Məhkəmə qərarları › İş №1(005)-426/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-426/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-426/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi – “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qismində qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən 9,547 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, habelə zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:05-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 9,547 qram çəkidə narkotik vasitə heroin iki ədəd bükümdə, ayrı- ayrılıqda 4,746 qram və 4,801 qram olmaqla əynində olan şalvarın sağ yan cibindən, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah şalvarının arxa sağ kəmər hissəsindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o evinə yaxın yerdə kafe işlədir. 2022-ci ilin aprelin ayının 12-si saat təxmini 5-6 radələrində 1 nəfər şəxs onun obyektinə yaxınlaşıb ayaqyolunu soruşmuş, oda ona ayaqyolunu göstərmişdir. Həmin şəxs obyektdən getdikdən sonra 4-5 nəfər gəlib ondan ad və soyadını soruşmuşlar. O da onlara adını və soyadını dedikdən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, onlara etiraz etməyib onlarla İdarəyə getmişdir. Ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bildirmişlər ki, ondan kimsə şikayət etmişdir. Həmin şəxsin kim olduğunu soruşduqda həmin şəxsi ona təqdim etməmişlər. Daha sonra polis əməkdaşları narkotik vasitə göstərərək həmin narkotik vasitələrin onun olduğunu bildirmişlər. O, onların dedikləri ilə razı olmamışdır. Onlar ona bildirmişdilər ki, həmin narkotik vasitələri qəbul etsə gələcəkdə ona köməklik edib cinayət məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edib işi məhkəməyə göndərəcəklər. Polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq edildiyindən onların dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Üzərindən aşkan olunmuş bıçaq meyvə bıçağı olub. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini inandırıcı saymır, özünümüdafiə xarakteri daşıdığını və məsuləyyətdən boyun qaçırmaq məqsədinin olmasını bildirir. Halbuki Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir, subaydır. Daimi iş yeri olmadığından gündəlik gunəmuzd işləmişdir, 11 aprel 2022-ci il tarixdə iş axtarmaq məqsədilə evdən çıxmış, evdən çıxan zaman zibillərini də özü ilə götürmüş, zibilxanaya çatıb əlində olan zibilləri qutuya atmış, bu zaman qutundan təxminən 02 metr aralıda 02 ədəd bükümün olduğunu görmüşdür. Onun işərisində nə olmasına baxmaq üçün əlinə alanda bükümlərin içərisində narkotik vasitə olan “kakos” kimi bilinən heroin olmasının şahidi olmuşdur. Əvvəllər bir neçə dəfə heroindən iyləmək yolu ilə qəbul etdiyi üçün narkotiki görən kimi tanımış və gələcəkdə istifadə etməyi üçün üzərində saxlamaq qərarına gəlmişdir. Həmçinin Bakı şəhərində mağazaların birindən bıçaq almışdır ki, lazım olanda istifadə etsin. Həmin gün Bakı şəhərində bir neçə yerə gedib iş axtarmasına baxmayaraq iş tapa bilmədiyindən axşam evə qayıtmış, bu zaman narkotik vasitələrin onda olması barədə heç kimə məlumat vermədən üzərində saxlamış, lakin istifadə etməmişdir. Həmin günün səhərisi yenidən eyni qaydada evdən çıxıb iş axtarmağa getmiş, lakin həmin gündə iş tapa bilmədiyi üçün yaşadığı evə qayıtmaq qərarına gələrək evə çatandan sonra tənha bir yerdə həmin maddələrdən bir qədər istifadə etmək qərarına gəlmişdir. Beləliklə 12 aprel 2022-ci il tarixdə saat 18:05 radələrində ünvan 2 ünvanının yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMl-nin əməkdaşları olduqlarını deyərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib BMCMl-nə gəlmişdir. Baş İdarəyə gəldikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı ona təqdim eedilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil Rasim Əhmədovu dəvət etmişdir. Vəkil gəldikdən scnra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmiş, daha sonra hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Etiraz etmədən razılaşmış və təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmışdır. Bu zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyaları təqdim etməyini xahiş etmiş, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu bildirib əynində olan şalvarının sağ yan cibindən 02 ədəd bükümü, 10 manat pulu, açarı, əynində olan şalvarın arxa sağ kəmər hisəsində saxladığı 01 ədəd bıçağı təqdim etmiş və bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, onları bir gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən zibil qutusunun yaxınlığından tapıdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunan bıçağı da balıq təmizləmək üçün üzərində saxladığını və uzun müddət əvvəl mağazadan aldığını bildirmişdir. Həmin bükümlər açılanda orada narkotik vasitə heroin aşkar olunmuş, pulu və açar özünə qaytarılsa da, bükümlər və bıçaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və idarənin əməliyyat müvəkkili Şahid2 daxil olmuş, qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması barədə məlumat daxil olmuş və həmin ünvana getmişlər. Həmin tarixdə 18:05-cə qeyd olunan ünvanın yaxınlığında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMl-nin əməkdaşları olduqlarını deyib onun adını və soyadını soruşmuşlar. Bu zaman həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonuncuya qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BMCMl-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BMCMl-nin inzibati binasına gəlmiş, Baş İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyevə həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkillərindən Rasim Əhmədov dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmaqla həmin vəkilə etirazının olub-olmaması soruşulmuş, sonuncu vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı izah olunduqda o, etiraz etməmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və bıçaq olduğunu bildirib əynində olan şalvarının sağ yan cibindən 02 ədəd bükümü, pulu, açarı, şalvarının sağ kəmər hissəsindən isə bir ədəd bıçağı çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda onların içərisindən narkotik vasitə heroin aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələri tutulmadan bir gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində axladığını, həmçinin aşkar olunan bıçağı mağazadan aldığını bildirmişdir. Aşkar edilmiş pul və açar Təqsirləndirilən şəxs özünə geri qaytarılsa da, bıçaq və narkotik vasitələr ayrı-ayrı qablarda qablaşdırılıb götürülmüş, daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış həmin protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Elşənlə bir məhlədə yaşayırlar. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları obyektə gələn zaman o da orada olmuşdur. Həmin vaxt bir neçə şəxsin obyektə daxil olub Elşəni apardığının şahidi olmuşdur. Elşənin narkotik vasitə istifadə etməsinin və üzərində bıçaq gəzdirməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə, saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə heroin və bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli, 6/2080 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: ” Azərbaycan Respublikası DİN zərlər üçün № 6' dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə..." yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,746 qram və 4,801 qram olmaqla ümumi çəkisi 9,547 qram olan tünd qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ile təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi çəkisi - 9,547 qr, tədqiqata sərf edilən miqdar - 0,1 qr, (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq - 9,447 qram. Ekspertiza tədqiqatının dəyəri 88 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-430/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cümaddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli, 14-29/067 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X1, anası X5, qardaşı X3, bacısı X2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi 11 saylı evdə daimi pasport qeydiyyatındadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, inoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1326/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/477 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 74 manat təşkil edir. Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 13 iyun 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.1ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 9,447 qram qalmış narkotik vasitə heroin və 01 ədəd bıçaq sübut kimi tanınmış və təqsirləndirilən şəxsi tanış etdikdən sonra DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş 27 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Təqsirləndirilən şəxs ünvan 5 ünvanında daimi pasport qeydiyyatındadır. Qəsəbə ərazisində qeydiyyatda olduğu müddət ərzində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vətəndaş Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 9,547 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla-üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş 9,447 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd bıçaq Daxili İşlər Nazirlinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 9,447 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 01 ədəd bıçaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar