Məhkəmə qərarları › İş №1(005)-402/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-402/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-402/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Naxçıvan MR-sı, Naxçıvan şəhəri, 6-cı küçə, döngə 2, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, A.Ələsgər küçəsi ev 126-da müvəqqəti kirayədə yaşamış, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli hökmü ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 sonuncunun oğlu X2 X1 işlə təmin olunacağına dair yalan vəd verib inandırmış, bu niyyətlə 2023-cü ilin iyul ayının ortasında Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidə 7000 manat pulu, xx.xx.2023-cü il tarixdə isə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən marketdə quraşdırılmış «MilliÖn» terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 onun 4098 5844 7133 5628 nömrəli kart hesabına köçürdüyü 500 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7500 manat məbləğində pulu ələ keçirib vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhərində və ya Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinə iş yerinin dəyişdirilməsini vəd verib aldatmaqla, bundan ötrü 2023-cü ilin sentyabr ayının ikinci yarısında Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi 14 saylı ünvanda yerləşən «Gənclik Mall» ticarət mərkəzinin qarşısında sonuncudan 4000 manat məbləğində pulu ələ keçirdikdən bir neçə gün sonra işin alınmadığını bildirib aldığı məbləğin 2000 manatını qaytarıb, qalan hissəsini də qaytaracağını bildirərək Zərərçəkmiş şəxs2 ona qarşı olan inam və etibarını daha da artırıb işin alınması barədə yenidən yalan məlumat verərək, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinin yaxınlığında yerləşən bankomatdan onun kart hesabına təkrar köçürülmüş 2000 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4000 manat pulu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, Şahid2 bir neçə il əvvəl tanımışdır. Şahid2 qızının imtahanı ilə bağlı köməkliyə ehtiyyacı olmuş və bu səbəblə onunla görüşmüş, o heç bir maddi təmanna olmadan dəqiq xatırlamadığı köməyi həmin vaxt Şahid2 etmişdir. Bundan sonra 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə Şahid2 ona zəng edərək Goranboy rayonu, Aşağı Ağcakəndində yaşayan tanışlarının Asim adlı oğlunun işlə təmin edilməsinə kömək etməsini, Fövqaladə Hallar Nazirliyinin hansısa hissəsində işlə təmin edilməsi üçün 7000 manat pullarının olmasını bildirmişdir. O, sonuncuya bu işdə köməklik edəcəyini bildirmiş, həmin vaxt pula ehtiyacı olduğundan düşünmüşdür ki, yalandan həmin şəxsi Fövqaladə Hallar Nazirliyinə işə düzəldəcəyini deyib pul əldə etsin və həmin pulu şəxsi işlərinə xərcləsin. Buna görə yalandan həmin nazirlikdə rəhbər vəzifədə işləyən tanışlarının olmasını və həmin işi həll etməyini demişdir. Sonradan bir neçə dəfə Dilarə və onun dediyi şəxslərlə işlə bağlı telefon vasitəsi ilə danışmış və inandırmaq üçün işə düzələcək Asim adlı şəxsin sənədlərini və fotoşəklini «WhatsApp» sosial şəbəkə vasitəsi ilə ona göndərmələrini demişdir. Bundan sonra Şahid2 özünə məxsus nömrənin «WhatsApp» sosial şəbəkə vasitəsi ilə onun nömrəsinə Şahid4 sənədlərini və fotoşəkili onun nömrəsinə göndərmişlər. Sənədləri göndərdikdən sonra onlara bildirmişdir ki, işin düzəlməsi üçün danışılan 7000 manat pulu vermək lazımdır. Telefon əlaqəsi zamanı sonuncularla razılaşmışdır ki, Bakı şəhərində “Şamaxinka” kimi tanınan yerdə yerüstü körpünün yanında görüşsünlər və pulu həmin yerdə ona versinlər. Razılıq olduqdan sonra 2023-cü ilin iyul ayının ikinci ongünlüyündə Asimin atası Vidadi adlı şəxslə həmin yerdə görüşmüş, Vidadi ona 7000 manat pul vermiş və pulu alan vaxt Vidadiyə demişdir ki, təxminən 20 gün müddətində oğlu Asimin işi həll olunacaq və əmri veriləcəkdir. Pulu Vidadidən aldıqdan sonra şəxsi tələbatları üçün xərcləmiş və Asimin işə düzəlməsi ilə bağlı hər hansı addım atmamışdır. Həmin ərəfədə Şahid2 və onun tanışları ona zəng vurduqda yalandan demişdir ki, guya Asimin işi tez bir vaxtda həll olunacaqdır. Bir neçə gün keçdikdən sonra yəni 2023-cü ilin avqust ayının ikinci ongünlüyündə pula ehtiyacı olduğundan düşünmüşdür ki, Şahid2 tanışlarından işin düzəlməsi adı ilə əlavə olaraq 500 manat pul alsın. Buna görə Vidadi Şahverliyevlə əlaqə saxlayıb bildirmişdir ki, oğlu Asimin işi həll olunub və sənədləri əmrin verilməsi üçün kadrlar şöbəsinə verilmişdir və yalandan Vidadiyə demişdir ki, guya əmrin tez verilməsi üçün kadrlar şöbəsinə əlavə olaraq 500 manat pul vermək lazımdır. Vidadi ona həmin pulun verilməsinə razılıq verdikdən sonra demişdir ki, 500 manatı Şahid2 telefonuna göndərəcəyi karta göndərsin. Vidadi və onun ailə üzvlərinin istifadəsində «Smartfon» tipli mobil telefon olmadığı üçün 500 manat pulun göndəriləcəyi 4098 5844 7133 5628 nömrəli kartın şəklini «WhatsApp» sosial şəbəkə vasitəsi ilə Şahid2 isfifadəsində olan nömrəyə göndərmiş və xx.xx.2023-cü il tarixdə Vidadi tələb etdiyi 500 manatı həmin karta göndərmişdir. O, qeyd olunan məbləğdə puluda kartdan çıxarıb şəxsi işləri üçün xərcləmiş və Asimin işə düzlməsi üçün heç bir iş görməmişdir. Şahid2 və onun tanışı Vidadi adlı şəxs bir müddət onunla telefon vasitəsi ilə əlaqə saxladıqda hər dəfə yalandan demişdir ki, tezliklə iş düzələcək, lakin sonradan əlaqəni kəsdiyi üçün onunla əlaqə saxlaya bilməmişlər. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 onun barəsində polisə şikayət etmişdir. Tanışı Şahid2 ona 2023-cü ilin avqust ayında zəng edərək tanışı Zöhrə adlı qadının Bakı şəhəri, Qaradağ rayonu Müşviqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə müəllimə işlədiyini və onun iş yerinin Xırdalan şəhərində və ya Bakı şəhərində başqa rayonda yerləşən digər orta məkbədə dəyişdirilməsi ilə bağlı köməklik edə bilib bilməməyi barədə soruşmuşdur. Həmin işin yalandan həll edə biləcəyini deyib pul əldə etmək məqsədilə Şahid2 yalandan demişdir ki, həmin işə köməklik edə bilər. Dilarə ona demişdir ki, onun nömrəsini həmin qadına verəcək və köməklik etmək üçün ona zəng vuracaqlar. Bundan sonra ona Şahid1 zəng vurub özünü təqdim edərək Şahid2 tanışı Zöhrə adlı qadının əri olduğunu bildirmişdir. Danışıq zamanı Aydın demişdir ki, ailəvi yaşayış yerlərini Müşfıqabad qəsəbəsindən Xırdalan şəhərinə dəyişiblər və bununla əlaqədar həyat yoldaşı Zərərçəkmiş şəxs2 iş yerini dəyişmək istədiyini bildirmişdir. O da sonunculara yalandan demişdir ki, guya Elm və Təhsil Nazirliyində rəhbər işdə işləyən tanışları vardır və Zərərçəkmiş şəxs2 işini həmin şəxslərin köməkliyi ilə həll edəcəkdir. Bundan sonra 2023cü ilin sentyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Nərimanov metrostansiyasının yaxınlığında “MC Donalds” adlanan kafenin yaxınlığında Aydın və arvadı Zöhrə ilə görüşmüş və söhbət zamanı bildirmişdir ki, 4000 manat müqabilində Zöhrənin iş yerini Bakı və ya Xırdalan şəhərlərində yerləşən orta məktəblərdən birinə keçirilməsinə köməklik göstərə bilər və həmin pulu ən geci növbəti gün ona verməklərini demişdir. Növbəti gün yenidən Zöhrə və əri Aydın adlı şəxslərlə Gənclik metrostansiyasının yaxınlığındakı “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında görüşmüş və onlar 4000 manat pulu ona vermişlər. Pulu verən zaman onlara həftə sonunadək işin düzələcəyini demişdir. Pulu alıb ələ keçirdikdən sonra bir qismini şəxsi tələbatları üçün