Məhkəmə qərarları › İş №1(005)-409/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-409/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-409/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Ermənistan Respublikası, Krasnoselor rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,332 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 06 aprel 2022-ci il tarixdə saat 18:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılaraq polis şöbəsinə gətirilib müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş, təmiz çəkisi 0.332 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki ildən artıqdır ki, narkotik vasitə qəbul edir. ünvan 3 ünvanında qeydiyyatdadır və hazırda həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir və subaydır. xx.xx.2022-ci il tarixdə sosial şəbəkədən onlayn şəkildə 50 manata şəxsi istifadəsi üçün narkotik maddə olan "şüşə” sifariş etmişdir. Pulunu isə həmin şəxsin ona dediyi kart hesabına göndərmişdir. Hazırda həmin hesab nömrəsini xatırlamır. "Şüşə" adlanan narkotik bükümünü Bakı şəhəri Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxs tərəfindən ona deyilən yerdən götürmüş və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitənin bir hissəsini istifadə elmiş, qalanını isə yenə üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 4 ünvanının qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini istəmişlər. Həmin vaxt onun üzərində narkotik maddə olduğu üçün qorxmuş və onların yanından uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlamışlar. Bundan sonra polis əməkdaşları onu 18-ci PŞ-nə gətirmişlər. Polis şöbəsinə gəldikdə o, üzərində "şüşə" adlanan narkotik vasitənin olduğunu bildirmiş və bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, üzərində olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O, da əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sag yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş, içərsində ag rəngli “şüşə” adlanan maddəni könüllü olaraq təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi maddə “şüşə” adlanan metamfetamindir. Aşkar olunmuş maddə zərfə qabaşdırılmış, protokol tərtib edilmiş və imzalanmışdır.Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PB-nin sahə inspekrotu Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 13 saylı binanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından şübhələnib ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun kim olduğunu soruşduqda həmin şəxs suallardan yayınmağa başlamışdır. Onlar da həmin şəxsi şübhəli şəxs kimi Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis Şöbəsinin inzibati binasında, xidməti otaqda onun, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Bakı şəhər 20 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X5 oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa çıxarıb onu stolun üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü falqaya bükülmüş içərisində ağ rəngli kütləni könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Mustafayev Hüseyn Vəli oğlu bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan "şüşə"dir və həmin narkotik vasitəni bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxs tərəfindən ona deyilən yerdən götürüb, şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 13 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Protokol tərtib olunaraq, iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin porotokol imzalanmışdır. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə onun məhkəmə istintaqında ibtidai istintaqda vermiş olduguı ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət əməlini törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur; Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 13 saylı binanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş aparıldı. Mustafayev Hüseyn Vəli oğlu əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü falqaya bükülmüş içərisində ağ rəngli kütləni könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan "şüşə"dir. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitəni bir gün bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə tanımadığım şəxs tərəfindən ona deyilən yerdən götürüb, üzərində saxlamışdır ki, daha sonra istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində isə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 13 ünvanının qarşısında olarkən isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən "Vinçester" markalı siqaret də aşkar olundu. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 saylı möhürlə möhürləndi. Bununlada şübhəli şəxsin üzərinə şəxsi axtarış başa çatdi, iştirakçılar tərəfindən heç bir şikayət vəsatət daxil olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1917 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 224” möhür əksi “vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,332 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” -in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi-0,332 qram, tədqiqata sərf edildi -0,05 qr., qalıq -0,282 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxsin MSY-dən azad etmə və qətimkan tədbirinin seçilməsi barədə 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2022-ci il tarixli, 2107 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, məhkumluq ödənilmişdir. Maddi sübut kimi tanınması haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş qalıq çəkisi 0.282 qram Metamfetamin maddi sübüt kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi”haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alinmış videonun əks olunduğu 1 ədəd CD diski maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,332 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (06- 08 aprel 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş psixotrop maddə metamfetamiin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və çəkisi 0,282 qram kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar