Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-408/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə 7,564 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 iyun 2021-ci il tarixdə saat 20:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və adı çəkilən idarədə 01 iyun 2021-ci il tarixdə saat 21:50-dən keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə 7,564 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Qurudulmuş marixuananı internet vasitəsi ilə tanış olduğu anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən alaraq istifadə edir. Belə ki, həmin şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Onunla vatsap proqramı vasitəsi ilə əlaqə saxlamışdır. O, hesab nömrəsi demiş və “Milli ön” vasitəsi ilə həmin hesaba pul göndərdikdən sonra narkotik vasitəni yerləşdirdiyi ünvanı izah edir, özü isə həmin ünvandan narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə 28 may 2021-ci il tarixdə həmin nömrə ilə əlaqə saxlayaraq ondan istifadə etmək üçün narkotik vasitə marixuana istəmişdir. Ona hesab nömrəsi göndərmiş və həmin hesaba Milliön vasitəsi ilə 70 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs narkotik vasitəni Sabunçu rayon ərazisində yerləşən Bizim Marketin yaxınlığına yerləşdirdiyini bildirmiş və həmin yerin dəqiq ünvanını atmışdır. Bundan sonra oradan bir ədəd bükümdə olan narkotik vasitə marixuananı götürmüş və cibinə qoymuşdur. Şahid5 yaşadığı Şabran rayonundan tanımışdır. Saleh taksilik fəaliyyəti ilə məşğul olmuşdur. 01 iyun 2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. Bakıda olarkən Salehlə əlaqə saxlamış və harada olmasını soruşmuşdur. Saleh hazırda “Şamaxinka” adlanan yerdə olmasını bildirmişdir. Ona hazırda “Çermet” adlanan yerdə olduğunu və bura gəlməsini bildirmişdir. Saleh yanına gəlmiş və onlar birlikdə “Elite” ticarət mərkəzinin yaxınlığına getmişlər. Orada işlərini həll etdikdən sonra Salehə avtomobilini Nəsimi rayonu ərazisində saxladığını bildirmişdir. Onlar 01 iyun 2021-ci il tarixdə saat 19:20 radələrində birlikdə ünvan 3 ünvanının yaxınlığına getmişlər. Orada Salehə hazırda üzərində narkotik vasitə marixuana olduğunu bildirmiş və birlikdə istifadə etməyi təklif etmişdir. Saleh onunla razılaşmış və onlar avtomobildən düşmüşlər. Bu zaman bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və xidməti vəsiqələrini göstərmişlər. Onları barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərarla tanış edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş. Daha sonra onlar şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra üzərlərinə videoçəkiliş əsasında şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Buna etiraz etmədikləri üçün şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Masaya doğru yaxınlaşıb cins şalvarının ön sol yan cibindən 01 ədəd mobil telefonu, bir ədəd 20 manatlıq pul əskinasını, şalvarın ön sağ yan cibindən 01 ədəd sellofan bağlamada narkotik vasitə marixuananı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqdim etdiyi mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən polis tərəfindən saxlanılmışdır. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan bağlamaya baxış keçirilərkən içindəki maddənin nə olduğu barədə sual olunduqda həmin maddələrin narkotik vasitə olan marixuananın olduğunu və çəkmək yolu ilə istehlak etdiyini bildirmişdir. Sorğu-sual zamanı narkotik vasitə olan marixuana istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddəni 2 gün əvvəl tanımadığı şəxsə məxsus xarici mobil operatora aid mobil nömrəyə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə yazıb göndərilən bank hesabına “Milli ön” ödəmə terminalı vasitəsi ilə 70 manat pul köçürməklə Sabunçu rayonu Bakıxanov qəsəbəsində gizlədildiyi yerdən əldə etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlamada narkotik vasitə marixuana zərfdə qablaşdırılaraq möhürlənmiş, digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra Salehə də üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Saleh masaya doğru yaxınlaşıb könüllü olaraq cins şalvarının ön sol yan cibindən 01 ədəd mobil telefonu və pul vəsaitini, şalvarının ön sağ yan cibindən kağız bükümləri masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid5 təqdim etdiyi pul vəsaiti sayılmış, 2 ədəd 10 manatlıq pul əskinası olmaqla ümumilikdə 20 manat pul olduğu müəyyən edilmiş və onun özünə qaytarılmışdır. Təqdim etdiyi mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən polis tərəfindən saxlanılmışdır. Bundan sonra Salehin təqdim etdiyi bükümlərin içindəki maddələrin nə olduğu barədə sual olunduqda Saleh maddələrin “marixuana” olduğunu və çəkmək yolu ilə istehlak etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Saleh narkotik vasitə olan marixuananın istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş təxminən 5 gün əvvəl taksi fəaliyyəti göstərməsi ilə əlaqədar olaraq Höküməli qəsəbəsində müştəri aparan zaman həmin müştəridən 47 manat pul qarşılığında aldığını bildirmişdir. Bundan sonra Salehin üzərindən aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün imzalamışlar. Daha sonra polis əməkdaşları yaşadığı ünvan 4 ünvanında axtarış və götürmə aparmaq istədiklərini bildirmiş və həmin ünvanda axtarış və götürmə aparılmasına etirazının olub-olmadığı soruşulmuş, o etirazının olmadığını bildirmişdir. Daha sonra yaşadığı ünvanda axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi barədə müdafiəçisinə məlumat verildiyini, lakin müdafiəçinin üzürlü səbəbdən keçiriləcək istintaq hərəkətində iştirak edə bilmədiyini bildirmiş, istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə 02 iyun 2021-ci il tarixdə saat 18 radələrində Şabran şəhərinə yollanmışlar və saat 21 radələrində yaşadığı evin qarşısına çatmışlar. Qeyd edilən ünvanda videoçəkiliş əsasında axtarış və götürmənin aparılmasına başlanılmışdır. Axtarış və götürmənin videoçəkiliş əsasında aparılmasına etirazının olub-olmadığı soruşulmuşdur. Heç bir etirazının olmadığını bildirdikdən sonra axtarış və götürmənin keçirilməsinə başlanılmışdır. Yaşadığı ünvanda axtarış və götürmə keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra protokolun tərtibatı üçün Baş İdarəyə qayıtmış və protokol tərtib edildikdən sonra etirazı olmadığı üçün imzalamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 01 iyun 2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs və Şahid5 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq, daşımaları və satışı ilə məşğul olmaları bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMl-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs və Şahid5 müəyyən edilib, ifşa olunmaları istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə 01 iyun 2021-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 20:00 radələrində tərəflərindən Xalid Əlməmmədov və Şahid5 ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillər dəvət olunaraq şübhəli şəxslərə təqdim olunmuşdur. Bundan sonra şübhəli şəxslərə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onların üstünün və əynindəki paltarın yoxlanılacağı bildirilmişdir. Şübhəli şəxslər buna etiraz etmədiklərini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişlər. Şəxsi axtarış və götürmə aparılması zamanı onlara daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etmək təklif olunmuşdur. İlk olaraq Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb tünd göy rəngi cins şalvarının ön sol yan cibindən 01 ədəd mobil telefonu, bir ədəd 20 manatlıq pul əskinasını, şalvarının ön sağ yan cibindən 01 ədəd sellofan bağlamada maddələri masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim mobil telefona baxış zamanı şübhəli şəxs telefonun modelinin “Nokia” olduğunu və onun özünə məxsus olduğunu bildirmişdir. Təqdim olunmuş mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmaqla pul vəsaiti özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bağlamaya baxış keçirilmişdir. Bağlamada olan maddələrin nə olduğu barədə sual olunduqda Təqsirləndirilən şəxs maddələrin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Büküm açıldıqda içindəki maddələrin yaşıl rəngli, ot kütləsi halında, spesifik iyli narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş maddələri 2 gün əvvəl tanımadığı şəxsə məxsus xarici mobil operatora aid mobil nömrəyə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə yazıb göndərilən bank hesabına “Milli ön” ödəmə terminalı vasitəsi ilə 70 manat pul köçürməklə Sabunçu rayonu Bakıxanov qəsəbəsində gizlədildiyi yerdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə olan marixuanaya bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Ardınca digər şübhəli şəxs Şahid5 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şahid5 masaya doğru yaxınlaşıb könüllü olaraq göy rəngli cins materiallı şalvarının ön sol yan cibindən 01 ədəd mobil telefonu və pul vəsaitini, şalvarının ön sağ yan cibindən kağız bükümləri masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Şahid5 təqdim etdiyi pul vəsaiti sayılmış və 2 ədəd 10 manatlıq pul əskinası olmaqla ümumilikdə 20 manat pul olduğu müəyyən edilmiş, əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Ardınca təqdim etdiyi mobil telefona baxış zamanı şübhəli şəxs telefonun modelinin “Redmi” olduğu, onun özünə məxsus olduğunu bildirmişdir. Ardınca Şahid5 əynində olan şalvarının ciblərini tam olaraq göstərməsi, təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərində və paltarında başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca Şahid5 təqdim etdiyi bükümlərin içindəki maddələrin nə olduğu barədə sual olunduqda Şahid5 maddələrin “marixuana” olduğunu və çəkmək yolu ilə istehlak etdiyini bildirmişdir. Bükümlər sayılmış və 06 ədəd olmaqla hər biri ayrı-ayrılıqda açılaraq içindəki maddələrin yaşıl rəngli, ot kütləsi halında, spesifik iyli, narkotik vasitə olan marixuanaya bənzər maddələr olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid5 narkotik vasitə olan marixuana istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddələri təxminən 5 gün əvvəl taksi fəaliyyəti göstərməsi ilə əlaqədar olaraq Höküməli qəsəbəsində müştəri aparan zaman həmin müştəridən 47 manat pul qarşılığında aldığını bildirmişdir. Şahid5 üzərindən aşkar edilmiş 06 kağız bükümdə maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş və Şahid5 iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Daha sonra cinayət işinin istintaq zərurəti ilə əlaqədar şübhəli şəxs Şahid5 hazırda yaşadığı ünvan 6 ünvanında qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər şübhə olduğu üçün yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin müəyyən edilməsi məqsədi ilə Şahid5 02 iyun 2021-ci il tarixdə ərizə ilə müraciət edərək müstəntiq tərəfindən yaşadığı evdə axtarış və götürmə aparılmasına etiraz etməməsini göstərmişdir. 02 iyun 2021-ci il tarixdə saat 18:00-da tədbir iştirakçıları ilə birlikdə şübhəli şəxs Şahid5 yaşadığı Şabran şəhərinə yollanmışlar. Həmin gün saat 20:00-da şübhəli şəxs Şahid5 yaşadığı ünvan 7 ünvanının qarşısında axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlamışlar. Axtarış və götürmə istintaq hərəkəti «İphone» markalı mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Bu barədə şübhəli şəxs Şahid5 məlumat verilmiş və sonuncu buna etiraz etmədiyini bildirmişdir. Qeyd edilən ünvana daxil olduqdan sonra şübhəli şəxs Şahid5 və həmin ünvanda yaşayan atası Mehman Quliyevdən mənzildə axtarış və götürmənin keçirilməsinə etirazlarının olub-olmaması barədə soruşulmuş və heç bir etiraz daxil olmadığı üçün axtarış və götürmənin keçirilməsinə başlanılmışdır. İlkin olaraq həyətda yerləşən hamam və tualetə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya digər predmetlər aşkar edilməmişdir. Daha sonra mənzilə bitişik olan və ev sahibinin ifadəsinə əsasən lazımsız əşylar yığılan otağa axtarış keçirilmiş, lakin həmin otaqda da iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya digər predmetlər aşkar edilməmişdir. Bundan sonra giriş qapısından mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra mətbəxdə axtarış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya digər predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid5 yataq otağında axtarış keçirilmiş və Şahid5 yatağında döşəyin altından bir ədəd sellofan büküm və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş bükümün və tərəzinin qablaşdırılmasından ötrü mənzildən çıxmışlar. Aşkar edilmiş bükümə baxış keçirilmiş və içərisində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş elektron tərəziyə baxış keçirilmiş və tərəzinin üzərində “Manllora”, arxasında isə “100g x 0,01 g” sözlərinin yazıldığı müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid5 aşkar edilmiş bükümdə olan narkotik vasitə heroini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini, elektron tərəzinin isə taksi fəaliyyəti ilə məşğul olarkən müştərilərdən birinin onun avtomobilində unutduğunu, ailə üzlərinin aşkar edilmiş bükümdən xəbərlərinin olmadığını bildirmişdir. Daha sonra həmin büküm və tərəzi qablaşdırılmış və Şahid5 iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmiş, daha sonra mənzildə axtarış davam etdirilmişdir. Birinci mərtəbədə yerləşən qonaq otağında axtarış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya digər predmetlər aşkar edilməmişdir. Daha sonra ikinci mərtəbədə yerləşən digər yataq otağında axtarış keçirilmiş və otaqda yerləşən qab şkafından bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra mənzildən çıxmış, ikinci mərtəbədə yerləşən yataq otağından aşkar edilmiş elektron tərəzi qablaşdırılmış və Şahid5 iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra şübhəli şəxs Şahid5 yaşadığı ünvana axtarış və götürmə keçirildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanı yollanmışlar. Tədbir iştirakçıları 02 iyun 2021-ci il tarixdə saat 20:49-da şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlamışlar. Axtarış və götürmə istintaq hərəkəti «İphone» markalı mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Bu barədə şübhəli şəxs Təqsirləndirilən şəxs məlumat verilmiş və sonuncu buna etiraz etmədiyini bildirmişdir. Yenidən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından axtarış və götürmənin keçirilməsinə etirazının olub olmadığı, axtarış və götürmə istintaq hərəkətini müdafiəçisinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığı soruşulmuşdur. Şübhəli şəxs etiraz etmədikdən sonra qeyd edilən ünvana daxil olduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs və həmin ünvanda yaşayan anası Qənimət Əliməmmədovadan mənzilə axtarış və götürmənin keçirilməsinə etirazlarının olub-olmaması barədə soruşulmuş və heç bir etiraz daxil olmadığı üçün axtarış və götürmənin keçirilməsinə başlanılmış və iş üzrə sübut əhəmiyyəti kəsb edən, qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Azərbaycan Respublikası DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 və ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid5 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 28-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 71-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2021-ci il tarixli, 7/512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacığda təmiz çəkisi-7,564 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərində ‘‘Şahid5 üzərindən ...06 büküm yazısı və imzalar olan kağız paketdəki 06 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,170qram; 1,225qram; 1,125qram; 1,160qram; 1,172qram; 1,169qram, ümumi çəkisi-7,021 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. X2 üzərindən götürülmüş marixuana, Şahid5 üzərindən götürülmüş marixuanalardan fərqlənir. Cinayət işinin İ cildinin 171-173-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 4(005)-557/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 01 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 194-195-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 04.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 233-234-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin Ambulator X1 dair 06.09.2021-ci il tarixli, 3282 nömrəli rəyindən görünür ki, müayinə zmanı Təqsirləndirilən şəxs Kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibət olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cildinin 242-ci vərəqində olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 1-28-ci vərəqələrində olan 22 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümün içərisində olan 7,564 qram narkotik vasitə marixuananın ekspert tədqiqatından sonra qalan 7,544 qram hissəsinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata ayrılacaq cinayət işi üzrə maddi sübut hesab edilməsi, təqsirləndirilən şəxslərin üzərilərinə keçirilən şəxsi axtarış və götürmənin videogörüntülərinin əks edildiyi 01 ədəd “DVD” diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 912005 nömrəli, 13.04.2017-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 28.03.2017-ci ildə Şabran rayonunda anadan olmuş X3 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X9 qeyd olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,564 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay 6 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay 6 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 il 12 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şabran rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7,544 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-408/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-408/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver