Məhkəmə qərarları › İş №1(005)-403/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-403/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-403/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhəri şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə eldiyi «X14 1836LS» markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən «Euro Home» mağazasının qarşısında dayandığı yerdən hərəkətə gətirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsini pozaraq, yəni hərəkətə başlamazdan əvvəl manevrin təhlükəsiz olmasına və hərəkətin digər iştirakçıları üçün maneə yaratmayacağına əmin olmalı olduğu halda buna əməl etməyərək, ehtiyyatsızlıqdan avtomobilin qarşısında yolu sağdan sola doğru keçən piyada X6 vuraraq, sonuncunun hemopnevmotoraksla müşayiət olunan hər iki ağciyərlərin qapalı zədələnmələri, sol bud sümyünün orta-yuxarı 1/3-dən travmatik amputasiyası (güdül), sol baldır və bud sümüklərinin çox qəlpəli, açıq yerdəyişən sınıqları, yumşaq toxumalarının geniş sahəli əzilmiş-cırılmış və soyulmuş yaraları, sol və sağ tərəfdə qabırğaların sınığı, sağ bazu və sirkə kasası sümyünün qapalı, yerdəyişməyən sınıqları, sağ körpücükaltı nahiyənin əzilmiş yarası, burun belinin, sol əlin, sağ diz oynağının sıyrılmış yaraları, sağ budun yuxarı 1/3-nin geniş sahəli qançırı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirməklə, ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 13 aprel 2022-ci il tarixdə saat təxminən saat 15 radələrində o, idarə etdiyi «X14 1836LS» markalı avtomobil ilə Ziya Bünyadov prospektində yerləşən «Eurohome» mağazasının arxa tərəfində yerləşən inşaat materialları bazarına gedib sifariş olunmuş materialları avtomobilin yük hissəsinə yığıldıqdan sonra, bazardan çıxmaq üçün «Eurohome» mağazasının qarşısındakı köməkçi yol ilə Z.Bünyadov prospektinə çıxmaq üçün hərəkətə başlamışdır. Köməkçi yol ilə təxminən 50 metr məsafə qət etmiş, lakin həmin vaxt bazarın içərisində olduğundan və «Eurohome» mağazasının Z.Bünyadov prospektindən giriş və çıxışına bitişik hissədə 1 sedan və 1 «Mercedes Vito» markalı avtomobilin dayanması səbəbindən o, keçə bilmədiyindən avtomobilini saxlamışdır ki, həmin avtomobillər ona yol verdikdən sonra, hərəkətini davam etdirsin. Həmin vaxt avtomobilinin mühərriki işlək vəziyyətdə, sürətlər qutusu isə neytral vəziyyətdə olmuşdur. Təxminən 3-4 dəqiqə ərzində qarşısında durmuş avtomobillərdən ilkin olaraq «Mercedes Vito» markalı avtomobil geriyə hərəkət etmiş, onun arxasınca qarşısındakı sedan markalı avtomobil artıq geriyə hərəkət edib, Z.Bünyadov prospekti istiqamətində çıxdığından və yol artıq açıldığı üçün o, avtomobilini hərəkətə gətirib irəliləmişdir. Heç 5-6 metr yol getməmiş kənarda olan tanımadığı şəxslər avtomobili saxlaması üçün qışqırmışlar. O, dərhal avtomobili saxlamış və avtomobili geri verməsini bildirdiklərindən, avtomobili 1 metr geriyə vermişdir. Həmin vaxt isə nə baş verdiyini anlamamış və avtomobili saxlayıb düşdükdə bir nəfər kişinin avtomobilinin sol tərəfində yerdə uzanmış vəziyyətdə olduğunu, bir nəfər yanında olan qadının isə qışqır-bağır saldığını görmüşdür. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər və həmçinin həmin qadın vasitəsi ilə həmin kişini avtomobili ilə vurması ona məlum olmuşdur. Lakin, o, həmin kişini avtomobilin hansı tərəfindən hansı istiqamətə keçmək istədiyini, hadisənin necə baş verdiyini görməmiş, ümumiyyətlə həmin kişini vurmasını hiss etməmişdir. Bundan sonra, o, dərhal təcili tibbi yardıma zəng vuraraq, həkim çağırmış və həkimlər hadisə yerinə gələrək, həmin kişini yəni adı sonradan ona məlum olan X6 oradan 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Hadisə o, hərəkətə başladığı an baş vermişdir, həmin vaxt avtomobilində sürət demək olar ki, cüzi 5-10 km/saat olmuşdur. O, hərəkətə başladığı an hər hansı bir təhlükə hiss etməmiş, yalnız hərəkətə başlayıb, təxminən 3 metr qarşıya hərəkət etdikdə, kənardan avtomobili saxlaması ilə bağlı tanımadığı bazarda olan şəxslər qışqırdığı zaman o, təhlükə hiss edib, avtomobili dərhal saxlamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən X7 ifadəsində göstərdi ki, X9 onun əridir. Belə ki, 13 aprel 2022-ci il tarixdə saat təxminən 15 radələrində o, əri Rüstəmlə birlikdə evlərinin təmiri ilə əlaqədar olaraq, müxtəlif təmir-tikinti əşyalarına baxmaq üçün «Eurohome» mağazasına getmişlər. Həmin mağazadan evləri üçün bir ədəd lüstur altı alıb, mağazadan çıxmışlar və həmin zaman mağazanın qarşısında yerləşən köməkçi yolu keçib, Z.Bünyadov prospektinə çıxmaq istəmişlər. Bu zaman həm mağazanın qarşısında, həmçinin köməkçi yolda müxtəlif avtomobillər dayanmış, lakin yolda bir iri yük avtomobili ilə bir sedan markalı avtomobil yol verməklə bağlı sürücülər öz aralarında danışmışlar. Həmin vaxt yük avtomobilinin sürücüsünün yanında, yəni kabinada bir nəfər sərnişin də olmuş, sedan markalı avtomobil yük avtomobilinin qarşısından geriyə verərək, yük avtomobilinə yol vermiş, yük avtomobilinin isə mühərriki söndürülmüş olduğundan, sedan markalı avtomobil geri verdiyi zaman o və əri Rüstəm həmin yolu yük avtomobilinin qarşısından keçmişlər. Yük avtomobilinin qarşısından keçdikləri an, gözlənilmədən həmin yük avtomobilinin sürücüsü avtomobili anidən işə salıb hərəkətə başlamış və onlar avtomobilin qarşısında olduqlarından həmin an həmçinin əri Rüstəm əli ilə avtomobilin qarşı tərəfinə bir neçə dəfə vurub dayanmasını istəsə də, lakin, sürücü avtomobili saxlamamış və artıq onlar avtomobilin tam qarşısında olduqları an, onu və Rüstəmi vurmuşdur. Onlar avtomobilin qarşı tərəfdən altına düşmüşlər, həmin zaman o, hər iki ayağından və çiyin nahiyəsindən xəsarətlər almış, Rüstəmin isə sol ayağı həmin yük avtomobilinin qarşı sol təkərinin altında qalmışdır. Bundan sonra, ətrafdan tanımadığı şəxslər qışqıraraq həmin sürücüdən avtomobili saxlamasını bildirmişlər və sürücü avtomobili saxlamışdır. Daha sonra isə avtomobili arxaya verərək, Rüstəmin həmin ayağının üzərindən bir də keçmişdir. Bundan sonra, o, aldığı xəsarətlərə baxmayaraq, dərhal ayağa qalxmış, Rüstəmin isə ayağı sındığından, o, ətrafdakı şəxslərin köməkliyi ilə avtomobilin altından çıxarılmış və daha sonra oradan təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər Klinik Xəstəxanasına aparılmışdır. Xəstəxanada ona ambulator tibbi yardım göstərilmiş, Rüstəmin isə sol ayağında sınıq olduğundan, xəstəxanada stasionar müalicəsi davam etdirilmişdir. 20 aprel 2022-ci il tarixdə isə Rüstəm ayağından aldığı xəsarətlə bağlı həmin xəstəxanada əməliyyat olunmuş, lakin, buna baxmayaraq həmin gün əməliyyatdan sonra xəstəxanada vəfat etmişdir. Daha sonra. Rüstəmin nəşi məhkəmə-tibbi ekspertizasından keçirilmiş və xx.xx.2022-ci il tarixdə Ağstafa rayonunda torpağa tapşırılmışdır. Həmin yük avtomobilinin sürücüsü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs nə özü, nə qohumları hadisədən sonra, Rüstəmin və ya onun vəziyyəti ilə maraqlanmamış, onun aldığı xəsarətlərlə bağlı və ya əri Rüstəmin həm müalicəsi, həm də dəfni ilə bağlı hər hansı bir maddi köməklik etməmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X7 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işinin 7-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 5, “Eurohome” tikinti materialları bazarının girişçıxış qapısının yaxınlığıdır. Hadisə yerində yol asfalt, düz və qurudur. Hadisə yerində asfalt üzərində qan izləri aşkar edildi. Cinayət işinin 39-40-cı vərəqələrində olan “Təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş 01 ədəd CD diski Nərimanov RPİ-nin istintaq şöbəsinin 54 saylı xidməti otağında, HP markalı xidməti kompüterin disk oxuyucusuna daxil edilkdə diskin yaddaşında 01 ədəd «ch_**********1000.mp4» adlı fayl olduğu müəyyən edildi. Həmin fayl açıldıqda içərisində 49 dəqiqə 59 saniyəlik görüntülər olması müşahidə olunur, görüntülərə baxış zamanı görüntülərin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən «Euro Home» mağazasının qarşısında ticarət obyektinin videomüşahidə kamerasından xx.xx.2022-ci il tarixdə saat 14:10-dən 15:00-dək olan müddət ərzində qeydə alınması müəyyən olünur. Həmin görüntülərdə 05:47-də Təqsirləndirilən şəxs idarə etdiyi «X14 1836LS» markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin olaraq hərəkətə başlayıb, köməkçi yola çıxıb hərəkətə başlaması müşahidə olunur. Təxminən 50 metr məsafə qət etdikdən sonra, görüntülərdəki 06:07 dəqiqədə “Eurohome” mağazasının Z.Bünyadov prospektindən giriş və çıxışına bitişik hissədə digər bir neçə avtomobilin dayanması səbəbində sürücü Təqsirləndirilən şəxs keçə bilmədiyindən yük avtomobilini saxlaması müşahidə olunur. Baxış davam etdirilərkən görüntülərdəki 10:13 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi yük vtomobilinin qarşısında durub, onun yolunu kəsmiş ilkin olaraq «Mercedes Vito» markalı avtomobil, onun qarşısında durmuş birinci sedan markalı avtomobil geri hərəkət etməyə başlayırlar, sedan markalı avtomobil geriyə hərəkət etdikcə Təqsirləndirilən şəxs avtomoili hər yol genişləndikcə irəliyə hərəkət etməsi müşahidə olunur, görüntülərdə 10:45 dəqiqədə həmin yola paralel olaraq sol tərəfdə yerləşən ticarət obyektindən X9 və X3 Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qarşısına tərəf hərəkət etmələri, həmin an isə sedan markalı avtomobilin Təqsirləndirilən şəxs avtomobilinin qarşısında geriyə hərəkət edərək, yolu açmağa çalışması müşahidə olunur. Sedan markalı avtomobil yük avtomobilinin qarşısında geriyə hərəkətini tamamlayıb, yük avtomobilinin qarşısından dönüb yolu açmağa çalışaraq, «Euro Home» mağazasının reklam şiti ilə ayrılmış Z.Bünyadov prospektinə birləşdiyi giriş hissəsinə istiqamətləndiyi an, yəni görüntülərdəki 10:58 dəqiqədə R.Qocayev və Z.Abbasova da, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısı ilə yolu sağdan sola doğru yaxın məsafədən keçirlər, bu an isə Təqsirləndirilən şəxs avtomobili hərəkətə gətirərək, avtomobilinin qarşı tərəfi ilə R.Qocayev və Z.Abbasovanı vuraraq avtomobilin qarşı alt hissəsinə salır və təxminən 5-6 metr avtomobili hərəkət etdirir və daha sonra avtomobili saxlayır. Bundan sonra, Z.Abbasova özü avtomobilin qarşı hissəsindən ayağa qalxır, R.Qocayev isə avtomobilin altında uzanmış vəziyyətdə qalır. Daha sonra görüntülərə baxış davam etdirilərkən, sürücü Təqsirləndirilən şəxs və yanındakı bir nəfər sərnişinin avtomobildən düşüb hadisə yerinə yaxıqnlaşmaları, ətrafdan digər şəxslərin hadisə yerinə yaxınlaşmaları müşahidə olunur. Görüntülərə baxış davam etdirilərkən görüntülərin 35-ci dəqiqəsində hadisə yerinə TTY avtomobili ilə həkimlərin gəlməsi və bir neçə dəqiqə sonra xəsarət almış R.Qocayev və Z.Abbasovanı aparmaları müşahidə edilir. Görüntülərin sonrakı hissəsində iş üçün əhəmiyyət kəsb edən başqa hallar müəyyən edilmir. Cinayət işinin 47-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, 265431 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə “Kəskin posthemorragik anemiya” səbəbindən ölmüşdür. Cinayət işinin 59-cu vərəqində olan Bakı şəhəri Sabunçu rayonu İHB-nın Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 62-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 64-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və X11 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 372 nömrəli rəydən görünür ki, vət. X4 aşkar edilmiş xəsarətlər – ağrı simptomu və sol diz oynağının bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan, yumuşaq toxumalarının şişkinlik halında əzilməsi – diz oynaq çuxurunun hematoması, sol və sağ diz oynaqlarının ön səthlərinin qançırları, sol baldırın yuxarı üçdə birinin sıyrığı – küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri- hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 67-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 8/1052 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X14 1836LS” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 71-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və X11 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 49 nömrəli rəydən görünür ki, 1956-cı il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - hemopnevmotoraksla müşayiət olunan hər iki ağciyərlərin qapalı zədələnmələri, sol bud sümyünün orta-yuxarı 1/3-dən travmatik amputasiyası (güdül), sol baldır və bud sümüklərinin çox qəlpəli, açıq yerdəyişən sınıqları, yumşaq toxumalarının geniş sahəli əzilmiş-cırılmış və soyulmuş yaraları, sol və sağ tərəfdə qabırğaların sınığı, sağ bazu və sirkə kasası sümyünün qapalı, yerdəyişməyən sınıqları, sağ körpücükaltı nahiyənin əzilmiş yarası, burun belinin, sol əlin, sağ diz oynağının sıyrılmış yaralan, sağ budun yuxarı 1/3-nin geniş sahəli qançırı həyati olub, ölümündən az əvvəl əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi zamanı yolu keçən zaman hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümün baş verməsi ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb - almış olduğu ağır travma kompleksi nəticəsində baş vermiş kompensə olunmayan qanitirmə, posthemorragik anemiya olmuşdur, ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 7630da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edir. X1 adına tərtib olunmuş C1488 saylı xəstəlik tarixində onun alkoqol qəbul edib-etməməsi barədə heç bir qeydiyyat yoxdur. Cinayət işinin 85-89-cu vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, videogörüntülər olan 01 ədəd CD diskin sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 110-111-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir, mülki iddiadan imtina edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X7 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs onun xeyrinə 15082 (on beş min səksən iki) manat maddi ziyan və 20000 (iyirmi min) manat mənəvi ziyan olmaqla ümumilikdə 35082 (otuz beş min səksən iki) manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X7 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmiş, hazırda onunla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur və mülki iddiadan imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa bu hal icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X7 məhkəmə baxışı zamanı məhkəməyə ərizə təqdim edərək mülki iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar