Məhkəmə qərarları › İş №1(005)-427/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-427/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-427/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Kürdəmir rayonu, Sovla kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 24:00 radələrində Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq həyətə, ordan isə evin açıq olan pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağından Zərərçəkmiş şəxs1 əmlakını kamodun üzərindən 200 manatı, kamodun birinci rəfində saxlanılan 800 manat dəyərində “Samsung A7” markalı mobil telefonu, 3-cü rəfindən dəyəri 200 manat olan tək ağ şüşə qaşlı qızıl üzüyü, dəyəri 150 manat olan ağ rəngli kiçik qaşları olan qızıl üzüyü, dəyəri 365 manat olan buta formasında bir cüt qızıl sırğanı, dəyəri 350 manat olan qızıl boyunbağını, çarpayının altına qoyulmuş qəhvəyi rəngli çemodanın içindən ümumi dəyəri 100 manat təşkil edən gümüşdən hazırlanmış 01 ədəd qol saatını, 01 ədəd qolbağı, 01 ədəd boyunbağını, 01 ədəd sırğanı, televizor altlığının üzərindən Zərərçəkmiş şəxs2 oğuna məxsus 137 manatı vahid niyyətlə törədilən qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2165 manat, Zərərçəkmiş şəxs2 137 manat olmaqla, cəmi 2302 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində qonşusu Emin adlı şəxslə Keşlə bazarının yaxınlığında yerləşən “Arpaçay” kafesində təxminən 2 saata yaxın yeyib içib spirtli içki qəbul etmişlər. Sonra kafedən çıxıb yaşadıqları məhəlləyə gəlmiş, saat 23:30 radələrində məhəlləyə çatarkən Emin ondan aralanıb çıxıb getmişdir. O, sərxoş olduğu üçün pulu olmadığından qərara gəlmişdir ki, qonşusu Arzunun evinə girib oğurluq etsin. Evin işıqları yanmadığından evdə heç kimin olmadığını başa düşmüş, ətrafa baxıb heç kəsin olmadığını görüb Arzugilin həyətinin hasarına qalxıb, oradan hamamın üstünə çıxıb həyətə düşmüşdür. O, evə yaxşı bələd olduğundan Arzu xanımın otağının pəncərəsinə yaxınlaşmış, pəncərənin açıq olduğunu, amma tor olduğunu görmüşdür. Toru çıxarıb divarın dibinə qoymuş, bundan sonra pəncərədən içəri daxil olmuşdur. Sonra otaqdan dəhlizə keçib evin giriş qapısını açmışdır ki, çıxanda qapıdan çıxsın. Arzu xanımın qardaşı Muradın otağında daxil olmuş, həmin zaman görmüşdür ki, Murad evdə otağında yatıb. Ona görə də səssiz hərəkət etməyə başlamış, Muradın otağında qapıdan solda qoyulmuş tumbanın üzərində olan pul kisəsini görüb içərisinə baxmış, içərisində təxminən 150 manat pul və sənədlər olmuşdur. O, pulu götürüb, pul kisəsini yerinə qoymuş, daha sonra Arzu xanımın otağına daxil olmuş və orada olan çəkəcəkdən bir ədəd saat, iki ədəd üzük, bir ədəd boyunbağı, bir ədəd qolbaq, «Samsung» markalı mobil telefonu və təxminən 20 manatadək ancaq 50 qəpiklik götürüb qapıdan çıxıb evi tək etmişdir. Bundan sonra istifadəsində olan “Samsung Duos” markalı telefonunun üstündəki ***-***-**-** nömrəni çıxarıb Arzudan oğurladığı “Samsung” markalı telefonunun üstünə taxmışdır. Səhəri gün polisin yaşadığı məhəlləyə gəlib, etdiyi oğurluq barədə maraqlandığını görəndə qorxmuş, buna görə də oğurladığı əşyaları xatırlamadığı zibil qablarının birinə atıb orada avtobusa minib Kürdəmir rayonuna getmişdir. Kürdəmir rayonunda olduğu zaman Arzunun telefonunu tanımadığı şəxsə satmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə qayıtmış və onu polis əməkdaşları onu saxlamış, o da etdiyi əməli səmimi etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qardaşı Muradla birlikdə yaşayır. 02 oktyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində evdən çıxıb qapını bağlayıb işə getmiş, saat 24:00 radələrinədək işdə olmuşdur. Saat 24:00 radələrində işdən çıxıb Xırdalan şəhərində yaşayan bacısı Aygüngilə getmiş, gecəni Aygüngildə qalmışdır. Sabahı gün, yəni 03 oktyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində qardaşı Murad zəng edərək evin dağınıq olduğunu bildirib, nə səbəbə evi səliqəyə salmadığını soruşmuşdur. O, Murada evi səliqəli qoyub çıxdığını demişdir. Onda Murad bildirmişdir ki, bəs ev dağınıqdır, elə isə evə oğru girmişdir. Muraddan oğurluq barədə məlumat alan kimi Aygüngildən çıxıb evlərinə qayıtmışdır. Evə çatıb görmüşdür ki, yataq otağında yorğan-döşək dağılmış, otağın sağ küncündə yük kimi yığılmış paltarlar və digər əşyalar ev boyu səpələnibdir. Bundan sonra evlərinə oğru girdiyini başa düşüb DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra evlərinə polis əməkdaşları gəlib evə baxış keçirilib müxtəlif yerlərdən əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı müəyyən olunmuşdur ki, yataq otağında olan kamodun üzərinə qoyduqları təxminən 200 manat pul, kamodun üstdən sağ tərəfdə birinci çəkəcəyində olan 2018-ci ildə 800 manata aldığı, “Samsunq A 7" model telefon cihazı, telefonun yanına qoyduğu 150 manat pulu, kamodun üstdən sağ tərəfdə olan 3-cü çəkəcəyindən dəyəri 200 manat olan tək ağ şüşə qaşlı sadə qızıl üzük, dəyəri 150 manat olan ağ rəngli kiçik qaşları olan sadə qızıl üzük, dəyəri 365 manat olan buta formasında sallanan bir cüt sırğa, dəyəri 350 manat olan sadə qızıl boyunbağı, bundan əlavə çarpayının altına qoyduqları qəhvəyi rəngli çamadanın içində olan təxminən ümumi dəyəri 100 manat olan gümüşdən hazırlanmış 1 ədəd saat, qolbağı, boyunbağı, sırğa və sair əşyalar oğurlanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, evlərinə girən oğru hasara qalxıb oradan hamamın üzərinə çıxıb həyətə düşüb zal otağın pəncərəsinin torunu çıxarıb açıq olan pəncərədən evə girib oğurluq etmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bacısı Arzu ilə birlikdə yaşayır. 02 oktyabr 2021-ci il tarixdə, saat 06:00 radələrində evdən çıxıb işə getmiş, saat 22:00 radələrinədək işdə olmuşdur. Saat 22:00 radələrində işdən çıxıb evə qayıtmışdır. Həyətə girib həyət qapısını açarla içəridən bağlamışdır. Sonra yorğun olduğundan öz otağında yatmışdır. 03 oktyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində yuxudan qalxıb evə diqqət etdikdə otaqların dağınıq olduğunu, yorğan-döşəyin, pal-paltarın yerə səpələndiyini, kamodun siyirməsinin açıq olduğunu görmüşdür. Elə bilmişdir ki, Arzu nə isə axtarıb ona görə ev bu cür dağınıqdır. O, Arzuya zəng edib evi niyə səliqəsiz saxladığını soruşmuşdur. Arzu bildirmişdir ki, evdən çıxarkən evi yığışdırmışdır. O, yenə heç nə başa düşməmiş, həmin vaxt ac olduğundan çörək almaq üçün otağında qapının ağzına qoyulmuş qara rəngli televizor altlığının üzərinə qoyduğu pul kisəsindən pul götürmək istəmiş, lakin pul kisəsində pul tapmamışdır. Bundan sonra başa düşmüşdür ki, evə oğru girmişdir. O, Arzuya zəng edərək bu barədə məlumat vermiş, təxminən 1 saat 30 dəqiqəyə Arzu gəlib evə baxmışdır. Arzu evin vəziyyətini görən kimi DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlib evə baxış keçirilib müxtəlif yerlərdən əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı müəyyən olunmuş ki, Arzunun yataq otağında olan kamodun üzərindəki təxminən 200 manat pul, kamodun çəkəcəklərində olan “Samsunq A7” markalı telefon, telefonun yanına qoyulmuş ona məxsus 137 manat pul, bir ədəd tək ağ şüşə qaşlı sadə qızıl üzük, bir ədəd ağ rəngli kiçik qaşları olan sadə qızıl üzük, buta formasında sallanan bir cüt sırğa, bir ədəd sadə qızıl boyunbağı, bundan əlavə çarpayının altına qoyduqlan qəhvəyi rəngli çamadanın içindən gümüş əşyalar oğurlanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, evə girən oğru hasara qalxıb oradan hamamın üzərinə çıxıb həyətə düşüb zal otağın pəncərəsinin torunu çıxarıb açıq olan pəncərədən evə girib oğurluq etmişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işinin 12-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 03 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 DİN-in 102 Xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 3 ünvanıdır. Hadisə yeri bir mərtəbəli fərdi yaşayış evidir. Hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. Cinayət işinin 21-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli, 011-9537- 1221 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2021ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədəd (ADİS-in məlumat bankına Kürdəmir RPŞ və Nərimanov RPİ-dən daxil olmuş) xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan 16 oktyabr 2021-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-cu vərəqində olan “Könüllü olaraq pulun təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Qabil oğlu dəymiş ziyanla əlaqədar 1090 (bir min doxsan) manat pulu Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Cinayət işinin 70-ci vərəqində olan Kürdəmir RPŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 11625148 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin 75-83-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1054/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Qabil oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Qabil oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 84-cü vərəqində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 144-146-cı vərəqələrində olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(041)-94/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.3-cü maddəsinə əsasən Küdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 9 ay müddətinə islah işləri cəzasının çəkiməmiş qalan 02 ay müddətinin 2 (iki) günə islah işləri cəzasının azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) günü hesablanmaqla 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılmas cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzanın əvvəlki hökm üzrə təyin edilmiş və çəkilməmiş qalan 2 ay müddətinə islah işləri cəzasına tam toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Cinayət işinin 185-ci vərəqində olan “Məlumatlara baxış keçirilməsi barədə” 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC tərəfindən 01 ədəd diskdə təqdim edilmiş məlumatlara baxış keçirilmişdir. Baxışla müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə xx.xx.2021-ci il tarixdə saat 09:20, 09:21, 09:52, 09:53, 09:55, 09:56, 09:57, 09:59-da, xx.xx.2021-ci il tarixdə 10:09-da Zərərçəkmiş şəxs1 məxsus **********02680 İMEİ kodlu mobil telefonda istifadə edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində oian ***-***-**-** nömrə xx.xx.2021-ci il tarixdə saat 22:14-də Bakı şəhəri, Əhməd rəcəbli küçəsində, xx.xx.2021-ci il tarixdə saat 09:53-də Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində, xx.xx.2021-ci il tarixdə saat 10:56-da Qaradağ rayonu Sədərək Ticarət Məkrəzində, xx.xx.2021-ci il tarixdə saat 13:51-dən xx.xx.2021-ci il tarixədək Kürdəmir rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində istifadə edilmişdir. Cinayət işinin 220-222-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/336R nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd kağız parçalarının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 02 ədəd əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 02 ədədi xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı və sağ əlinin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əlbarmaq və 02 ədəd ovuc izi DİN-KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əlbarmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 242-250-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi, iş üzrə əməlin tövsif edilməsi və cinayət işinə hissəvi xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qabil oğlunun əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilməsi, Zərərçəkmiş şəxs1 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatların yazıldığı 1 (bir) ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsada, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri və "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatların yazıldığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, Müdafiəçi 13 iyul 2022 - 31 avqust 2022-ci il tarixində keçirilmiş 4 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan - oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri və "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatların yazıldığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar