Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-425/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X3 CM-in 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, 2018-ci ilin iyul ayında cavabdeh X6 ilə birlikdə "X4" MMC təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. 2020-ci ildə o, ərizə ilə həmin MMC-də icraçı direktor kimi fəaliyyətinə xitam vermişdir. Bundan sonra özü xx.xx.2020-ci ildə "ALTUS MECHANİCAL ELECTRİCAL PLUMBİNG” MMC-ni təsis etməklə nizamnaməni təsdiq edib Vergilər Nazirliyində sahibkar kimi və hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində hüquqi şəxs kimi qeydiyyata düşmüşdür. Bundan sonra "CNİM Azərbaycan Ltd" LLC ilə xx.xx.2020-ci ildə CA20011 saylı xidmət müqaviləsi bağlayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam və həmin müqavilənin müddəti xx.xx.2022-ci ilə qədər uzadılmışdır. 160562 manat məbləğində dövriyəsi olmuşdur. Bütün gəlir və mənfəət vergilərini ödəmişdir. “X4" MMC-nin təsisçisi X6 onun təsisçi və direktoru olduğu "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə onun və MMC-nin barəsində bir sıra qeyri-qanuni hallara yol verilməsi barədə yalan və uydurma məlumatları Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2021-ci il tarixli məktubla göndərmiş və həmin məlumat əsasında araşdırma aparılaraq toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilməmiş, göstərilən məlumatların isə mülki xarakterli olduğundan bununla bağlı məhkəməyə müraciət edilməsi izah edilmişdir. Bundan sonra "X4" MMCnin təsisçisi X1 Respublikasına məxsus və Bakı şəhərində yerləşən "CNİM Azərbaycan Ltd" LLCnin rəhbəri cənab Oliviye Fantona xx.xx.2021-ci ildə elektron poçtla məktub göndərərək X5, yəni onun barəsində Azərbaycan Resüpublikası CM-nin 308-ci maddəsi ilə, yəni səlahiyyətdən suiistifadə, müştərilərə qarşı saxtakarlıq, şirkətə ziyan vurma barədə cinayət açılması haqqında yalan və əsassız məlumat göndərmiş, həmin məlumatlar əsasında onun "xxxx" MMC-nin direktoru kimi səlahiyyətlərinə xitam verilmiş və bu barədə ona xx.xx.2021-ci ildə xitam bildirişi göndərilmiş, onunla bağlanmış xx.xx.2020-ci il tarixli, CA20011 saylı müqaviləyə əsassız xitam verilmişdir. Bununla da X6 tərəfindən onun və MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymaqla MMC-yə və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, MMC-yə və ona 5000 manat məbləğində maddi və 5000 manat dəyərində mənəvi ziyan dəymişdir. Bütün bunlar mənim kommersiya fəaliyyəti ilə əlaqədar deyil, ancaq ona qarşı cavabdehin şəxsi münasibətlərindən yaranmış mülki mübahisədir və ona böhtan atması 2021-ci ilin avqust ayında bəlli olmuşdur. Mais Həsənov onun barəsində idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə etdiyi paylaşımlar bu gün onun həm dost içərisində, həm işlədiyi kifayət qədər nüfuza malik MMC-də də çox ciddi şəkildə problemlər yaratmışdır. Bu səbəbdən də hesab edirəm ki, Mais Həsənov cinayət əməllərinə qanun qaydasında qiymət verilməli və o, cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayətin məzmununu müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 müdafiəçisi Müdafiəçi yazılı etiraz təqdim edərək X2 X6 barəsində cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədər xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. X5 şikayətdə X3 CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş. lakin Cinayət Məcəlləsinin böhtana görə cinayət məsuliyyəti müəyyən konkret maddəsini (147.1 və ya 147.2) qeyd etməmiş, bununla da CPM-in 293.3.2 və 293.3.3-cü maddələrinin tələblərini pozmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-425/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-425/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver