Məhkəmə qərarları › İş №1(005)-423/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-423/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-423/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, Kəlbəcər rayonu, Otaxlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını binaya qanunsuz daxil olmaqla gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 01.04.2021 -ci il tarixdə saat 01:30 radələrində kuryer işlədiyi ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Közərən Dönər” kafesinin giriş qapısının şüşəsini təpiklə vurub sındıraraq kafeyə qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus 687 manat dəyərində “LG” markalı televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs Ehlibar oğluna maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, 2021-ci ilin mart ayından hadisə baş verən günə qədər, yəni 01.04.2021-ci il tarixədək ünvan 3 ünvanında yerləşən "Közərən Dönər“ kafesində kuryer olaraq işləmişdir. Qeyd elmişdir ki, o, tanışından müvəqqəti istifadə elmək üçün moped götürmüşdür. Həmin moped ilə sifarişləri ünvanlara çatdırırmış. Mübahisəsi olduğundan ailəsi ilə bir yerdə yaşamırdı. İşlədiyi restoranın icarədarı Caviddən xahiş etmişdir ki. qalmağa yeri yoxdur, ona kafedə qalmağa icazə versin. Cavid də onunla razılaşmışdır. 31.03.2021-ci il tarixdə saat təxminən 20 radələrində o, mopedi təmir etdirmək adı ilə Caviddən icazə alıb getmişdir. Həmin gün olan sifarişlərin pulu, yəni 100 manatı və sifarişləri daşımaq üçün Cavidin ona verdiyi bel çantası onun üzərində olmuşdur. O, üzərində olan 100 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gün saat təxminən 23 radələrində Cavid ona dəfələrlə zəng etsə də o, Cavidin zənglərinə cavab verməmişdir, daha sonra isə mobil telefonu söndürmüşdür. Bundan sonra onun pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, gedib işlədiyi kafedən televizoru oğurlayıb satsın. Bu məqsədlə 01.04.2021-ci il tarixdə saat təxminən 01:30 radələrində o, kafenin qarşısına getmişdir. Mopedi restoranın qarşısında saxlamışdır. O, gecələr restoranda qaldığından Cavid hər gün restoranı özü bağlayıb gedirmiş. O, qapını aça bilmədiyindən təpiklə kafenin giriş qapısının şüşəsini sındırıb içəri daxil olmuşdur. Kafenin ümumi zalında divardan asılmış "LG“ markalı televizoru götürüb kafedən çıxaraq mopedə əyləşib oradan uzaqlaşmışdır. Bir neçə saat şəhərdə gəzdikdən sonra "28 may” metrostansiyasının yaxınlığında oğurladığı televizoru tanımadığı bir nələr şəxsə 200 manata satmışdır. Daha sonra həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, onunla barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona yaxınlşaraq kuryer kimi işləmək istədiyini və özünün şəxsi mopedi olduğunu bildirmişdir. O da Ümidlə razılaşmış və onu işə götürmüşdür. Bundan sonra Ümid öz şəxsi mopedi ilə sifariş edilən qidaları ünvanlara çatdırmağa başlamış və onun etibarını qazanmışdır. Daha sonra Ümid ona qalmağa yeri olmadığını, kafedə gecələmək üçün ona icazə verməsini xahiş etmişdir. O da Ümidə inananaraq kafedə gecələməyə icazə vermişdir. 31 mart 2021-ci il tarixdə Ümid bir ədəd 50 manat dəyərində qidaların daşınması üyün nəzərdə tutulan bel çantasını, həmin gün sifarişlərdən yığılmış 100 manat pulu özündə saxlayıb axşam ona təhvil verməmişdir. O, Ümidə məxsus mobil nömrəyə zəng etsə də Ümid müxtəlif bəhanələr gətirərək həmin günü obyektə gəlməmiş və daha sonra da telefona cavab verməmişdir. O, 31 mart 2021-ci il tarixdə saat 23:00-da kafeni bağlayıb evə getmişdir. 01 aprel 2021-ci il tarixdə səhər tezdən işə gələn zaman kafenin şüşəsinin sındırıldığını və içərisində olan 687 manat dəyərində “LG” markalı televizorun oğurlandığını görmüşdür. Bu barədə 102 xidmətinə məlumat vermişdir. Daha sonra kafedən çöldə yerləşən müşahidə kamerasının qeydə aldığı videoya baxıb görmüşdür ki, Ümid kafenin şüşəsini sındırıb içərisində olan “LG” markalı televizoru oğurlayıb çıxıb gedir. Son olaraq yazılı ərizəsini məhkəməyə təqdim edib təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona dəymiş ziyanın tam olaraq aradan qaldırıldığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə AR CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq ibtidai istintaqının aparılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-296/2021 nömrəli, 30.07.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 107 (bir yüz yeddi) gün həbsdə saxlanılma müddəti 214 (iki yüz on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, AR CM-nin 177.1-ci maddəsi ilə fakta görə başlanılmış ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. Tutma haqqında 22 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Diskə baxış keçirilməsi haqqında 22.09.2021-ci il tarixli protokoldan görünür ki, 01.04.2021-ci il tarixdə saat 01:30 radələrində bir nəfər şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küyəsi 2 ünvanında yerləşən “Közərən Dönər” kafesinin giriş qapısının şüşəsini təpiklə vurub sındıraraq kafeyə daxil olur, kafenin içərisindən televizoru götürüb kafedən çıxaraq həmin televizoru Mopedə qoyur və həmin Mopedi idarə edib oradan uzaqlaşır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında 24.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirnin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və dərhal saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 24.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AR Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Dalqılınclı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu 04.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. AR Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Dalqılınclı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04.10.2021-ci il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Dalqılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə daimi qeydiyyatdadır, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski, bina 1b, mənzil 12-də məskunlaşmışdır. Sübutların qiymətləndirilməsi haqqında 06.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24.09.2021-ci il tarixdə AR CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham əsaslı olduğundan qüvvədə saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirnin nəzərə alınması, 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. AR ƏN Bakı Şəhər Probasiya İdarəsinin Bakı şəhəri Nərimanov Məhkəməsinə ünvanlandığı 19.11.2021-ci il tarixli 211/3-10496 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 1(011)-296/2021 nömrəli hökmü və hökmün icrasına 06.09.2021-ci il tarixli göstərişi Bakı Şəhər Probasiya İdarəsinin icraatına 17.09.2021ci il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmişdir. Xətai Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 1(011)-296/2021 nömrəli hökmü ilə məhkum Ü. Bayramova təyin edilmiş 01 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 02 gün hissəsini çəkmiş, 01 il 08 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam olaraq ödənilmişdir. Bu səbəblə də ona qarşı heç bir şikayət vətələbi yoxdur. Ona cəza təyin edilərkən barışıq əldə olunmasını və ziyanı ödəməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməklə ona dəymiş zərərin əvəzini ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasın və ağırlaşdıran halların olmamasın, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 01.04.2021-ci il tarixdə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-296/2021 nömrəli, 30.07.2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin ediməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-296/2021 nömrəli, 30.07.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası vardır və həmin cəzanın yalnız 02 ay 02 gününü çəkmiş, 01 il 08 ay 24 gün hissəsi isə çəkilməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-296/2021 nömrəli, 30.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxmaqla qəti cəza saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti isə Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni 17.09.2021-ci il tarixdən hesablanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-296/2021 nömrəli, 30.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 03 il 06 ay müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni 17.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar