Məhkəmə qərarları › İş №1(005)-407/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-407/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-407/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, “Şah Lahmacun” restoranında paketçi işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə marixuananı əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 31 may 2024-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 20 ədəd ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 6,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanına daşımış, 05 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində Nərimanov RPl-nin NMB- nin və Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 5 yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək, xidməti otaqda üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli gödəkçənin sol içəri cibindən 20 ədəd ağ rəngli kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,30 qram, 0,42 qram, 0,28 qram, 0,34 qram, 0,35 qram, 0,31 qram, 0,35 qram, 0,30 qram, 0,32 qram, 0,29 qram, 0,28 qram, 0,45 qram, 0,39 qram, 0,31 qram, 0,26 qram, 0,34 qram, 0,29 qram, 0,34 qram, 0,30 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 6,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1-2 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 31 may 2024-cü il tarixdə tanımadığı iranlı şəxsdən öz şəxsi istifadəsi üçün ***-***-**-** saylı “M10” hesabına 310 manat məbləğində pul vəsaiti göndərməklə 25 büküm narkotik vasitə olan Sumqayıt şəhəri Corat qəsəbəsində ünvanını dəqiq xatırlamadığı yerdə hasarın kənarından götürmüşdür. Onlardan 5 bükümünü istifadə etmiş, qalan 20 ədəd büküm marixuananı isə hissə-hissə istifadə etməsi üçün üzərində saxlamışdır. 05 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu narkotik vasitələrdən istifadə etməkdə şübhəli bildikləri üçün Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinə gəlmişdir. Polis idarəsində vəkilin iştirakı ilə üzzərinə baxış keçirilmiş, baxış zamanı o üzərində gəzdirdiyi 20 ədəd içərisində marixuana olan bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotikdən heç kəsaə satmamışdır. Ümumiyyətlə narkotikin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 05 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Xəqani Qalabəyli ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 2 ünvanının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparması görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşarkən xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan özü barəsində məlumat verməsini istəmişlər. Həmin şəxs danışarkən onların suallarından yayınmağa və oradan uzaqlaşmağa çalışmış, buna görə də onun narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında olmasından şübhələnib onu Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan gör rəngli gödəkçənin sol iç cibindən 20 ədəd ağ rəngli kağız bükümü, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən özünə məxsus “Redmi A 2” markalı mobil telefonu, və sağ yan cibindən isə ümumilikdə 95 manat məbləğində pul vəsaitini çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində “nəşə” kimi tanınan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 310 manat məbləğində pul vəsaiti qarşılığında İran İslam Respublikasının vətəndaşı olan “Sina” adlı şəxs tərəfindən may ayının sonlarında Kürdəxanı ərazisindən atıldığın yerdən gedib götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 05 iyun 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol içəri cibindən 20 ədəd bükümdə narkotik vasitə marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs 20 ədəd ağ rəngli kağıza bükülmüş bükümlərin içərisində olan maddənin narkotik vasitə “nəşə” olmasını, təxminən həmin bükümlərin 25 qram olduğunu və həmin bükümləri X2 vətəndaşı olan “Sina” adlı şəxsdən may ayının axırlarında Kürdəxanı ərazisindən atdığı yerdən gedib götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/918 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə 20 (iyirmi) ədəd kağız bükümlərdə ayrı-ayrılıq təmiz çəkiləri 0,34 qram, 0,30 qram, 0,42 qram, 0,28 qram, 0,34 qram, 0,35 qram, 0,31 qram, 0,35 qram, 0,30 qram, 0,32 qram, 0,29 qram, 0,28 qram, 0,45 qram, 0,39 qram, 0,31 qram, 0,26 qram, 0,34 qram, 0,29 qram, 0,34 qram, 0,30 qram, ümumi çəkisi-6,56 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-6,56 qramdır. Tədqiqata təqdim olunmuş 20 (iyirmi) ədəd kağız bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidir. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. “Diskə baxış keçirilməsi haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol içəri cibindən 20 ədəd ağ rəngli kağızına bükülmüş bükümü təqdim edir. Aşkar edilmiş 20 ədəd büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən “Xiaomi” markalı “A 2+” modelli mobil telefon və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən isə 95 manat məbləğində pul vəsaiti aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 ədəd bükümlərdə narkotik vasitə olan “nəşə” olmasını bildirdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-771/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, mobil telefona baxış zamanı mobil telefonun içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin istifadə olunması müəyyən edilmiş, “VVhatsapp” ani mesajlaşma proqramında “+**********39” saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxsin “Nese. Var; Pulum. Yoxdu. 2 gundu. Çekmirem. Gelsem. Bidamcı. Bir versen. Qaqam. Ozumde. Xadondayam” mesajlarını yazması, cavab olaraq isə “Ay qaqa Yedi var apardi yoxdu Bele helem Axsam olmaidi” yazılması, Xeber. X8. Yerde. Cekek” mesajları, “+**********39” saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxsin “Qaqa. 2. Dene. Saxla. Men. Qaqam” mesajı, “+**********69” saylı mobil nömrədən “ama bu gün tema olacaxda? Axşam; 8də 9da zadda; Təbriz qaqam onda saba sənə özüm 20 düz qoş eliyib ataram bidənə yarı verərsən o uşaxlarda istəsə” mesajlarının olması, 30,0 manat məbləğində pul vəsaitinin göndərilməsi barədə qəbzin şəkli olması aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 iyun 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 464 saat ictimai işlər cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə cəzasını tam şəkildə çəkdiyinə görə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X7 Şəxsi Ambulator X1 15 avqust 2024-cü il tarixli, 5598 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 20 ədəd bükümdə ilkin təmiz çəkisi 6,56 qram olan narkotik vasitə marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 6,16 qram çəkidə narkotik vasitə marixuana saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil deyilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü qismən təqsirli bilməsinə dair ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin və ekspert rəyinin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü və 65.2-ci maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 05 iyun 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut –Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin qalığı - 6,16 qram çəkidə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 76 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 iyun 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı - 6,16 qram çəkidə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 76 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar