Məhkəmə qərarları › İş №1(005)-42/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-42/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-42/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə xəsarət yetirməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 09 iyun 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 5 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan insanlar arasında bərqarar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Amanatın təxminən bir həftə əvvəl yaşadığı evin yaxınlığında yüksək səslə danışdıqlarına görə iradını bildirməsini cüzi səbəb gətirərək aralarında yaranmış mübahisə zamanı sonuncunun ünvanına nalayiq sözlər demiş, əlləri ilə sol qol nahiyəsinə vurub ona ağrı simptomu və sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının şişkinlik halında əziləsi-qançırı və sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid, sol saidin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə xəsarət yetirməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 09 iyun 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 5 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan insanlar arasında bərqarar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Amanatın təxminən bir həftə əvvəl yaşadığı evin yaxınlığında yüksək səslə danışdıqlarına görə iradını bildirməsini cüzi səbəb gətirərək aralarında yaranmış mübahisə zamanı sonuncunun ünvanına nalayiq sözlər demiş, əlləri ilə sol qol nahiyəsinə vurub ona ağrı simptomu və sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının şişkinlik halında əziləsi-qançırı və sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid, sol saidin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 iyun 2020-ci il tarixdə saat 23:30 radələrində Vahidlə onun yaşadığı binanın qarşısında görüşmüş, həmin vaxt ona drel lazım oluduğu üçün Vahidlə birlikdə onun qonşusunun evinə getmək üçün binanın ikinci blokuna daxil olmuş və dreli gətirməli olan şəxsi gözləməyə başlamışlar. Həmin vaxtı binanın birinci və ikinci mərtəbələrinin arasında olan sahədə dayanıb siqaret çəkərkən sonradan Pakistan vətəndaşı olduğunu bildiyi Zərərçəkmiş şəxs blokda dayanmalarına görə öz iradını bildirdiyi üçün Vahidlə birlikdə oradan uzaqlaşmışlar. Bundan təxminən bir həftə sonra, yəni 09 iyun 2020-ci il tarixdə saat 20 radələrində tanışları Vahid, Kamil, Samir və Kərəmlə birlikdə Vahidin yaşadığı evin yaxınlığında dayanan zaman Zərərçəkmiş şəxs yanlarından keçdiyini görüb Vahidlə birlikdə ona yaxınlaşmış, tanışları Kamil, Samir və Kərəm isə kənarda dayanmışlar. Zərərçəkmiş şəxs yaxınlaşan zaman onunla aralarında sözlə mübahisə yaranmış və sonuncu onların başa düşməyəcəkləri, yəni Pakistan dilində nəsə dedikdə fikirləşmişlər ki, ünvanlarına nalayiq sözlər deyir və ona görə də Vahidlə birlikdə onun ünvanına xoşagəlməz sözlər demiş, Vahid əli ilə Zərərçəkmiş şəxs sol qolundan tutub kənara itələmiş, özü isə onu əli ilə vurduqda Mehran yerə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yerdən qalxmış və oradan uzaqlaşıb getmişdir. Hadisənin səbəbi, Zərərçəkmiş şəxs bir neçə gün əvvəl bərk danışdıqlarına görə onlara öz iradını bildirməsi olmuşdur. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisənin şahidləri hadisə baş verən zaman yanlarında olmuş tanışları Kamil, Samir, Kərəm və hadisə baş verən yerin yaxınlığından keçən tanımadığı bir neçə nəfər kişi və qadın olmuşdur. Tanımadığı həmin şəxslər hadisə zamanı yaranmış səs-küy səbəbindən həmin yerdən uzaqlaşmışlar. Yekunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 iyun 2020-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evin yaxınlığında Amalla görüşmüş, həmin vaxt Amala drel lazım oluduğu üçün birlikdə onun yaşadığı binanın birinci blokuna daxil olub dreli gətirməli olan şəxsi gözləməyə başlamışlar. Amalla birlikdə binanın birinci və ikinci mərtəbələrinin arasında olan sahədə dayanıb siqaret çəkən zaman sonradan Pakistan vətəndaşı olduğunu bildiyi Zərərçəkmiş şəxs blokda dayanmalarına görə öz iradını bildirmiş, ona görə də Amalla birlikdə binadan küçəyə çıxmışlar. Bundan təxminən bir həftə sonra, yəni 09 iyun 2020-ci il tarixdə saat 20 radələrində tanışları Amal, Kamil, Samir və Kərəmlə birlikdə yaşadığı evin yaxınlığında dayanan zaman Zərərçəkmiş şəxs yanlarından keçdiyini gördükdə Amalla birlikdə ona yaxınlaşmış, tanışları Kamil, Samir və Kərəm isə kənarda dayanmışlar. Zərərçəkmiş şəxs yaxınlaşan zaman aralarında sözlə mübahisə yaranmış və o, başa düşməyəcəkləri, Pakistan dilində nəsə dedikdə fikirləşmişlər ki, ünvanlarına nalayiq sözlər deyir və ona görə də Amalla birlikdə onun ünvanına xoşagəlməz sözlər demiş, əsəbləşərək əli ilə Zərərçəkmiş şəxs sol qolundan tutub kənara itələmiş, Amal isə onu əli ilə vurduqda Mehran verə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ayağa qalxıb oradan uzaqlaşmışdır. O, göstərmişdir ki, həmin hadisə zamanı özü və ümumiyyətlə heç kim Zərərçəkmiş şəxs cibindən heç bir məbləğdə pul götürməmişdir, 09 iyun 2020-ci il tarixdə saat 20 radələrində aralarında baş vermiş mübahisə zamanı əvvəlcə özü əli ilə Mehranın sol qolundan tutub itələmiş, sonra isə Amal əli ilə Mehranın sol qol nahiyəsinə vurmuşdur. Məhkəmə tibbi ekspertizasının rəyində göstərilən xəsarətləri Mehrana özü və Amal yetirmişlər. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisənin şahidləri hadisə baş verən zaman yanlarında olmuş tanışları Kamil, Samir, Kərəm və hadisə baş verən yerin yaxınlığından keçən tanımadığı bir neçə nəfər kişi və qadın olmuşdur. Tanımadığı həmin şəxslər hadisə zamanı yaranmış səs-küy səbəbindən həmin yerdən uzaqlaşmışlar. Yekunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Amanat oğlu Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan onu məhkəmə iclasına dəvət etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 28 oktyabr 2020-ci il tarixli, 33/3794 nömrəli məktubundan görünür ki, Pakistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Amanet oğlunun dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında 17.08.2020-ci il tarixdə çıxış məlumatı qeydə alınmışdır. Zərərçəkmiş şəxs Amanat oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, 15 mart 2020-ci il tarixdə daimi yaşadığı Pakistan Respublikasından bir ay müddətinə turist kimi Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, lakin məlum koronavirus pandemiyası ilə əlaqədar Pakistan Respublikasına qayıda bilməmişdir. ünvan 6 ünvanında kirayə ev tutub yaşamışdır. 2020-ci ilin iyun ayının əvvəlində, dəqiq tarixini xatırlamadığı günlərin birində, axşam saatlarında yaşadığı evin qarşısında iki nəfər tanımadığı şəxsin dayanıb yüksək səslə danışdığı üçün həmin şəxslərə öz iradını bildirmiş və onlar çıxıb getmişlər. 09 iyun 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evə gedən zaman iki nəfər şəxs yaxınlaşıb azərbaycan dilində nəsə demiş, həmin şəxslərdən biri, sonradan adının Vahid olduğunu bildiyi şəxs sol qolundan vurub onu kənara itələdikdə yerə yıxılmış, bu zaman digər şəxs, yəni adının sonradan Amal olduğunu bildiyi şəxs əlləri və ayaqları ilə sol qol və bədəninin müxtəlif nahiyələrinə vurmaqla xəsarət yetirmişdir. Bundan sonra Amal və Vahid çıxıb getmiş, ona görə də dərhal Azərbaycan dilini bilən tanışı Əyyub İmrana baş vermiş hadisə barədə bildirmiş və o, hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, göstərmişdir ki, ilkin ifadəsində yuxarıda qeyd etdiyi hadisə zamanı cibində olan 960 manat pulunun cibindən çıxarılmasını bildirsə də, özünə məxsus həmin 960 manat pulu hadisədən sonra yaşadığı evdə olan digər şalvarının cibindən tapmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin həmin hadisə zamanı Amal və Vahid adlı şəxslər, ünvanına xoşagəlməz sözlər demiş, əvvəl Vahid əlləri ilə sol qoluna, Amal adlı şəxs isə əlləri və ayaqları ilə sol qoluna və bədəninin digər nahiyələrinə vurmaqla xəsarət yetirmişdir. Hadisə zamanı Amal və Vahid adlı şəxslərin yanında olmuş digər şəxslər ona xəsarət yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 09 iyun 2020-ci il tarixdə saat 20 radələrində ünvan 7 ünvanının qarşısında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1, Şahid2, Vahid və qardaşı Qurbanov Kərimlə söhbət edən zaman adını bilmədiyi Pakistan Respublikasının vətəndaşı həmin ünvandan keçmiş, Amal onlardan ayrılıb həmin pakistanlıya tərəf getmiş və Vahidə demişdir ki, onu qarşılasın. Ona görə də Vahid həmin pakıstanlının qarşı tərəfindən, Amal isə arxa tərəfindən yaxınlaşmış, Vahid onun sinəsindən itələmiş, Amal isə ayağını ilişdirərək yerə yıxmışdır. Pakistan vətəndaşı yerə yıxılarkən onu yenə vurduqlarına görə yaxınlaşaraq onları ayırmaq istəmiş, həmin yerə çatanadək onlar ayrılmışlar. O, Amal ilə Vahidin Pakistan Respublikası vətəndaşını döydüklərini görmüş, lakin onun cibindən pul çıxarılmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Amal, Vahid, Samir adlı şəxsləri tanıyır, dostluq münasibətləri var, Kamil isə onun qardaşıdır. 09 iyun 2020-ci il tarixdə saat 20 radələrində ünvan 7 ünvanının qarşısında Amal, Vahid və qardaşı Kamillə dayanıb söhbət edən zaman əvvəllər tanımadığı Pakistan Respublikası vətəndaşı həmin ünvandan piyada olaraq keçmiş, həmin vaxt Amal onlardan ayrılıb tanımaığı Pakistan vətəndaşına tərəf getmiş və Vahidə qarşılamasını demişdir. Ona görə də Vahid həmin Pakistan vətəndaşına qarşı tərəfdən, Amal isə arxa tərəfdən yaxınlaşmışlar. Həmin vaxtı Vahid Pakistan vətəndaşını əli ilə kənara itələmiş, Amal isə onun ayağını ilişdirdikdə həmin şəxs yerə yıxılmış, yaranmış dava-dalaşı sakitləşdirmək məqsədi ilə yaxınlaşdıqda Pakistan vətəndaşı ayağa qalxmış və oradan uzaqlaşmışdır. Hadisə zamanı Amal ilə Vahid, Pakistan vətəndaşını əlləri ilə vurub döymüş, həmin hadisə zamanı kiminsə həmin Pakistan vətəndaşının cibindən pul oğurlanmasını görməmişdir, yəni belə bir hal baş verməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, iş üzrə digər şahid X2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 iyun 2020-ci il tarixli prtokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X1 Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Amanet oğlunun şikayət ərizəsi ilə əlaqədar hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış ünvan 8 ünvanın qarşısında keçirilir. Orucəliyev küçəsi 11 A saylı bina yaşayış üçün nəzərdə tutulmuş binadır. Həmin bina ilə üzbəüz 5 mərtəbəli yaşayış binası yerləşir. Hər iki yaşayış binasının məsafəsində piyadaların və avtomaşınların hərəkəti üçün məsafə vardır. Orucəliyev küçəsi 11A saylı binanın birinci mərtəbəsində “Könül” adlı studiya fəaliyyət göstərir. Pakistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Amanet oğlunun qeyd etdiklərinə əsasən, 09.06.2020-ci il tarixdə saat 08:00 radələrində, ünvan 8 ünvanının qarşısından keçərkən 25-30 yaşlarında 5-6 nəfər oğlanlardan 2-3 nəfər onu döymüş və cibindən 1000 manat pul götürmüşdür; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 10 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsin 12 iyun 2020-ci il tarixli, 393 nömrəli sağlamlığa zərər vurmanın təyini (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, X5 aşkar edilmiş xəsarətlər - ağrı simptomu və sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının şişkinlik halında əziləsi - qançırı və sıyrığı, sol saidin sıyrıqları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 09 iyun 2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən ağrı simptomu və sol dirsək oynağının bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının şişkinlik halında əziləsi-qançırı və sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs Amanatda aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özüözünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inadırıcı deyil; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-703/2020 nömrəli, 12 iyun 2020-ci il tarixli qərarından görünür ki, CM-in 180.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 09 iyun 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 15 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-716/2020 nömrəli, 15 iyun 2020-ci il tarixli qərarından görünür ki, CM-in 180.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 15 iyun 2020-ci il tarixdən hesablanmaqla 10 sentyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir; Zərərçəkmiş şəxs Amanat oğlu tərəfindən Nərimanov RPİ-nin rəisinə ünvanlanmış 14 iyul 2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs kimi tanındığı 20006242 saylı cinayət işi üzrə ona xəsarət yetirmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-228/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Nərimanov icra və Probasiya şöbəsinin 01 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs2 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-228/2020 nömrəli, 25.08.2020-ci il tarixli hökmü və onun icrası barədə 15.09.2020-ci il tarixli göstərişi Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icraatına 16.09.2020-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilməklə məhkum şöbədə qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs2 məhkəmə hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan əməllərin törədilməsi özlərinin etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə xəsarət yetirməklə xuliqanlıq etmişdir. CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhər Nərimanov rayonu MKTB-nin 36 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 20 iyun 2020-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi) nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 10 ay 20 gün (09 iyun 2020-ci il-29 aprel 2021-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi) nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə cinayət əməlini Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-228/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmiş və buna görə də CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-228/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasıı təyin edilməli, həbsdə saxlanıldığı 10 ay 14 gün (15 iyun 2020-ci il-29 aprel 2021-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-228/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli (CM-66.2, 66.5), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Təqsirləndirilən şəxs1 və Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 80 (səksən) iş saatı üçün hər birinə 480 (dörd yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət (09 iyun 2020-ci il-29 aprel 2021-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (10 (on) ay 20 (iyirmi) gün = 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət (15 iyun 2020-ci il-29 aprel 2021-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (10 (on) ay 14 (on dörd) gün = 1 (bir) il 9 (doqquz) ay) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 03 (üç) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-228/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş və çəkilməmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatı üçün hər birinə 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatı üçün hər birinə 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: imza Əsli ilə düzdür: Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar