Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-419/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, onun nümayəndəsi və vəkili “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, X5 tərəfindən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 izahatında göstərdi ki, X6 18 sentyabr 2021-ci il tarixdə oxunma sayı 7588 şəxs olan “Bakı Metropoliteninin balansında olan Metrotikinti Mexanikləşdirmə İdarəsinin sabiq rəisi Aslan İsgəndərovun evindən 1,4 milyon manat oğurluğu sabiq rəisin həyat yoldaşı və onun rəfiqəsinin” planlaşdırdığını bildirməklə onun heç bir vaxt Bakı Metropoliteninin balansında olan Metrotikinti Mexanikləşdirmə İdarəsinin sabiq rəisi işləmədiyi halda, həyat yoldaşı olmaqla cinayət işi üzrə zərərçəkmiş şəxs X1, özünə və ailəsinə böhtan atmış, onun və ailə üzvlərinin şərəf və ləyaqətini ləkələmişdir. Bununla da, X6 ona və ailə üzvərinə şər və böhtan atmaqla, onun həyat yoldaşı olmaqla cinayət işi üzrə zərərçəkmiş şəxs olan X2 ağır cinayət cinayət əməli olan CM-in 181.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə ittiham etmişdir. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış ittiham hökmündə də X4 dedikləri öz əksini tapmamışdır. X6 bu yazını “Qafqazinfo.az” saytında dərc etdirmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, X6 onun arvadı X2 ağır cinayət törətməkdə, yəni onun evinə edilmiş basqını təqsirləndirilən şəxslərlə planlaşdırmaqda ittiham etmişdir. Həmçinin, hesab edir ki, o, heç vaxt Bakı Metropoliteninin balansında olan Metrotikinti Mexanikləşdirmə İdarəsinin rəisi işləmədiyi halda həmin yazıda X6 belə bir ifadə yazması ilə ona da böhtan atmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş X3 izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, CPM-in 302.1 və 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət buna hüququ olan şəxs tərəfindən verilməlidir. Lakin, X5 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında X4 onun arvadı X2 ağır cinayət törətməkdə, yəni onun evinə edilmiş basqını təqsirləndirilən şəxslərlə planlaşdırmaqda ittiham etdiyini göstərmişdir. Belə olan halda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 CM-in 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması ilə bağlı şikayət etmək hüququ da məhz X1 məxsus olmalıdır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Həmçinin, xüsusi ittiham qaydasında şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır (CPM-in). Yəni, şikayətdə həmçinin, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. X5 isə şikayət ərizəsində və ona əlavə edilmiş sənədlərdə belə sübutlara istinad etməmiş, həmçinin məhkəmə iclasında verdiyi izahatında da buna dair dəlil gətirə bilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin Bakı Metropoliteninin balansında olan Metrotikinti Mexanikləşdirmə İdarəsinin rəisi işləmədiyi halda həmin yazıda X4 belə bir ifadə yazmasını bildirməsi sonuncunun CM-in 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunması üçün əsasdır (CPM-in 302.1.3-cü maddəsi). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət buna hüququ olmayan şəxs tərəfindən verildiyindən, həmçinin şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-419/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-419/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver