Məhkəmə qərarları › İş №1(005)-416/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-416/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-416/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, «İNV” MTKdan xx.xx.2005-ci il tarixində hələ həmin tarixdə tikilməyən tikinti aparılmasına icazəsi olan MTK-dan ilkin olaraq tikilməyən binada öz adına həmin MTK ilə Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 18-də yerləşmiş MTK "xxxx"-nın tikilməkdə olan binasında “A” blokunda, 3 otaqlı, ümumi sahəsi 145.12 kv.m olan, ümumi dəyəri 65304 ABŞ dolları olan 3-cü mərtəbə 10 saylı mənzil müqaviləsi bağlanmışdır və ümumi məbləğdən 15000 ABŞ dolları məbləğində pul vəsaiti də ilkin olaraq 2005-ci ildə ödənilmişdir. Sonradan «İNV” MTK-nın ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında yaranmış torpaq mübahisəsi nəticəsində Bakı Şəhər İcra Hakimiyyəti «İNV” MTK-nın xx.xx.2004-cü il tarixli 323 saylı sərəncamı xx.xx.2005-ci il tarixli 331 saylı sərəncamla ləğv edir, tikinti dayandırılır və bina tikilmir. Onun ilkin olaraq həmin «İNV” MTK-nın ilə olan 10 saylı mənzil üzrə müqaviləsi öz qüvvəsində qalır. Sonradan Bakı Şəhər İcra Hakimiyyəti «İNV” MTK-nın xx.xx.2007-ci il tarixli 63 saylı sərəncamla əvvəlki ləğv etdiyi sərəncamı bərpa edir. Bakı Şəhər İcra Hakimiyyəti «İNV” MTK-nın tərəfindən tikinti aparılmasına xx.xx.2007-ci il tarixli 3663 nömrəli icazə sənədi verir və tikintiyə başlanır. Tikintiyə icazə verildikdən sonra «İNV” MTK-nın ona yeni layihə əsasında bina tikəcəyini, yeni müqavilə bağlanmasını bildirir və pulu qaytarır. Həmin yeni layihədə artıq mənzilin ümumi sahəsi artırılmış olduğundan o, məcbur olub yenidən 10 saylı mənzil müqaviləsinin 16 saylı mənzil müqaviləsi ilə əvəzlənməsini bildirmiş və öz adına aldığı 10 saylı mənzili 16 saylı mənzillə əvəzləməkdə keçmiş həyat yoldaşı X10 adına «İNV” MTK-nın ilə müqavilə bağlanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində onunla X17 arasında olan nikah 08 may 2021-ci il tarixdə pozulur və bu zaman 16 saylı mənzil üzrə heç bir pay bölgüsü müəyyən olunmur, qətnamədə həmin mənzilin alınmasına görə götürülmüş kredit borcu olduğundan və reyestrdən çıxarış olmadığından bölünmür. Bundan sonra isə X17 onun razılığı olmadan həmin mənzili satmışdır. Hal-hazırda 16 saylı mənzilə dair Xətai rayon Məhkəməsində onun iddia ərizəsinə baxılır. Bundan başqa Ukrayna Respublikasında yaşayan yaxın qohumu X21 ona pul vermişdir ki, Bakı şəhərində ucuz qiymətə mənzil olsa sonuncu üçün alsın. O, Abıyevlərin pulu ilə «İNV” MTK-nın-nın tikdiyi binanın A bloku 5-ci mərtəbə 17 saylı mənzili alır və hal-hazırda həmin mənzil X18 məxsusdur, şəxsi mülkiyyətindədir. O, həmin mənzili X15 pulu ilə almışdır. O, ünvan 1 ünvanında «İNV” MTK-nın tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın A bloku, 5-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan, ümumi sahəsi 159.63 kv.m, mənzilin ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altımış beş) manat olan, 17 saylı mənzili Abıyevlər ailəsinin şifahi razılığı ilə ona verdikləri pul əsasında öz adına rəsmiləşdirmiş, “Müqavilə” və “Maliyyə Arayışı” əldə etmişdir. Həmin gün təkrarən «İNV” MTK-nın-ya şifahi müraciət edərək Abıyevlər ailəsinin şifahi razılığı əsasında “Müqavilə” və “Maliyyə Arayışı”nın «İNV” MTK-nın-da X15 adına dəyişdirilərək rəsmiləşdirilməsini xahiş etmiş, əvvəlcə MTK tərəfindən razılıq verilsə də sonra ada dəyişikliyə görə «İNV” MTK-nın-nın hüquqşünası X11 və MTK-nın sədri X25 tərəfindən 4000 (dörd min) manat pul istənildiyi üçün bununla o və Abıyevlər ailəsi razılaşmamışlar və mənzilin X15 adına keçirilməsi məsələsini sonuncu Azərbaycan Respublikasına qayıdana kimi təxirə salırlar. X5 Respublikasından qayıtdıqdan sonra «İNV” MTK-nın-dan alınmış həmin 17 nömrəli mənzil rəsmi sənədləşmə ilə X15 adına keçirilmişdir və xərclər o, cümlədən təmir və s. xərclər sonuncu tərəfindən həyata keçirilmişdir. Həmin mənzil bağışlanan zaman rəsmi olaraq subay olmuş və mənzilin bağışlanmasına görə də kiminsə razılığı tələb olunmamışdır. «İNV” MTK-nın-dan alınmış həmin 17 nömrəli mənzildə təmir işləri aparılan zaman müəyyən olunmuşdur ki, həmin mənzilin ümumi sahəsi 150.0 kv.mdir. Halbuki mənzilin ümumi sahəsi 159.63 kv.m olmalı idi. Bu zaman o, «İNV” MTK-nın-nın sədrinə və «İNV” MTK-nın-nın hüquqşünası X8 yaxınlaşaraq mənzilin ümumi kvadratına görə alınmış pulu geri tələb edəndə və ona bildirilmişdir ki, “get kimə istəyirsən şikayət et biz sənə heçnə qaytarmayacağıq”. Bundan sonra 2022-ci ilin iyun ayında da X11 əlbir olduğu 13 saylı Vəkil Bürosunun vəkili X26 ilə birlikdə onu təhdid edərək hədələmişlər və bildirmişlər ki, “elə edəcəyik sənin bu mənzilə dair sənədlərini saxta (çıxsın) çıxaracağıq, bizə hər birimizə 5000 manat pul verməsən keçmiş həyat yoldaşın X14 öyrədəcəyik, sənə qarşı mülki iddia qaldıracağıq və mənzili (əmlakı) səndən geri alacağıq”.” Bundan sonra keçmiş həyat yoldaşı X2 Bəhlul Qurbanəli oğlu, vəkil Ramil Qocayev və bir neçə şəxslərlə birləşərək saxta sənədlər əsasında ona qarşı məhkəmədə iddia qaldırmış və iddia ərizəsi təmin edilərək həmin 17 nömrəli mənzildən ½ pay əldə etmişdir. Hal-hazırda da onun şikayət ərizəsi əsasında sənədlərin saxta hazırlanması və ərizədə göstərdiyi ona qarşı törədilmiş digər cinayət əməlləri üzrə Nərimanov rayon Prokurorluğunda 13 iyun 2024-cü il tarixində ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə iş açılmışdır və ibtidai istintaq davam etdirilir. «İNV” MTK-nın-nın hüquqşünası X6 anlaqlı şəkildə və qanunsuz olduğunu bildiyi halda iki nəfərdən artıq şəxslərin iştirak etdiyi müxtəlif rayon məhkəmələrində (Binəqədi, Masallı, Nərimanov və Xətai), Nərimanov rayon Polis İdarəsində və 18-ci Polis Şöbəsində onun şərəf və ləyaqətini aşağılamaqla barəsində yalan və böhtan xarakterli ifadələr, sözlər yazılı və şifahi şəkildə qeyd edilən qurumlarda bildirmiş və yazılı ifadəsində Nərimanov rayon Polis İdarəsində və 18-ci Polis Şöbəsində göstərdiyi böhtan xarakterli sözləri aşkar şəkildə müxtəlif məkəmələrdə açıq şəkildə iki nəfərdən çox kənar şəxslərin iştirak etdiyi iclaslarda bilərəkdən etdiyi əməlin qanunsuz (qeyri-qanuni olduğunu bildiyi halda) söyləməklə onun şərəf və ləyaqətini aşağılamış, adından iclaslarda yalan danışmış, ona şər və böhtanlar atmışdır. Abıyevlər ailəsinə məxsus pul vəsaiti hesabına alınmış müqavilə üzrə Hüquqi ünvanı: ünvan 2erləşən ümumi sahəsi 159.63 kv.m, ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altımış beş) manat olan 3 otaqlı 17 saylı mənzillə bağlı müqavilə xx.xx.2020-ci ildə onunla «İNV” MTK-nın arasında imzalanmışdır. Sonradan mənzilin ümumi sahəsinin azlığı yəni 159.63 kv.m-dən 9.63 kv.m az 150.0kv.m olduğu bildirildiyi üçün və həmin az olan hissənin pulu «İNV” MTK-nın-dan tələb edildikdən sonra qarşı tərəfin xüsusi ilə «İNV” MTK-nın-nın hüquqşünası X11 əlbir olduğu 13 saylı Vəkil Bürosunun vəkili X26 ilə birlikdə onu təhdid etmələri, hədələmələri və bu mənzilə dair sənədlərin saxta çıxaracaqlarını demələri və hər birinə 5000 manat pul verməsə keçmiş həyat yoldaşı X14 öyrədəcəklərini, ona qarşı mülki iddia qaldıracaqlarını və mənzili (əmlakı) ondan geri alacaqlarını bildirmələrinə rəğmən avqust 2022-ci il tarixində «İNV” MTK-nın-ya gedərək 17 saylı mənzilin xx.xx.2020-ci il tarixində verilmiş müqavilə və maliyyə arayışı əsasında həmin mənzilə dair mənzil payçılarının ümumi yığıncağının protokolundan çıxarış verilməsini tələb etmiş və xx.xx.2022-ci il tarixində «İNV” MTK-nın üzvlərinin ümumi iclasının 50 №-li Protokolundan çıxarışı şəxsən «İNV” MTK-nın-nın hüquqşünası X4 əlbə-əl götürmüş və hətta sənəd üzrə iclasın katibi kimi göstərilən Talıblı F.Q yerinə sənəddə imzanı da İskəndərov Bəhlul özü onun yanında çəkmiş və digər iclas sədri kimi qeyd edilən Qırıxlarov M.Q özü şəxsən öz adının qarşısına imza çəkmişdir. Bundan başqa «İNV” MTK-nın-nın hüquqşünası X11 əlbir olduğu 13 saylı vəkil bürosunun vəkili X26 ilə birlikdə hazırladıqları 01 noyabr 2022-ci il tarixində 56 nömrəli məktubu «İNV” MTK-nın adından Binəqədi rayon Məhkəməsinə təqdim etmişlər və həmin qeyri-qanuni məktubda göstərirlər ki, (məkubda çoxlu sayda yalan məlumatlar qeyd olunur) “Bir müddət sonra, X16 MTK-ya müraciət edərək mənzilə dair hüquqi sənədlərin alınması barədə ümumi yığıncağın protokolundan çıxarış istəsə də, ona bu barədə hər hansı bir protokol və ya protokoldan çıxarış verilməmişdir.”. Bu və digər yalandan yazılmış sözlər Nərimanov rayon RPİ-nin istintaq şöbəsinin müstəntiqi X29 icraatında olan RPİ HK-l-də xx.xx.2023-cü ildə qeyd olunmuş 138 nömrəli məlumatla əlaqədar aparılmış araşdırma ilə toplanmış materiallar əsasında cinayət işinin rədd edilməsi barədə Qərarında 4-cü səhifədə «İNV” MTK-nın-nın sədri Əziz Məmmədov çıxarışda MTK-nın sədri qrafasında imzanın onun tərəfindən icra edilməsini və vurulmuş möhürün MTK-ya aid olmasını bildirsə də Emin Talıblı və Mayis Qırıxlarov soy adları qarşısında imzaların onlara məxsus olmasını inkar etmiş və bununla belə göstərmişdir ki, həmin çıxarış Vasif Quliyevin müraciəti əsasında hazırlanmış MTK-nın möhürü və imzası ilə təsdiq edilmişdir. Lakin M.Qırıxlarov və E.Talıblı imza etmədiklərindən kitabda qeydiyyata salınmamış çıxarış isə Vasif Quliyev tərəfindən tam hazır olunmamış götürülmüşdür. «İNV” MTK-nın həm 01 noyabr 2022-ci il tarixində 56 nömrəli məktubu da ona hər-hansı protokol və ya protokoldan çıxarış verilməmişdir göstərməklə öz yalanlarını istintaqda verdiyləri izahatla təsdiqlədilər ki, belə bir protokol olub rəsmi imza və möhürlə təsdiqlənib. Sonra yenə ona şər və böhtan ataraq bildirirlər ki, “Lakin M.Qırıxlarov və E.Talıblı imza etmədiklərindən kitabda qeydiyyata salınmamış çıxarış isə Vasif Quliyev tərəfindən tam hazır olunmamış götürülmüşdür. Bu «İNV” MTK-nın-nın və onun hüquqşünasının ona qarşı olan şər və böhtandır ona görə ki, həmin protokoldan çıxarış şəxsən «İNV” MTK-nın hüquqşünası X4 əlbə-əl götürmüşdür, hazır vəziyyətdə üzərində qeydiyyat nömrəsi imzalar və möhür təsdiqi ilə birlikdə. «İNV” MTK-nın-nın hüquqşünası İskəndərov Bəhİul Qurbanəli oğlu və əlbir olduğu 13 saylı vəkil bürosunun vəkili X26 ilə birlikdə Nərimanov rayon RPİ-nin istintaq şöbəsinin müstəntiqi X29 icraatında olan RPİ HK-l-də xx.xx.2023-cü ildə qeyd olunmuş 138 nömrəli məlumatla əlaqədar aparılmış araşdırma ilə toplanmış materiallar əsasında cinayət işinin rədd edilməsi barədə Qərarında 3-cü səhifədə “Göründüyü kimi Bəhlul İskəndərov və Ramil Qocayev izahatlarında Vasif Quliyevə hədə qorxu gələrək ondan 5000 manat tələb etdiklərini, rüşvət istədiklərini tamamilə təkzib etmişlər və əksinə Vasif Quliyevin rəsmi sənədləri saxtalaşdırması barədə məlumat vermişlər”, bu ona qarşı söylənmiş, yazılmış şər və böhtana dair sübutdur. «İNV” MTK-nın-nın hüquqşünası X11 istintaq zamanı və eyni zamanda məhkəmələrdə anlaqlı şəkildə bilərəkdən 2 nəfərdən çox şəxsin yanında hər hansı sənədi saxtalaşdırdığını bildirməsi onun şərəf və ləyaqətini aşağılamaqla ona şər və böhtan atması kimi qiymətləndirir və sübut etsinlər ki, o hansı sənədi harada necə saxtalaşdırmışdır ??? və necə oğurlamışdır ??. Sübuta yetirə bilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə Cinayət Məcəlləsinin 147.1-ci maddəsində göstərilən cinayəti (böhtan) törətdiyi üçün barəsində həmin maddədə nəzərdə tutulmuş yuxarı həddə cəza verilməsi barədə hökm çıxarılmalıdır. «İNV” MTK-nınnın səlahiyyətli nümayəndəsi, hüquqşünası X11 istər Nərimanov rayon Məhkəməsində verdiyi yalan ifadələr və eyni zamanda da bu xx.xx.2024-cü il tarixində təqribən saat 16:35 radələrində Nərimanov rayon ərazisində ölümlə hədələmə, maşınla öldürməyə cəhd və küçə söyüşləri ilə təhqir etmə eyni zamanda bu baş vermiş olaylarla bağlı verdiyi yazılı izahatında və eyni zamanda göstərilən xx.xx.2024-cü il tarixində Nərimanov rayon RPİ-nin 18-ci PŞ-nin təhqiqatçı Vüqar Ələkbərli icraatında olan HK-1/699 saylı iş üzrə qərar hissəsində «İNV” MTK-nın-nın səlahiyyətli nümayəndəsi, hüquqşunası X11 ona təkrarən şər və böhtan atmışdır. X3 3000 (üç min) manat təklif etməyi, onun keçmiş həyat yoldaşının adında olan müqaviləni tamamilə itirməsi və onun adına yeni müqavilə bağlamağı təklif etdiyini bildirməsi qarşı tərəfin ona qarşı atılmış növbəti şər və böhtanıdır. Onun Bəhlula təklif etdiyi 300 manat rüşvəti Bəhlulun qəbul etməməsi səbəbindən onu şərləyərək böhtan atdığını qeyd etməsi qarşı tərəfin ona qarşı atılmış növbəti şər və böhtanıdır. X11 xx.xx.2024-cü il tarixdə yolda onu gördüyünü, avtomobili saxlayıb sağ pəncərəni açaraq ondan müqaviləni gətirməsini xahiş etdiyini bildirmişdir. Birinci bu şəxs maşını üzərinə sürməklə öldüməyə cəhd edir, ikincisi X11 maşının pəncərəsindən onu küçə söyüşü ilə təhqir edir. Üçüncü X3 verəcəyi hər hansı bir müqavilə yoxdur və yalan danışır, özünü sığortalamaq üçün belə ifadə verir. Halbuki, onlar arasında nə vaxtsa səmimi söhbət olub, amma faktiki onu 2022-ci tarixindən təhdid etdikdən sonra bu şəxslə aralarında faktiki münaqişə mövcuddur. X11 barəsində prokurorluğa, DİN-nə, Məhkəmələrə şikayət ərizəsi ilə müraciət etmişdir. X6 onunla ədavətinin və düşmənçiliyinin olmadığını qeyd etməsi, ona qarşı hər hansı cinayət törətmədiyini göstərməsi yalanlardan başqa, kimisə hər hansı savadsız hüquqşünası aldatmaq üçün atılmış addim hesab edir. «İNV” MTK-nın-nın hüquqşünası X11 istintaq zamanı və eyni zamanda məhkəmələrdə əməlinin qanunsuz olduğunu bilərəkdən, anlaqlı şəkildə 2 nəfərdən çox şəxsin yanında hər hansı sənədi saxtalaşdırdığını bildirməsi, X3 3000 manat və 300 manat rüşvət təklif etdiyini, həyat yoldaşının adında olan müqaviləni tamamilə itirməsini və onun adına yeni müqavilə bağlamağı təklif etdiyini bildirməsi onun şərəf və ləyaqətini aşağılamaqla ona şər və böhtan atması kimi qiymətləndirir və sübut etsin ki, o, hansı sənədi harada necə saxtalaşdırmışdır ??, necə oğurlamışdır ??? və ona necə 3000 manat və 300 manat rüşvət təklif etdiyini ?? həyat yoldaşının adında olan müqaviləni tamamilə itirməsini ?? və onun adına yeni müqavilə bağlamağı təklif etdiyini ?? bildirməyinin sübutlarını təqdim etsin. Sübuta yetirə bilmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə Cinayət Məcəlləsinin 147.1-ci maddəsində göstərilən cinayəti (böhtan) törətdiyi üçün barəsində həmin maddədə nəzərdə tutulmuş yuxarı həddə cəza verilməsi barədə hökm çıxarılsın. Bakı şəhəri Nərimanov rayon Məhkəməsində 1(005)-292/2024 saylı işin hazırlıq iclasında «İNV” MTK-nın-nın hüquqşünası X11 anlaqlı şəkildə, qanunsuz olduğunu bilərəkdən iki nəfərdən çox kənar şəxsin iştirak etdiyi məhkəmə iclasında adından danışaraq şər və böhtan xarakterli sözlər söyləmişdir. İclas zamanı çıxış edərək adından yalan danışaraq ona şər və böhtan ataraq onun «İNV” MTK-nın-nın vəkili X7 məhkəmələrə, hüquq mühafizə orqanlarına şikayət etdiyini bildirmişdir. Sübut etsin ki, o harada qeyd etdiyi şəxsdən rəsmi surətdə kimə şikayət etmişdir ??. İclas zamanı çıxış edərək adından yalan danışaraq (guya o söyləmişdir) ona şər və böhtan ataraq onun adından Nərimanov rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın barəsində rüşvətxor hakim olduğunu deməsini sübut etsin ???. “Şəxs özü bəlkə də bu hakimlə əlbirdir və onunla aralarında hər-hansı problemi var bilmir, onun söyləmədiyi sözləri onun adına çıxmasını və adından deməsini ona qarşı şər və böhtan hesab edir.” Bu şəxs kifayət qədər yalan danışmaqla ona və digər vətəndaşlara söyləmədiyi fikirlər etmədiyi işlər haqqında məhkəmələri, hakimləri və istintaqın əməkdaşlarını aldatmaqla ona və digər şəxslərə şər və böhtan atmaqla məşğuldur, ona görə də etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. Həmin bu 1(005)-292/2024 saylı işin hazırlıq iclasında söylədiyi şər və böhtan çıxışı iclas zamanı çəkilmiş audio və video yazıdan da görmək və eşitmək olar. Bu şəxsin növbəti ona qarşı şər və böhtanı Nərimanov rayon Məhkəməsində 2(005)- 864/2024 saylı mülki işin hazırlıq iclası qurtardıqdan sonra polisin mühafizəsi altında xx.xx.2024-cü il tarixində iclas zalından çıxdığı zaman saat 14:30 radələrində 8 saylı zalın qarşısında sol ayağının baldır hissəsinə arxadan «İNV” MTK-nın hüquqşünası X11 təpiklə zərbə vuraraq xəsarət yetirir və bu zaman o aldığı xəsarətdən sonra özünü bu şəxsdən müdafiə edir. «İNV” MTK-nın hüquqşünası X11 yetirdiyi xəsarəti, ictimai yerdə etdiyi xuliqanlıq hərəkətini istintaqdan və məhkəmədən yayındırmaqdan ötrü bilmir hansısa ginekoloq həkimə və ya başqa kiməsə müraciət edərək özünün xəsarət alması ilə bağlı rəy almaq üçün bəhanə ilə hadisə yerini tərk edir və sonrada ona qarşı şər və böhtan xarakterli yalan məlumatlar verməklə məşğul olur. Budur onun hansı şərəfə və vicdana sahib olduğunun göstəriciləri. Bunu ona görə qeyd edir ki, o, hər dəfə iclas zamanı sübutlar və faktları iş üzrə hakimə təqdim etdikdən sonra X11 bunlardan qəzəblənir, onu ölümlə hədələyir, bunların sübutu kimi ardıcıl olaraq ona qarşı onun bir neçə ay ərzində iki dəfə xəsarət yetirmək istəməsi, hətda yetirməsi və ölümlə hədələməsinə dair dəlillər ortadadır, faktdır və sübutdur. X1 ona qarşı etdiyi cinayət əməllərin cüzi bir hissəsidir və onun şərəf və ləyaqətini aşağılamaqla yalandan adından demədiyi, söyləmədiyi sözləri, etmədiyi hərəkətləri deməsinə, şər və böhtan atmasının qarşısının alınmasından ötrü məhkəməyə xüsusi ittiham qaydasında şikayət etmişdir. X6 digər şəxslərlə birlikdə qrup halında etdiyi qalan cinayət əməllərinə Nərimanov rayon Prokurorluğunda 13 iyun 2024-cii il tarixində ********* saylı açılmış cinayət işi üzrə hüquqi qiymət veriləcəy və məhkəməyə təqdim ediləcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq xx.xx.1971-ci ildə Cəlilabad rayonu Qasımbəyli kəndində anadan olmuş və hal-hazırda Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava 103 ünvanında qeydiyyatda olan, Moskva prospekti 75, mənzil 67-də faktiki yaşayan X11 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində göstərilən cinayəti (böhtan) törətdiyi üçün həmin maddə üzrə nəzərdə tutulmuş yuxarı həddə cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16 şikayətdə göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs X16 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə soyadı, adı, atasının adı, doğulduğu il, qeydiyyatda olduğu və yaşayış yerini qeyd etməklə kifayətlənmiş, məşğuliyyət növü və vəzifəsi barədə məlumatları tam şəkildə göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.2-ci maddəsinə əsasən şikayət vermiş şəxs törədilmiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, onun harada, nə vaxt və necə törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğunu, o cümlədən maddi ziyanın məbləğini göstərməli olduğu halda, buna tam olaraq əməl etməmişdir. Bundan başqa, CPM-in 293.3.3-cü maddəsinə əsasən şikayət vermiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi ((şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi) barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayətdə qeyrimüəyyənliyə yol verərək şikayətin giriş və təsviri-əsaslandırıcı hissələrində cinayət törətdiyini iddia etdiyi bir neçə şəxsin adını qeyd etsə də, həmin şəxslərdən yalnız X11 barəsində məlumatları göstərmiş, həmçinin, şikayət ərizəsində əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş və yaxud hansı halla təsdiq olunması göstərilməmiş bununla da qeyd edilən maddənin tələblərini pozmuşdur. Bundan başqa, CPM-in 293.3.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməli olduğu halda, buna əməl etməmiş, cinayətin törədilmə hallarını təsdiq edən müvafiq sübutları (şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməmiş, şikayətdə qeyri-müəyyənliyə yol verərək qeyd edilən maddənin tələblərini pozmuşdur. Bundan başqa, CPM-in 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişin göstərilməli olması qeyd edilmişdir. Şikayət vermiş şəxs isə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində X6 CM-in 147-ci maddəsinin hansı bəndinə görə cinayət məsuliyyətinə cəlb edilməsini konkret şəkildə göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi yer göstərməli olduğu halda, şikayət vermiş şəxs X16 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə həmin məlumatı qeyd etməmişdir. Bundan başqa şikayət ərizəsində qeyd olunan əməllərin X11 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut təqdim olunmamaqla yanaşı, o cümlədən onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin olmasını təsdiq edən hər-hansı bir digər sübut şikayətə əlavə edilməmiş, eləcə də məhkəməyə təqdim olunmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X16 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X16 tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar