Məhkəmə qərarları › İş №1(005)-420/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-420/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-420/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam’’ növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu Zığ şossesi adlanan ünvanda istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq ağ rəngli kağıza bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,324 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Nərimanov RPİ-nin 16 PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 82 saylı ünvanın qarşısında saxlanılıb Nərimanov RPİ-nin 16-ci PB-nə gətirilmiş, polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,324 qram olan ağ rəngli kristal şəkilli kütlə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitəni istifadə etməyə başlayanda internet üzərindən İran İslam Respublikasının vətəndaşı Əhməd adlı bir şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs də narkotik vasitə lazım olanda həmin şəxslə vatsapp tətbiqi üzərindən əlaqə saxlayaraq «milli ön» ödəmə sistemi ilə onun göndərdiyi kart nömrəsinə həmin narkotik vasitənin pulunu ödədikdən sonra, Əhməd yenə vatsapp tətbiqi vasitəsi ilə narkotik vasitənin yerinin fotoşəklini göndərirdi. Təqsirləndirilən şəxs həmin ünvana gedib narkotik vasitəni tapıb götürərək sonra münasib yerdə istifadə etmişdir. 20 iyun 2024-cü il tarixdə saat 11 radələrində İİR-nın vətəndaşı olan Əhməd adlı şəxsdən öz istifadəsi üçün psixotrop maddə olan metafetamin və “Preqabalin” tərkibli kapsulam sifariş vermiş və bunun üçün 20 manat ödəniş etmişdir.Onun göstərdiyi yerə, Zığ şossesinə getmiş və oradan psixotrop maddə ilə dərmanı götürüb üzərində saxlamışdır ki, lazım olan zaman istifadə etsin. 21 iyun 2024-cü il tarixdə saat 13:30 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nin 16cı PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, hüquq və vəzifələri izah olunmaqla müdafiəçi təqdim olunmaqla və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan kiçik çibindən ağ rəngli kağıza bükülmüş metafetamini və üzərində “Galara- Pereqabalin” yazılmış 1 listdə 03 ədəd dərman kapsullarını, şalvarın sol yan çibindən ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr olan qara rəngli “Honor” markalı mobil telefonu, təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş, imzalanmışdır. Heç vaxt narkotik, güclü təsir edən maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Nərimanov RPİ-nin 16-cı Polis şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 iyun 2024-cü il tarixdə əməliyyat müvəkkili Şahid2la xidmət etdikləri ərazidə narkotik vasitələrin qanınsuz dövriyyəsi ilə məşğul olan şəxsləri aşkar etmək üçün müşahidə aparmışlar. Həmin gün saat 13:30 radələrində Ak. H. Əliyev küçəsində olarkən 82 saylı ünvanda bir nəfərin hərəkətləri onun narkotik vasitə istifadə etməsində və saxlamasında şübhə yaratmışdır. Bu səbəbdən Şahid2la ona yaxınlaşmış və özlərini təqdim edərək, ondan da özünü təqdim etməyi tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. O cavab verərkən narkotik sərxoşluğunda olması özünü biruzə vermişdir. Ona narkotik vasitələri əldə etməkdə və saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onu 16-cı PoWs şöbəsinə gətirmişlər. Şahid1 Təqsirləndirilən şəxs saxlamaqları barədə raportla məruzə etmiş və onun barəsində qanunla nəzərdə tutulmuş tədbir görülməsini xahiş etmişdir. X7 saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulacağını və üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmiş, onun müdafiə hüquqlarını təmin etmək üçün vəkil dəvət etmişdir. Vəkil gələndən sonra videoçəkilişlə şəxsi axtarışa başlanmışdır. Şəxsi axtarışa başlayanda təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan qanunla dövriyyəsi qadağan olunmuş əşyaları, predmetləri təqdim olunmasını təklif etmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan kiçik cibindən 1 ədəd ağ kağızdan büküm və 1 ədəd büster kəsiyində olan 3 ədəd dərman kapsullarını, sol cibindən isə 1 ədəd mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə əlavə şəxsi axtarış aparmış və heç bir predmet aşkar olunmamışdır. Təhqiqatçı kağız bükümü açanda bükümdə xırda kristallardan ibarət ağ rəngli maddə aşkar olunmuşdur. Təhqiqatçı kristallardan ibarət maddə və dərman kapsulları barədə sual verəndə Təqsirləndirilən şəxs kristallardan ibarət maddənin «pati» adlandırılan metamfetamin olmasını, dərman preparatının isə psixotrop preparat preqabalin olmasını aptekdən 20 manata almasını, 6 aydır ki, həmin preparatlardan istifadə etməsini öz istifadəsi üçün almasını bildirmişdir. Bundan sonra aşkar olunmuş kristal maddə və dərman kapsulları zərfə qablaşdırılmış, zərf möhürlənmiş və imzalanmışdır. Təhqiqatçı tərəfindən şəxsi axtarış protokolu tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlamalarını, şəxsi axtarış zamanı onun üzərində bir bükümdə metamfetamin və 3 kapsul preqabalin dərman preparatları aşkar olunmasını, Təqsirləndirilən şəxs metamfetaminin və preqabalin dərman preparatlarının ona məxsus olmasını, öz istifadəsi üçün aidə etməsini bildirməsini izah etməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 16-cı PŞ-nə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ 16-cı PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, 16-cı PŞ-nin əməliyyat müvəkkili pollis leytenantı Şahid2 və 25 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X5 iştirakları ilə X3 üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan ağ kağıza bükülmüş 01 ədəd bükümü, üzərində “Galara-Preqabalin” yazısı yazılmış 01 listdə 03 ədəd dərman kapsullarını, şalvarının sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki vasitə psixotrop maddə hesab olunan “patı” adı ilə tanınan metamfetamin, 03 ədəd kapsulda isə psixotrop tərkibli dərman preparatıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan “patı” adı ilə tanınan metamfetamini xx.xx.2024-ci il tarixdə İİR vətəndaşı olan şəxsə sifarişi üzrə Zığ şossesindən 20 manat qarşılığında aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə olan büküm və dərman kapsulları iştirakçıların həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 218nömrəli möhürlə möhürləndi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3332 nömrəli rəyi ilə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdəki kristallardan ibarət maddə kustar üsulla hazırlanmış 0, 324 qram psixotrop maddə metamfetamin, üzərində GALARA...prebaqalin 15- mg... göstəriciləri olan blister kəsiyindəki 3 ədəd dərman kapsullarının tərkibində cəmi 0,45 qram (1 kapsulunun tərkibində 0,15 qram) preqabalin təsiredci maddədir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ), Pregabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onlsrın külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd metamfetaminin təmiz çəkisi 0,324 qr. Tədqiqata sərf edildi 0,05 qr, qalıq 0, 274 qr. Pregabalin- 03 kapsul. Tədqiqata sərf edildi 01 kapsul, qalıq 02 kapsul. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır; “Qətimkan tədbiri seçilməsi barədə” 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi üçün saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli 1829 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən anlaqlı vəziyyətdə olması, Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşməməsi məlum olmuşdur. “Şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirilməsi barədə” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış prosesinin görüntülərinə baxış zamanı diskdə «VİD 20240622 171605024» adlı, MP 4 tipli, 86314 KB ölçülü fayl aşkar olundu. Fayl açılanda kompüterin montitoruna xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ cibindən 1 ədəd kağız büküm və 3 ədəd dərman kapsulları ilə olan 1 ədəd blister kəsiyini, sol yan cibindən isə telefonu çaxardaraq masanın üzərinə qoyması, əlavə axtarış zamanı Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli başqa predmetlərin aşkar olunmaması, Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açılanda bükümdə ağ rəngli xırda kristallardan ibarət maddə aşkar olunması, təhqiqatçı 3 ədəd dərman kapsulu ilə olan blisteri nümayiş etdirəndə blisterin arxa hisəsində «Preqabalin Galara 150 mq» markirovkasının olması, Təqsirləndirilən şəxs kağız bükümdə «pati» adlı ilə tanınan metamfetaminin, blisterdə isə psixotrop preparat preqabalin olması barədə məlumat verməsi, X7un aşkar olunmuş dərman kapsullarını və içərsində ağ kristallardan ibarət maddə olan 1 ədəd kağız bükümü boş zərfə qablaşdırması zərf üzərində iştirak edənlərin ad, soyadlarını qeyd etməklə imza etdirməsi məlum olmuşdur. “Telefona baxış keçirilməsi barədə” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus şəxsi axtarış zamanı götürülmüş «Honor» markalı mobil telefona baxış keçirilərkən VVhatsApp» faylında SHAKH adı ilə +**********75 və Axmad adı ilə +**********75 nömrələr müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin nömrələr psixotrop maddə aldığı İİR-nın vətəndaşlarının VVhats App nömrələridir. Onlarla həmin nömrə ilə əlaqə saxlayır. Fotolar faylına baxış keçirərkən Təqsirləndirilən şəxs psixotrop maddə və preqabalin tərkibli üç kapsuldan ibarət dərman preparatlarını götürdüyü yerin fotoşəkillərinin saxlanılması müəyyən edilmişdir. “Telefonla ötürülən məlumatlara baxış keçirilməsi barədə” 15 avqust 2024-cü il tarixli protokola əsasən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə bağlı məşğul olmasına dair hər hansı məlumat aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4382 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut tanımaq haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş və götürülmüş 0,324 qram metamfetamin, 03 ədəd preqabalin dərman kapsullarında cəmi 0,45 qram təsiredici maddə, 1 ədəd diskdə olan şəxsi axtarış görüntüləri və 1 ədəd “Honor” markalı telefon maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,274 qram metamfetamin, 2 kapsul preqabalin və 1 ədəd “Honor” markalı telefon Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilmiş və 01 ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Sübutların təhlil, bir-birləri ilə müqayisə edilməsi, əmələ hüquqi qiymət verilməsi, sübutların kifayət etmələrinin yoxlanılması, cinayət təqibinə hissəvi xitam verilməsi barədə” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının 234.2 və 240.1-ci maddələrinin tərkibi olmadığından həmin hissələrdə barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işindən Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və güclü təsir edən preqabalinin mənbəyinin müəyyən edilməsi üçün material ayrılaraq 16-cı PŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,324 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (21- 23 iyun 2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,274 qram olan psixotrop maddə-metamfetaminin qalıq çəkisi və 02 ədəd dərman kapsullarının dərman kapsullarının tərkibində ümumilikdə 0,30 qram (01 kapsulun tərkibində 0,15 qram) preqabalin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, maddi sübut 1 ədəd “Honor” markalı telefon sahibinə qaytarılmalıdır (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,274 qram olan psixotrop maddə-metamfetamin və 02 ədəd dərman kapsullarının tərkibində ümumilikdə 0,30 qram (01 kapsulun tərkibində 0,15 qram) preqabalin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 1 ədəd “Honor” markalı telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz saksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar