Məhkəmə qərarları › İş №1(005)-41/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-41/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-41/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüş və bu barədə cinayət işi məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2 vəsatət verərək məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin olması müəyyən edildiyinə görə, ona ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, şahidlər Şahid3 və Şahid1 ifadəsində bildirdilər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı qızıl-zinət əşyalarının 20.000 manatını Şahid7 adlı şəxsə vermiş və Zərərçəkmiş şəxs ilə birlikdə Şahid7 iş yerində onunla görüşmüşdür. Hətta, ibtidai istintaq zamanı Şahid7 adlı şəxs dindirilsə də, dindirmə zamanı Zərərçəkmiş şəxs ilə mübahisə edib müstəntiqin yanında yumruğunu Zərərçəkmiş şəxs başına qaldırıb “təpənin ortasından vuraram” deyib təhqir etməklə üstünə hücüm çəksə də, o, şahid kimi cəlb edilməməklə yanaşı törətdiyi əmələ görə məsuliyyətə də cəlb edilməmişdir. Bununla yanaşı müstəntiq X5 adlı taksi şoferinin ifadəsini alsa da, onu şahid kimi cəlb etməmişdir. Müstəntiq bunu ona görə etməmişdir ki, Arzu adlı şoferin ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından istifadə edərək aldatma yolu ilə ələ keçirtdiyi 65.340 manatlıq qızıl-zinət əşyalarının 20.000 manatlıq hissəsini Şahid7 verdiyini təsdiq edəcəkdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı qızılları onun maşını ilə Şahid7 aparmışdır. Bununla da Şahid7 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq qurduqları plan əsasında Zərərçəkmiş şəxs məxsus 65.340 manat dəyərində qızıl-zinət əşyalarının 20.000 manatlıq hissəsinin ələ keçirmə faktı üzə çıxacaqdır. Qeyd olunan zəruri faktlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahidlər tərəfindən təsdiq edilsə də, ibtidai istintaq zamanı müstəntiq prosessual pozuntuya yol verərək Şahid7 və Arzu adlı şəxsin ifadəsini alsa da, onları şahid kimi işə cəlb etməməklə Şahid7 məsuliyyətdən kənarda saxlamışdır. Baxmayaraq ki, Zərərçəkmiş şəxs taksi şoferlərinin ifadəsinin alınmasını dəfələrlə tələb etsə də, müstəntiq ona məhəl qoymayaraq vəsatətini təmin etməmişdir. Halbuki, Zərərçəkmiş şəxs kifayət qədər dolğun məlumatları, yəni telefon nömrələrini, maşınların dövlət qeydiyyat nişanlarını müstəntiqə versə də, müstəntiq həmin şəxsləri çağırıb dindirməmişdir. Əgər həmin şəxslər dindirilsəydi, onlar öz ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatma yolu ilə ələ keçirtdiyi 65.340 manatlıq qızıl-zinət əşyalarının 20.000 manatlıq hissəsini Şahid7 verdiyini təsdiq edəcəkdilər. Bununla yanaşı müstəntiqin ibtidai istintaqı qeyri-obyektiv, qərəzli və prosessual pozuntularla aparmasını, tərəflərin ifadələrini təhrif etməsini təsdiq edən faktlardan biri şahid kimi adını qeyd etdiyi Şahid4 ümumiyyətlə bu işə aidiyyəti olmadığı halda onun ifadəsini almasıdır. Halbuki, Şahid4 adlı şəxs Türkiyə Respublikasındadır və müstəntiq işi tez yekunlaşdırmaq üçün belə bir qanunsuzluğa yol vermişdir. İbtidai istintaq qeyri-obyektiv, qərəzli və prosessual pozuntularla aparılmışdır. İbtidai istintaq zamanı müstəntiq Rahib Əliyev istər təqsirləndirilən, istərsə də şahidlərin ifadələrini təhrif edərək öz istədiyi kimi yazsa da, məhkəmə istintaqı zamanı həqiqət üzə çıxdı ki, ibtidai istintaq kifayət qədər prossessual pozuntularla aparılıb. Bunu təqsirləndirilən şəxsin özü və şahidlər də təsdiq etdi. Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən yazılmış yazılı razılaşmaya əsasən o, zərərçəkmiş şəxsdən ümumi dəyəri 65.340 (altmış beş min üç yüz qırx) manat olan 766 qram 585 problu, 47,300 qram 750 problu müxtəlif tərkibli qızıl-zinət əşyaları aldığını təsdiq etməklə yanaşı əşyaların real bazar dəyərini də özü təsdiq etmişdir. Lakin, ibtidai istintaq zamanı əşyaların qiyməti bazar dəyərindən aşağı qeyd edildiyindən təqsirləndirilən şəxsin əməli ittiham olunduğu maddə üzrə yüngül cinayət əməlinə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı Şahid7 da cinayət əməli təsdiq olundu ki, Təqsirləndirilən şəxs və şahidlər məhkəmə isitintaqı zamanı Səyalının Yeganədən aldatma yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyalarının 20.000 manatlıq hissəsini Şahinə verdiyini təsdiq etdilər. İbtidai istintaq qeyri-obyektiv, qərəzli və prosessual pozuntularla aparıldığından və Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2 vəsatəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 vəsatətin təmin edilməsinə etiraz etdilər. Həmçinin bildirdilər ki, təqsirləndirilən şəxs günahsızdır və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, vəsatəti və ona dair proses iştirakçılarının fikrini dinləyib hesab edir ki, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid3 Firidun oğlu ilə birlikdə qeyri-rəsmi nikah münasibətində yaşamışdılar. Əvvəllər Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağında qızıl-zinət əşyalarının alveri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs və Şahid1 2017-ci ildən etibarən tanıyır. Həmin şəxslərlə qohumluğu yoxdur. Əvvəllər aralarında ədavət olmamışdır. 2017-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində təsadüfən Şahid1 ilə tanış olmuş və söhbət əsnasında Heyran Nərimanov rayonunda yerləşən “Gənclik” univermağında qızıl-zinət əşyalarının alveri ilə məşğul olan rəfiqəsi Zərərçəkmiş şəxs 14000 (on dörd min) manat borcu olduğunu bildirib bununla əlaqədar Yeganəyə çatdırmaq üçün ona qısa müddət ərzində qaytarmaq şərti ilə 600 (altı yüz) manat borc pul verməyini xahiş etmişdir. Etiraz etməyib elə həmin gün Heyrana 600 (altı yüz) manat borc pul vermişdir. Söhbət əsnasında Heyran həmçinin onun üçün satmaq məqsədilə qızıl-zinət əşyaları təşkil edəcəyini demişdir. O, razılaşmış və iki gün sonra Heyran aldığı 600 (altı yüz) manat borcun müqabilində ona iki cüt qızıl sırğa təqdim etmişdir. Etiraz etməyib 600 (altı yüz) manat borcunun müqabilində həmin iki cüt sırğanı Heyrandan qəbul etmişdir. Söhbət əsnasında Heyran Nərimanov rayonunda yerləşən “Gənclik” univermağında qızıl alveri edən rəfiqəsi Zərərçəkmiş şəxs bu cür qızıl-zinət əşyalarının çox olduğunu bildirib, satıb pul qazanmaq məqsədi ilə Yeganədən nisyə qızılzinət əşyaları alıb ona verməyi təklif etmiş, o isə razılaşmışdır. Beləcə, həmin vaxtdan başlayaraq Heyranın vasitəsilə Zərərçəkmiş şəxs nisyə qızıl-zinət əşyaları alıb-satmağa başlamışdır. Təxminən bir-iki ay müddətində Heyranın vasitəsi ilə Yeganədən qızıl-zinət əşyaları alıb Bakı şəhərində hazırda adlarını xatırlamadığı şəxslərə satmışdır. 2017-ci ilin oktyabr ayında Heyranla növbəti dəfə görüşüb söhbət edərkən o, Yeganə ilə tanış olmağı təklif etmişdir. Heyranla əvvəllər söhbət edərkən də Yeganənin kimliyini bilmiş, belə ki, Yeganə onun həmyerlisidir. O, Yeganənin mobil telefon nömrəsini Heyrandan götürmüş və ona zəng etmişdir. Beləcə, Yeganə ilə aralarında tanışlıq yaranmışdır. O, pul qazanmaq üçün 2017-ci ilin təxminən oktyabr-noyabr ayından 2018-ci ilin yanvar-fevral ayına qədər olan müddət ərzində “Gənclik” univermağında Yeganədən hissə-hissə olmaqla müxtəlif çeşidli qızıl-zinət əşyalarını nisyə almışdır. Adətən Yeganədən aldığı qızıl-zinət əşyalarının pulunu hissə-hissə, bəzi hallarda tam ödəmiş, sonra isə Yeganədən təkrarən nisyə başqa qızıl-zinət əşyaları almışdır. Yeganədən aldığı qızıl-zinət əşyalarını əsasən köhnə müştərilərinə, qonşularına, tanışlarına, yaxud onların tapdığı digər müştərilərə nisyə və ya nağd qiymətə satmışdır. Yeganə ona zəng edib verdiyi qızılların pulunu istədikdə, o, pulun bir hissəsini qaytarmış və Yeganəyə 2900 manat borcu qalmışdır. Həmin məbləği isə Yeganəyə 1 aya qaytarmalı idi. Həmin vaxtdan 15-20 gün keçmiş Yeganə ona zəng edib pulunu tələb etmiş və yenidən ona qızıl verməyi təklif etmişdir. O, da səhf edib yenidən Yeganədən qızıl götürmüşdür. Bir müddət sonra Yeganə ona bildirmişdir ki, onun 75000 manat borcu var. O da tutulmamaq üçün müəyyən qədər Yeganəyə pul ödəmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, Şahid7 “Zaminbank”da filial müdiri işləmişdir və onu həmin vaxtdan tanıyır. Şahid7 onun həmyerlisidir. Bir neçə dəfə Şahid7 xırda məbləğdə kredit götürmüş və onu vaxtında qaytarmışdır. Zərərçəkmiş şəxs ilə qızıl alveri etməsindən Şahid7 xəbəri olmuşdur. Şahid7 işlədiyi bank bağlandıqdan sonra bəzi müştərilər Şahindən girov kimi qoyduqları qızıl-zinət əşyalarını tələb etməyə başlamışdır. Bu barədə məlumatı ona Şahin özü vermişdir. Bundan sonra Şahin onunla Yeganənin münasibəti olduğunu bilib ona öz adı ilə Yeganədən qızıl götürməyi xahiş etmişdir. Şahin ona bildirmişdir ki, həmin qızılları bankın müştərilərinə verib onları sakitləşdirmək lazımdır, daha sonra isə Yeganənin qızıllarını qaytararlar. Şahid7 ona bildirmişdir ki, müştərilərin banka qoyduqları qızıllar satılmışdır, bank da bağlandığı üçün müştərilər qızıllarını tələb edir. Şahin əvvəllər ona çox kömək etdiyi üçün o, razılaşmış və Yeganədən qızıl-zinət əşyalarını götürərək Şahinə vermişdir. O, Yeganədən götürdüyü 15000 manat dəyərində qızılları Şahinə vermişdir. Hazırki vaxtadək Şahin həmin qızılları qaytarmamış, həmçinin onun pulunu da ödəməmişdir. Yeganənin onun üstünə çox gəldiyini görüb sonradan bu məsələni açıb demişdir. Hətta, Yeganə ilə Şahinin iş yerinə də getmişdir. Bundan başqa Yeganədən götürdüyü qızılların bir hissəsi də Dürrədədir. Bütün bu məsələlərdən Kabının da xəbəri olmuşdur. Hətta, dəfələrlə Kabı ona Yeganədən uzaq durmağı məsləhət görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən “Gənclik” univermağında qızıl satışı ilə məşğul olur. Şahid1 ilə təxminən 2014-2015-ci illərdə iş yerində müştəri kimi tanış olmuşdur. Heyran onun icarə əsasında işlətdiyi qızıl-zinət əşyalarının satışı mağazasına bir neçə dəfə gəlib özü və yaxınları üçün qızıl almışdır. Heyran dəfələrlə işlətdiyi mağazaya gəldiyi üçün aralarında münasibət yaranmış və bu münasibət sonradan yaxın rəfiqəliyə çevrilmişdir. Daha sonra Heyran maddi vəziyyətinin yaxşı olmadığını söyləyib ondan bir ay müddətinə pulunu ödəmək şərti ilə nisyə qızıl-zinət əşyaları alıb üzərinə bir az pul qoymaqla satmaq istədiyini bildirmişdir. O, Heyrana etiraz etməmiş və ona satmaq üçün qızıl-zinət əşyaları verə biləcəyini demişdir. Bir müddət Heyran verdiyi malları sataraq danışılmış vaxtda pulunu ödəmişdir. Heyrandan malları kimə verdiyini soruşaraq ehtiyatlı olmasını, tanımadığı adamlarla iş görməməsini tövsiyə etmişdir. Heyran isə narahatçılığa əsas olmadığını, alver etdiyi şəxsin onun həmyerlisi, adının isə Səyalı olduğunu bildirmişdir. O, əvvəllər Səyalının adını eşitsə də, onunla münasibəti olmamışdır. Daha sonra Heyran ona bildirmişdir ki, Səyalı onun nömrəsini istəyir. O, buna etiraz etməmişdir. Bundan sonra Səyalı ona zəng etmiş və onunla bir qədər Şəki rayonundan olan ortaq tanışları barədə danışmışdır. Danışıq zamanı Səyalı onu görmək istədiyini söyləmiş, cavabında Səyalıya problem olmadığını və iş yerinə gələ biləcəyini demişdir. 14 mart 2018-ci il tarixdə Səyalı onun iş yerinə gəlmiş və onlar görüşmüşlər. Söhbət əsnasında Səyalı ona imkanlı və vəzifəli şəxslərlə alver etdiyini demişdir. O, həmin şəxslərin kim olması barədə maraqlandıqda Səyalı ona bildirmişdir ki, həmin şəxslərdən biri də Şahid7dur və o da Şəkidəndir, həmçinin X3 Agentliyində işləyir. Səyalı həmin şəxsə qızıl aparacağını demiş və o, Səyalıya inanaraq qızıllara baxmasını məsləhət görmüş və Səyalı elə həmin gün dəyərini 15 gün müddətinə ödəyəcəyinə vəd verib ondan müxtəlif növ qızıl-zinət əşyalarını götürmüşdür. Üç gün sonra Səyalı yenidən işlədiyi mağazaya gəlib yenə də qızıl-zinət əşyalarını nisyə şəkildə götürüb aparmışdır. Beləliklə, 14 mart 2018-ci ildən 26 mart 2018ci ilə qədər olan müddətdə 65340 manat dəyərində olan qızıl-zinət əşyalarını Səyalıya nisyə şəkildə, yəni dəyərini 15 gün ərzində ödəmək şərti ilə vermişdir. Səyalıya qızıl-zinət əşyalarını verən zaman o, az miqdarda olmaqla hissə-hissə ödəniş edib onun etibarını qazanmışdır. Sonuncu dəfə 26 mart 2018-ci il tarixdə Səyalı yenidən işlədiyi mağazaya gələn zaman artıq ona mal vermək istəməmişdir. Səyalı isə narahat olmamağı və malın pulunun hamısını Şahid7 alıb cəm şəklində ödəyəcəyini bildirmişdir. Səyalı onun yanında telefonla Şahid7la danışmış və telefonu uca səsə qoyaraq qızılları gətirəcəyi barədə söhbət etmişdir. Həmin gün yenə də qızıl-zinət əşyalarını Səyalıya nisyə vermiş, lakin ondan şübhələndiyi üçün qızılları verdikdən sonra iş yerindən çıxıb taksiyə əyləşərək Səyalının getdiyi avtomobilin arxasınca düşmüşdür. Həmin avtomobil Biləcəri qəsəbəsində yerləşən X3 Agentliyinin binasının qarşısına gəlib orada dayanmışdır. Səyalı avtomobildən düşüb qızıllarla olan torbanı götürərək həmin idarənin içərisinə daxil olmuşdur. O, kənarda durub müşahidə etmiş və bir qədər orada gözlədikdən sonra Səyalının 55-60 yaşlarında, orta boylu bir kişi ilə idarədən çıxdığını görmüşdür. Onlar hər ikisi yaxınlıqda dayanmış, markasını bilmədiyi və rəngini xatırlamadığı bir avtomobilə əyləşib 20 dəqiqəyə yaxın həmin avtomobilin salonunda qaldıqdan sonra avtomobili işə salıb oradan uzaqlaşmışlar. Səhəri gün Səyalıya onu izlədiyini və onun düz danışdığını bildirib, pulunu tezliklə ödəməli olduğunu demişdir. Buna baxmayaraq, Səyalı ona olan borcunu ödəməmiş, həmçinin götürdüyü qızıl-zinət əşyalarını qaytarmamışdır. Götürdükləri qızıllara görə Şahid1 ona 5000 manat, Təqsirləndirilən şəxs isə 65340 manat məbləğində borcu qalmışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, bir dəfə Şahinin iş yerinə getmiş və onunla görüşmək istədiyini bildirmişdir. Lakin, qapıdan onu buraxmadıqları üçün o, səs-küy salmışdır. Bu səbəbdən Şahin onun yanına gəlmiş və məsələni kənarda araşdırmaq üçün ona söhbət etməyi təklif etmişdir. Söhbət əsnasında Şahin ona bildirmişdir ki, Səyalının ona da borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Firidun oğlu ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə 2016-cı ildə Bakı şəhərində təsadüfən tanış olmuşdur. 2018-ci ildən başlayaraq Səyalı ilə qeyri-rəsmi ərarvad kimi birlikdə yaşamışlar. Səyalı əvvəllər Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağında qızıl-zinət əşyalarının alveri ilə məşğul olmuşdur. 2018-ci ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səyalı cinayət törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkdikdən sonra 2018-ci ilin iyul ayında vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. Zərərçəkmiş şəxs və Şahid1 2018-ci ilin təxminən noyabr ayından etibarən tanıyır. Səyalı 2018-ci ilin oktyabr-noyabr ayından başlayaraq təxminən 4-5 ay ərzində Nərimanov rayonunda yerləşən “Gənclik” univermağında alverlə məşğul olan Yeganədən nisyə qızıl-zinət əşyaları alıb Bakı şəhərində onun tanımadığı şəxslərə satmaqla məşğul olmuşdur. Səyalı Yeganədən nisyə qızıl-zinət əşyaları alıb satmağa başladıqdan bir müddət sonra Yeganənin tez-tez Səyalıya zəng etdiyini görüb Səyalıdan səbəbini soruşduqda, o, hər dəfə cavabında Yeganənin ona nisyə satdığı qızılların pulunu tələb etdiyini bildirmişdir. 2018-ci ilin noyabr ayında Yeganənin Səyalıya tez-tez zəng etməsi səbəbindən Səyalının narahat olduğunu görüb Yeganə ilə söhbət etmək qərarına gələrək bu məqsədlə ona zəng vurmuşdur. O, niyə görə tez-tez Səyalını narahat etməsinin səbəbini soruşduqda, Yeganə Səyalıya verdiyi qızılzinət əşyalarının pulunu istədiyini demişdir. Səyalının ondan alıb digər şəxslərə nisyə satdığı qızıl-zinət əşyalarının pulunu hələ yığıb toplaya bilmədiyini dedikdə, Yeganə belə olan təqdirdə qızıl-zinət əşyalarını geri qaytarmağı tələb etmişdir. Bu barədə Səyalı ilə danışaraq Yeganənin qızıllarını satdığı şəxslərdən geri alıb onun özünə qaytarmasını təklif etmiş və Səyalı razılaşmışdır. 2018-ci ilin mart ayının sonlarında ona məlum olmuşdur ki, Yeganə satmaq üçün hələ də Səyalıya nisyə qızıl-zinət əşyaları verməyə davam edir. Bununla əlaqədar narazılığını bildirmək üçün “Gənclik” univermağında Yeganə ilə görüşmüşdür. Söhbət əsnasında Yeganədən niyə görə Səyalıdan əl çəkmədiyini və bir qramı 90 manatdan nisyə qızıl-zinət əşyaları verməklə onu borcla yüklədiyini soruşmuş, həmçinin Yeganəyə Səyalının barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində CM-in 178-ci maddəsi ilə cinayət işinə baxıldığını və onun həbs edilmək ehtimalının olduğunu söyləyib bir daha ona mal verməməsini tələb etmişdir. Yeganə etiraz edərək Səyalı ilə həmyerli olduğunu, bu məsələnin ona aidiyyətinin olmadığını və onların işinə qarışmamağı tələb etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı məbləğdə, çeşiddə və əyarda, habelə neçə qram çəkidə qızıl-zinət əşyaları alması barədə dəqiq məlumatı yoxdur. Səyalı bu barədə ona konkret bir söz deməmişdir. Şahid1 təxminən 2017-ci ilin oktyabr-noyabr ayından etibarən tanıyır. Səyalı həmin ərəfələrdə Heyrandan da nisyə qızıl-zinət əşyaları alıb-satmışdır. Səyalının dediyindən ona belə məlum olmuşdur ki, Heyrandan götürdüyü qızıllar da Yeganəyə məxsusdur. Verilmiş suala cavab olaraq Şahid3 Firidun oğlu bildirmişdir ki, Səyalının deməsindən ona aydın olmuşdur ki, X4 üçün qızıl-zinət əşyaları götürmüş və Şahinə təhvil vermişdir. Lakin, həmin qızılların dəyərini Şahindən ala bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxsi tanıyır. Zərərçəkmiş şəxs cəmi 1 dəfə görmüşdür. Belə ki, Yeganə onun iş yerinə gəlmiş və ona zəng edərək onunla görüşmək istədiyini demişdir. O, işlədiyi yerin qarşısına çıxıb görmüşdür ki, Yeganə onu gözləyir. Həmin vaxt Yeganə ona bir siyahı göstərmiş və bildirmişdir ki, Səyalı ondan həmin qızılları almış və pulunu verməmişdir. Yeganə ona demişdir ki, Səyalı qızılların onda olmasını bildirir. O isə Yeganəyə bildirmişdir ki, həmin qızılların ona heç bir aidiyyəti yoxdur. Bu hadisədən sonra da Yeganə ona bir neçə dəfə zəng etsə də, o, bir daha Yeganəyə həmin məsələyə aidiyyatının olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Səyalı ilə işlədiyi bankda tanış olmuş və Səyalıya bir neçə dəfə az məbləğlərdə kredit vermişdir. Heç vaxt Səyalıdan qızıl almamışdır. Yeganə ilə Səyalının məqsədi ondan pul almaqdır. Çünki, Yeganə görür ki, Səyalıdan pulunu ala bilmir və buna görə də ona şər atırlar. Məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızıl-zinət əşyaları götürdüyünü etiraf etmiş, həmçinin həmin qızılların 15000 manat dəyərində olan hissəsini Şahid7 göstərişi ilə sonuncunun məqsədləri üçün Zərərçəkmiş şəxs götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs da göstərilən halı təsdiq edərək Təqsirləndirilən şəxs bu barədə əvvəlcədən ona bildirdiyini, həmçinin yoxlamaq üçün Təqsirləndirilən şəxs ondan qızıl götürən zaman onu izlədiyini, sonuncunun əlində qızıl-zinət əşyası olan torba ilə Şahid7 iş yerinə getməsinin və onunla görüşməsinin şahidi olduğunu qeyd etmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid3 Firidun oğlu ifadəsində X2 üçün qızıl-zinət əşyaları götürdüyünü və Şahinə təhvil verdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Həmçinin, Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlinin törədilməsi ilə bağlı təqsirləndirilən şəxsə irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə tanışı Şahid1 etibarından sui-istifadə edərək satıb bir ay müddətində pulunu ödəyəcəyinə dair yalandan vəd verib onu aldadaraq ayrı-ayrı vaxtlarda, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2017-ci il dekabr ayının sonlarından 15 mart 2018-ci il tarixədək olan müddət ərzində istintaqa konkret məlum olmayan tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu, metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının yaxınlığında, Ziya Bünyadov prospektində, habelə sonuncu dəfə 15 mart 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 14 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Şahid1 faktiki sahibliyində olan Zərərçəkmiş şəxs məxsus ümumilikdə 24000 (iyirmi dörd min) manat dəyərində qızılzinət əşyalarını Şahid1 alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs 24000 (iyirmi dörd min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək satıb 15 gün müddətində pulunu ödəyəcəyinə dair yalandan vəd verib onu aldadaraq ayrı-ayrı vaxtlarda, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla sonuncudan müxtəlif çəki və dəyəri olan qızıl-zinət əşyalarını alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs 38585,50 (otuz səkkiz min beş yüz səksən beş manat 50 qəpik) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, Zərərçəkmiş şəxs 2 dəfə olmaqla, hər biri ayrı-ayrılıqda 24000 (iyirmi dörd min) manat və 38585,50 (otuz səkkiz min beş yüz səksən beş manat 50 qəpik) məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi hər iki epizod üzrə zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs tanınmışdır. Bu halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərində vahid niyyətin olub-olmaması da müəyyən edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində qızıl-zinət əşyalarını əvvəl Şahid1 götürdüyünü, Heyranın vasitəsilə Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını nisyə alıb-satdığını göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir; 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər; 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin (CM-in 178.2.1 və 178.3.2-ci maddələrinin) mövcudluğu müəyyən olunur, buna görə də Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qanuni və əsaslıdır. CPM-in 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Məhkəmə nəzərə alır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, 10.10.2020-ci il tarixdə tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 14 dekabr 2021-ci il tarixədək uzadılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 318-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 14 dekabr 2021-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma hissəsində qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar qətidir, şikayət verilə bilməz. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar