Məhkəmə qərarları › İş №1(005)-405/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-405/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-405/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq edilməsi və zorun tətbiq edilməsi hədəsi ilə xuliqanlıq və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 01 radələrində ünvan 2 ünvanın qarşısında ictimai yer hesab edilən küçədə əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşısını kəsib onunla mübahisə yaradıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə sonuncuya zor tətbiq edəcəyi ilə hədələyib, şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə sifət nahiyəsindən xuliqanlıq niyyəti ilə qəsdən vurduqda, zərbənin təsirindən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb omayan, lakin ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sol orbitanın medial sümük divarında yerdəyişməli sınıq və retrobulbar paraorbital piy toxumanın medial protuziyası, sol burun sümüyünün minimal yerdəyişməli sınığı ilə müşayiət olunan qəsdən sağlamlığa az ağır aid və sol paraorbital yumşaq toxumalarda sol zigomatik nahiyəyə uzanan infıltrasiya, hava qabarcıqları, nazal regionda dərialtı infıltrasiya, sol göz ətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları, sol göz yarığının daralması ilə müşayiət olunan gözün ağlı qişasının qansızması, sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan ümumlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Aysel xanım onun yaşadığı blokun 7-ci mərtəbəsində kirayə qalır, o isə 6-cı mərtəbədə yaşayır. O, dəfələrlə Vüqarı yaşadığı ünvanın blokunda gecə saatlarında Aysel xanımla dayanıb liftin qarşısında söhbət etdiklərini görmüşdür. Bir neçə dəfə Vüqara irad bildirərək blokda dayanmamalarını demişdir. 17 dekabr 2023-cü il tarixdə saat 01 radələrində o, yaşadığı mənzilə qalxdıqda Vüqar yenə Aysel ilə birlikdə liftin qarşısında durduğunu görmüş və yenə burada dayanmamaları barədə irad bildirmişdir. Vüqar isə ona bildirmişdir ki, sən mənə irad bildirə bilmərsən. Daha sonra onlar liftə minərək aşağı düşmülər. Aşağıda isə belə bir hadisə baş vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı özünü təqsirli bilməsində səbəb onun həmin maddələrin mənasını anlamaması olmuşdur. İstintaq zamanı dəfələrlə müdafiəçisi dəyişmişdir. Ona işin mahiyyətini izah edən olmamışdır. İfadəsinin müəyyən hissəsini oxuyaraq imzalamışdır. İfadəsini tam oxumamışdır. Həmin şəxslər artıq hərəkətlər edirmişlər. Onu qıcıqlandıran Vüqarla Ayselin dəfələrlə blokda gecə saatlarında birlikdə dayanmaları olmuşdur. Onların hərəkətlərini qəbul etməmişdir. Düşünür ki, onların hərəkəti xoşagəlməz bir hərəkətdir. O, evinin qapısında olan zaman Aysel onu görərək evə getmiş, Vüqara isə yenidən irad bildirən zaman Vüqar ona qarşı sərt reaksiya verdiyindən o da öz növbəsində söhbət etmək üçün Vüqarı aşağı çağırmışdır. Onlar aşağıda söhbət edən zaman Vüqar Ayselin onun nişanlısı olmasını bildirmişdir. Əlbəyaxa olmalarına səbəb Vüqar olmuşdur. O, düşünmüşdür ki, Vüqarla danışıb məsələni həll edə biləcək. Belə aqresiyanın yaranacağı ağlına gəlməmişdir. Vüqar onun sinəsinə iki dəfə zərbə endirmiş və aralarında bununla da mübahisə başlamışdır. Bu zaman Vüqarın əlində küt alət olmasını zərbələrin təsirindən hiss etmişdir. O da öz növbəsində özünü qorumaq üçün Vüqara zərbə endirməyə başlamışdır. Vüqar onu vurandan sonra Vüqarın sakitləşmək niyyətinin olmamasını görüb yumruqla ilk zərbəni Vüqarın burnuna vurmuşdur. Vüqarın əlində dəmir olduğunu hiss etdiyindən o, özünü müdafiə etmək üçün Vüqarı vurmuşdur. Vüqar onu vurduğuna görə o da Vüqarı vurmuşdur. Vüqar onun zərbəsinin təsirindən yerə yıxılmışdır. Bundan sonra o, evə qayıdarkən Vüqar onu arxadan söyməyə başlamışdır. Bundan sonra Vüqar onun dalınca gələrkən geri dönüb əsəbiləşib yenidən Vüqara zərbə endirmişdir. Vüqar onun çiyninə zərbə endirmişdir. O, çiyninin çıxdığını hiss etmişdir. Lakin ciddi yanaşmamışdır. Daha sonra qolunu qaldıra bilmədiyini görmüş və çiyninin çıxdığından əmin olmuşdur. Semaşko xəstəxanasına gedərək müayinə olunmuşdur. Vüqarla aralarında dava olan zaman yanlarında və ətrafda heç kim olmamışdır. Mübahisə 3-5 dəqiqə çəkmişdir. O, ilk iki zərbəni endirmiş və daha sonra Vüqar söyüş söymüş yenidən bir-birilərini vurmuşlar. Bundan sonra valideyni onun arxası ilə gələn zaman mübahisəni görmüş və onları aralaşdırmışdır. Onların arasındakı dava yüksək səslə olmamışdır. Əgər olsa idi bu səsə qonşular gələrdi. Mübahisə zamanı yalnız Vüqarla o olmuşdur. Onların mübahisə etdiyi yerlə binanın arasındakı məsafə 15-20 metrdir. Onların yanına yalnız onun atası gələrək onları ayırmışdır. Qonşular onların səsini eşitməmişdir. Mübahisəyə kənar şəxslər yığışmamışdır. Onu aşağı davaya Vüqar çağırmışdır. Liftin düyməsini basıb liftə minmiş və liftdə ona “gəl, gəl” deyə çağırmışdır. Bu zaman o, atasına evə daxil olmasını bildirmiş və aşağıda sadəcə söhbət edib qayıdacağını demişdir. Vüqar özünü liftdən çıxan kimi davaya hazırlayırmış. O, blokun qabağında dayanaraq orada söhbət eləmək istəmişdir. Çünki atasının dalınca gələcəyini düşünmüş və narahat olmamasını istəmişdir. O, söhbət edən zaman Vüqara hərəkətlərinin etik olmadığını bildirmiş və Vüqar da ona “onun sənə heç bir aidiyyəti yoxdur” deyə cavab vermişdir. Onun evdə özündən balaca bacısı var və bacısının belə mənzərə ilə qarşılaşmasını istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov metrostansiyası yaxınlığında yerləşən iş yeri olan «Tubros» restoranında iş fəaliyyətləri bitdiyi zaman nişanlısı X2 ilə birlikdə işdən çıxmışlar. Qeyd etmişdir ki, nişanlısı Ayseli yaşadığı ünvana yola saldıqdan sonra aşağı endikdə, bir nəfər tanımadığı şəxs ona kobud şəkildə qışqıraraq “mənə sən kimsən, gəl düşək aşağı” deyə bildirmişdir. Bundan sonra onunla liftdə olan zaman o onu itələyərək, əl-qol hərəkətləri ilə danışmağa başlamış və sual vermişdir ki, “sən harda qalırsan, burda nə gəzirsən?”. O da ona təmkinli şəkildə adının Vüqar olduğunu ona bildirmiş və NZS qəsəbəsində qaldığını demişdir. Daha sonra isə ona izah etmişdir ki, gec olduğu üçün nişanlısını evə ötürməyə gəlmişdir. Liftdən düşdükdən sonra ona demişdir ki, gəl keçək kənara. Onunla kənara keçdikdə yenə ona eyni sualları ünvanlanmağa başlamış və o da ona təmkinlə cavab verməyə davam etmişdir. Bundan sonra onun aqressiv şəkildə danışdığını gördüyü üçün onunla təmkinlə davranmış ki, aralarında mübahisə yaranmasın. Lakin o, daha sonra ona bildirmişdir ki, bir də bu bloka gəlmiyəcəksən, sonra isə onu təhqir etməyə başlamışdır. O da onun təhqirlərinə cavab verən zaman o, onun üz nahiyəsinə və burun nahiyəsinə yumruq vurmağa başlamışdır. Sonra isə o, yıxılmışdır. Daha sonra o, ayağa qalxmış və özünü müdafiə edərək onun üzərinə getmişdir. Onu yerə yıxmış və üzərində olan zaman ürəyi bulanmağa başlamış, çünki üzü al-qan içərisindəydi. Həmin an sonradan atası olduğunu bildiyi şəxs sanmışdır ki, onları ayırmağa çalışır, lakin o, onu tutaraq yerə yıxmış və “sən kimsən?” sözünü işlədib ayağı ilə burnuna zərbə endirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, yerdə uzanan zaman Kənan hətta təpiklə onun üz nahiyəsinə belə vurmuşdur. Kənan hadisə gününə qədər ona irad bildirməmişdir. O, həmin günü Kənanı ilk dəfə görmüşdür. Kənan onu görən kimi ilk sözü “Sən kimsən? Düş aşağı” olmuşdur. O, Kənana Ayselin onun nişanlısı olduğunu və onu evə yola saldığını bildirmişdir. Ayseli həmin günə qədər gecə saatlarında bir dəfə yola salmışdır. Həmin gün isə gecə saatlarında ikinci dəfə yola salmışdır. Ayselin həmin günü əlində torbalar olduğu üçün ona kömək lazım olmuşdur. Buna görə də Aysellə 7-ci mərtəbəyə qalxmışdır. Onlar dalaşan zaman ətrafdan iki nəfər şəxsin keçməsini hiss etmişdir. Gözü ilə kənar şəxs görməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 15 dekabr 2023-cü il tarixdə gecə saat 01 radələrində, o yatmışdır, həyat yoldaşı onu yuxudan oyadıb demişdir ki, deyəsən Kənan dava eləməyə getdi. O, dərhal qalxıb aşağı düşmüş və görmüşdür ki, onların blokunun qarşısında Kənan bir nəfər oğlan ilə dalaşır, onlar yerdə süpürləşirlər, həmin oğlan Kənanın üstündəydi. O, yaxınlaşıb onları ayırmış, həmin oğlan, yəni sonradan adını bildiyi Vüqar adlı oğlandan kimin oğlu olması, hansı məhlədən olmasını soruşmuş, o isə təhqiredici sözlər deyib çıxıb getmişdir. Həmin vaxt Kənan qışqırıb demişdir ki, sol qolu çıxıb. Ondan sonra onlar evə gəlmişlər, Kənanın qolunda ağrıları güclü olduğu üçün taksi çağırıb onu X4 aparmışdır. Orada Kənana tibbi yardım göstərmişlər, səhərə yaxın evə qayıtmışlar. Üç gündən sonra onları 18-ci PŞ-yə çağıran zaman məlum olmuşdur ki, Vüqar şikayət etmişdir. 18-ci PŞ-də ondan və Kənandan izahat almışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Kənanla Vüqarı ayıran zaman ətrafda heç kəs olmamışdır. O, Vüqara evə gəlməsini və üzünü yuyub söhbət edərək nə problem olmasını aydınlaşdırmağı təklif etmişdir. Bu zaman Vüqar söyüş söyərək çıxıb getmişdir. Daha öncə Vüqarla Ayseli o, blokda görməmişdir. O, işə səhər gedir və axşam qayıdır. İş adamıdır və belə hallarla qarşılaşmamışdır. Oğlunun Vüqarı vurmasını görməmişdir. O, artıq aşağı düşən zaman Vüqarla Kənan aralaşırmışlar. Oğlunun qapını açıb çörəyi evə verib aşağı düşməsindən sonra onun aşağı düşməsi arasında maksimum 2 dəqiqə fərq olmuşdur. Kənan anası oğlunun dava çağırıldığını hiss etmiş və dərhal ona Kənanın dalınca aşağı düşməsini tapşırmışdır. O, aşağı düşən zaman səs-küy olmamış və kənar şəxslər ora yığışmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, kassir işləyir. Kənanı tanımır və daha öncə də görməmişdir. Vüqar isə onun həm iş yoldaşı, həm də nişanlısıdır. Vüqarla 2024-cü ilin aprelində nişanlanmışlar. Kənan onları blokda görən zaman əsəbi şəkildə yaşadığı evin qapısını çırpmış və Vüqarı aşağı çağırmışdır. Vüqar təmkinlə cavab vermişdir. O, qorxaraq Vüqarın aşağı düşməsinə mane olmağa çalışmışdır. Daha sonra Vüqar aşağı düşmüşdür. Aşağıda yaşananlardan xəbəri olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, yaşadığı evdə 6 qızla birgə yaşayır. O, işdən gecə gələn zaman qızlar yatdığı üçün qapnı çox vaxt açan olmur. Buna görə Vüqar pilləkənlərdə onun evə daxil olmasını gözləyir. Bu zaman da Kənan qapıdan çıxmışdır. Bayırda baş verən hadisəni görməmişdir. O, işdən gecə saatlarında çıxdığı üçün Vüqar onu əsasən gecə saatlarında evə ötürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 3 ünvanda yerləşən binanın qarşısıdır. Hadisə yerinin yaxınlığında müşahidə kameraları olsa da texniki nasazlıqlar səbəbindən görüntülərə baxış keçirməm mümkün olmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X3 08 yanvar 2024-cü il tarixli, 1640 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində - sol orbitanm medial sümük divarında yerdəyişməli sınıq və retrobulbar paraorbital piy toxumanın medial protruziyası, sol burun sümüyünün minimal yerdəyişməli sınığı, sol paraorbital yumşaq toxumalarda sol zigomatik nahiyəyə uzanan infıltrasiya, hava qabarcıqları, nazal regionda dərialtı infıltrasiya, sol göz ətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları, sol göz yarığının daralması ilə müşayiət olunan gözün ağlı qişasının qansızması, sol qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X3 05 mart 2024-cü il tarixli, 06/1640 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthindəsol orbitanm medial sümük divarında yerdəyişməli sınıq və retrobulbar paraorbital piy toxumanın medial protruziyası, sol burun sümüyünün minimal yerdəyişməli sınığı, sol paraorbital yumşaq toxumalarda sol zigomatik nahiyəyə uzanan infıltrasiya, hava qabarcıqları, nazal regionda dərialtı infıltrasiya, sol göz ətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları, sol göz yarığının daralması ilə müşayiət olunan gözün ağlı qişasının qansızması, sol qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə - sol orbitanm medial sümük divarında yerdəyişməli sınıq və retrobulbar paraorbital piy toxumanın medial protruziyası, sol burun sümüyünün minimal yerdəyişməli sınığı ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, sol paraorbital yumşaq toxumalarda sol zigomatik nahiyəyə uzanan infıltrasiya, hava qabarcıqları, nazal regionda dərialtı infıltrasiya, sol göz ətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları, sol göz yarığının daralması ilə müşayiət olunan gözün ağlı qişasının qansızması, sol qaş nahiyəsinin əzilmiş yarası isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 mart 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X3 06 aprel 2024-cü il tarixli, 248 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. “İttiham elan edilməsi üçün şəxsin tutulması barədə” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin MSY-dən azad edilməsi barədə” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə toplanmış sübutları məhkəmə istintaqı zamanı tədqiq edib, proses iştirakçılarını dinləyib, sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 17 dekabr 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla sonuncunun sol orbitanm medial sümük divarında yerdəyişməli sınıq və retrobulbar paraorbital piy toxumanın medial protruziyası, sol burun sümüyünün minimal yerdəyişməli sınığı, sol paraorbital yumşaq toxumalarda sol zigomatik nahiyəyə uzanan infıltrasiya, hava qabarcıqları, nazal regionda dərialtı infıltrasiya, sol göz ətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları, sol göz yarığının daralması ilə müşayiət olunan gözün ağlı qişasının qansızması, sol qaş nahiyəsinin əzilmiş yarası və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həm də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” X3 08 yanvar və 05 mart 2024-cü il tarixli rəyləri ilə təsdiq olunur. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 02:00 radələrində ünvan 4 ünvanında yerləşən binasında liftdən çıxarkən Vüqar və Aysel ilə rastlaşmış, onları birlikdə blokda görməsindən əsəbiləşərək irad bildirmiş, daha sonra onlar binanın qarşısına düşmüşlər və orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarətlər yetirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun müvafiq əməlini Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 4 ünvanında yerləşən binanın qarşısı ilə ifadə olunmuş (hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol), lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 4 ünvanında yerləşən binanın qarşısında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs olmuşdur), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi ilə yalnız təqsirləndirilən şəxsin atası müdaxilə etmiş, lakin kənar şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadəsində göstərmişlər ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən binanın qarşısıdır. Hadisə baş verən zaman kənar şəxslər olmamışdır. Onların arasındakı mübahisə 2-3 dəqiqə davam etmişdir. Daha sonra hadisə yerinə Kənanın atası gələrək müdaxilə etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 146.1-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında vurğulanır: “Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.” Beləliklə məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə verilmiş ittihama münasibətdə isə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu cəmi 01 gün müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülməlidi. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə tutulduğu, cəmi 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 20 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar