Məhkəmə qərarları › İş №1(005)-417/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-417/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-417/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsində 2(005)-1400/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixdə qarşı tərəfin vəsatəti üzrə Təranə Günaydın şahid qismində ifadə verərkən barəsində aşağıdakıları söyləmişdir: “Direktor müavini S.Hüseynova rüşvətxordur, qiymətləri düzəldirdi və pul istəyirdi. Mən sinif rəhbəri olduğum halda uşaqların qiymətini aşağı yazırdı. Məndən adları qeyd edərək həmin uşaqların KSQ və BSQ qiymətlərinin düzəldilməsi üçün pul almağımı tələb edirdi. Məni məcbur edirdi ki, valideynlərdən pul alıb ona verim. Mən də valideynlərdən pul yığıb ona verirdim. Valideyn pul gətirəndə özünün həll etməsini deyirdim. Hətta bir valideyn yanımda paket də verdi. Məbləğini bilmədim. Dəfələrlə özü təklif edirdi ki, qiyməti yaz və pul alıb gətirim. Svetlana Hüseynova : 1. Qiymət düzəldilməsi ilə pul alıb. 2. Hər ilin sonu jurnallar yazılır, jurnalları 50 manat almadan qəbul etmirdi. 3 .Eşitdiyimə görə müəllim və valideynlərdən uşaqların dərsə gəlməməsi müqabilində pul alırdı və qiymət yazırdı. (19 iyun tarixli məhkəmə baxış iclas protokolunun 7-ci vərəqi) Bununla da Təranə Günaydın qəsdlə onun ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan və böhtan xarakterli məlumatlar söyləmişdir. Cinayət hadisəsinin sübutları: Göstərilən tarixdə məhkəmə baxış iclasının protokolu və məhkəmə iclasının audio-video çəkilişidir. xx.xx.2025-ci il tarixdə hakim Mehriban xanım Əfəndizadəyə verdiyi ərizə əsasında xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolundan Təranə Günaydına aid çıxarışı etmiş və səs yazısını dinləmişdir. Demək olar ki, məhkəmə iclas protokolu şahidin ifadəsini tam və dolğun əhatə etmişdir. Lakin məhkəmə katibi protokolun surətini ona verməkdən imtina edərək bildirdi ki, hakim tərəfindən sorğu verilərsə protokolun və audio diskin surətləri məhkəməyə təqdim olunacaqdır. Təranə Günaydın böhtan olduğunu bilə-bilə ondan, valideynlərdən və müəllimlərdən rüşvət almağını söyləməklə, kütləvi çıxış şəklində səsləndirərək onu ağır cinayətlərdə ittiham etməklə Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təranə Günaydının ona qarşı dediklərinə dair heç bir dəlil və sübutu yoxdur. Bunlar ona qarşı şər və böhtan xarakterli məlumatlar olmaqla, şərəf və ləyaqətini ləkələmək, ictimai və işgüzar nüfuzunu gözdən salmaq məqsədini güdür. Göründüyü kimi Təranə Günaydın məhkəmə iclasında rüşvət almaqda onu ittiham edərək böhtan atmışdır. Onun yalan və böhtan xarakterli ifadəsindən belə nəticəyə gəlinir ki, o, Azərbaycan Respublikası CM-in 311-ci maddəsi ilə (rüşvət alma) cinayət törətmiş, Təranə Günaydın bütün məhkəmə iclasında iştirak edən 7-8 nəfərin qarşısında onu ağır cinayətdə ittiham etmişdir. Ona görə də X4 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi (əri) Nümayəndə çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elnurə Ramazanovaya qarşı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə verilmiş iddia üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxılaraq iddia qismən təmin edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmənin baxış iclasında şahid X6 xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan böhtan xarakterli ifadələrini hakim, məhkəmə iclas katibi, cavabdeh və nümayəndəsi, onun və Svetlana Hüseynovanın yanında səsləndirmişdir. Qeyd olunan əməlin sübutu həmin iclasın audio-video yazısıdır. Hesab edir ki, Təranə Günaydının hakimin, məhkəmə iclas katibinin və tərəflərin yanında bu məzmunda ifadə verməsi, yəni ağır cinayətdə ittiham etməklə böhtan atması cinayətdir. İclasda iki və daha çox şəxsin olması onun kütləvi formada yayılmasını özündə ehtiva edir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin icraata qəbul olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə çıxışı ilə razılaşaraq şikayətin icraata qəbul olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda çıxış edərək bildirmişlər ki, X6 həmin iclasda şahid kimi ifadə vermiş, bildiklərini danışmışdır. Heç kimə şər, böhtan atmamışdır. Böhtan xarakterli heç bir söz deməmiş, sadəcə valideynlərdən Svetlana xanımın onlardan pul tələb etməsi ilə bağlı eşitdiklərini danışmışdır. 201 nömrəli məktəbin 38 müəlliminin demək olar ki, hamısı barəsində Svetlana xanım şikayət vermişdir. Direktor da hazırda işdən çıxarılmışdır. Ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iddiaçı X1 cavabdeh X3 qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə iddia tələbinə dair 2(005)-1400/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin məzmunundan görünür: “İddiaçı X2 cavabdeh X3 qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1995ci ildən xx.xx.2023-cü il tarixədək Nizami rayonu 201 nömrəli tam orta məktəbdə təlimtərbiyə işləri üzrə direktor müavini işləmişdir. Cavabdeh də həmin məktəbdə direktor müavini işləyir. 2022-ci il avqust ayında direktorun əmri ilə balansda olan aktivlərin və digər mal-material qiymətlilərinin inventarizasiyasını aparmaq üçün yaradılmış komissiyanın sədri təyin olunmuşdur. İnventarizasiya zamanı komissiya müəyyən etmişdir ki, ilkin dəyəri 70693 manat məbləğində 37 adda aktivlər (əsas vəsaitlər) faktiki olaraq məktəbdə yoxdur. Komissiya üzvləri ilə imzaladığı inventarizasiya aktı və təkliflərdən ibarət hesabatı sentyabr ayının sonunda direktora təhvil vermişdir. Tədris ilinin sonunda jurnalları təhvil götürərkən müəyyən etdiyi bir sıra saxtakarlıqlar haqqında direktorun adına xidməti məlumat verdikdən sonra onun tərəfindən şantaja məruz qalıb. Bundan sonra məcbur olub özünü müdafiə etmək məqsədilə direktor və digərləri tərəfindən törədilmiş qanunsuzluqların qarşısının alınması və həmin şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Respublika Baş Prokuroruna, Prezident Adminstrasiyasına çoxlu sayda müraciətlər edib. Uzun müddətli araşdırmalardan sonra nəhayət ki, xx.xx.2023-cü il tarixində məktəbin direktoru və digər vəzifəli şəxslər barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) fakt əsasında CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış, istintaqı aparılmış, cinayət işinin icraatına Cinayət Prosessual Məcəllənin 40.3-cü və Cinayət Məcəlləsinin 73-1.2-ci maddələrinə əsasən xitam verilmiş, baş vermiş cinayət hadisəsində bu əməli törətmiş şəxslərin dairəsi müəyyən edilmiş, dövlətə vurulmuş maddi ziyan qanunauyğun şəkildə geri qaytarılmışdır. Bundan sonra iddiaçının məktəbin adına xələl gətirdiyini, müxtəlif orqanlara məktəb rəhbərliyini nüfuzdan salan yalan məlumatlar verdiyini və böhtan xarakterli şikayətlər etdiyini, həqiqəti bilərəkdən gizlədərək məktəbdə cinayət törətmiş şəxsləri əsassız və qanunsuz müdafiə etmək, iddiaçını ləkələmək və nüfuzdan salmaq məqsədilə Elnurə Ramazanova yalan və böhtan xarakterli məlumatlardan, həmçinin onu ağır cinayət törətməkdə ittiham edən məlumatlardan ibarət ərizələrini Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhəri 201 nömrəli orta məktəbin direktoruna ünvanlamışdır. Hazırda iddia predmetinin sübutları olan cavabdehin ərizələrinin surətlərini vəkil sorğusuna əsasən iddiaçıya BŞTİ təqdim etmişdir. Ərizələrində cavabdeh iddiaçının şərəf və ləyaqətini təhqir edən aşağıdakı böhtan və yalan xarakterli ifadələr işlətmiş və onu ağır cinayət törətməkdə ittiham etmişdir: -Svetlana Hüseynova sosial şəbəkələrdə məktəb rəhbərliyi haqqında müəllimə yaraşmayan təhqiramiz, şər-böhtan dolu, əsassız paylaşımlar etmiş, beş rəsmi idarəyə şər-böhtan xarakterli müraciətlər göndərmişdir. -Svetlana Hüseynova ən son 03 noyabr 2023-cü il tarixdə məktəbin direktoru Afaq xanımın ünvanına paylaşdığı biədəb, söyüş dolu ifadələri (listovka) posterlərə yazdıraraq Keşlə qəsəbəsinin küçələrinə səpələtmişdir. -Svetlana Hüseynova 9-11-ci sinif şagirdlərindən dərsə gəlməmələri müqabilində pul alıb. Bu böhtan (ittiham) üzrə bildirir ki, cavabdeh ondan qisas, intiqam almaq məqsədilə haqqında həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatı yaymaqla iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulan “rüşvət alma" cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Cavabdeh bu böhtanı ilə iddiaçını ağır cinayət törətməkdə ittiham etmişdir. Ancaq ittihamını təsdiq edən heç bir sübut-dəlil təqdim etməmişdir. Çünki yazılanlar tamamilə böhtan olduğu üçün sübut-dəlili də ola bilməzdi. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində aparılan ibtidai-istintaq zamanı bu ittiham öz təsdiqini tapmamışdır. Bununla bağlı həmin idarənin məktubunda göstərilmişdir ki, Hüseynova Svetlananın əməllərində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə cavabdeh iddiaçıya böhtan ataraq Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini (yalan olduğunu biləbilə ağır cinayətdə ittiham etmək) törətmişdir. Cavabdehin barəsində yaydığı yalan və böhtan xarakterli məlumatlara istinad edən Bakı şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva qanunsuz olaraq xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləmə xitam vermişdir. Həmin əmrdə işdən çıxarılmanın səbəblərindən biri müəllimlərdən, valideynlərdən rüşvət alınması göstərilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, 30 ildən çox eyni məktəbdə birgə çalışmışlar. Direktor müavini, sinif rəhbəri olduğu siniflərdə riyaziyyat fənni üzrə dərs deyirdi. Deyilənlərin həqiqət olduğunu, rüşvətxorluğa yol verildiyini bildirdi. Sinif rəhbəri olduğu halda uşaqların qiymətini aşağı yazırdı, ondan adları qeyd edərək həmin uşaqların KSQ və BSQ qiymətlərinin düzəldilməsi üçün pul almağını tələb edib. Jurnala əl vurmayacağını, cavabdeh olduğunu deyirdi. Nərimanov Rayon Məhkəməsində onunla bağlı şikayəti var, bununla bağlı X6 və iki ayrı şəxs Ali Məhkəməyə müraciət etdiklərini, orada ikili vətəndaş olduğunu, əsassız çəkişmələrə son qoyulmasını xahiş etmişdir. İddiaçı və tərəfdaşları gizlin səs yazıları apardıqlarını bildirdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli sözügedən məhkəmə iclasının videogörüntlərindən müəyyən edilir ki, mülki işə baxılması ilə əlaqədar X6 şahid qismində ifadə verərkən məhkəmə iclasında hakim, məhkəmə iclas katibi və tərəflərdən başqa digər şəxslər iştirak etməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 302.1.6-ci maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında verilmiş şikayət və ona əlavə olunmuş materiallarla barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətlərinin olmadığı aşkar şəkildə müəyyən edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayət, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1400/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi və digər materiallardan görünür ki, X1 X3 qarşı sonuncunun onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhəri 201 nömrəli orta məktəbin direktoruna böhtan xarakterli ərizələr ünvanladığına görə şərəf və ləyaqətin, habelə işgüzar nüfuzun müdafiəsinə dair qaldırdığı iddia tələbi üzrə mülki işə baxılarkən bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş X6 şahid qismində kənar digər şəxslərin olmadığı, yalnız tərəflərin iştirak etdiyi məhkəmə iclasında işin faktiki halları üzrə ifadə vermişdir. Məhkəmə “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunmasının kütləvi çıxış şəklində yayılmaması kimi qəbul edilməsi və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsinin istisna edilməsi” barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında təsbit olunan hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhz məhkəmə araşdırması zamanı X4 şahid qismində mahiyyətdən kənara çıxmadan, işin hallarına aid bildiyi fikirləri məhkəmə iclasında iclasa sədrlik edən hakimin, iclas katibinin və tərəflərin yanında ifadə etməsi məlumatların kütləvi çıxış şəklində yayılması hesab oluna bilməz. İş materiallarında X4 məhkəmədə ifadə verdiyi zaman həmin vaxt orada kənar şəxslərin olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur, əksinə iş materialları ilə müəyyən edilir ki, orada məhkəmə tərkibi və tərəflərdən başqa digər şəxslər olmamışdır. Məhkəmə hesab edir ki, burada kənar şəxs dedikdə, xidməti vəzifəsini icra edən (sədrlik edən hakim və məhkəmənin iclas katibi) şəxslər, eləcə də tərəflər deyil, məhz digər şəxslər başa düşülməlidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda, onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ-cü hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar