Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-415/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X6 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X12 istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 9,357 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 18 ünvanının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Baloğlan Atanov 05 iyun 2022-ci il tarixdə saat 22.30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 3 Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 23.28-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarının sağ arxa cibindən üç ədəd şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,84 qram, 2,210 qram, 2,270 qram və dörd ədəd şəffaf sellofan bağlamada olan kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,399 qram, 0,370 qram, 0,378 qram və 0,890 qram olmaqla ümumilikdə yeddi bükümdə 9,357 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, 05 iyun 2022-ci il tarixdə günorta vaxtlarında vaxtı “Əcəmi” adlanan ərazidə zibil qutularının yaxınlığından bir neçə bükümdə narkotik vasitə qurudulmuş marixuana tapmış, həmin bükümləri özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 22:30 radələrində Nəsimi rayonu, Cavadxan küçəsində piyada hərəkətdə olduğu zaman ona üç nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirməklə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, orada ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “nəşə” kimi tanıdığı narkotik vasitələr olduğunu etiraf edərək əynində olan idman şalvarının sağ arxa cibindən üç ədəd şəffaf sellofan bağlamanı və dörd ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən aşkar olunmuş üç ədəd şəffaf sellofan bağlamanın və dörd ədəd ağ rəngli kağız bükümün içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin üç ədəd şəffaf sellofan bağlamanın və dörd ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunan bükümlərin və bağlamaların özünə məxsus olduğunu, təxminən 5-6 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunanları “Əcəmi” adlanan ərazidə zibil qutularının yaxınlığından tapdığını, şəxsi istifadə üçün götürərək özündə saxladığını, onun narkotik vasitələri satmaq niyyətinin olmadığını, yalnız özü üçün istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş 03 ədəd şəffaf sellofan bağlamanın və 04 ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitə marixuana 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək imzalanmışdır. Sonda təqsirləndirilən şəxs X12 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 05 iyun 2022-ci il tarixdə Baş İdarəyə daxil olmuş məlumatda X6 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla Baş İdarənin rəhbərliyinə məruzə edilərək həmin şəxslərin cinayət əməllərinin ifşa olunmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 05 iyun 2022-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 22:30-da Nəsimi rayonu, Cavadxan küçəsi, ev 18 ünvanının qarşısında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Baloğlan Atanov ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. X6 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 iyun 2022-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə Baloğlan Atanov barəsində 05 iyun 2022-ci il tarixdə saat 23:28-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X8 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Baloğlan Atanov buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Baloğlan Atanov üzərində “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu etiraf edərək əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu, əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 223 manat nağd pul vəsaitlərini, əynində olan tünd göy rəngli idman şalvarının sağ arxa cibindən 03 ədəd şəffaf sellofan bağlamanı və 04 ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baloğlan Atanovun üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bağlamanın və 04 ədəd ağ rəngli kağız bükümün içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin 03 ədəd şəffaf sellofan bağlamanın və 04 ədəd ağ rəngli kağız bükümün içərisində tünd spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər maddələr olmuşdur. Şifahi sorğu zamanı Baloğlan Atanov üzərindən aşkar olunan bükümlərin və bağlamaların özünə məxsus olduğunu, təxminən 5-6 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunanları Nəsimi rayonu, “Əcəmi” adlanan ərazidə zibil qutularının yaxınlığından tapdığını, şəxsi istifadəsi və satışı ilə məşğul olmaq üçün götürərək özündə saxladığını, maddi durumunun zəif olduğu üçün narkotik vasitə satmaq qərarına gəldiyini, tapdığı narkotik vasitələrdən 01 ədəd şəffaf sellofan bağlamadan tanımadığı şəxsə 40 manata satdığını, 01 ədəd kağız bükümdə olandan isə özü istifadə etdiyini bildirmişdir. Şəxsi axtanş davam etdirilərkən Baloğlan Atanovun üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Baloğlan Atanovdan aşkar olunmuş 03 ədəd şəffaf sellofan bağlamanın və 04 ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik marixuanaya bənzər maddələr 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüş, 223 manat nağd pul vəsaiti iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Baloğlan Atanovun özünə qaytarılmışdır. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakılara ucadan oxunmuş və heç bir şikayət və vəsatət daxil olmayaraq iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Mehdi oğlu digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 05 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X12 05 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-30-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Baloğlan Atanov 05 iyun 2022-ci il tarixdə saat 22.30da qeyd olunan ünvanda saxlanılaraq ünvan 3 Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 23.28-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli idman şalvarının sağ arxa cibindən üç ədəd şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,84 qram, 2,210 qram, 2,270 qram və dörd ədəd şəffaf sellofan bağlamada olan kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,399 qram, 0,370 qram, 0,378 qram və 0,890 qram olmaqla ümumilikdə yeddi bükümdə 9,357 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/581 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 ədəd şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,84 qr, 2,210 qr, 2,270 qr və 4 ədəd sellofan bağlamada olan kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,399 qr, 0,370 qr, 0,378 qr və 0,890 qram ümumi çəkisi 9,357 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələri olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 77-79-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X6 barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X12 barəsində cinayət işi üzrə məhkəmyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 05 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 89-90-cı vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 9,077 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilməsi qərara alınmışdır. Cinayət işinin 99-cu vərəqində olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, X12 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 101-ci vərəqində olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 201282 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X9 atası kimi X10, anası kimi isə X13 qeyd edilmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X12 əvvəllər məhkum edilmişdir. Belə ki, o, Fizuli-Qubadlı Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi, 242-ci maddəsinin “A” bəndi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və əmlakı müsadirə olunmaqla 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə əməli CM-in 334.1, 177.3.2, 38-ci maddələrinə tövsif edilib, cəza müddəti dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 Şəxsinin Ambulator X4 xx.xx.2022-ci il tarixli, 3200 nömrəli rəyindən görünür ki, X1 periodik istifadə etmə halları olub. Hal-hazırda X7 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 127-131-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, X6 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müayinə sənədindən görünür ki, X7 polimeraz zəncirvari reaksiya üsulu ilə “Hepatit C” virusu təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ambulator müayinə sənədindən görünür ki, X8 “ağ ciyərlərin vərəmindən sonrakı qalıq əlaməti” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında X6 üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən X6 əynindəki göy rəngli idman şalvarının sağ arxa cibindən ümumilikdə yeddi bükümdə narkotik maddələr olan qurudulmuş marixuananın aşkar olunduğu müəyyən edildi. Həmçinin, həmin diskə baxış keçirərkən müəyyən edilmişdir ki, X12 üzərinə baxış keçirilən zaman ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur, şəxsi istifadə məqsədilə götürmüşdür, lakin sonra pulu olmadığı üçün birini satmışdır. Həmin bir bükümü 40 manata tanımadığı şəxsə satmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X6 törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X12 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X6 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X6 əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, X8 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - X6 üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, Müdafiəçi 08 iyul 2022 – 05 sentyabr 2022-ci il tarixində keçirilmiş 7 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə X6 müdafiəsi üçün 25 vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X8 göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 05 iyun 2022-ci il tarixdən hesablansın. X12 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X12 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 9,077 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - X6 üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 88,00 (səksən səkkiz) manat X5 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X11, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-415/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-415/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver