Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-409/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 17 avqust 1981-ci ildə Laçın rayonu, Ağoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 vasitəsilə tanıdığı X1 qohumu Şahid2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Berlin Ailə və Uşaq” klinikasının mansard tipli artırılmasına icazə alınması və klinikaya çıxarış alacağına dair yalan vəd verib, ona elan etibardan sui-istifadə etməklə aldadaraq 2022-ci ilin iyul ayının əvvəllərində Müşfiq Əfəndiyevdən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 11/16 ünvanında yerləşən Atatürk parkında sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus 33.000 manat pulu alıb ələ keçirdikdən sonra, cinayət əməlini davam etdirərək 2023-cü ilin may ayının əvvəllərində yenidən eyni bəhanə ilə aldatmaqla Müşfiq Əfəndiyevdən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 11/16 ünvanında yerləşən Atatürk parkında sonuncunun arvadı Zərərçəkmiş şəxs məxsus 4.000 manat pulu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 37.000 (otuz yeddi min) manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 3 ildir ki, Müşfiq Əfəndiyevi tanıyır. Onunla dostu İbrahim vasitəsilə tanış olmuşdur. 2022-ci ilin iyul ayında dostu İbrahim, Təqsirləndirilən şəxs və Müşfiq Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında görüşmüşlər. Görüş zamanı Müşfiq ona bildirmişdir ki, Yasamal rayonunda yerləşən klinikanın artırılması üçün icazə alınmalıdır, həm də həmin klinikaya dair müvafiq sənədlər alınmalıdır. Onların görüşləri zaman Müşfiqə bildirmişdir ki, ümumilikdə xərcləri hesablamış və 33.000 manata bu işi həll etməyin mümkün olduğunu bildirmişdir. O, bundan öncə Müşfiqdən dəfələrlə borca pul almışdır. Bu işi də həmin pulun qarşılığında görməyi razılaşmışlar. Həmin görüşdən sonra onlar birlikdə həmin klinikanın sənədlərini toplamaq üçün müvafiq qurumlara da getmişlər. Klinikanın sahibinin vəkili ilə də görüşmüş, ona da uzun müddət sonra bildirmişdir ki, bu işlər bu qədər uzun vaxt alsa da, vəziyyət onların bildiyi kimi deyil. O da Təqsirləndirilən şəxs onu anladığını bildirmişdir. Qeyd etmişdir ki, ümumilikdə Müşfiq Əfəndiyevdən həmin müddət ərzində hissə-hissə olmaqla 37.000 manat pul almasını etiraf etmişdir. Son olaraq əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödədiyini, onunla barışdığını bildirmiş, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yay ayları ərzində onlar qohumlarına məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Berlin” klinikasının 4 mərtəbədən əlavə mansard tikintisi üçün müvafiq qurumlardan icazə alınmasına və çıxarışın alınması üçün klinaknın məhsul şəxsi əri Müşfiqdən kömək istəmişdir. Müşfiq də bu barədə dostları ilə məsləhətləşmişdir. Onunla bu barədə danışdıqdan sonra ona demişdir ki, onun bu işi görə biləcək tanışı var. Təxminən 2022-ci ilin iyul ayının əvvəllərində İbrahim adlı tanışı ilə danışdıqdan sonra o, tanışı Təqsirləndirilən şəxslə yoldaşını görüşdürmüşdür. Onlar Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkında yerləşən çayçıda görüşmüşlər. Görüşdə Samir, Müşfiq və dostu İbrahim iştirak etmişdir. Görüş zamanı Samir yoldaşına özünü İşıqlandırma İdarəsində işlədiyini demişdir. Söhbət əsnasında əri Müşfiq Təqsirləndirilən şəxs qohumunun klinikası ilə bağlı problemini bildirmişdir. O, isə bu işi həll edə biləcəyini demişdir. Həmin görüşlərindən 2-3 gün sonra yəni 2022-ci ilin iyul ayının əvvəllərində yoldaşı ilə Təqsirləndirilən şəxs danışdıqdan sonra o bu işi tanışları vasitəsilə 37.000 manata 3 ay ərzində həll edə biləcəyini demişdir. Qeyd etmişdir ki, o həm icazənin alınmasını və klinikaya aid müvafiq sənədlərin alınmasında köməklik edəcəkdi. Onunla olan ilk görüşlərindən sonra 2022-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında olan çayçıda Təqsirləndirilən şəxslə görüşmüşlər və 33.000 manat pulu onun özü ilə görüşüb ona vermişdir. Bundan sonra isə həmin klinikanın mansard yox, 4 mərtəbinin artırılıb 6 mərtəbə edilməsi üçün Samirlə danışmışlar. O demişdir ki, problem deyil həll edər. Təxminən ona 2022-ci ilin iyul ayında vermiş olduğu 33.000 manat pulun verilməsindən 8 ay sonra yəni 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkında görüşləri olmuşdur. Bu görüş zamanı da yoldaşı Təqsirləndirilən şəxs 4000 manat pul vermişdir. Onunla görüşləri olan zaman, dostu İbrahimlə əlaqə saxlayaraq, onun da əvvəlcədən Samirlə olan görüşlərdən xəbəri olurmuş. Lakin ümumilikdə ona 37.000 manat pul versə də o, işin gedişatında heç bir müsbət hal olmadığı üçün dəfələrlə yoldaşından yenə də əlavə pullar istəyirdi, bu səbəbdən də yoldaşı ona əlavə pul verməmək qərarına gəlmişdir. Bildirmişdir ki, o almış olduğu 37.000 manat pulun qarşılığında vəd etdiyi əməlləri yerinə yetirməmişdir. Qeyd etmişdir ki, həmin 37.000 manat pul ona yəni Zərərçəkmiş şəxs məxsus idi. Sadəcə yoldaşı Təqsirləndirilən şəxslə danışıb onunla razılaşdıqdan sonra o ərinə həmin pulları verirdi. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizələri məhkəməyə təqdim etdi. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İttiham elan edilməsi üçün şəxsin tutulması barədə” 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:05-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin MSY-dən azad edilməsi və şübhəli şəxs statusuna xitam verilməsi haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. “Maddi ziyanın ödənilməsinə dair” 18 mart 2025-ci il tarixli protokola əsasən zərərçəkmiş şəxs X2 10.000 manat məbləğində maddi ziyan ödənilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında” 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X3 anası X4 və atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X5 anası X4 və atası Təqsirləndirilən şəxsdur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Mirzəyev Azin və xx.xx.2011-ci il təvəllüdlü Mirzəyeva Ayan adlı uşaqları vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Qeyd olunan Qərarının 6-cı bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.
7. Bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.4-cü bəndinə əsasən bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir, dəymiş maddi ziyanı tam ödəmişdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Gültəkin Əsədova