xərcləmiş və işin düzəlməsi üçün hər hansı iş görməmiş, kiməsə həmin işin həll edilməsində köməklik etməsini deməmişdir. Sonradan həmin şəxslərin onun barəsində polisə şikayət edəcəyindən qorxduğu üçün 19 sentyabr 2023-cü il tarixdə Aydın və Zöhrə ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüş və həmin şəxslərə işin alınmadığını bildirərək verdikləri puldan 2000 manatını geri qaytarmış və qalan 2000 manatını guya işin düzəlməsi üçün verdiyi şəxsdən alıb onlara qaytaracağını bildirmişdir. Lakin bir neçə gündən sonra yenidən pula ehtiyacı yarandığından düşünmüşdür ki, Zöhrə və onun əri Aydına qaytardığı 2000 manatı geri alıb şəxsi işləriənə xərcləsin. Buna görə yenidən onlara zəng edərək yalandan işin düzəldiyini bildirib qaytardığı 2000 manat pulu işə düzəldən şəxsə vermək üçün göndərəcəyi plastik kartın hesabına göndərsinlər. Danışıqdan sonra 2000 manat pulu xx.xx.2023-cü il tarixdə onlara verdiyi plastik kart hesabına göndərmişlər. Həmin məbləğdə pulu kartın hesabından çıxarıb şəxsi işləri üçün xərcləmiş və işin həll olunması üçün heç bir iş görməmişdir. Bir müddət Zöhrə və onun əri Aydın ona zəng vurduqda yalandan işin tezliklə həll olunacağını demiş, lakin sonra həmin şəxslərlə əlaqəsini kəsmişdir. Həmin işin görülməsini ondan xahiş edən tanışı Şahid2 qeyd olunan niyəti barədə bildirməmiş və onuda inandırmışdır ki, tanışı Zöhrənin işini həll edəcəkdir və Şahid2 onun yalanma inandığı üçün nömrəsini işin görülməsi üçün tanışı Zöhrə və onun əri Aydına vermişdir. Sonda əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri 225 saylı tam orta məktəbdə pedaqoq işləyir. 2000-ci ildən 2023-cü ilin ortalarınadək Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş və 2023-cü ilin ortalarında Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşdür. Təxminən 2023-cü ilin avqust ayının sonlarında tanışı Şahid2 zəng edən zaman söhbət əsanasında ona Müşfıqabad qəsəbəsindən Xırdalan şəhərinə köçdüyünü və iş yerini dəyişmək istədiyini bildirmiş və bu işdə ona köməklik göstərə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Şahid2 da Rizvan adlı tanışının olduğunu və həmin şəxsin ona köməklik göstərə biləcəyini, bu barədə ona məlumat verəcəyini bildirmiş və sonuncuya məxsus mobil telefon nömrəsini ona vermişdir. Qeyd olunanlar barədə o həyat yoldaşı Şahid1 bildirmiş və həmin gün Rizvan adlı şəxsə zəng vurmuşlur. Danışdıqdan bir gün sonra Rizvan adlı şəxs onlarla görüşmək istədiyini bildirmiş, bu minvalla 2023-cü ilin sentyabr ayının əvvəllərində həyat yoldaşı ilə birlikdə Nərimanov metrostansiyası yaxınlığında “MC Donalds”ın qarşısında Rizvan adlı şəxslə görüşmüş və söhəbt əsnasında 4000 manat müqabilində sonuncu onun iş yerini Bakı və ya Xırdalan şəhərlərində yerləşən məktəblərin birinə keçirilməsinə köməklik göstərə biləcəyini və həmin pulu ən geci növbəti gün ona verməyi bildirmişdir. Növbəti gün o, həyat yoldaşı ilə birlikdə "xxxx" ASC-dən 4000 manat kredit götürmüş və yenidən Rizvan adlı şəxs ilə Gənclik metrostansiyasının yaxınlığında “Gənclik Mall”un qarşısında görüşərək 4000 manat pulu Rizvana vermişlər. Pulu verən zaman Rizvan adlı şəxs ona həftə sonunadək işin düzələcəyini demişdir. Həmin tarixdən sonra bir neçə dəfə o və həyat yoldaşı Rizvan adlı şəxsə zəng edərək iş barədə maraqlanmış və sonuncu da narahat olmamağı, qısa müddət ərzində işin düzələcəyini bildirmiş, lakin bir müddət sonra yəni 19 sentyabr 2023cü il tarixdə Rizvan adlı şəxs ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüş və həmin şəxs işin alınmadığını bildirərək 2000 manat vəsaiti onlara geri vermiş və qalan vəsaiti guya verdiyi şəxsdən alaraq onlara qaytaracağını bildirmişdir. Lakin bir neçə gündən sonra Rizvan adlı şəxs yenidən onlara zəng edərək işin düzəlməsini bildirərək və həmin 2000 manat vəsaiti plastik kart hesabına göndərməyini bildirmiş və onlar da həmin vəsaiti xx.xx.2023-cü il tarixdə sonuncunun onlara verdiyi plastik kart hesabına göndərmişdir. Bu hadisələrdən müəyyən müddət sonra, yəni 2023-cü ilin təxminən oktyabr ayının ortalarınadək Rizvan adlı şəxsə dəfələrlə zəng edərək ondan işin nə yerdə olduğunu maraqlansalar da, sonuncu müxtəlif bəhanələr gətirərək qısa müddət ərzində işin həll olunacağı barədə onlara yalan məlumatlar vermiş, lakin oktyabr ayından sonra ona məxsus mobil telefon nömrəsinə zəng çatmamış, bundan sonra əri Şahid2 zəng vuraraq bu məsələ ilə polisə müraciət edəcəyini bildirmişdir. Göstərmişdir ki, 2023-cü ilin sentyabr aymm əvvəllərində, Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasmm yaxınlığında Gənclik Mail ticarət mərlkəzinin qarşısında Təqsirləndirilən şəxs 4000 manat pul vermiş, geri qaytardığı 2000 manatı Təqsirləndirilən şəxs yenidən istədikdə həmin pulu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən bankomatdan sonuncunun kart hesabına göndərmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Şahid2 7 ildir ki, tanıyır. Aralarında həmişə normal münasibət olmuşdur. 2023-cü ilin aya ayında arvadı Tovuz İsmayılova ona oğlu Asim İsmayılov üçün iş yeri tapdığını bildirmiş, o, bu barədə arvadından maraqlandıqda sonuncu ona Şahid2 qohumunun Prezident Aparatında işlədiyini və onun vasitəsi ilə oğlunu işə düzəldə biləcəyini demişdir. Bundan 2-3 gün sonra Dilarə öz avtomobili ilə onların evinə gəlmiş və tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə oğlunu işə düzəldəcəyini demişdir. Belə ki, oğlu işə düzəldikdən 6 ay sonra FHN-nin akademiyasına qəbul etdirəcəyini demşidir. Bundan bir neçə gün sonra 2023-cü ilin iyul ayının birinci ongünlüyündə yaşadığı evində olarkən Şahid2 oraya gəlmiş və oğlunun işə düzəlməsi üçün lazım olan 7000 manat pulu arvadı Tovuzdan almışdır. Lakin üstündən bir neçə gün keçmiş Dilarə həmin məbləği onlara geri qaytararaq özünün Bakı şəhərində Rizvanla görüşüb pulu ona verməyi bildirmiş, o da, Bakı şəhərinə getmiş və Şamaxinka adlanan yerdə Rizvanla görüşərək həmin məbləği onun özünə vermişdir. Söhbət əsnasında Rizvan Dilarə ilə dost olduqlarını və bu səbəbdən də çox ucuz qiymətə oğlunu işə və akademiyaya düzəçldiyini demiş, işin 20 gün ərzəndi həll olunacağını Rizvan bildirmiş və FHN-də tanışları olduğunu və oğlunun işini də onların həll etdiyini demiş, bundan sonra dəfələrlə Rizvanla əlaqə saxlamış, sonradan Rizvan əlavə 500 manat pul da lazım olduğunu və tez bir zamanda əmrinin veriləcəyini demiş, o da arvadı ilə birlikdə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən mağazaya gedərək orada quraşdırılmış MilliÖn aparatı vasitəsi ilə 500 manat pulu Rizvan adili şəxsin göndərdiyi kart hesabına köçürmüşlər. Lakin sonradan işin həll olunmadığını görüb aldadıldığını başa düşmüşdür. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3 və Zərərçəkmiş şəxs1 təxminən 7-8 il olar ki, qonşuluqda yaşayır, aralarında normal münasibət olmuşdur. Təxminən 4-5 il əvvəl Naftalan sanatoriyasında olduğu zaman orada Lalə adlı şəxslə tanış olmuş, həmin şəxslə söhbət zamanı sonuncu Prezident Administrasiyasında yüksək vəzifədə işləyən Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həçmin şəxsin hansısa işi olarsa köməklik edə biləcəyini bildirmiş, o da iş yerini dəyişmək istədiyi üçün bir müddət sonra Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsini sonuncudan almışdır. Bundan sonra Bakı şəhərinə gəlmiş və burada telefon əlaqəsi saxladıqda sonuncu ona Prezidentin Təhlükəsizlik Xidmətində işlədiyini polkovnik rütbəsində olduğunu və ona işinin dəyişməsində köməklik göstərəcəyini demişdir. Lakin sonradan o iş yerini dəyişmək fikrindən daşındığı üçün Rizvanın mobil telefonunu bloklamış və bir daha onunla əlaqə saxlamamışdır. Lakin sonradan yenidən iş yerinin dəyişməsi ilə bağlı fikrə düşdüyü üçün, həmçinin qızının təhsil aldığı universitetdə hazırda xatırlamadığı işi ilə bağlı köməklik göstərməsi üçün Təqsirləndirilən şəxsla əlaqə saxlamış, həmin vaxtı qonşuluqda yaşayan Şahid3 da onun evində olmuş və onun Rizvanla danışığını eşitdiyi üçün oğlu Asimi FHN-nə işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. O da bu barədə Rizvanla danışdıqda sonuncu 10000 manat pulun qarşılığında Asimi işə düzəldə biləcəyini bildirmişdir. O, həmin şəxslərin maddi imkanldarının aşağı olduğunu deyib həmin məbləğə imkanları olmadığını bildirmiş, belə olduqda Rizvan 7000 manata işi həllə edəcəyini demiş, bundan sonra Rizvanın mobil nömrəsini Şahid3 vermiş və sonuncu həyat yoldaşı Vidadi ilə birlikdə Rizvanla əlaqə saxlamışlar. Asimin sənədlərinin surəti vatsapla göndərməli olduqları üçün smartfon tipli mobil telefonları olmadığından həmin sənədləri Rizvana göndərməsi üçün ona təqdim etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 Bakı şəhərinə getmiş, 2023-cü ilin 15-18 iyul tarixlərində Rizvanla görüşüb həmin 7000 manat pulu ona vermişdir. Bundan təxminən bir ay sonra Rizvan özü Vidadi ilə əlaqə saxlayıb oğlunun işinin həll olunduğunu və sənədlərin kadrlar şöbəsində olduğunu deyərək əlavə 500 manat da pul istəmişdir. Bundan sonra Rizvanın onun mobil telefonuna göndərdiyi kart nömrəsinə MilliÖn aparatı vasitəsi ilə 500 manat pulu göndərmişlər. Sonrakı vaxtlarda Rizvan işin həll olunması ilə bağlı müxtəlif bəhanələr gətirərək işin həll olunacağını bildirmişdir. Bunban başqa bildirmişdir ki, 2023-cü ilin avqust ayının sonlarında Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində olduğu zaman tanışı Zərərçəkmiş şəxs2 ona zəng edərək iş yerini dəyişmək istədiyini və ona bu işdə köməklik göstərməsi üçün tanışının olub-olmadığını soruşmuş, o, da hazırda tanışlarının işini düzəltdiyini bildirərək, onun mobil nömrəsini Zöhrəyə vermişdir. Bundan sonra Zöhrə söhbət əsnasında həyat yoldaşı Aydanla birlikdə Təqsirləndirilən şəxsla görüşdüklərini və işin həlli üçün 4000 manat pul verdiyini bildirmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs işin həll edilmədiyini bildirib aldığı pulun 2000 manatını qaytarmışdır. Lakin bir neçə gün sonra isə Təqsirləndirilən şəxs yenidən zəng edlərək işin alındığını və qaytardığı 2000 manat pulu kart hesabına vurmasını bildirmiş, Zərərçəkmiş şəxs2 da həmin məbləği Rizvanın kart hesabına vurmuşdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə həmin şahidlərin ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından azad edilmişdir. ********* nömrəli cinayət işi xx.xx.2023-cü ildə məhkəməyə göndərilmişdir. “Baxış keçirilməsi haqqında” 24 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 4 “Gənclik Mall”un qarşısında Zərərçəkmiş şəxs2 həmin yeri təqdim edərək Təqsirləndirilən şəxs ilə həmin ünvanda görüşməsini və 4000 manat pul verməsini bildirmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli hökmü ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə mülkiyyət əleyhinə cinayət əməlləri törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nizami Rayon Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)- 86/2024 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 21 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində Bakı şəhəri Nizami Rayon Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar