Məhkəmə qərarları › İş №1(005)-417/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-417/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-417/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X2 vəkili “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 və X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X9 və X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılmasını və ona həmin maddədə nəzərəd tutulmuş cəzanın təyin edilməsi barədə məhkəməyə xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 13 avqust 2024-cü il tarixdə “Qafqazinfo.az” internet saytında “Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar? ” adlı məqalə dərc edilib. Məqalədə avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı diplomatlarının iştirakı ilə bizimlə-Musavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı ilə görüş barədə həqiqətə uyğun olmayan məlumat verilib. (Aİ-nin ofisində müxalifətlə görüş Nə danışıblar? (qafqazinfo.az) Məqalədə bizə şər, böhtan yağdırılıb, eləcə də biz ağır və xüsusi ağır cinayətlərdə ittiham olunmuşuq. Belə ki, həmin məqalənin ayrı-ayrı hissələrində deyilir:

1. “Məlumata görə, səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, X5 İşlər və X1 üzrə ali nümayəndəsi Cozef Borrell yaranmış durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb. Azərbaycandakı cari durumu qısa şəkildə təsvir edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Al müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb.”

2. Bundan sonra P.Mixalko maliyyələşmənin davam etdirilməsi üçün müxalifətin qarşısına qoyulan tələbləri səsləndirib. O, bildirib ki, .... zəruri hallarda müxalifət iğtişaşlardan da çəkinməməli və qarşıdurmaya getməyi bacarmalıdır. Məsələn, bu və ya digər məsələdən narazı olan kütlə tərəfindən etiraz əlaməti olaraq regionlarla Bakı arasında əsas yolların bağlanmasını təşkil etmək mümkündür.

3. P.Mixalko gənclərin bu prosesə cəlb edilməsinin vacib olduğunu deyib, Əvvəlki illərin təcrübəsindən çıxış edərək Aİ ofisinin rəhbəri abidələrin, heykəllərin boya ilə rənglənməsinin, tələblərin əks etdirilməsinin də etiraz üslubu olduğunu xatırladıb.

4. Bildirilib ki, etirazların təşkil olunması üçün kifayət qədər səbəb və mövzu da var: uşcıqpulu, qazilərin sosial durumu, bahalaşma, korrupsiya, Qarabağın bərpası prosesində vəsaitlərin sərfıyyatının şəffaf olmaması və s.

5. P.Mixalkonun sözlərinə görə, indiki seçkilərdən sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu tədbir cəmiyyəti silkələmək, ayağa qaldırmaq üçün əlverişli şərait yaradır. Bütün bunları təşkil etmək üçün müxalifətin fəaliyyət proqramı olmalıdır və bu proqrama uyğun da tədbirlər həyata keçirilməlidir.

6. Sonda.... İsa Qəmbər, Arif Hacılı və digərləri çıxış edərək bildiriblər ki, səsləndirilən iradlar haqlıdır, hazırkı mürəkkəb durumda belə müxalifət fəallığını qoruyub saxlamağı bacarmalıdır. Bildirilib ki, Aİ tərəfindən irəli sürülən tələblər aydındır və onların yerinə yetirilməsi ilə bağlı lazımi addımlar atılacaq. Məqalədə qeyd edilən “müxalifət iğtişaşlardan da çəkinməməli və qarşıdurmaya getməyi bacarmalıdır” və “İsa Qəmbər, Arif Hacılı və digərləri çıxış edərək bildiriblər ki, səsləndirilən iradlar haqlıdır, hazırkı mürəkkəb durumda belə müxalifət fəallığını qoruyub saxlamağı bacarmalıdır” frazaları ilə bizi AR CM-nin 220-ci maddəsibə göstərilən cinayət əməlində ittiham etməklə böhtan atıb. E.Seyfullayevin barəmizdə ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda məqsədi bizi ağır cinayətdə ittiham etmək, nüfuzumuzu alçaltmaq, ictimaiyyət arasında bizim haqqımızda yanlış fikirlər formalaşdırmaq istəyi olub. Ona görə də hesab edirik ki, X3 AR CM-nin 147.1 və 174.2-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, qeyd olunan görüş barədə həqiqəti əks etdirməyən məlumatların “Qafqazinfo.az” saytında yazıldığını və əlavə sənədləri məhkəməyə təqdim edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X2 vəkili “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi şikayətin icraata qəbul edilməsi ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş X8 və barəsində şikayət verilmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Lakin məhkəməyə təqdim olunan şikayətdə barəsində şikayət verilmiş şəxs X3 tərəfindən hər hansı zərərin vurulub vurulmaması, zərər vurulmuşdursa hansı zərərin vurulması və maddi ziyanın məbləği göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-сü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa, xüsusi itttiham qaydasında şikayət vermiş şəxslərdən X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və üzrlü hal ilə bağlı heç bir məlumat verməmiş, onun iştirakını təmin etmək məqsədi ilə məhkəmə iclası növbəti tarixə təxir edilməsinə baxmayaraq bu hal yenidən baş vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 və X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, eləcə də X8 tərəfindən təkrarən məhkəmənin hazırlıq iclasında iştirak edilmədiyindən, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 və X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar