Məhkəmə qərarları › İş №1(005)-405/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-405/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-405/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03 avqust 1988-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhlumluğu olmayan, Ağsu rayonu, Suraxanı kəndində qeydiyyada olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, V.Salehov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə edib üzərində qanunsuz saxlayıb, gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 05 aprel 2022-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısına saxlanılmış, Baş İdarəyə gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, üzərində 01 (bir) ədəd 1943-cü ildə keçmiş SSRİ dövlətində istehsal edilmiş, «Tokarev» (TT) konstruksiyalı, 7,62 mm kalibrli, HK-2640 №-li, təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, saz vəziyyətdə, atəşə yararlı, yivli odlu döyüş silahı hesab edilən tapança, 01 (bir) ədəd «ПA-969» nömrəli, «Tokarev» (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olmaqla, 08 ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Bravo” supermarketlər şəbəkəsinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mal qəbulu şöbəsində qrup rəhbəri vəzifəsində işləmişdir. 2020-ci ilin dekabr ayında şirkətin adından Xocavənd rayonu ərazisində olan əsgərlərə yardım məqsədilə ərzaq aparmış, əsgər yataqxanasının ətrafında yerdə tapançaya bənzər əşya olması nəzərini cəlb etmiş, həmin əşyanı götürdükdə üzərində sandıqçası olan tapança olduğunu görmüşdür. Tapançanı sandıqça və patronla birlikdə götürüb üstündə saxlamış, lakin heç kimə bu barədə məlumat verməmişdir. Əvvəldən odlu silaha həvəsi olsa da, heç vaxt silahı olmamış, keçən müddət ərzində ailə üzvləri görməsin deyə, tapançanı yaşadığı evdə müxtəlif yerlərdə gizlətmişdir. 05 aprel 2022-ci il tarixdə saat 09:00 radələrində evdən çıxarkən tapançanı patronla birlikdə öz üstündə götürüb əynində olan şalvarın arxa tərəfdən kəmər hissəsinə keçirmiş, sandıqcanın işərisində olan bir ədəd gülləni isə təhlükəsizlik məqsədilə şalvarının ön cibinə qoymuşdur. Tapançanı üzərində daşımaqda məqsədi “Binə” ticarət mərkəzinin ətrafında tullamaq olmuşdur. Həmin gün saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki “Binə” ticarət mərkəzinin qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, sonra ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim edib anket məlumatları barədə məlumat vermiş, polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmiş, sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra onu Baş İdarəyə dəvət etmiş, etiraz etməyib polis əməkdaşları ilə birlikdə İdarəyə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, vəkilin iştirakı ilə üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişlər. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 05 aprel 2022ci il tarixdə işlədiyi idarənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, bundan sonra onu Baş İdarəyə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla gəlmiş, inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində bir ədəd odlu silah tapança və patron olduğunu bildirib əynində olan şalvarın arxa kəmər hissəsində tapança tipli dəmir predmeti göstərmiş, Təqsirləndirilən şəxs 01 ədəd patronu, dəqiq xatırlamadığı digər əşyaları çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd tapança tipli dəmir predmetin, 01 ədəd darağın boş olduğu müşahidə edilmiş, aşkar edilmiş 01 ədəd partrona baxış keçirilərkən patronun arxa hissəsinin zədələndiyi müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və 01 ədəd patron təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib оlunaraq iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 Əlibala oğlunun ifadəsi digər Şahid1 ifadəsinə oxşar məzmunlu olmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqına 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixində, saat 12:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2022-ci il tarixli qərar əsasında şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində bir ədəd odlu silah tapança tipli odlu silaha oxşar predmet, bir ədəd daraq, bir ədəd patron aşkar edilərək qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/287R nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd HK-2640 nömrəli silah, keçmiç SSRİ dövlətində Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və ateş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 01 ədəd patron 1946-cı ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ- PPS konstruksiyalı tapança-pulemyotların ştat patronudur, döyüş sursatıdşır, atəş üçün yararsızdır. 01 ədəd ПА 969 nömrəli daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuşdur, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd Tula silah zavodunda istehsal edilmiş, “Tokarev” (TT) konstruksiyalı tapança, təyinatı üzrə istifadəyə yararlı darağ, bir ədəd DVD disk maddi sübut kimi tanınaraq, saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş AZE seriyalı 346441 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü 1 (bir) azyaşlı qızı vardır. Məhkəmə baxışında tədqiq edilmiş Ağsu Rayon Hakimiyyəti başçısı yanında Kalva kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilən 08 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-408/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbyacan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Beləliklə də, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini və himayəsində azyaşlı övladının olmasını, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablandığından Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 05 aprel 2022-ci il tarixindən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 (bir) ədəd Tula silah zavodunda istehsal edilmiş, “Tokarev” (TT) konstruksiyalı, 7,62 mm kalibrli, HK-2640 nömrəli, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, saz vəziyyətdə, atəşə yararlı, yivli odlu silah hesab edilən tapança, 01 (bir) ədəd “ПA-969” nömrəli, “Tokarev” (TT) konstruksiyalı yivli tapançaların fynksioanal əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan, zavod üsuli ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı darağ hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir (CPM-132.1.4). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (otuz) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 01 (bir) ədəd Tula silah zavodunda istehasal edilmiş, “Tokarev” (TT) konstruksiyalı, 7,62 mm kalibrli, HK-2640 nömrəli, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, saz vəziyyətdə, atəşə yararlı, yivli odlu silah hesab edilən tapança, 01 (bir) ədəd “ПA-969” nömrəli, “Tokarev” (TT) konstruksiyalı yivli tapançaların fynksioanal əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı darağ hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İşdə mülki iddia yoxdur. Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar