Məhkəmə qərarları › İş №1(005)-413/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-413/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-413/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi ilə, Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs X2, Müdafiəçi – Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 25 avqust 1990-cı il tarixdə Rusiya Federasiyasının Orenburq Vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Çaxırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X7 xüsusi ittihamçı X6 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X7 xx.xx.2024-cü il tarixində “Qafqazinfo.az” xəbər portalında X3, yəni anasının Cəvahir adlı şəxslə əlbir olaraq atasını qətlə yetirməsi məzmunda xəbərlər paylaşaraq yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu Çaxırlı kənd sakini X7 media, kütləvi informasiya vasitəsi olan «Qafqazinfo.az» saytında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan böhtan xarakterli məlumatları yayaraq onu xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, həmin saytda xx.xx.2024cü il tarixdə “Anam dedi ki, tez qayıt, atana iynə vurdum, öldü” başlıqlı məqalə verilmişdir. Həmin məqalədə «Şahnami Xiləlzadə iddia edib ki, atasını anası Şəhla Əkbərova bibisi Cəvahirlə əlbir olaraq qəsdən iynə vuraraq qətlə yetirib» ifadələri işlədilmişdir. Belə çıxır ki, Şahnami Xiləlzadə məni bir qrup şəxslə qəsdən adam öldürməkdə ittiham edir. Bu əmələ görə isə Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən CM-nin 120.2.1-ci maddəsi xüsusilə ağır cinayət hesab edilir. Bu məlumatlar isə təbii ki, həqiqətə uyğun olmamaqla və barəsində mənfi fikir formalaşdırmaqla onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Belə ki, «Qafqazinfo.az» saytından görünür ki, yeddi minə yaxın insan bu məqaləni oxumuşdur. Nəticədə barəsində onu tanıyan şəxslər barədə mənfi rəy yaranmaqla şərəf və ləyaqətini ləkələnmiş, ona mənəvi ziyan dəymişdir. Halbuki bundan öncə qeyd olunan xüsusat üzrə Masallı Rayon Prokurorluğunda araşdırma aparılmış və göstərilən xüsusatlar təsdiq olunmadığından 20 may 2024-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Göründüyü kimi Şahnami Xiləlzadə onu xüsusilə ağır cinayətdə ittiham etməklə barəsində şərəf və ləyaqətini ləkələyən yuxarıda göstərilən böhtan xarakterli məlumatları mediada, kütləvi informasiya vasitəsi olan «Qafqazinfo.az» saytında yaymışdır. Bu da Şahnami Xiləlzadənin həmin məlumatların yalan olduğunu biləbilə kütləvi mediada, informasiya vasitəsində yayaraq ona xüsusilə ağır cinayətdə ittiham edərək böhtan atdığını göstərir. Bu cür əməlləri qəsdən törətmiş şəxs barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılması və məsuliyyətə cəlb olunması zəruridir. Yuxarıda qeyd edilənlərə əsasən X2 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində hökm çıxarılaraq cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X7 ifadə verərək xüsusi ittihamçı tərəfindən ona verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək qeyd etmişdir ki, “Qafqazinfo.az” xəbər portalında qeyd edilən məzmunda məlumatlar paylaşmışdır. Belə ki, o, verdiyi müsahibədə taxıl sahələrinin başqaları tərəfindən ələ keçirilməsini bildirmişdir. Atasının ölümü ilə bağlı Masallı rayon prokurorluğuna müraciət etmiş və orada araşdırma başlanılmışdır. Yekun olaraq heç bir böhtan atmadığını söyləmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Masallı rayon prokurorluğunda atasının ölümü ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanması rədd edilmişdir Həmin qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Lakin o, qərarı avqust ayında əldə etmişdir. Qərarı avqust ayında əldə etməsinə dair sübutu yoxdur. “Qafqazinfo.az” xəbər portalında isə müsahibəni xx.xx.2024-cü il tarixdə vermişdir. Onun atasının ölümündən beş ay sonra şikayət etməsi və müsahibə verməsinə səbəb anasının bibisi ilə əlbir olub onu yaşamağa qoymaması olmuşdur. O, evə gələn zaman atasının öldüyünü görəndə qışqır bağır salmış həkimlər gələrək ona iynə vurub sakitləşdirmişlər. Həmin an özündə olmamışdır. Hər şeyin yuxu olduğunu düşünmüşdür. Həmin vaxtı, yəni atası öləndə atasının belə qəsdən öldürüldüyünü başa düşməmişdir. Anasının atana iynə vurdum öldü sözünü qavraya bilməmişdir. Beş ay sonra qərara gəlmişdir ki, anası ilə bibisi əlbir olub onun atasını öldürüb. Xəbər saytında ilk cümləsinin taxıl sahələrinin ələ keçirilməsi ilə bağlı olmasını ona görə bildirmişdir ki, həmin taxıl sahələrində o, atası ilə birgə illərdir can qoymuş və işləmişdir. Atası öldükdən sonra bibisi anası ilə əlbir olub taxıl sahələrini ələ keçirmək istəmişdir. Onun həmin torpaq sahələrində əziyyəti var. Taxıl sahələri ələ keçirilməsə idi o, yenə də anasından şikayətçi olacaqdı. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X6 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, yoldaşı öldükdən beş ay sonra oğlu, yəni X7 onun saçından sürüyərək evdən atmışdır. Bu zaman ona qızları sahib çıxmışdır. Oğlu onu yalnız evin içində deyil, bütün dünyanın görəcəyi səviyyədə rüsvay etmişdir. Belə ki, xəbər saytında onu atasını öldürməklə ittiham etmişdir. Bu barədə prokurorluq orqanında araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Oğlu onu döyüb saçını yolan zaman o, şikayət etməmiş və övladı olduğundan onu bağışlamışdır. Lakin oğlu onun barəsində ağır ittihamlarla xəbər saytında çıxışlar etmişdir. Bundan sonra o, oğlunun barəsində xüsusi ittiham qaydasında şikayət etməli olmuşdur. X1 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Qafqazinfo.az" xəbər portalından əldə edilmiş çıxarışdan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə xəbər saytına müraciət edərək ona qalmış 300 hektara yaxın taxıl sahəsinin başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia etmişdir. Daha sonra ötən ilin dekabrında atasının müəmmalı şəkildə olmasını qeyd etmişdir. Verdiyi müsahibədə bildirmişdir ki, xx.xx.2023-cü il tarixində bibisi Şəhla Abdullayevə ona zəng edərək onu ailəsi ilə birgə qonaq çağırmışdır. O, ailəsini də götürüb bibisigilə getmişdir. 30-40 dəqiqə sonra anası atasının telindən zəng edərək evə qayıtmasını, iynə vurduqdan sonra atasının öldüyünü bildirmişdir. O, ayağıyalın evə qaçmış və çatan zaman atasının öldüyünü görmüşdür. Atasının nəşini xəstəxanaya aparmışdır. Başda kiçik bibisi olmaqla atasının meyidinin yarılaraq ölüm səbəbini öyrənməyə qoymamışlar. O, iddia edir ki, atasını kiçik bibisi ilə anası əlbir olaraq qəsdən iynə vuraraq qətlə yetirmişdir. Masallı rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Masallı rayonu Çaxırlı kənd sakini X8 xx.xx.2023-cü il tarixdə ölməsi faktı ilə əlaqədar araşdırma aparılmış və toplanmış 276-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışında tədqiq edilən “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X2 himayəsində 02 azyaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Cinayət Məcəlləsinin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən xüsusi ittihamçının ifadəsi, xəbər saytından çıxarış və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Məhkəmə məqalədəki məlumatları araşdıraraq hesab edir ki, qeyd olunanlar X6 haqqında cəmiyyətdə, işgüzar fəaliyyətində və onu tanıyanlar arasında haqqında mənfi rəy yaranmasına və gözdən düşməsinə səbəb ola bilən məlumatlardır. İş üzrə təsvir olunanlardan görünür ki, “Anam kiçik bibim ilə əlbir olub qəsdən atamı öldürmüşdür” kimi məlumatları heç bir sübuta söykənmir. Bununla yanaşı təqsirləndirilən şəxs yayılan məlumatların həqiqəti əks etdirməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Masallı rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 atasının ölümü ilə bağlı araşdırmanın nəticəsi olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və atasının ağ ciyər və ürək çatışmazlığından ölməsi faktı öz təsdiqini tapmışdır. Bundan 22 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs xəbər saytında anasına yalan olduğunu biləbilə böhtan ataraq atasını öldürdüyünü iddia etmişdir. Halbuki atasının ağ ciyər və ürək çatışmazlığından ölməsi faktı artıq xx.xx.2024-cü il tarixdə təsdiqlənmişdir. Beləliklə, təqsirləndirilən şəxs X7 özünü 147.2-ci maddə ilə bağlı, yəni böhtan atma ilə bağlı təqsirli bilməsə də, onun təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş materiallarına əlavə edilmiş “Qafqazinfo.az” saytından əldə edilmiş çıxarışla və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 147.2-ci maddəsi ilə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, “böhtan və təhqir arakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X7 cəza təyin edərkən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, himayəsində 02 azyaşlı övladının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən X7 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X5 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xəqani qızına sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli X2 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası X2 yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xəqani qızına sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar