması, bu cür maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü həmin məlumat barədə xidmət etdiyi Baş İdarənin rəhbərliyinə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik də ona həvalə olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zərurəti ilə əlaqədar həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs olduğu yer barədə aldıqları məlumata əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsinə getmişlər. Həmin gün saat 15:10-da ünvan 3 ünvanın yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsin digər bir şəxslə birlikdə dayandığını görüb dərhal yaxınlaşaraq onları saxlayaraq özlərini təqdim etmişlər. Həmin vaxt müəyyən etmişlər ki, saxladıqları şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə onun tanışı Şahid4dur. Onlar Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah etmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs də səmimi şəkildə bildirmişdir ki, həqiqətən üzərində narkotik vasitə heroin vardır. Sonra həm Təqsirləndirilən şəxs, həm də onunla birgə olan Şahid4 özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilib Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, Şahid4 üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə prosesi zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa özü çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu deyərək əynindəki şalvarının cibindən 02 ədəd şəffaf sellofan bükümlərdə olan şübhəli maddələri, mobil telefonunu və pulunu çıxarıb təqdim etmişdir. Həmin 02 ədəd sellofan bükümlər açıldıqda onların hər birinin içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan heroini özü 07 aprel 2021-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzinin binasının arxasında Elşən adlı şəxsdən almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd büküm qablaşdırılmış, pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxslə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş Şahid4 üzərinə həmin vaxt baxış keçirilsə də, sonuncunun üzərindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Sorğu sual zamanı Şahid4 Təqsirləndirilən şəxslə dost olduğunu və sonuncunun üzərində narkotik vasitə heroin olmasından xəbərsiz olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs də Şahid4 dediklərini təsdiq etmişdir. Baş verənlərlə bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Şahid, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, Təqsirləndirilən şəxs ilə bir neçə gün əvvəl Bakı şəhərində təsadüfən tanış olmuş, tanışlıq münasibəti yenicə yaranmışdır. 08 aprel 2021-ci il tarixdə saat təxminən 15 radələrində tanışı Təqsirləndirilən şəxslə birlikdə ünvan 4 ünvanının yaxınlığında dayanmışlar, həmin vaxt onlara tərəf mülki geyimdə üç nəfər yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ona və Pənaha təklif etdilər ki, özlərini təqdim etsinlər. Özlərini onlara təqdim edəndən sonra polis əməkdaşları Pənaha dedilər ki, onun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə özlərində məlumat var. Bunu eşidib bir qədər narahat olmuş, çünki Pənahın bu cür işlərlə məşğul olduğunu bilmirdi. Pənah da polis əməkdaşlarına bildirdi ki, həqiqətən də üzərində narkotik maddə heroin var. Polis əməkdaşları da Pənahı və onu özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirdilər. Həmin idarəyə gələndən sonra Pənahı şübhəli şəxs kimi tutdular, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilmişdir. Sonra isə idarədə videoçəkilişlə Pənahın üzərində şəxsi axtarış aparılmağa başlandı, o da çəkilişlə olan həmin prosesdə iştirak etmişdir. Polis əməkdaşları tərəfindən Pənaha təklif olundu ki, üzərində qanunsuz saxladığı hər hansı əşya, predmet, maddə varsa təqdim etsin. Pənah da özü əynindəki göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd sellofan bükümdə saxladığı, narkotik maddə “kokos”, yəni heroin olduğunu bildirdiyi maddəni, həmçinin şalvarının sağ yan cibindəki özünün “İphone” mobil telefonunu və arxa sol cibindəki 30 manat şəxsi pulunu çıxarıb polis əməkdaşlarına təqdim etdi. Polis əməkdaşları həmin iki ədəd sellofan bükümlərə gözünün qarşısında açıb baxış keçirdilər və bükümlərin hər birinin içində qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə aşkar edildi. Polis əməkdaşları həmin maddə olan bükümləri götürüb zərfə qoyaraq qablaşdırdılar, 30 manat pulunu Pənahın özünə qaytardılar, mobil telefonunu isə iş üzrə əhəmiyyət kəsb etdiyini bildirərək götürdülər. Polis əməkdaşları özləri də Pənahın üzərində şəxsi axtarış apardılar, lakin başqa heç bir predmet aşkar olunmadı. Sorğu sual zamanı Pənah səmimi şəkildə polislərə bildirdi ki, üzərindən aşkar edilmiş həmin iki büküm heroini özü bir gün qabaq Bakı şəhəri Yasamal rayonundakı “Asan Xidmət” mərkəzinin arxa tərəfində Elşən adlı hansısa şəxsdən özü qəbul etmək üçün alıb saxlamışdır. Ondan soruşulduqda bildirdi ki, onun Pənahda narkotik maddə heroin olmasından həqiqətən də xəbəri və məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə saat 15:10-da tanışı Şahid4 ilə birlikdə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 16:40-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona təklif olunmuşdur ki, üzərində, paltarlarında, əşyalarında dövriyyəsi qadağan olunmuş, qanunsuz saxlanılan hər hansı əşya və ya predmet varsa özü çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu deyərək əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümlərdə olan şübhəli maddələri, şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonunu və şalvarının arxa sol cibindəki 30 manat pulunu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan heroini özü dünən, yəni 07 aprel 2021-ci il tarixdə Bakı şəhərinin Yasamal rayonunda yerləşən “Asan Xidmət” mərkəzinin binasının arxasında hansısa Elşən adlı şəxsdən almış, özü qəbul etmək üçün üzərində saxlamışdır. Aşkar olunmuş 2 ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar maddələr zərfdə qablaşdırılmış, 6 nömrəli möhürlə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 6/1396 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,660 qram və 3,763 qram - ümumi təmiz çəkisi 7,423 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manatdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-354/2021 nömrəli, 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 may 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki. o, sonuncu dəfə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmü ilə CM-in 67.1, 317-2.1-ci maddəsi ilə 03 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 22 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-398/2012 nömrəli, 29 may 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 126.2.2, 126.2.4-cü maddəsi ilə 6 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkəməyədək icraat zamanı tutularaq həbsdə saxlanıldığı müddət də cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 18 iyun 2011-ci il tarixdən hesablanmışdır; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2015 nömrəli, 22 aprel 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2012-ci il tarixli hökmü ilə CM-in 126.2.2, 126.2.4, 221.3-cü və 66.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının bu hökm elan edilən tarixədək çəkilməmiş qalan 03 il 01 ay 26 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 07 iyun 2021-ci il tarixli, 1775 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 30.06.2021-ci il tarixli, 1401 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu, kompensasiya vəziyyəti aşkar edilir. Cinayət işinin materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu, kompensasiya vəziyyətində olduğu üçün o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. CM-in 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi haqqında” 11 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, şəxsi axtarış və götürmə aparılarkən onun üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonrakı ümumi 7,323 qram qalıq çəkidə heroin iş üzrə maddi sübutlar hesab edilmişdir. Maddi sübutlardan şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, ekspertiza tədqiqatından sonrakı ümumi 7,323 qram qalıq çəkidə heroin isə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmişdir; Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona təklif olunmuşdur ki, üzərində, paltarlarında, əşyalarında dövriyyəsi qadağan olunmuş, qanunsuz saxlanılan hər hansı əşya və ya predmet varsa özü çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu deyərək əynindəki şalvarının cibindən 02 ədəd şəffaf sellofan bükümlərdə olan şübhəli maddələri, 01 ədəd telefonu və pulu çıxarıb təqdim etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 7,423 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 398/2012 nömrəli, 29 may 2012-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-175/2015 nömrəli, 22 aprel 2015ci il tarixli hökmü ilə həmin cəzanın çəkilməmiş hissəsi CM-in 67.1-ci maddəsinə əsasən birləşdirilərək ona qəti cəza təyin edilmiş və o, həmin cəzanı çəkməkdən 22 sentyabr 2018-ci il tarixdə azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə ona təyin olunmuş qəti cəzanı 22 sentyabr 2018-ci il tarixdə çəkib qurtarmışdır. Ağır cinayət törətdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2012-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı (CPM-158.2.1, 158.6, CM- 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 08 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 7,323 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar