Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-423/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Şəkər ərazi dairəsi, Şəkər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında təkrarən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşya-bıçaqdan istifadə etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən “Boçka Pub” adlı restoranının qarşısında, Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış mübahisə nəticəsində, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, yəni Zərərçəkmiş şəxs2 ona və tanışlarına baxıb gülməsinə irad bildirdiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təstiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan vətəndaşların gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, üzərində olan bıçaqla Alireza Mahmudini vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarəti, sifətin sağ yarısının böyük ölçülü kəsilmiş yarası və sağ orta körpücük xətti üzrə 1-2-ci qabırğaarası sahələrin 2(iki) ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxs ilə bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat təxminən 13:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə X.Şuşinski küçələrinin kəsişməsində yerləşən 258 nömrəli məktəbin arxa tərəfində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə nəticəsində, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yəni şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxs Zərərçəkmiş şəxs1 nə üçün ona tərs-tərs baxdığını bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan vətəndaşların gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, Hüseyn adlı şəxs Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuş, daha sonra Təqsirləndirilən şəxs təpiklə bir dəfə Zərərçəkmiş şəxs1 bel nahiyyəsindən vurmuş, bundan sonra Təqsirləndirilən şəxs Hüseyn adlı şəxs ilə birlikdə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarəti, yəni sağ qaş, sağ təpə-gicgah travması, baş beyin silkələnməsi xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azadlıq prospekti, Dədə Qorqud parkı tərəfdə yerləşən idman zalında qaydasız döyüş növü idmanı ilə məşğul olur. Respublika və qaydasız döyüş üzrə Bakı şəhəri yarışlarında iştirak etmiş və 4 qat Respublika və 3 qat Bakı çempionudur. 03 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində Xırdalan qəsəbəsində yaşayan, atasının adını və soyadını bilmədiyi dostu Vəli adlı şəxslə yaşadığı evin yaxınlığında yerləşən parkdakı turnikdə idmanla məşğul olub, qayıdarkən ünvan 3 ünvanda yerləşən “Boçka PUB” restoranının qarşısında 3-4 nəfərin dayandığını, həmin şəxlərdən birinin sərxoş olduğundan ayaq üstə dayana bilməyərək, yerə yıxıldığını, yanında olan şəxslərin onu ayağa qaldırmaq istədiklərini, lakin həmin şəxsin ayaq üstə dayana bilməyərək, yenidən yerə yıxıldığını görmüşdür. O və Vəli dayanıb onlara baxmağa başlamışlar. Bu vaxt yerə yıxılan şəxsi ayağa qaldıran şəxslərdən biri onun üstünə gələ-gələ başa düşmədiyi dildə ona ucadan nə isə deməyə başlamışdır. Ancaq o, həmin şəxsin nə dediyini başa düşməmişdir. Həmin şəxs ona yaxınlaşan kimi ona yumruqlar atmağa başlamışdır. O da həmin şəxsə cavab olaraq, onu təpiklə qarından vurmuşdur. Zərbənin təsirindən həmin şəxs bir neçə addım geri getmişdir. Bunu görən onun yanında olan yoldaşları onun üstünə gəlmişlər. O, özünü onlardan qorumaq üçün əynindəki şalvarın sağ yan cibində olan qatlanan, dəstəyi şabalıdı rəngdə olan cib bıçağını çıxarıb, tiyəsini açaraq, əlində tutmuşdur. Bu vaxt təpiklə vurub yerə yıxdığı şəxs ayağa duraraq, ona hücum etdiyindən, onu qorxutmaq və özünü qorumaq üçün əlindəki bıçağı onun qarşısında sağa-sola hərəkət etdirməyə başlamışdır. Sonra araya girən şəxslər onları aralaşdırmışlar. O da oradan aralanıb, kənarda durmuşdur. Bir qədər sonra onun dayandığı yerə gələn həmin restoranı işlədən Nəriman adlı şəxs ona yaxınlaşaraq, üstünə gələn şəxsin sifətinə bıçaq dəydiyini və yaralandığını bildirmişdir. Bundan sonra o, qorxaraq oradan uzaqlaşmışdır. xx.xx.2021-ci ildə təxminən saat 21 radələrində ünvan 2 ünvanda yerləşən “Boçka Pub” adlı restoranın qarşısında baş vermişdir. Hadisə təxminən 10-15 dəqiqə içərisində baş vermiş və ətrafda olan insanlar onları kənarlaşdırmışlar. O, Vəli ilə durub onlara baxmışdır. Başa düşdüyü qədəri ilə onlar içkili olmuşlar. Qəfldən adını sonradan bildiyi Alireza onun üstünə cumaraq onu vurmaq istəmişdir. Lakin o, geri addım atıb ona təpik zərbəsi endirmişdir. Həmin şəxs zərbədən geri çəkildikdən sonra onun yanında olan dostları onun üstünə hücum etmişlər. O da özünü müdafiə etmək və onları qorxurtmaq üçün cibində olan bıçağı çıxartmışdır. Lakin bu zaman Alireza üstünə gəldiyi zaman o, əlində olan bıçağı havada oynatmışdır. Alireza ona yumruq atsa da onnu zərbələri dəyməmişdir. Hadisə zamanı o, xəsarət almamışdır və MTE-dən keçmək istəmir. O, Alirezanın bıçaq zərbəsindən xəsarət almasını Nəriman ona dedikdən sonra bilmişdir. Yəni ki, onlarla mübahisə etməyinə səbəbkar onların içkili olması və onun üzərinə hücum etməsi olmuşdur. Hadisə zamanı orada səs-küy yaranmış, ətrafda olan tanımadığı şəxslər oraya toplaşmışlar və baş verənləri görmüşlər. Ora toplaşmış şəxslərin kimlər olduqlarını bilməmişdir. Bıçağı o, hadisədən 3-4 gün əvvəl idman etdiyi parkda olan oturacağın üstündən tapmışdır. Bıçağı tapdıqdan sonra heç bir məqsəd olmadan üzərində gəzdirmişdir. Nəriman ona Alirezanın bıçaqla xəsarət almasını dedikdən sonra, o, oaradan uzaqlaşarkən qorxusundan yolun kənarında yerləşən zibil qutusuna atmışdır. O, dalaşarkən Vəli onun və onları aralamağa və sakitləşdirməyə çalışmışdır. Vəlinin adından başqa anket məlumatını bilmir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində o, dostları ilə görüşmək üçün 258 nömrəli məktəbin qarşısına getmişdir. Orada bir neçə dəqiqə dayandıqdan sonra tanışı Hüseyn və Raulun bir nəfər tanımadığı oğlan ilə 258 nömrəli məktəbin arxa tərəfinə doğru getdiklərini görmüşdür. O, Hüseynə yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Hüseyn də dava olduğunu onunla gəlməyini demişdir. Onlar birlikdə 258 nömrəli məktəbin arxa tərəfinə getmişlər. Orada söhbət zamanı Hüseyn sonradan adının Rəsul olduğunu bildiyi oğlana nə üçün ona tərs baxdığını demişdir. Rəsul adlı oğlan da Hüseynə tərs yox, onun kimi baxdığını bildirmişdir. Buna görə Hüseyn ilə Rəsul adlı şəxsin arasında mübahisə yaranmış və mübahisə zamanı Hüseyn Rəsulun sifətindən iki dəfə yumruqla vurmuşdur. Bu zaman Rəsul da Hüseyni yumruqla vurmağa başlamışdır. O da Rəsul adlı şəxsin Hüseyni vurduğunu görüb, Rəsulun sifətində bir dəfə yumruqla vurmuşdur. Raul isə onların yanında dayanmışdır. O, Rəsulu vurduqdan sonra Raul onları aralamağa çalışmışdır. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər gəlib onları aralaşdırmışlar. Sonra isə onlar oradan çıxıb getmişlər. Hüseyn ilə o, əvvəllər təhsil aldığı 36 nömrəli məktəbdə bir sinifdə oxumuşdur. Lakin o, 8-ci sinifi dərs qiymətləri aşağı olduğuna görə bitirə bilmədiyindən, sinifdə qalmışdır. Raul isə o, sinifdə qaldıqdan sonra oxuduğu yeni sinifdə onunla birlikdə təhsil almışdır. Adlarından başqa anket məlumatlarını bilməmişdir. Rəsulu tanımamış, ilk dəfə idi ki, görmüşdür. Aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Hadisə təxminən 5 dəqiqə içərisində baş vermişdir. Hadisə zamanı ətrafda olan tanımadığı şəxslər oraya toplaşmışlar və baş verənləri görmüşlər. Ora toplaşmış şəxslərin kimlər olduqlarını bilməmişdir və sonda onları aralaşdırmışlar. Mübahisənin baş verməsinə səbəb Hüseynin Rəsulun ona tərs-tərs baxdığını deməsini olmuşdur. Söhbət zamanı da Hüseyn nə üçün ona tərs-tərs baxdığını dedikdən sonra onlar arasında baş verən sözlü mübahisə zamanı dava baş vermişdir. Rəsul onu vurmamış və o, xəsarət almamışdır, MTE-dən keçmək istəmir. Hüseynin xəsarət almasını barədə məlumatı olmamışdır. Çünki hadisə vaxtı Hüseyndə xəsarət görməmişdir. Həm də Hüseynlə hadisədən sonra görüşməmişdir. Hər iki hadisədə özünü təqsirli bilir və etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, hazırda 47 nömrəli orta məktəbin 10-cu sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində o, dərsdən çıxıb məktəbin həyətində əmisi oğlu İslamın dərsdən çıxmağını gözləmişdir. Bu zaman qonşuluqdan tanıdığı dostu Raulu görüb onunla görüşmüşdür. Raulun yanında onun tanışları Hüseyn və Paşa adında oğlanlar durmuşdur. Hüseyn kənardan ona niyə tərs-tərs baxdığına görə irad bildirmişdir. O da Hüseynə tərs baxmadığını və onun kimi baxdığını bildirmişdir. Daha sonra ona tərəf yaxınlaşmışlar və o da onlara yaxınlaşmışdır. Hüseyndə onu yaxşı tanımamağını və özünü ona tanıdacağını bildirmişdir. O da Hüseynə yaxşı tanıdığını və ondan özünü neçə tanıdacağını soruşmuşdur. Hüseyn bundan sonra ona məktəbin arxasına getməyi təklif etmişdir. O da bununla razlaşmışdır. Onlar birlikdə məktəbin arxasına getmişlər. Onlarla Raul və Paşada məktəbin arxasına keçmişlər. Məktəbin arxasında onların ora yığışdığını görən tanıdığı Zakir onlara yaxınlaşmışdır. Bundan sonra onlar məktəbin arxasında sözlü mübahisə etməyə başlamışlar. Hüseyn söhbət zamanı anidən yumruqla onun sifətindən vurmuşdur. Bundan sonra o, Hüseynin sinəsindən tutub sifətindən yumruq vurmuşdur. Bundan sonra Zakir təpiklə onun belindən vurmuşdur. Sonra o, üzündən xəsarət almasın deyə üzünü tutduğuna görə daha sonra kimin hara və neçə vurduğunu görməmişdir. Lakin həmin vaxt onun başından və bədəninin müxtəlif nahiyyələrindən təpik, yumruq vurmuşlar. Daha sonra orada olan tanımadığı şəxslər onları aralaşdırmışlar. Bundan sonra o, oradan çıxıb getmişdir. Axşam evdə olan zaman atası Niyazi üzündə olan xəsarəti görüb nə baş verdiyini soruşmuşdur. O da dava dalaş etdiyini demişdir. Bundan sonra halı pis olduğu üçün həkimə müraciət etmişdir. Bundan əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, Hüseyn və Zakir hər ikisi 36 nömrəli məktəbdə oxuduqları üçün tanıyır. Lakin onlarla bugünədək aralarında heç bir problem olmamışdır. Paşanı isə Hüseynin dostu kimi tanıyır. Adlarından başqa anket məlumatlarını bilmir. Hadisə təxminən 6-7 dəqiqə içərisində baş vermişdir. Hadisə zamanı ətrafda olan tanımadığı şəxslər oraya toplaşmışmışlar və baş verənləri görmüşlər. Ora toplaşmış şəxslərin kimlər olduqlarını bilmir. Mübahisənin baş verməsinə səbəb Hüseynin ona nə üçün tərs-tərs baxdığını deməsindən sonra onların arasında baş verən sözlü mübahisə olmuşdur. Hadisə zamanı Hüseynin xəsarət almasını barədə məlumatı yoxdur. Çünki hadisə vaxtı Hüseyndə xəsarət görməmişdir. Həm də ki, Hüseynlə hadisədən sonra görüşməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Azərbaycan Tibb Univesitetinin stomotologiya fakultəsinin 5-ci kurs tələbəsidir, ünvan 4 ünvanmda tələbə yoldaşı Amirata ilə birlikdə kirayədə yaşayır. İİR vətəndaşı olub, orta təhsilini Azərbaycan dilində təhsilini fars dilində alsa da Azərbaycan dilində təmiz danışır, başa düşür, latın qrafikalı azərbaycan əlifbası ilə oxumağı bilir. xx.xx.2021-ci il tarixdə saat təxminən 21 radələrində o, dostları olan Seied, Arman, Amirata, Ramin və Farşid ilə birlikdə Nərimanov rayonu, Azadlıq prospekti 114 saylı ünvanda yerləşən "Boçka PUB" restoranma gedərək orada pivə içmişlər. Saat təxminən 23 radələlərində restoranda olduğu zaman digər masada əyləşmiş həmyerlisi və tanışı olan Rezanın orada tək olduğunu gördükləri üçün onu əyləşdikləri masaya qonaq dəvət etmişlər. Reza da onların masasına keçərək birlikdə pivə içməyə başlamışdır. Bu zaman Seied özünü pis hiss etdiyindən Ramin onu hava alması üçün restorandan çölə çıxartmışdır. Bundan bir neçə dəqiqə sonra o, Arman ilə birlikdə çölə çıxmışdır. Daha sonda isə Amirata, Reza və Farşid hesabı verərək birlikdə restorandan çölə çıxmışlar. Seid özünü pis etmiş və ayaq üstə dayana bilməmişdir. Bunu görən kənarda dayanmış şəxslərdən bir nəfər cavan oğlan, Seidə lağ eləməyə, onu ələ salmağa başlamışdır. O, həmin şəxsə düzgün hərəkət etmədiyini deyərək, hərəkətinə son verməsini tələb etmişdir. Buna görə də həmin cavan oğlanla aralarında sözlü mübahisə başlamışdır. Bundan sonra həmin cavan oğlan onun ünvanına təhqiramiz sözlər deməkdə davam etmişdir. Sonra isə onun üzərinə hücüm etmişdir. Onlar dartışan vaxt həmin şəxs əlində olan bıçaqla onun sifətinin sağ tərəfindən və sağ çiyninin aşağı hissəsində bir neçə dəfə bıçaqla vurmuşdur. Bu vaxt araya girən şəxslər onları aralaşdırmışlar. Həmin oğlan isə qaçaraq oradan uzaqlaşmışdır. Həmin oğlanı o, əvvəllər görməmiş, birinci dəfə idi ki, görmüşdür. Aralarında əvvəllər münaqişə, ədavət olmamışdır. Hadisədən sonra onun dostlarından kimsə DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bir az sonra oraya polis əməkdaşları gəlmişlər. Onun xəsarəti olduğundan polis əməkdaşları onu polis avtomobilində Bakı 1 saylı xəstəxanaya aparmışlar. Xəsarətləri olduğundan onu həmin xəstəxananın cərrahiyyə şöbəsinə qəbul etmişlər. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çagrılmış Zərərçəkmiş şəxs2 və şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5,Şahid6, Şahid7 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2022-ci il tarixli, 114 nömrəli rəyindən görünür ki, - Vət. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-sağ qaş, sağ təpə gigah nahiyyəsinin yumşaq toxumalarının əzilməsi-qançırları ilə müşayəit olunan qapalı kəllə-beyin travması, baş beynin silkələnməs küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 271 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətinə malikdir və öz prosessual hüquqlarını şəxsən həyata keçirə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və patoloji X3 rayon şöbəsindən verilmiş 20 aprel 2022-ci il tarixli, 15/07/922 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyindən görünür: - İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 Azizulah oğlunun almış olduğu xəsarətlər: sifətin sağ yarısının böyük ölçülü kəsilmiş yarası və sağ orta körpücük xətti üzrə 1-2-ci qabırğaarası sahələrin 2(iki) ədəd deşilmiş-kəsilmiş yaraları iti uculu, iti kənarlı alətin(alətlərin) ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən törənmişlər, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. - İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 Azizulah oğlunun sifətinin sağ yarısında olan çapıq toxuması, sifətdə deformasiya, mimika və çeynəmə pozğunluqları, kəskin nəzərə çarpan asimmetriya və s. törətmədiyindən, vaxt keçdikcə öz gedişləri boyu əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən olduqları baxımından sifətin silinən izi kimi qiymətləndirilir. İşdə olan Zərərçəkmiş şəxs2 Azizulah oğlunun 27 may 2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs1 Hüseyn oğlunun 28 may 2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-1279/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İşdə olan diplomun surətindən görünür ki, Əzimov X5 üzrə 3-cü yerə 21 kq.çəkidə layiq görülmüşdür. İşdə olan Bakı Gənclər və İdman Baş İdarə tərəfindən verilmiş diplomun surətindən görünür ki, Əzimov X8-İK MMA Bakı şəhəri turniri üzrə 16-17 yaş 2-ci yerə layiq görülmüşdür. İşdə olan Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasının diplomunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycanın Milli Qəhrəmanı X4 həsr olunmuş Respublika Turniri üzrə müsaqibədə 2-ci yerə layiq görülmüşdür. Azərbaycan Respublikası Kontakt karate Federasiyasının diplomunun surətindən görünür ki, Təqsirləndirilən şəxs açıq çempionatda bacarıq göstərərək 2-ci yerə layiq görülmüşdür. İşdə olan Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasının diplomunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar şəhidlərimizin xatirəsinə həsr olunmuş Respublika Turniri üzrə müsaqibədə 2-ci yerə layiq görülmüşdür. İdman Cəmiyyətinin Azərbaycan Respublikası şurasının diplomunun surətindən görünür ki, Təqsirləndirilən şəxs X12 Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kadetlər arasında ZENİT BT İC-nin açıq birinciliyində 2-ci yerə layiq görülmüşdür. Olimps Sportsun diplomunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 31 mart soyqırımına həsr olunmuş sərbəst güləş üzrə azyaşlılar arasında Respublika Turniri üzrə müsaqibədə 2-ci yerə layiq görülmüşdür. Azərbaycan Respublikası Gənclər və Nazirliyinin diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs aprel döyüşlərində şəhidlərin xatirəsinə həsr olunmuş XXİİ Açıq Respublika Kempo Çempionatı və birinciliyi 2-ci yerə layiq görülmüşdür. Azərbaycan Respublikası Gənclər və Nazirliyinin diplomun surətindən görünür ki, Əzimov X9 İdman klubunun CÜDO üzrə birinciliyi üzrə yarışda 2-ci yerə layiq görülmüşdür. İşdə olan diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs 46 kq. Çəki dərəcəsinə görə ZENİT Birinciliyində 1-ci yerə layiq görülmüşdür. İşdə olan diplomun surətindən görünür ki, Əzimov X10 rayon yeniyetmə, gənclər və kişilər arasında keçirilən klublararası Kicboxinq üzrə 1-ci yerə layiq görülmüşdür. Azərbaycan Respublikası MUAY-TAY TAYBOKS federasiyasının diplomunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan MUAY-TAY TAYBOKSinq açıq birincilikdə 1-ci yerə layiq görülmüşdür. Azərbaycan Kikboksinq federasiyasının diplomunun surətindən görünür ki, Təqsirləndirilən şəxs açıq Lokomativ birinciliyində 1-ci yerə layiq görülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CMin 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 221.3-cü maddəsində xuliqanlığın xüsusilə ağırlaşdırıcı tərkib əlaməti qismində CM-in 221.1 -ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması nəzərdə tutulmuşdur. Yəni CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətə görə məsuliyyətin yaranması üçün xuliqanlığın (CM-in 221.1 -ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin) silahdan və ya silah qismində istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmalıdır. Şərh olunanlardan aydın olur ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispoziyası həmin Məcəllənin 221.1 -ci və ya 221.2-ci maddələrini də əhatə etdiyindən, şəxsə eyni zamanda həm CM-in 221.2.1 və eyni zamanda 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsi əsassızdır. Beləliklə, məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətində CM-nin 221-ci maddəsinin bir neçə tövsifedici əlamətləri olduqda, əməl bu əlamətlərin hamısı ilə tövsif edilməlidir. Cəza isə hər bir tövsifedici əlaməti nəzərdə tutan maddələrlə ayrı-ayrılıqda bir neçə dəfə deyil, əlamətlərin hamısı sadalanmaqla bir dəfə təyin edilməlidir. Cəza təyin edilərkən bu hallar əməlin xarakterini və ictimaitəhlükəlilik dərəcəsinin yüksək olmasını əks etdirən hallar kimi qiymətləndirilməlidir. Bu baxımdan Təqsirləndirilən şəxs rəqəmlə ifadədə CM-nin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə ehtiyac qalmır. Odur ki, qeyd olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 221.2.1-ci maddəsi xaric edilməli və onun barəsində CM-nin 221.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslərlə barışıq olması və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını; idman sahəsində nəaliyyətlərinin olması; İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını (CM-in 58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, cəzanı yüngülləşdirən digər halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, şərti məhkumetmənin təyin edilməsi Təqsirləndirilən şəxs oğlunun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 05 dekabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək olan 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli (CM-69.3), sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 1 ədə DVD diski cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-423/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-423/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver