Məhkəmə qərarları › İş №1(005)-416/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-416/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-416/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 may 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MMCnin Nərimanov filialına müştəri qismində daxil olaraq, vitrində olan 01 (bir) ədəd 3.100 (üç min bir yüz) manat dəyərində «Apple» markalı «İPhone 11 pro» 256 GB modelli smartfon tipli mobil telelonu gizli olaraq talayıb "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmədiyinə və bu səbəbdən pula ehtiyacı olduğuna görə oğurluq etmək məqsədilə 03 may 2021-ci il tarixdə saat 19 radələrində Nərimanov rayonu, Təbriz küçəsi, 79 ünvanında yerləşən "xxxx" MMC-nin Nərimanov filialına müştəri kimi daxil olmuşdur. Həmin vaxt guya özünə «Apple» markalı «İPHONE 11 pro» modelli telefon almaq istəyən kimi göstərərək əvvəlcə vitrində olan telefonlara baxmış, sonra isə mağazada satcı qızla söhbət etmiş və ona telefon barədə suallar vermişdir. Təxminən beş dəqiqə mağazada olmuş və satıcı qızın başının qarışmasından istifadə edərək vitrində olan «Qrin» rəngli, üzərində 3.100 manat qiyməti yazılmış «Apple» markalı «İPhone 11 pro» 256 GB modelli smartfon tipli mobil telefonu gizli olaraq vitrindən götürüb baxmış və satıcı qız bunu görmədiyi üçün həmin telefonu əynindəki şalvarının sağ arxa cibinə qoymuş, sonra isə satıcı qıza 1-2 sual verərək mağazadan çıxıb hadisə yerindən qaçıb uzaqlaşmışdır. Oğurladığı həmin telefon aparatını «Papanin körpüsü» adlanan yerdə tanımadığı şəxsə öz telefonu kimi təqdim edib 500 manata satmış, əldə etdiyi pulu isə öz şəxsi tələbatlarına sərf edib xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2021-ci ildən "xxxx" MMC-nin hüquq departamentində böyük hüquqşünas vəzifəsində işləyir, departamentin hüquqşünası kimi vəzifə borcu MMC-ni məhkəmə və hüquq mühafizə orqanlarında hüquq və mənafeyini təmsil etməkdən ibarətdir. 03 may 2021-ci il tarixdə saat 19 radələrində "xxxx" MMC-nin Nərimanov filialında yerləşən mağazaya təxminən 35-40 yaşlarında, ağız nahiyəsində tibbi maska olan kişi cinsli bir şəxs daxil olaraq birinci mərtəbədə stolların üzərində xüsusi siqnalizasiya sisteminə qoşulmuş «İphone» markalı mobil telefonları gözdən keçirmişdir. Həmin vaxt mağazada satıcı işləyən Şahid1 həmin müştəriyə yaxınlaşıb onu müşayiət edərək maraqlandığı mobil telefonla bağlı suallarını cavablandırmış, bir neçə dəqiqə sonra həmin müştəri sakitcə mağazanı tərk edib getmişdir. Müştəri getdikdən sonra satıcı Şahid1 "xxxx" MMC-nin Nərimanov filialının inzibatçısı Şahid2 yaxınlaşıb sözügedən müştərinin maraqlandığı «İphone 11» markalı mobil telefonu oğurladığını bildirmişdir. İnzibatçı Şəfiqə xanım dərhal «İphone» markalı mobil telefonların nümayiş olunduğu stola yaxınlaşıb baxdıqda həqiqətən də bir ədəd 3.100 (üç min yüz) manat dəyərində təzə «İphone 11 pro Qreen» 256 GB markalı smartfon tipli mobil telefonun oğurlandığını aşkar etmişdir. Bununla əlaqədar mağazada mövcud olan videomüşahidə sistemi vasitəsilə qeydə alınmış videogörüntülərə baxdıqda müştəri kimi mağazaya daxil olan həmin şəxsin satıcı Şahid1 başqa müştəri ilə maraqlanmasından istifadə edərək stolun üzərində nümayiş olunan təzə «İphone 11 pro» 256 GB markalı smartfon tipli mobil telefonu xüsusi siqnalizasiya sistemindən ayırıb götürərək oğurladığını və şübhə oyatmamaq üçün Şahid1 yaxınlaşıb bəzi suallar verdikdən sonra sakitcə mağazanı tərk edib getdiyini görmüşdür. Videogörüntülərə baxdıqdan sonra filialın əməkdaşı X4 mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonradan isə inzibatçı Şahid2 həmin günü Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə gedib hadisə ilə bağlı şikayət edərək izahat vermişdir. Hadisədən xəbər tutduqda isə özü də "xxxx" MMC-nin Nərimanov filialının müşahidə kamerasının qeydə aldığı videogörüntüyə baxmış, mağazadan oğurluq zamanı həmin şəxs başqa bir əmlak və ya pul vəsaiti oğurlamamış, baş vermiş oğurluq nəticəsində "xxxx" MMC-yə konkret olaraq 3.100 manat maddi ziyan vurulmuşdur. Sonda zərərçəkmiş şəxs Nümayəndə "xxxx" MMC-yə vurulmuş ziyanın ödənilmədiyini qeyd edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş X7 izahat verərək göstərmişdir ki, "xxxx" MMC-nin Nərimanov filialında satıcı işləyir. 03 may 2021-ci il tarixdə saat 19 radələrində mağazada olan zaman təxminən 35-40 yaşlarında, ağız nahiyəsində tibbi maska olan kişi cinsli bir şəxs mağazaya daxil olub birinci mərtəbədə stolların üzərində xüsusi siqnalizasiya sisteminə qoşulmuş «İPhone» markalı mobil telefonları gözdən keçirməyə başlamış, bu zaman satıcı kimi həmin müştəriyə yaxınlaşaraq onu müşayiət edib maraqlandığı «iPhone 11 pro» 256 GB markalı smartfon tipli mobil telefonun xüsusiyyətləri və qiyməti ilə bağlı suallarını cavablandırmışdır. Sonra mağazada olan digər müştəriyə kömək etmək üçün bir-iki dəqiqəlik həmin şəxsdən aralanmış, bir neçə dəqiqə sonra həmin müştəri mağazada yenidən ona yaxınlaşaraq «İphone 11 pro» 256 GB markalı smartfon tipli mobil telefonun kredit yolu ilə satışı barədə bəzi suallar vermişdir. Heç nədən şübhələnmədiyi üçün onun suallarını cavablandırmış, bundan sonra həmin şəxs minnətdarlıq edərək mağazadan çıxıb getmişdir. Qeyd etdiyi müştəri getdikdən sonra birinci mərtəbədə stolların üzərində xüsusi siqnalizasiya sisteminə qoşulmuş «İPhone» markalı mobil telefonları gözdən keçirdikdə həmin şəxsin maraqlandığı «İPhone 11 pro» 256 GB markalı smartfon tipli mobil telefonun stolun üzərində olmadığını görüb oğurlandığını başa düşmüş, odur ki, dərhal mağazanın inzibatçısı Şahid2 yaxınlaşaraq sözügedən müştərinin maraqlandığı «İPhone» markalı mobil telefonu oğurladığını bildirmişdir. Sonra Şəfiqə xanımın iştirakı ilə mağazada mövcud olan videomüşahidə sistemi vasitəsilə qeydə alınmış videogörüntülərə baxdıqda müştəri kimi mağazaya daxil olan həmin şəxsin onun başqa müştəri ilə maraqlanmağından istifadə edərək stolun üzərində nümayiş olunan təzə «İPhone 11 pro» 256 GB markalı smartfon tipli mobil telefonu xüsusi siqnalizasiya sistemindən ayırıb götürərək oğurladığını və şübhə oyatmamaq üçün ona yaxınlaşaraq bəzi suallar verdikdən sonra sakitcə mağazanı tərk edib getdiyini görmüşdür. Videogörünrtüyə baxdıqdan sonra filialın əməkdaşı X4 mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, sonra Şəfiqə xanım həmin gün Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gedib hadisə ilə bağlı şikayət etmiş, oğurluq nəticəsində "xxxx" MMC-yə 3.100 (üç min bir yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş "xxxx" MMC-nin Nərimanov filialının inzibatçısı vəzifəsində işləyən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 9-10-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 03.05.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Üzeyirbəy Quliyev həmin protokolu ondan ötrü tərtib etmişdir ki, hal şahidləri X5, X1, Şahid2 iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: vətəndaş Şahid2 ərizə ilə müraciət edərək bildirmişdir ki, 03.05.2021-ci il tarixdə saat təxminən 19:03 radələrində işlədiyi Nərimanov rayonu, Təbriz küçəsi 79 ünvanında yerləşən "xxxx" mağazasından naməlum şəxs 1 ədəd 3100 manat dəyərində “İphone 11 pro” markalı mobil telefonu gizli yolla oğurlamışdır. Cinayət işinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 31.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26.05.2014-cü il tarixli, 513 saylı “Əfv” Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin 30-cu vərəqində olan "xxxx" MMC-nin 01 iyun 2021-ci il tarixli məktubundan görünür ki, oğurlanan «Apple İPhone 11 Pro 256 GB Green» markalı mobil telefonun qiyməti 3100 (üç min yüz) manat təşkil edir. Bununla da, "xxxx" MMC-yə 3100 (üç min yüz) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 60-72-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli, 1(004)-251/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 127.2.3-cü madəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 114-118-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-252/2021 nömrəli, 15.06.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanl həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 13 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 141-144-cü vərəqələrində olan “Şəxsin tanınması haqqında” 28.09.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X8 tanıyan şəxs Şahid1, X2, Təqsirləndirilən şəxs, X6, X3 iştirakları ilə tanınmalı olan şəxslər tanıyan şəxsə təqdim edilmişdir. Tanıyan şəxs Şahid1 tanınmalı olan şəxslər sırasından 2ci yerdə dayanmış, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs əli ilə göstərərək bildirmişdir ki, 03 may 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin Nərimanov filialında 3100 manat dəyərində “Apple” markalı, “İphone 11 pro” 256 GB modelli smartfon tipli mobil telefonu gizli yolla oğurlayan həmin şəxsdir. Cinayət işinin 152-ci vərəqində olan “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 28.09.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi X8 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 7 ünvanında yerləşən "xxxx" MMCnin təqdim etdiyi 03 may 2021-ci il tarixdə saat 19 radələrində törədilmiş oğurluq cinayətini əks etdirən videogörüntünün olduğu bir ədəd CD formatlı diski “Dell” markalı kompüterin disk yuvasına daxil etməklə videogörüntüyə monitorda baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntünün mötəbərliyini təsdiq edərək videogörüntüdə əks olunmuş 03 may 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Nərimanov filialında yerləşən mağazasına müştəri qismində daxil olaraq oğurluq edən – ağız və burun nahiyəsi tibbi maska ilə örtülmüş kişi cinsli şəxsi monitorda göstərərək, həmin şəxsin məhz o, özü olduğunu bildirmişdir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Cinayət işinin 177-185-ci vərəqələrində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Nərimanov filialının təqdim etdiyi bir ədəd CD diskin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli, 1(007)-317/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının 13 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli, 1(007)-317/2021 nömrəli hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməli həmin məhkumluğun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 13 iyun 2021-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə cəza çəkməsi və onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq cinayətini əks etdirən videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 3.100 (üç min yüz) manat maddi ziyan və iddia ərizəsinin verilməsi üçün 51 (əlli bir) manat dövlət rüsumunun əvəzinin alınıb Cəmiyyətin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə iclasında çıxış edərkən mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə mülki iddiasında tələb etdiyi Təqsirləndirilən şəxs tərəfindən MMC-yə 3.100 (üç min yüz) manat məbləğində maddi ziyan vurulduğunu, iddia ərizəsi üçün 51 (əlli bir) manat dövlət rüsumu ödənildiyini və cəmiyyətə vurulmuş ziyandan heç bir məbləğin ödənilmədiyini bildirərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası tam təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 3.100 (üç min yüz) manat maddi ziyan və 51 (əlli bir) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, Müdafiəçi 03 noyabr 2021-ci il – 16 dekabr 2021-ci il tarixlərdə keçirilmiş 5 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 1(007)- 317/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 13 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə cəza çəkməsi və hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 3.100 (üç min yüz) manat maddi ziyan və 51 (əlli bir) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq cinayətini əks etdirən videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar