Məhkəmə qərarları › İş №1(005)-41/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-41/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-41/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi – X2 iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Çerment qəsəbəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş, mühüm şəxsi sənəd hesab edilən vətəndaşın sürücülük vəsiqəsini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama və həmçinin mühüm şəxsi sənəd hesab edilən vətəndaşın sürücülük vəsiqəsini talama məqsədilə 05 iyun 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 79 ünvanında həyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus “Toyota Corolla” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini yerdən götürdüyü daşla bir neçə zərbə vurduqdan sonra sındırıb avtomobilin salonunun qoltuqaltı əşya qutusundan içərisində Zərərçəkmiş şəxs məxsus mühüm şəxsi sənəd hesab edilən sürücülük vəsiqəsi, 10 manat müqabilində “Kapital Bank" ASC və 10 manat müqabilində "Respublika Bank” ASC tərəfindən verilmiş elektron pul kartı, həmin dövrün məzənnəsinə görə 1441 manat 72 qəpik təşkil edən 700 avro, həmin dövrün məzənnəsinə görə 817 manat 70 qəpik təşkil edən 481 ABŞ dolları, həmin dövrün məzənnəsinə görə 116 manat təşkil edən 5000 rus rublu və 2652 manat pul vəsaiti olan 850 manat dəyərində “Bottega Veneta" markalı pul qabını, 10 manat dəyərində yaddaş kartını, 340 manat dəyərində “Air Pods” qulaqcığını, bir ədəd 800 manat dəyərində “Mont Blanc" markalı qələmi və avtomobilin salonundakı arxa oturacağın üzərində olan kişi əl çantasından isə 17.020 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilkdə 24.057 manat 42 qəpik, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs CM-in 177.2.4 və 326.2-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (mülki cavabdeh) CM-in 177.2.4 və 326.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, oğurluq etməmişdir. Belə ki, onun oğurluq etməyə ehtiyacı yoxdur. Sadəcə olaraq onun ögey qardaşları analarından ona miras qalmış əmlakı ələ keçirmək məqsədi ilə onun həbs olunmasını istəyirlər və buna görə də polis şöbəsinə onun narkotik istifadəçisi olması barədə şikayət etmişlər. İttiham aktında onun Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurluq etməyi və oğurluq nəticəsində əldə edilmiş “Mont Blanc” markalı qələmi ögey qardaşına həddiyyə etməsi qeyd etmişdir. Lakin, oğurluq hadisəsi olmamışdır. O, nə oğurluq etmiş, nə də adı çəkilən markalı qələmi qardaşına vermişdir. Ümumiyyətlə hadisə baş verən gün evində olmuşdur. Belə ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur və həmin dövrdə də onun üzərində elektron nəzarət vasitəsi olmuşdur. Həmin saatlarda yaşadığı ünvanı tərk etməmişdir. Onu hadisə yerinə əməliyyatçılar apararaq şəkil çəkmişlər, polislərdən başqa orada heç kəs olmamışdır. Polis əməkdaşları tərəfindən göstərilən yerə əlini uzadaraq şəkli çəkilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işi üzrə şahidlər onun ögey qardaşlarıdır. Onların ifadəsi yalnız “Mont Blanc” markalı qələmi guya ki onun qardaşlarına hədiyyə etməsindən ibarətdir. Hadisə “Gənclik” metrostansiyasının yaxınlığında baş verib və onun yaşadığı ev ilə hadisə yeri arasında 6-7 km məsafə var. Zərərçəkmiş şəxsi tanımır. İbtidai istintaq dövründə vermiş olduğu ilkin ifadəsini təsdiq etmir. Belə ki, ilkin ifadəsini verən zaman polis əməkdaşları tərəfindən ona təsir və təzyiq olmuşdur. Ona görə də məcbur olub ifadələri oxumadan imzalamışdır. Əl yazma ilə müstəntiqə ifadə verməmişdir, ifadələri müstəntiq kompüterdə yazmışdır. O, anasından ona miras qalmış evi və avtomobili satdıqdan sonra əldə etdiyi pulu qardaşı Nicata vermişdir. Satışdan kifayət qədər pul əldə etmişdir. Polis əməkdaşları onu əmisinin evindən çıxan zaman zorla tutaraq əllərini bağlamış və idarəyə aparmışlar. Bu zaman dörd nəfər polis əməkdaşı ona zor tətbiq etmişdir. O da qorxusundan özünü təqsirli bilməsini demişdir. Həmin polis əməkdaşları Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olmuşlar. O, bu barədə müstəntiqə də məlumat vermişdir. O, hadisə yerinə yalnız bir dəfə polis əməkdaşları ilə birgə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, 04 iyun 2021-ci il tarixdə, saat 09 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 79 ünvanın qarşısından “Toyota Corolla” minik markalı, 99- AH-898 dövlət qeydiyyat nişanlı avtomobili idarə edib "xxxx" MMC-yə getmiş, həmin günü saat 21:30 radələrində yaşadığı ünvana qayıtmış və avtomobili həmişə saxladığı yerdə saxlayıb qapılarını bağladıqdan sonra əvvəl “Bravo” marketə getmiş, daha sonra avtomobilinə gəlib qapını açmış, pul qabını salondakı qoltuq altına qoyub yenidən avtomobilin qapılarını bağlayıb mənzilinə getmişdir. 05 iyun 2021-ci il tarixdə, saat 09:30 radələrində mənzildən çıxıb həyətdə avtomobili saxladığı yerə gəlmiş, avtomobilə yaxınlaşan zaman avtomobilin qabaq sol qapısının şüşəsinin sındırıldığını və avtomobilə naməlum şəxsin daxil olduğunu aşkar etmişdir. Avtomobilə baxan zaman qoltuqaltı əşya qutusundan içərisində ona məxsus sürücülük vəsiqəsi, 10 manat dəyərində "xxxx" ASC və 10 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş elektron pul kartı, həmin dövrün məzənnəsinə görə 1441 manat 72 qəpik təşkil edən 700 avro, həmin dövrün məzənnəsinə görə 817 manat 70 qəpik təşkil edən 481 ABŞ dolları, həmin dövrün məzənnəsinə görə 116 manat təşkil edən 5000 rus rublu və 2652 manat pul vəsaiti olan 850 manat dəyərində “Bottega Veneta” markalı pul qabının, 10 manat dəyərində yaddaş kartının, 340 manat dəyərində “Air Pods” qulaqcığının, bir ədəd 800 manat dəyərində “Mont Blanc" markalı qələminin və avtomobilin salonundakı arxa oturacağın üzərində olan kişi əl çantasından isə 17.020 manat pul vəsaitinin oğurlandığını aşkar etmişdir. Oğurluq zamanı ona ümumilkdə 24.057 manat 42 qəpik maddi ziyan vurulmuşdur. Avtomobilin şüşəsinin sındırılmasına görə isə 218 manat maddi ziyan dəymişdir və avtomobilin qapısının şüşəsi onun tərəfindən bərpa edilmişdir. Avtomobil lahiyə rəhbəri olduğu "xxxx" MMC-nin adına rəsmiləşdirilsə də onun özünə məxsusdur və qapının şüşəsinin sındırılmasına görə də ona maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Mont Blanc” markalı qələmin özü qara diyircəklidir və sancaq tərəfində ilan şəkli olmuşdur. Baş tərəfi qırmızı, sancağı gümüşü rəngli, fırlanaraq açılıb-bağlanan qələmdir. Qələmin özü isə qara karton qutuda olmuşdur. Daş parçasının həmin ərazidə olması qeyri-mümkündür, çünki həmin ərazi asfalt örtüyü ilə örtülmüşdür, hər gün təmizlənir. Arxa oturacaqda olan torbanı görmək mümkün deyil, çünki arxa şüşələr qara pərdə ilə örtülmüşdür. Əl-barmaq izləri oradan götürülməyib. Kamera orada olmayıb. Yalnız aptekin qarşısında quraşdırılmış kamera var. Həmin kamera, yəni aptekin qarşısındakı kamera isə hadisə yerini tutmur. Avtomobilində pul olmağı ilə bağlı heç kəsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxsin əmisi, yəni Şahid3 tərəfindən təqdim edilən pul qabı isə ona aid deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Belə ki, Təqsirləndirilən şəxsla ataları eyni, anaları isə ayrıdır. Alim Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olsa da Bakı şəhərində hotellərdə və ünvanları ona məlum olmayan fərqli evlərdə kirayə yaşamışdır. Alim əvvəllər cinayət törətdiyinə görə bir neçə dəfə məhkumluğu olub. 2021 -ci ilin iyun ayının 5-də avtomobildən oğurluq etdiyinə görə Alim Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və daha sonra barəsində həbs qətimkan tədbiri seçilmişdir. Alimin avtomobildən oğurluq etməsindən o, Alim həbs olunduqdan sonra xəbər tutmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Alimin narkotikdən istifadə etməsi ilə bağlı polisə məhz o şikayət etmişdir. Alimin əslində pula ehtiyacı olmamışdır. Buna baxmayaraq qardaşının əhatəsindəki insanlar düzgün insanlar olmamışdır. Alimin oğurluq etdiyini eşidəndə inanmamışdır. Belə ki, Alimin şəxsi avtomobili və evi olmuşdur. Lakin Alim narkomaniya xəstəliyindən əziyyət çəkir. Alim ona qələm hədiyyə etməmişdir. İbtidai istintaq dövründə o, müstəntiqin yanında olmamışdır. Həmin müddətdə belindən müalicə almışdır. O, boş ağ kağıza imza etmişdir. Həmin kağız isə müstəntiq tərəfindən doldurulmuşdur. İfadəsi üçün isə o, idarəyə gedə bilmədiyindən müstəntiqin köməkçisi onun yaşadığı evə gəlmişdir. Həmin köməkçini isə evə əmisi gətirmişdir. Ona qələm hədiyyə edilməsi ilə bağlı ifadə yanlışdır və həmin ifadə müstəntiq tərəfindən yazılıb. Alimlə o, ayrı evlərdə yaşayırlar. İndiyə qədər aralarında mənzillə bağlı mübahisə olmamışdır. Alimə məxsus ev və avtomobil Alimin anasından vərəsəlik qaydasında keçmişdir. Alim narkoman olduğu üçün həmin evi və avtomobili satıb. Satışdan əldə etdiyi pulu isə Alim özü xərcləmişdir. Müstəntiq tərəfindən daimi olaraq ona zəng etmişlər. Alimin valideynləri olmadığından o, Alimə böyüklük etməyə çalışmışdır. Alim həbs edildikdən sonra onunla görüşməmişdir və yanına getməmişdir. Sadəcə bir dəfə polis şöbəsində olan zaman telefonla danışmışdır. Telefonda isə Alim ona oğurluq üstündə tutulduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır və qardaşı Təqsirləndirilən şəxsla onun atası eyni olsa da anaları ayrıdır. Alimin yaşadığı ünvanı bilmir. Alim əvvəllər cinayət törətdiyinə görə bir neçə dəfə məhkumluğu olub. Alim 2021-ci ilin iyun ayının 5-də avtomobildən oğurluq etdiyinə görə həbs edilmişdir. Alimin avtomobildən oğurluq etməsindən onun sonradan xəbəri olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, polis idarəsinə getmiş və müstəntiqin yanında olmuşdur. Lakin, qardaşı Nicat isə xəstə olduğundan idarəyə gedə bilməmişdir. Onlara hədiyyə qələm verilməsi ilə bağlı ifadə verməmişdir. Alim onlara qələm hədiyyə etməmişdir. Alim həbs edildikdən sonra görüşməmişlər. Alimdən hadisə barədə soruşduqda ona danışa bilmədiyini bildirib və yalnız yemək gətirməsini xahiş etmişdir. Alimə anasından vərəsəlik qaydasında əmlak qalmışdır. Həmin əmlakı Alim özü sataraq pulunu xərcləmişdir. “BMW” markalı avtomobili var və həmin avtomobili qardaşı Nicatın adına rəsmiləşdirilmişdir. Nicat ondan polisə şikayət etməmişdir. Nicat ona ata əvəzi olmuşdur və xəstəliyini də müalicə etmişdir. X7 və eyni zamanda onların hər birinin bir-biriləri ilə münaisbəti yaxşı olmuşdur. Nicat ona və Alimə atalıq etmişdir. Alimin Nicata qələm hədiyyə etməsindən məlumatı yoxdur. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Alim həbs edilənədək müstəntiq Abdulla Cəlilini tanımamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilib-dindirilmədiyini xatırlamır. Alimin oğurluq etdiyini eşitmişdir, lakin ona problem yaranmasından qorxduğunan Alimlə əlaqə saxlamamışdır. Alim arada 1-2 günlük onun evində qalmışdır. Ona məxsus evdən çıxdıqdan sonra polis əməkdaşları gəlib Alimi aparmışlar. Alimin qardaşları ilə münasibəti yaxşıdır. Lakin onunla olan münasibəti isə soyuqdur. Belə ki, o, Alimə hərəkətlərinə görə irad bildirdiyindən Alim onunla soyuq olmuşdur. Alimə anasından iki ev miras kimi qalmışdır. Alim həmin evləri satmışdır. Satışdan əldə etdiyi pula avtomobil almışdır. Qalan pulu isə qardaşı bankda saxlamağı təklif etsə də Alim avtomobilə qoymuşdur. Alim evlərin satışından əldə etdiyi pullardan qardaşlarına verməmiş və tək özü xərcləmişdir. Alimin əlavə bir bacısı var. Alimin ətrafındakı dostları düzgün insanlar olmamışdır. Belə ki, onun anası öldükdən sonra dostları gəlib Alimin evində qalmışlar. Hətta Alimin anasına məxsus qızılları da oğurlamışlar. Bu hadisədən o, sonradan xəbər tutmuşdur. O, oğurluq hadisəsindən Alim həbs edildikdən sonra məlumat əldə etmişdir və Alimlə görüşməmişdir, həmin dövrdə arada Alimə yemək alıb aparmışdır. Eyni zamanda Alimin psixi pozuntuları olmuşdur. O, arada divarları yazırmış. Nicat ifadə verən zaman bildirmişdir ki, Alimə məxsus avtomobildə o, qələm görmüşdür, lakin həmin qələmi Alim ona hədiyyə etməmişdir. Alim avtomobilini yolda qoyub getmişdir və polis əməkdaşları da həmin avtomobili cərimə meydançasına aparmışlar. Daha sonra o və Nicat cəriməni ödəyərək avtomobili cərimə meydançasından çıxarmışlar. Bu zaman avtomobildə qələm görməmişlər. O, Alimdən qələm oğurladığını soruşduqda Alim ona qələm oğurlamadığını bildirmişdir. Nicatı dindirməyə gələn şəxs isə müstəntiqin köməkçisi olmuşdur və həmin şəxsi küçədə o qarşılayaraq evə Nicatın yanına gətirmişdir. Daha sonra məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bütün əşyaları hazırda onun yaşadığı evdədir. Evdə təmizlik işləri apararkən oğurlanmış pul qabına bənzər pul qabı tapmışdır, kimə məxsus olmasını bilmir və onu məhkəməyə təqdim etməyi qərara almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar etdiyi digər əşyaların hamısı Alimin anasına məxsus olmuşdur. İbtidai istintaq zamanı müstəntiq ona evdə axtarış aparmasını tapşırmışdır və o da evdə axtarış etmiş, lakin heç nə tapmamışdır. Pul qabını isə sonradan tapmışdır və məhkəmə təqdim etməyi qərara almışdır. Alimin qardaşlarının onun pul qabı tapmasından məlumatlı deyillər. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş Bakı şəhər Probasiya İdarəsinin icra məmuru X4 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum Təqsirləndirilən şəxs probasiya qeydiyyatına alınaraq ona həmin tarixdə "Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsində olan “Attenti” elektron monitorinq sistemində nəzarət subyekti kimi qeydiyyata alınmışdır. Eyni zamanda, ona məhkəmənin hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilmişdir. Onlara qurğular Monitorinq İdarəsindən təqdim olunur və orada məhkumun bütün məlumatları qeydiyyata alınır. İki növ qurğu fərqləndirilir “Attent” və “Şans”. Təqsirləndirilən şəxs “Şans” tipli qurğu quraşdırılmışdır. Bütün qurğular dəfələrlə yoxlanılır və tam işlək vəziyyətdə onlara təhvil verilir. Daha sonra onlar həmin qurğunu məhkuma tətbiq edirlər və təxmini 30 dəqiqə qurğunun işlək vəziyyətə düşməsini gözləyirlər. Sonradan məhkuma qurğunun işlədilməsi ilə bağlı bütün qaydaları izah edilir və eyni zamanda hər hansı nasazlıq olduğu vaxtda onlara müraciət etməsini bildirirlər. Bəzən olur ki, qurğu siqnal verməyə başlayır, bu hal qurğu ilə məhkum arasında yeddi dəqiqəlik məsafə olur, qurğu qolbağı tapmır. Bu zaman məhkum evdə olduğunu sübut etmək üçün “təsdiqlə” düyməsini sıxması kifayət edir. Qurğunun enerjisi isə daima dolu olmalıdır. Qurğunun enerjisi tükənənədək məhkum qurğunu son olaraq hara qoyarsa məhkumun yerini müəyyən etmək mümkün olur. Elektron qurğunun siqnal səsi çox güclü olduğundan uzun müddətli siqnal çalması və məhkumun bunu anlamaması və ya anlayıb susmasını gözləməsi mümkün deyildir. Əgər qurğunun telefonu evdə qalarsa məhkumun harada olmasını isə müəyyən etmək mümkün olmur. Qurğunun telefonu məhkumun üzərində olduğu halda isə onun olduğu yer müəyyən edilir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Şans” tipli nəzarət qurğularında məhkum evin ətrafında olduğu halda “qolbaq tapılmır” siqnalı olmur. Belə ki, bir bu növ qurğularda 3 siqnallar (bikonlar) tətbiq olunur, yataq otağına, mətbəxə və sanuzelə yaxın. “Qolbaq tapılmır” siqnalı olsa belə məhkum tərəfindən “təsdiqlə” düyməsinin sıxılması kifayət edir. Enerjisi bitmiş qurğunun ən son harada olmasını və qurğunun ən son harada enerji yığılması üçün qoyulduğu yeri müəyyən edə bilirlər. Hazırda məhkumun yaşayış yeri onun olduğu yer üzrə sputnik vasitəsi ilə müəyyən edilir. Pozuntular barədə onlara Monitorinq İdarəsi tərəfindən məlumat verilir. Həmin vaxtı onlar məhkumu İdarəyə dəvət edib, baş vermiş pozuntunun səbəblərini araşdırırlar. Pozuntu qəsdən törədildiyi halda məhkum barəsində tədbir görülür. Hazırki iş onun icraatında olmamışdır, bu iş Mirelnur Musəvinin işi olmuşdur. Ola bilsin ki, xx.xx.2021-ci il tarixdə icra məmuru məzuniyyətdə olmuşdur və pozuntu barədə məhkumdan, yəni Təqsirləndirilən şəxs izahat alınmamışdır. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi X5 ifadəsində göstərmişdir ki, cinayət işi üzrə onların kifayət qədər sübutları var. Belə ki, Alim tərəfindən oğurlanmış qələmin qardaşına hədiyyə edilməsi onun özünün ibtidai istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə öz təsdiqini tapır. Anten məlumatlarının götürülməsi iş üzrə əhəmiyyət kəsb edəcək sübut olmadığını düşünür. Alimin cinayət əməlini cəza çəkdiyi dövrdə törətmişdir. Cinayət işinin istintaqı daha öncə müstəntiq Pərviz Məmmədov tərəfindən aparılmış və iş daha sonra ona həvalə edilmişdir. Cinayət işi üzrə əl-barmaq izlərinin götürülübgötürülmədiyini dəqiq xatırlamır. Şahidləri isə ibtidai istintaq zamanı özü dindirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsə ilin ifadəsində törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə qohumları arasında soyuq münasibətlər olduğunu öncədən bilmişdir, lakin bu münasibətlər baş vermiş hadisə ilə bağlı deyil, Alimin mlükiyyətində olan avtomobillə bağlı olmuşdur. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin təhqiqatçısı X6 ifadəsində göstərmişdir ki, əməliyyat tapşırığı əsasında əməliyyatçılar hadisəni törətmiş şəxsi tapmışlar. Təqsirləndirilən şəxs izahatı alındıqdan sonra aidiyyəti üzrə material təhvil verilmişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs törətdiyi əməli izahatında etiraf etmişdir. Hadisə yerinə ilkin baxışa o getmişdir və daha sonra əməli törədən şəxsin tapılması istiqamətində tapşırıq verilmişdir. Hadisə yerinə baxış zamanı zərərçəkmiş şəxs də orada olmuşdur. Hadisə yerində olan əl-barmaq izləri ekspert tərəfindən götürülmüşdür. Onlar X20 küçəsində olan avtomobilə baxış keçirmişlər. Ekspert nümunələri götürdükdən sonra nümunələri Kriminalistik Təhqiqatlar İdarəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs hadisə yerini və oğurluq etdiyi avtomobili özü onlara göstərmişdir. İlkin baxışda hadisə yerində Təqsirləndirilən şəxs iştirak etmiş və törətdiyi əməli etiraf etmişdir. Bundan sonra onun tərəfindən sənədləşmə işləri aparılmış və iş müstəntiqə təhvil verilmişdir. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idmançıdır və eyni zamanda narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini törətdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Hadisə gecə saatlarında olmuşdur. Hadisə yerinə ilkin olaraq o da getmişdir. Avtomobilin salon hissəsindən əl-barmaq izləri götürülmüşdür. Avtomobilin şüşəsinin sındırıldığı daş isə avtomobilin içərisində qalmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərinə elektron qolbağın olubolmadığını xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 05 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanının qarşısıdır. Hadisə yerində müxətlif markalı avtomobillər saxlanılmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. “İfadənin yerində yoxlanılması haqqında” 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, ifadə yerində yoxlanılarkən X12 bildirmişdir ki, X9 bildirdi ki, 05 iyun 2021-ci il tarixdə avtomobildən oğurluq etdiyi Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsində yerləşən 79 saylı beş mərtəbəli bina evininin həyətini göstərə bilər. Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsində yerləşən 79 saylı beş mərtəbəli bina evininin həyətinə gəldikdən sonra Amil Mahmudov 05 iyun 2021-ci il tarixdə saat 04 radələrində ‘Toyota Corola” markalı, **-AH-*** nömrəli avtomobilin dayandığı yeri göstərib bildirmişdir ki, həmin ünvanda həyətdən keçən zaman binanın qarşısında qara rəngli “Toyota Corola” markalı, **-AH-*** nömrəli avtomobilin sahibsiz dayandığını görüb həmin avtomobilə yaxınlaşdım və üzərində olan alışqanın arxa tərəfindəki işığı yandırıb avtomobilin içərisinə göz gəzdirmiş və avtomobilin arxa oturacağında əl çantasını görüb oğurluq etmək qərarına gəlmişdir. Buna görə də yerdən daş götürüb avtomobilin qabaq sol qapısının sürücü tərəfindən olan şüşəsini daşla bir neçə dəfə vurduqdan sonra şüşəni sındırmışdır. Həmin vaxt ətrafda heç kəs olmamışdır. Arxa şüşələr plyonkalı olduğundan sındırılması çətin olmuşdur. Buna görə də o, qabaq şüşəni sındırmışdır. Qapının şüşəsini sındırdıqdan sonra qapını açmış və arxa oturacaqda olan əl çantasında pul olduğunu görüb pulu götürmüşdür. Əl çantasını yenidən yerinə qoymuşdur. Daha sonra sürücü tərəfdə olan qoltuq altı əşya qutusunun qapağını açıb oradan içərisində pul və sürücülük vəsiqəsi olan pul qabını, yaddaş kartını, “AirPods” qulaqcığı, “Mont Blanc” markalı qələmi götürüb oradan qaçaraq Ayna Sultanovaya doğru getmişdir. Ayna Sultanova tərəfdən yolu əks tərəfə keçib markasını və dövlət nömrə nömrə nişanını xatırlamadığı taksi avtomobili saxladıb taksi ilə “Neftçilər” metrostansiyasına tərəf getmiş və yaxınlıqda olan binalardan birinin blokuna daxil olmuş və “Bottega Veneta” markalı pul qabında 700 avronun, 481 ABŞ dolların, 5000 rus rublunun, 2652 manat pulun olduğunu görüb həmin pulları yenidən pul qabına yerləşdirib cibimə qoymuşdur. Əl çantasından götürdüyü pulu saydıqda həmin pulun 17020 manat olduğunu görmüşdür. Pul qabında bundan başqa Zərərçəkmiş şəxsna aid olan sürücülük vəsiqəsinin, “Kapital Banka” və “Respublika Banka” aid pul kartının, yaddaş kartının olduğunu görüb həmin vəsiqə, yaddaş kartı və pul kartı ona lazım olmadığından onları tanımadığı binanın qarşısında zibil qabına atmışdır. Markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi avtomobili ilə həmin yerdən yaşadığı Çerment qəsəbəsində aylıq 150 manata kirayə tutduğum evə getmişdir. İki üç gün sonra Nərimanov rayonunda Bakond deyilən yerdə beş mərtəbəli bina evindən kirayə mənzil götürmüş və oğurlamış olduğu puldan 850 manat kirayə haqqı olaraq mənzil sahibinə verib həmin mənzildə 2-3 ay yaşamışdır. Qalan pulları həbs olunana kimi öz ehtiyaclarına xərcləmişdir. Tutulmazdan əvvəl o, Çerment qəsəbəsində aylıq 150 manat kirayə haqqı olan evdə yaşamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-380/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddəti həddində, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 08 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi hökmdən xaric edilmiş və Təqsirləndirilən şəxs 05 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş və ona qəti olaraq 02 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 2744 nömrəli “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzası 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-86/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilmiş və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(005)-226/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-86/2020 nömrəli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbsə alınmış və cəzaçəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-311/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna qaytarılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 22 noyabr 2022-ci il tarixli, 21-1/3-19912 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Nərimanov rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürülmüşdür və cəza müddətinin əvvəli həmin tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 7(005)-226/2021 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-86/2020 nömrəli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir və məhkum xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 21 noyabr 2022-ci il tarixli, 21/4-1001 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hərəkət trayektoriyasından göründüyü kimi xx.xx.2021-ci il tarixdə sözügedən nəzarət subyektinə tətbiq edilmiş mobil nəzarət qurğusunun koordinatları ünvan 6 ünvanında və onun yaxınlığında göstərir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, göstərilən ünvanda oğurluq etmədiyini, polis bölməsində ona psixi təsir göstərildiyini, bu səbəbdəndə etirafedici ifadələri imzaladığını, ifadələrinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan imzalandığını, həmin ifadələrin onun sözlərindən yazılmadığını, hadisə yerində olan foto şəkillərinin polis əməkdaşı tərəfindən göstərilən yerə əlini uzadaraq çəkildiyini, ifadənin yerində yoxlanılmasının formal həyata keçirildiyini, onun həmin ünvana əməliyyatçılar tərəfindən aparıldığını, hadisə yerindən oğurlanmış “Mont Blanc” markalı qələmi ögey qardaşına həddiyyə etməməsini, hadisə törədildiyi gün, yəni 05 iyun 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 79 ünvanında olmadığını, həmin tarixdə yaşadığı ünvanda olduğunu, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və həmin dövrdə də onun üzərində elektron nəzarət vasitəsinin olduğunu bildirmişdir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin ifadəsində hadisə törədildiyi gün, yəni 05 iyun 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 79 ünvanında olmadığını, həmin tarixdə yaşadığı ünvanda olduğunu, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və həmin dövrdə də onun üzərində elektron nəzarət vasitəsinin olduğunu bildirməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatla bağlı oğurluq hadisəsinin baş verdiyi gün Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilib-yetirilməməsi (o cümlədən 05 iyun 2021-ci il tarixdə) ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Bakı Şəhər Probasiya İdarəsinə sorğu verilmişdir. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 21 noyabr 2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə ünvan 6 ünvanında və onun yaxınlığında olması göstərilir, onun Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 79 ünvanında olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlaşahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. Belə ki, Şahid1 ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə bu oğurluq hadisəsindən məlumatlı olmamışdır. Oğurluq hadisəsinin bilavasitə Təqsirləndirilən şəxs tərəfindən törədilməsini görməmişdir. İbtidai istintaq dövründə xəstə olduğundan və ev şəraitində müalicə aldığından ibtidai istintaq orqanında ifadə verə bilməmişdir və ona görə də müstəntiqin köməkçisi kimi təqdim edilən şəxs tərəfindən ona yaşadığı ünvanda ağ kağız verilmiş, o isə həmin kağıza imza etmişdir. İçərisində heç nə qeyd olunmayan, ağ kağıza imza etdiyindən müstəntiq tərəfindən tərtib edilmiş protokolda ifadəsində nələr qeyd edildiyini və həmin kağızda nələr yazıldığını da məhz bu səbəbdən bilməmişdir. Bu hal məhkəmə iclasında şahid qismində dindirilmiş onun qardaşı Şahid2 və əmisi Şahid3 tərəfindən verilmiş ifadələri ilə təsdiq edilmiş və onlar bildirmişlər ki, həqiqətən də həmin dövrdə Şahid1 xəstə olmuş və ev şəraitində müalicə almışdır. Bu səbəbdən ifadə vermək üçün ibtidai istintaq orqanına getməmiş və bir nəfər şəxs özünü müstəntiqin köməkçisi kimi təqdim edərək onların yaşadığı ünvana gələrək ağ kağıza imza etdirmişdir. Bundan başqa Şahid1 ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona “Mont Blanc” markalı qələm hədiyyə edilmədiyini və ibtidai istintaq orqanında kompyuter vasitəsi ilə tərtib edilmiş ifadəsində belə bir halın nə səbəbdən qeyd edilməsinə dair heç bir fikrinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs tərəfindən “Mont Blanc” markalı qələmin Şahid1 hədiyyə etmədiyini, yəni belə bir halın baş vermədiyini və oğurluq hadisəsindən sonra ümumiyyətlə Alimi görmədiyini və onunla görüşmədiyini qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə təkrarən şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs tərəfindən oğurlanan pul qabını Təqsirləndirilən şəxs onun evində olan əşyaların arasından tapdığını bildirərək məhkəməyə təqdim etsə də, məhkəmə iclasında zərərçəkmiş şəxs həmin pul qabının ona aid olmamasını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs statusunda olduğu zaman verdiyi “etirafedici” ifadələrindən görünür ki, həmin ifadələrin hər biri sanki eyni qaydada, sadəcə oğurluğun törədildiyi yer və oğurlanmış əmlakların siyahısı dəyişdirilməklə komputer vasitəsi ilə yazılmış, Təqsirləndirilən şəxs həmin ifadələrin sonunda öz əlyazması ilə hər hansı qeyd yazılmasına şərait yaradılmamış, onun adından əl yazma ilə “İfadə mənim sözlərimlə yazıldı, əlavəm yoxdur, doğrudur və imzamla təsdiq edirəm” cümləsi yazılmaqla həmin ifadələr sadəcə onun tərəfindən imzalanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Mahmudov orta məktəbdə təhsilini rus dilində almışdır. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs həm şübhəli şəxs həm də təqsirləndirilən şəxs statusunda olarkən vermiş olduğu ifadələrinin sonunda öz əlyazması ilə “İfadə mənim sözlərimlə yazıldı, əlavəm yoxdur, doğrudur və imzamla təsdiq edirəm” cümləsini yazmasını inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ittiham aktı təsdiq edilərək məhkəməyə göndərildikdən sonra, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, milliyyətcə ləzgidir, rus dilində təhsil almış, azərbaycan dilində tam başa düşə bilmir. Buna görə də, cinayət mühakimə icraatının aparıldığı dili bilmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiə hüququ pozulduğundan cinayət işi üzrə icraata xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999- V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X1rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi olmuşdur. Halbuki, Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o ifadəsində əmlakının oğurlanması faktını göstərərək təsdiq etsə də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişdir. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxsin cinayəti törətmiş şəxsi görməməsi və həmin cinayətin kim tərəfindən törədilməsini bilməməsi tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlakından məhrum edilmiş zərərçəkmiş şəxsin mənafeyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxsin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onun əmlakını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs ona məxsus əmlakın oğurlanması ilə bağlı polis orqanına müracət etdiyini təsdiq etsə də, oğurluğun kim tərəfindən törədildiyini bilmədiyini, Təqsirləndirilən şəxs ilk dəfə gördüyünü bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadə sadəcə ona məxsus əmlakın oğurlanması faktını təsdiq etməklə ifadədə göstərilmiş bir xüsusat belə oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan verməmişdir. Bununla yanaşı, istintaq orqanının sübut qismində istinad etdiyi “İfadənin yerində yoxlanılması”na dair protokola münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı müstəntiqin və müdafiəçinin həmin istintaq hərəkətində iştirak etmədiyini, onun əməliyyatçılar tərəfindən hadisə yerinə aparılaraq fotoşəkillərinin çəkildiyini və onların öyrətdikləri qaydada əlini həmin yerə uzadaraq fotoşəkillərinin çəkilməsinə şərait yaratdığını bildirmişdir. Belə ki, ifadənin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş fotoşəkillərdən həmin istintaq hərəkətinin keçirilməsində yalnız Təqsirləndirilən şəxs və polis nəfərinin iştirak etməsi, müstəntiqin və təqsirləndirilən şəxsin müdafiəçisinin iştirak etməsi müəyyən olunmur. İstintaq orqanın istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokoludur ki, məhkəmə qeyd edir ki, həmin protokol özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxs tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəd olmaqla, hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Bununla yanaşı, hadisə yerinə baxış keçirilməsi ilə bağlı məhkəmənin diqqətini çəkən məqam ondan ibarətdir ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi 79 ünvanın qarşısı olması müəyyən edilmiş, hadisə yerindən heç bir maddi sübut aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilməsi zamanı kriminalist-ekspert dəvət olunaraq hadisə yerindən əl-barmaq izləri götürülsə də, lakin cinayət işinin materiallarında ekspertin iştirak etməsinə və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əlbarmaq izlərinin götürülməsinə dair hər hansı sübut yoxdur. Həmçinin, məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin təhqiqatçısı X6 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X8 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində hadisə yerinə baxış keçirilən zaman ekspert tərəfindən hadisə yerindən əl-barmaq izlərinin götürüldüyünü bildirmişlər. Göründüyü kimi, istintaq orqanı tərəfindən iş üzrə qanunla müəyyən edilmiş qaydada araşdırma aparılmadan, hadisə yerinə baxış protokolunda göstərilməsi zəruri olan məlumatlar göstərilmədən, hadisə yerindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əl-barmaq izlərinin götürülməsinə dair hər hansı sübutun olmaması nəzərə alınmadan sadəcə formal hazırlanmış sənədləri toplayaraq məhkəməyə təqdim etməklə kifayətlənmişlər. Göstərilənlər onu deməyə əsas verir ki, istintaq orqanı sadəcə formal sənədlər tərtib etmiş, müvafiq olaraq cinayət prosesi iştirakçılarının öz hüquqlarını lazımi səviyyədə bilməməsindən istifadə edərək onlar tərəfindən imzalanmasını təmin etməklə və müvafiq sənədləri məhkəməyə göndərməklə kifayətlənmiş və həmin sənədlər əsasında şəxsə ittiham elan edilməsini məqbul hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, həmin sübutların hər biri məhkəmə istintaqı zamanı tamamilə təkzib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 177.2.4 və 326.2-ci maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Əsas qanunun 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4 və 326.2ci maddələri ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən ********* saylı cinayət işinin materialları cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna göndərilməlidir. Eyni zamanda iş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilərək, ona dəymiş maddi zərər 24530.42 manat məbləğində ziyanın mülki cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi xahiş etmişdir. “Məhkəmə Hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li qərarının 74-cü bəndində qeyd olunmuşdur ki, bəraət hökmü CPMin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi yetirilməməsinə görə bəraət verildiyindən cinayət işi üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.1.2, 42.1.4, 42.2.2, 56, 62, 346-347, 349, 350, 352-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 24530,42 manat məbləğində ziyanın tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən ********* saylı cinayət işinin materialları cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 79 iş saatına görə 474 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar