Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-406/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 06.01.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs 13.08.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Vədat” adlı şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd bükümdə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 manata əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın qarşısına daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 13.08.2021-ci il tarixdə saat 19:45-də ünvan 3 ünvanın qarşısında Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə olmaqla siqaretin qızılı kağızına bükülmüş təmiz çəkisi 0.310 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cnayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. Üzərindən aşkar edilmiş narkotik vasitəni 13 avqust 2021-ci il tarixdə “Papanin” adlanan ərazidən “Vədat” adlı şəxsdən almışdır. Həmin narkotik vasitəni istifadə etmək məqsədilə üzərində saxlamışdır. 13.08.2021-ci il tarixdə axşam saatlarında ünvan 5 ünvanın qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Ondan adını, soyadını soruşub onlarla birlikdə 18ci PŞ-nə getməli olduğunu izah etmişlər. O da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunun ərazisində “Xanlar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, əməliyyat müvəkkilləri X2 və əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Xanlar” adlı şəxs ünvan 2 ünvanın qarşısında saxlanılmışdır. Bundan sonra özlərini təqdim edib, ondan ad və soyadını soruşmuşlar. Həmin şəxs isə öz növbəsində Təqsirləndirilən şəxs olmasını demişdir. Onlar Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında şöbəyə getməli olduğunu izah etmişlər. Nərimanov RPİ-nin 18ci PŞ-də xidməti otaqların birində dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra şöbənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, bükülünü könüllü olaraq onlara təqdim etmişdir. Həmin maddənin narkotik vasitə “Heroin” olduğunu etiraf etmişdir. Ondan götürülən maddə protokol tərtib olunaraq sənədləşdirilmiş və zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərf Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir Məhkəmə iclasında şahid X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, həmçinin şahid X3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.08.2021 -ci il tarixli 6/3496 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə təmiz çəkisi 0,310 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 15 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyi üçün o, dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 15 avqust 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 4(005)- 807/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 2 ay həddində, həbs etmənin əvvəli isə 16.08.2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. CD diskə baxış keçirilməsi haqqında 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, diskə olan videogörüntü 5 dəqiqə 16 saniyə davam edir. Görüntünün 1ci dəqiqəsinin 13-cü saniyəsində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxararaq təqdim edərək bildirir ki, həmin bükünün içərisində olan maddə narkotik vasitə olan heroindir və həmin heroini özü istifadə etmək üçün “Papanin” adlanan yerdə özünü “Vədat” kimi təqdim edən şəxsdən 10 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30.08.2021-ci il tarixli cavabından görünür ki, Tağıyev X1 Rayon Məhkəməsinin 21.03.2001-ci il tarixli hökmündən görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.05.2001-ci ildə AR Milli Məclisin 01.02.2001-ci il tarixli Amnistiya qərarına əsasən azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.09.2008-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.11.2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.09.2011-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02, il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.12.2013-cü ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.09.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Maddi sübut kimi tanınma haqqında 05.09.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd zərfdə, içərisində bir büküm, təmiz çəkisi 0.310 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə tədqiqata sərf edilən 0.05 qram çıxılmaqla, qalıq 0.260 qram narkotik vasitə sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 16.09.2021-ci il tarixli 3468 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanınma haqqında 25.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16.08.2021-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvəsində saxlanılması, 01 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlindən peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadəyə görə məhkum edilməsini isə onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30.08.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.09.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi o, hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. (13.08.2021-ci il tarixdə) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında da qeyd olunur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Göründüyü kimi işdə olan sübutlarla isə təsdiq olunur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə ittiham olunduğu cinayəti törətdiyi müddətdə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını Azərbaycan Respublikası CMnın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, 13.08.2021-ci il tarixdən 15.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət cəza müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0.260 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. (CPM-132) ekspertiza tədqiqatlarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ. M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ. M” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ. M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.08.2021-ci il tarixdən 15.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 16 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0,260 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ. M” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ. M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-406/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-406/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver