Məhkəmə qərarları › İş №1(005)-404/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-404/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-404/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X1 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs (videokonfrans vasitəsilə), Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 21 iyul 2024-cü il tarixdə, saat 08:35 radələrində Bakı şəhəri, Ramil Fəxrəddin oğluna məxsus **-LS-*** dövlət qeydiyyat nişanlı “BMW 750" markalı minik avtomobilinin bağlı ön sol qapısının şüşəsini sındıraraq avtomobilin salonundan ötürücü qutusunun üzərində olan 1700 manat pulu gizli olaraq talayaraq oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 il müddət olar ki, şəxsi ehtiyaclarına görə borcları yaranmışdır. Heç bir yerdə işləmirdi. Bu səbəbdən borclarını ödəyə bilmirdi. 21 iyul 2024-cü il tarixdə, təxminən saat 07 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ünvanında olduğu zaman həmin ərazidə hal-hazırda xatırlamadığı yol ilə piyada hərəkət edirdi. Bundan bir müddət keçdikdən sonra yəni bir qədər gəzdikdən sonra 21 iyul 2024-cü il tarixdə, saat 08:35 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 21 A ünvanın qarşısında piyada hərəkətdə olduğu zaman kənarında dayanmış vəziyyətdə olan qara rəngli **-LS-*** dövlət qeydiyyat nişanlı "BMW 750” markalı minik avtomobilini görmüşdür. Həmin **-LS-*** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı minik avtomobilinə yaxınlaşaraq avtomobilin içərisinə kənardan baxdıqda avtomobilin bağlı vəziyyətdə və içərisində heç kim olmadığını görmüşdür. Bundan sonra həmin avtomobilə dəqiq baxdıqda görmüşdür ki, avtomobilin içərisində ön hissəsində, yəni idarə etmə ötürücüsünün üst hissəsində nəzarətsiz qalmış pulu var. Bundan sonra dərhal ətrafda olmuş daşı götürüb avtomobilin ön yan sağ, yəni sürücü tərəf olan aynaya bir neçə dəfə daş ilə zərbə endirmiş və sındırdıqdan sonra orda olan pulu sağ tərəfdən əlini uzadaraq götürüb dərhal oradan uzaqlaşmışdır. Bundan sonra həmin pulu saydıqda halhazırda dəqiq xatırlamadığı təxminən 600 manat olduğu yadına düşür. Qeyd etmişdir ki, pulun hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd etmişdir ki, o həmin avtomobildəb başqa heçnə götürməmişdir. Zərəri ödəməkdən yayınmır, lakin maddi ehtiyaci acınacaqlı vəziyyətdədir. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 iyul 2024-cü il tarixdə, saat 02:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 21 A ünvanın özünə məxsus **-LS-*** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı minik avtomobili ilə gəlmiş və həmin ünvanın həyətində maşını saxlayaraq yaşadığı mənzilə qalxmışdır. Bundan sonra 21 iyul 2024- cü il tarixdə, saat 10:30 radələrində yaşadığı mənzildən çıxaraq avtomobili istiqamətinə doğru getdiyi zaman ona məxsus **-LS-*** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı minik avtomobilin ön sağ, yəni sürücü tərərf olan şüşənin sındırıldığını görmüş və avtomobilin içərisinə baxarkən orda avtomobilin ön hissəsində idarə etmə, yəni karopkanın üst hissəsinə qoyduğu 1700 (min yeddi yüz) manat pulun oğurlandığını aşkar etmişdir. Bu səbəbdən dərhal bu barədə polisə şikayət etmişdir. Bundan əlavə bildirmişdir ki, ona həmin oğurluq səbəbindən 1700 manat pul oğurlanmasından əlavə **-LS-*** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı minik avtomobilinin ön sağ şüşəsinin sındırılması səbəbindən həmin şüşənin yenisi ilə əvəz olunması üşün 680 manat pul xərcləmişdir. Bununlada ümumilikdə ona 2380 (iki min üç yüz səksən) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməsə də ona qarşı şikayətçi deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən yaşayış binasının qarşısıdır. Binanın qarşısında park vəziyyətində olan avtomobil var. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “DVD diskə baxış keçirilməsi haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən yaşayış binasının qarşısında bir nəfər hərəkət edir. Həmin şəxs **-LS-*** dövlət qeydiyyat nişanlı “BMV” markalı avtomobilin ön yan sağ aynasını sındırır və avtomobilə əlini salır. Daha sonra dərhal uzaqlaşır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin nəzərə alınması barədə” 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-293/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli hökmü ilə həbs qətimkan tədbiri seçilməsi və onun azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, əvvəllər dəfələrlə məhkum edilmiş, barəsində olan sonuncu cinayət işi Binəqədi Rayon Məhkəməsinin icraatına göndərilmişdr. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-293/2025 nmrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və cəzanın əvvəlinin xx.xx.2024-cü il tarixindən hesablanması hökm edilmişdir. İşin hüquqi məsələləri: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutma altında saxlanıldığı müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin 03 avqust 2024-cü il tarixdən hesablanmalı (Əsas: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli hökmü) və barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-293/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 330 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-293/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış iş üzrə şübhəli şəxs qismində saxlanıldığı cəmi 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın və onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-293/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 30 iş saatı üçün cəmi 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar