Məhkəmə qərarları › İş №1(005)-42/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-42/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-42/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, müdafiəçisi Bakı şəhəri «X2» Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, müdafiəçisi Bakı şəhəri «X2» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yerləşən "xxxx" MTK-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə; xx.xx.1976-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə araşdırılan cinayət işi üzrə sonuncunun əməlini yüksək vəzifədə işləyən şəxslər vasitəsilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə tövsif etməklə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etdirəcəyinə dair yalan vəd verərək aldadıb, sonuncusu ünvan 5 ünvanında yerləşən “Rahat” marketin qarşısında 6000(altı min) manat olmaqla 2023-cü ilin sentyabr ayının əvvəllərindən həmin ilin noyabr ayının sonuna kimi olan müddət ərzində Zərərçəkmiş şəxs hissəhissə olmaqla, ümumilikdə 18200(on səkkiz min iki yüz) manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə araşdırılan cinayət işi üzrə sonuncunun əməlini yüksək vəzifədə işləyən şəxslər vasitəsilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə tövsif etməklə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etdirəcəyinə dair yalan vəd verərək aldadıb, sonuncusu ünvan 5 ünvanında yerləşən “Rahat” marketin qarşısında 6000(altı min) manat olmaqla 2023-cü ilin sentyabr ayının əvvəllərindən həmin ilin noyabr ayının sonuna kimi olan müddət ərzində Zərərçəkmiş şəxs hissəhissə olmaqla, ümumilikdə 18200(on səkkiz min iki yüz) manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin yay aylarından tanıyır. Belə ki, Gülnarə ilə təxminən 2023-cü ilin yay aylarında tanışı Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında icarə əsasında işlətdiyi “Dost” adlı kafesində tanış olmuşdur. Bir müddət sonra aralarında yaxşı münasibətlər yaranmışdır. Təxminən 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs2 evində qonaq olarkən Gülnarə ona barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin olduğunu və ona köməklik etməsini xahiş etdiyi üçün Gülnarənin hüquqlarının müdafiə edilməsi üçün Elsevər adlı vəkillə 500 manata müqavilə bağlanmasında ona köməklik etmişdir. Zərərçəkmiş şəxs məhkəmədəki işinin həlli adı ilə 18.200 manat pul alaraq, həmin puldan 5.000 manatını Təqsirləndirilən şəxs2 götürmüş, qalan 13.200 manat pulu isə özünə götürmüş və şəxsi ehtiyaclarına xərcləmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, təkrar bildirir ki, Zərərçəkmiş şəxs məhkəmədəki işin həlli adı ilə 18.200 manat alaraq, həmin puldan 5.000 manatını Təqsirləndirilən şəxs2 götürmüş, qalan 13.200 manat pulu isə özü götürmüş və şəxsi ehtiyaclarına xərcləmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini bildirərərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3 il müddətdir ki, “Samirə” adlı bir rəfiqəsinin vasitəsilə tanıyır. 2023-cü ilin yay aylarında ünvan 7 ünvanında yerləşən “Dost” kafesini Heyran adlı qadınla icarəyə götürmüşlər. Onun Təqsirləndirilən şəxs1la tanışlığı da məhz “Dost” kafesində olan zaman onun kafeyə gəlməsi ilə olmuşdur. Belə ki, bir il qabaq kafedə Gülnarə və Heyranla olan zaman Təqsirləndirilən şəxs1 qeyd edilən kafeyə gəlmişdir. Heyranla kafedə iş görən zaman Gülnarə onların yanına gəlib Rəşadın kim olduğunu soruşduqda Rəşadın kafedə olan digər insanlar kimi adi müştəri olduğunu demişlər. Gülnarə Rəşada çatacaq yeməyi özünün aparmasını xahiş etmişdir. Bu hadisədən sonra Gülnarəylə Rəşadın münasibəti yaranmışdır. Həmin ərəfələrdə rəfiqəsi olan Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin olduğunu bilirdi. Həmin cinayət işi ilə bağlı onlar bir yerdə olan zaman Gülnarə Rəşada Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin olduğunu və ona köməklik etməsini xahiş etdiyi üçün Rəşad Gülnarənin hüquqlarının müdafiə edilməsi üçün Elsevər adlı vəkillə 500 manata müqavilə bağlaması üçün ona köməklik etmişdir. Zərərçəkmiş şəxs işin həlli adı ilə Təqsirləndirilən şəxs1la birlikdə ümumilikdə 18.200 manat pul alaraq, həmin puldan 5.000 manatını o özünə götürmüş, qalan 13.200 manat pulu isə Rəşad özü üçün götürmüş və aldıqları pulları şəxsi ehtiyaclarına xərcləmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, təkrar bildirir ki, Zərərçəkmiş şəxs məhkəmədəki işinin həlli adı ilə Rəşad 18.200 manat pul almış, həmin puldan 5.000 manatını o, özü götürmüş, qalan 13.200 manat pulu isə Rəşad özünə götürmüş və aldıqları pulları şəxsi ehtiyaclarına xərcləmişlər. Zərərçəkmiş şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanı, yəni 5000 manatı özü, qalan 13200 manat pulu isə Rəşadın tam şəkildə Gülnarəyə ödədiklərini bildirmişdir. Əməlindən peşmandır. Eyni zamanda ona çatan məbləğin, yəni 5.000 manatın 25 faizi məbləğində dövlət nəfinə pul ödədiyindən ona münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkəmə icraatı mövcud olmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda həmin hökmdən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. 2023-cü ilin sentyabr ayının əvvəllərində barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılan ərəfələrdə 5 il olar ki, rəfiqəsi olan “Şəfa” kimi tanıdıqları Təqsirləndirilən şəxs2 icarə əsasında işlətdiyi ünvan 8 ünvanında yerləşən kafedə olan zaman Yasəmənin tanışı olan Təqsirləndirilən şəxs1la tanış olmuşdur.Yasəməni 4-5 ildən çoxdur ki, tanımışdır. Yasəmənlə yaxın rəfiqə, bacı kimi olmuşlar, bir-birlərinin evlərinə gəlib gedmişlər.Yasəmənə demişdir ki, onun məhkəmə məsələsin həll etmək lazımdır.Yasəmən ona demişdir ki, adam var həll edəcək. Kafedə Rəşadla oturan zaman Rəşada məhkəmə işini danışmış, Rəşad ona tanışının olmasını və onun işini həll edəcəyini bildirmiş, bu söhbət gedəndə Yasəmən də gəlib onların yanında oturmuş və demişdir ki, həll olacaqsa lap yaxşı. Bir gün sonra kafeyə gəlmiş, Yasəmən və Rəşad ona demişdir ki, işin həlli ilə bağlı pul vermək lazımdır. Rəşad və Yasəmən demişlər ki, bu işin həllinə 20.000 manat lazımdır. Həmin gün Yasəmənin yanında Rəşada ilk olaraq 2.000 manat sayıb vermişdir. Qalan məbləgi isə hissə-hissə verəcəyini bildirmişdir. Bankdan pul götürmüş, qızıllarını lambarda qoyub, bir dəfə Agır cinayət məhkəməsinin yanında, bir dəfə Rahat marketin yanında, bir dəfə “Su sonası” restoranın yanında, müxtəlif yerlərdə ümumilikdə Rəşada və Yasəmənə 18200 manat pul vermişdir. Ondan həmin məbləği ona görə almışdırlar ki, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə baxılan məhkəmə işi üzrə bəraət alacaqlar. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi olaraq qızıl-ziynət əşyalarının alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs da qızıl alverçisi kimi tanımış və həmkar kimi aralarında səmimi münasibət olmuşdur. Gülnarənin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkəmə icraatı mövcud olmasından xəbəri vardır. “Şəfa” kimi tanıdığı Təqsirləndirilən şəxs2 da Gülnarənin vasitəsi ilə onun rəfiqəsi kimi tanımışdır. Təqribən 2023-cü ilin noyabr ayının ortalarında Gülnarə və onun tanışı olan Arzu xanımla birlikdə olan zaman Gülnarə, tanışları olan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə onun məhkəmə işini həll edəcəklərinə dair vəd verib ondan pul aldıqlarını, əlavə olaraq Rəşadla görüşüb yenidən 5500 manat verməli olduğunu bildirmişdir. Rəşadla Gülnarənin razılaşmalarına əsasən həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında görüşüb 5500 manatı Rəşada verməliymiş. Buna görə də, Gülnarə onların yanında Rəşadla telefonla danışıb Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında olduğunu bildirmişdir. Rəşad da həmin vaxt məhkəmənin yaxınlığında olduğunu bildirib, Gülnarəni pulu vermək üçün yanına çağırmışdır. Gülnarə də onların yanında 5500 manat pulu sayıb özü ilə götürərək Rəşadla görüşməyə getmişdir. Gülnarə Rəşadla Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında görüşüb pulu ona vermişdir. Şahid1 ilə maşında oturub onları müşahidə edirmişlər. Gülnarə pulu Rəşada verdikdən sonra, Yasəmənə zəng edərək Gülnarənin Rəşada pulu verdiyini bildirmiş və Gülnarənin işinin necə həll olacağı barədə maraqlanmışdır. Yasəmən isə məsələ ilə bağlı lazımı danışıqları apardıqlarını, işin tezliklə həll olacağını bildirmişdir. Qeyd edir ki, bir müddət sonra X1 birlikdə onu aldatdığını, nə işini həll etmədiyini, nədəki pulunu qaytarmadığını eşitmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Gülnarə ailə üzvləri ilə birlikdə onun yaşadığı evdə yaşayır. 2023-cü ilin yayında Gülnarənin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkəmə icraatı olmuşdur. Təxminən 2023-cü ilin sentyabr ayının ortalarına yaxın Gülnarə Yasəmən adlı rəfiqəsi vasitəsilə tanış olduğu Rəşad adlı şəxsin onun məhkəmədə olan işinin həll edilməsi üçün 20.000 manat pul tələb etdiyini və həmin pulu verəcəyi təqdirdə Rəşadın tanışları vasitəsi ilə onun işini həll etdirəcəyini bildirmişdir. Gülnarənin həmin ərəfələrdə tələb olunan məbləğdə, yəni 20000 manat pulu olmadığına görə borca pul axtarırmış, ondan da bacardığı miqdarda borca pul tapmağını xahiş etmişdir. Gülnarə özü qohumlarından bir qədər borc alıb pulun müəyyən hissəsini düzəltmiş, qalan hissəsini isə düzəltməkdə çətinlik çəkirmiş. O da “Neft Daşları”nda işləyən iş yoldaşlarından 2023-cü ilin noyabr ayı ərzində borca pul alıb ümumilikdə 5000 manat düzəltmişdir. Gülnarə ilə əlaqə saxlayıb 5000 manat düzəltdiyini bildirib göndərməyi üçün bank hesab kartı istəmişdir. Gülnarə isə qohumları olan Şahid1 bank kartının şəklini ona göndərmişdir. O da həmin bank kartına xx.xx.2023-cü il tarixdə 5000 manat pul göndərmişdir. Sonradan Gülnarə ilə söhbət edən zaman Rəşad və Yasəmənə işinin həlli üçün ümumilikdə 18200 manat pul verdiyini, lakin işinin həll edilmədiyini, məhkəmə prosseslərinin yekunlaşma mərhələsində olduğunu bildirmişdir. Hətta 2023-cü ilin dekabr ayının əvvəllərində Rəşad onların yaşadıqları evə gəlib onlarla söhbət edərək Gülnarədən işinin həlli üçün həqiqətən də 18200 manat pul aldığını etiraf etmiş və qısa zamanda Gülnarənin işinin həll oluncağını bildirmiş, əks təqdirdə almış olduğu pulu qaytaracağını bildirmişdir. X5 nə işini həll etmiş, nədəki pulunu qaytarmamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Anası Zərərçəkmiş şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkəmə icraatı mövcud olmuşdur. Təxminən 2023-cü ilin sentyabr ayında anası Gülnarə ilə söhbət zamanı onun “Şəfa” kimi tanıdıqları Yasəmən adlı rəfiqəsi vasitəsi ilə tanış olduğu Rəşad adlı şəxsin məhkəmədə olan işinin həll olunması üçün anasında 20000 manat istədiyini eşitmişdir. Bundan sonrakı söhbətlərdə anası Yasəmən və Rəşada müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul verdiyini də ona bildirmişdir. Təxminən 2023-cü ilin noyabr ayının sonlarında anası Gülnarə və qohumları Arzu ilə birlikdə tanımadığı taksi sürücüsünün avtomobili ilə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən keçmiş “Rahat” marketin yaxınlığına gəlmişlər və anası Gülnarə orada Rəşad adlı şəxslə görüşmüşdür. Yasəmən xanım onun anasının yaxın rəfiqəsi olub və Yasəməni uzun müddətdir ki, tanısa da Rəşad adlı şəxsi ilk dəfə orada görmüşdür. Anası həmin görüşdə Rəşada 6000 manat pul vermiş və onlar bunun şahidi olmuşlar. Amma sonradan anasından Yasəmlə Rəşadın onu aldatdığını və verdikləri vədi həyata keçirməyərək aldıqları pulu da qaytarmadıqlarını eşitmişdir. Bundan sonra anası həm Yasəməndən, həmdəki Rəşaddan pulu geri tələb etməyə başlamışdır. Hətta Rəşad onların evinə gələrək anası və nənəsinə aldığı pulu qaytaracağını bildirərkən evdə olmuş və bunun da şahidi olmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 2023-cü ilin yayında Gülnarənin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkəmə icraatı olmuşdur. Təxminən 2023-cü ilin sentyabr ayının ortalarına yaxın Gülnarə Yasəmən adlı rəfiqəsi vasitəsilə tanış olduğu Rəşad adlı şəxsin onun məhkəmədə olan işinin həll edilməsi üçün 20.000 manat pul tələb etdiyini bildirdi. Gülnarənin həmin ərəfələrdə tələb olunan məbləğdə, yəni 20.000 manat pulu olmadığına görə borca pul axtarırdı, o da bacardığı miqdarda borca pul tapmağını xahiş etdi. Lakin o özü pul tapa bilməsə də baldızı Şahid1, anası Şahid3, eləcə də Gülnarənin özü ümumilikdə 18200 manat pul düzəldib hissə-hissə Rəşadla Yasəmənə vermişdi. Sonradan Gülnarə ilə söhbət edən zaman Rəşad və Yasəmənə işinin həlli üçün ümumilikdə 18200 manat pul verdiyini, lakin işinin həll edilmədiyini, məhkəmə prosseslərinin yekunlaşma mərhələsində olduğunu bildirmişdir. X4 işini danışmaq və nəticəsi barədə məlumat almaq üçün onların tanışları olan Heyran adlı qadının işlətdiyi kafeyə gedib Gülnarə ilə birlikdə Rəşadla görüşmüşdür. Görüş zamanı, Rəşad pulu aldığını etiraf etmiş, işin uğurla davam etdiyini, 2023-cü ilin dekabr ayının sonlarında keçirləcək məhkəmə prossesi zamanı Gülnarənin əməlinin daha yüngül maddəyə tövsif ediləcəyini, əks təqdirdə almış olduğu pulu qaytaracağını bildirmişdir. X5 nə işini həll etmiş, nədəki pulunu qaytarmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şahid1 təqdim etmiş olduğu "xxxx"ASC tərəfindən emmisiya edilmiş 5239 15******4692 saylı bank hesab kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlara dair məlumatların əks olunduğu 15 vərəqdən ibarət çıxarışa baxış zamanı 16 sentyabr 2023-cü il tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə 3650 manat pul vəsaitinin digər bank kartına köçürüldüyü və 15 noyabr 2023-cü il tarixdə ödəmə terminalı vasitəsi ilə 5000 manat pul vəsaitinin sonuncunun istifadəsində olan həmin kart hesabına köçürüldüyü müəyyən edilmişdir. Zərərçəkmiş şəxs istintaqa təqdim etmiş olduğu 01 ədəd elektron məlumat daşıyıcısı olan yaddaş kartındakı “Rəşadla avtomobildə olan danışıq” adlı səsyazı faylına baxış zamanı Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs arasında baş tutan söhbət zamanı Zərərçəkmiş şəxs məhkəmə işinin həlli üçün Təqsirləndirilən şəxs1 əlbəəl 11000 manat, Təqsirləndirilən şəxs2 isə 7000 manat pul verdiyini bildirdiyi, Təqsirləndirilən şəxs1 əks reaksiya vermədən onun dediklərini təsdiq etdiyi, “Heyranın kafesindəki səsyazısı” adlı səsyazısına baxış zamanı Zərərçəkmiş şəxs və Şahid4 iştirakı ilə baş tutmuş görüş zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs elan olunmuş ittihamın daha yüngül maddəyə tövsif ediləcəyi, əks təqdirdə verilən pulu qaytaracağını bildirdiyi, “Rəşadın videogörüntüsü-1” və “Rəşadın videogörüntüsü- 2”adlı videogörüntülərə baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs anası Şahid3 və Zərərçəkmiş şəxs ilə danışıb sonunculara səbirli olmağı tövsiyə edib, məhkəmə prosesini nəzarətdə saxladığı və tezliklə işin Zərərçəkmiş şəxs xeyrinə həll olunacağı, əks təqdirdə vermiş olduqları pulu geri qaytaracağını bildirdiyi, “Şəfa ilə danışıq”, “Şəfa ilə danışıq 2” və “Şəfa ilə danışıq 3” adlı videofayllara baxış zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında baş tutan telefon danışığı zamanı Zərərçəkmiş şəxs məhkəmə işinin həlli üçün 18000 manat pul verdiyini bildirdiyi, həmin pulun verilməsindən Təqsirləndirilən şəxs2 da məlumatı olduğunu, lakin işinin həll olunmadığını bildirdiyi, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək sonuncunu səbirli olmağa dəvət etdiyi, “Şəfanın evinin yanındakı səsyazı” adlı səsyazısına baxış zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında tutan söhbət zamanı Zərərçəkmiş şəxs məhkəmə işinin həlli üçün Təqsirləndirilən şəxs2 7000 manat, Təqsirləndirilən şəxs1 isə 11000 manat pul verdiyini bildirdiyi, Təqsirləndirilən şəxs2 isə əks reaksiya vermədən onun dediklərini təsdiq etdiyi müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 aprel 2024-cü il tarixdə saat 19:10-da Şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 aprel 2024-cü il tarixdə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittihan elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbiri seçmək” barədə 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ‘başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbiri seçmək” barədə 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ‘başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Sübutların qiymətləndirilməsi haqqında 09 iyul 2024-cü il tarxli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etmiş olduğu səs yazılarının və aralarında olan danışığın videogörüntüsünün əks olunduğu 01 ədəd elekron məlumat daşıyıcısı olan yaddaş kartı və X3 təqdim etmiş olduğu "xxxx"ASC tərəfindən emmisiya edilmiş 4169 73******2951 saylı bank hesab kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlara dair məlumatların əks olunduğu 04 vərəqdən ibarət çıxarış və Şahid1 təqdim etmiş olduğu "xxxx"ASC tərəfindən emmisiya edilmiş 5239 15******4692 saylı bank hesab kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlara dair məlumatların əks olunduğu 15 vərəqdən ibarət çıxarış maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyan 18.200 manatın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-42/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş və ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödəməsini, himayısində 2 yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs1 əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 02 gün (15-17 aprel 2024-cü il) Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- Zərərçəkmiş şəxs istintaqa təqdim etmiş olduğu səs yazılarının və aralarında olan danışığın videogörüntüsünün əks olunduğu 01 ədəd elekron məlumat daşıyıcısı olan yaddaş kartı və X3 təqdim etmiş olduğu "xxxx"ASC tərəfindən emmisiya edilmiş 4169 73******2951 saylı bank hesab kartı üzrə xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlara dair məlumatların əks olunduğu 04 vərəqdən ibarət çıxarış və Şahid1 təqdim etmiş olduğu "xxxx"ASC tərəfindən emmisiya edilmiş 5239 15******4692 saylı bank hesab kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlara dair məlumatların əks olunduğu 15 vərəqdən ibarət çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5.200 (beş min iki yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı həbsdə saxlanıldığı 02 gün nəzərə alınmaqla üzərində qəti olaraq 5.000 (beş min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs istintaqa təqdim etmiş olduğu səs yazılarının və aralarında olan danışığın videogörüntüsünün əks olunduğu 01 ədəd elekron məlumat daşıyıcısı olan yaddaş kartı və X3 təqdim etmiş olduğu "xxxx"ASC tərəfindən emmisiya edilmiş 4169 73******2951 saylı bank hesab kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlara dair məlumatların əks olunduğu 04 vərəqdən ibarət çıxarış və Şahid1 təqdim etmiş olduğu "xxxx"ASC tərəfindən emmisiya edilmiş 5239 15******4692 saylı bank hesab kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlara dair məlumatların əks olunduğu 15 vərəqdən ibarət çıxarış cinayət işinin materiallarına saxlanılsın. Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar