Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-410/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Qoşqar Cəlal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. X2 tərəfindən telefonda “votsap” vasitəsilə müxtəlif vaxtlarda təhqir olunmuşdur və mütəmadi olaraq hədə-qorxuya məruz qalır. Bununla əlaqadar olaraq tərəfindən Daxili İşlər Nazirliyinə və prokurorluq orqanlarına müraciət edərək hədə-qorxuya məruz qalması, ölümlə hədələnməsi və təhqir olunması barədə müraciət edilmişdir. Müraciəti Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində araşdırılmış, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Cavab məktubundan görünür ki, araşdırılma çox səthi aparılmış, ona edilən təhdid və hədə qorxular ətraflı araşdırılmamışdır. Lakin Nəsimi RPİ-nin 20-ci Polis Bölməsi tərəfindən qərar mahiyyətində məktub daxil olmuşdur. Məktubda da təhqir edilmə faktının öz təsdiqini tapdığı bildirilmişdir. Sənədlər əlavə edilir. Yuxarıda qeyd edilənlərlə yanaşı bu müraciətə əlavə etdiyi flaş kartdakı səs yazılarından SƏS 1 faylındakı “Təhdid” faylında səs bütünlüklə təhdiddən ibarətdir və bu səs müxtəlif votsap qruplarında paylaşılmışdır. SƏS 1 faylında “Təhqir” adlı səs faylında 6-8-ci dəqiqələrdə onun dolayısı ilə adı çəkilməklə Xəyyam adlı ümumi tanışları vasitəsilə o da təhqir olunur. Xəyyam adlı şəxsi də məhkəmədə xüsusi ittihamçı kimi cəlb etmək mümkündür. SƏS 2 faylındakı “Təhqir” faylında 7-9-cü dəqiqələrdə ona qarşı təhqirə yol verilmişdir. Həmin SƏS 2 faylının “Təhqir” adlı səs faylında 8:40-cı saniyəsində “təhqir” edilir. Bu səslər də vatsap qruplarda paylaşılmışdır. Eyni zamanda bu səs yazıları isə müxtəlif qruplarda paylaşılmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X8 və və onun nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili X6 verilmiş şikayəti tam müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmişdir, məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri tədqiq edərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs “Whatsapp” platformasında X10 tərəfindən müxtəlif vaxtlarda təhqir olunmuşdur. Məhkəmə hesab edir ki, “Whatsapp” platforması Azərbaycan Respublikasında qeydiyyatda alınmadığından, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin yaşayış yeri üzrə baxılmalıdır. İş materiallarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 ünvan 2 ünvanında yaşayır. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə məhkəmə yuxarıda sadalananları və qanunvericiliyin tələbləri baxımından hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-410/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-410/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver