Məhkəmə qərarları › İş №1(005)-427/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-427/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-427/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun vəkili Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7 və X2 iştirakları ilə, X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, bir qrup şəxs birləşərək onun şərəf və ləyaqətini ləkələyir, bilərəkdən qəsdən onu nüfuzdan salan saxta məlumatları kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə yayımlayan və hətta onun adını daşıyan «Ülkər» adlı film nümayiş etdirmişdir. Onun doğma bibisi qızı Yeganə rejissor Faiq adlı şəxslə əlbir olub onun şəxsi həyatını tam çılpaqlığı ilə əks etdirən «Ülkər» adlı film çəkmişlər. Həmin filmin senaristi bibisi qızı X5, rejissoru isə X9r. Həmin filmdə bəhs edilən hadisələr müəyyən şişirtmələrlə tamamilə onun şəxsi ailə həyatını əhatə edir. Həmin film 2024-cü ilin fevral ayından kino-teatrlarda dəfələrlə nümayiş etdiriləndən sonra qohum və tanışları ona bu barədə məlumat vermişlər. Bundan sonra o, həmin filmə baxmış və tam əmin olmuşdur ki, film onun şəxsi həyatından bəhs edir. Bu filmdən sonra bütün qohum və tanışlar ona zəng edib bildirmişlər ki, bibisi qızı Yeganə onu həm Xəzər TV-də, həm də çəkdiyi filmdə biabır etmişdir. Bu filmin nümayişini dayandırmağı tələb etdikdə Yeganə və Faiq bildirmişlər ki, filmə külli miqdarda xərc çəkilib, bu mümkün deyil. Bundan sonra onun bütün cəhdləri nəticə verməmişdir. O, dəfələrlə intihara cəhd etmişdir. Bundan əlavə bibisi qızı «Xəzər»TV-də aparıcı Mətanətin verilişində daha geniş açıqlama verərək demişdir ki, film olmuş hadisələr əsasında çəkilmişdir, «Ülkər» adlı şəxs hazırda yaşayır, film faktlar əsasında çəkilmişdir, həmin şəxsi yaxından tanıyır. Bu barədə ona ilk dəfə xalası Dilarə məlumat vermişdir. Həmin filmə özü baxandan sonra qəti olaraq bilmişdir ki, film tam olaraq onun şəxsi həyatını əks etdirir. Film bədii yox, tam sənədli olmaqla onun şəxsi həyatını əks etdirir. Bu barədə o, Yeganəyə iradını bildirdikdə Yeganə bunu etiraf etsə də, sonradan ona hədə-qorxu gəlməyə başlamışdır. O, güclü stress keçirtmiş, hətta dəfələrlə intihara cəhd etmiş, boğaz nahiyəsində şişlər əmələ gəlmişdir. Axırıncı dəfə 25 iyun 2024-cü ildə növbəti intihara cəhd etmişdir. Həmin filmi görəndən və sosial şəbəkələri izləyəndən sonra o, bibisi qızı Yeganəyə və filmin rejissoru Faiqə zəng etmiş, kəskin narazılığını bildirmişdir. Hər ikisi onu hədələyərək bildirmişlər ki, onlar olmuş həyatı faktlar əsasında film çəkiblər, “heç kimdən qorxmuruq, istəyirsən özünü öldür”. Bundan sonra o, dəfələrlə onlara zəng etmiş, lakin hər dəfə onu təhqir edərək hədələmişlər. Faiq hətta ona demişdir ki, o filmin çəkilişinə 78.000 manat xərc çəkib, film çox populyarlaşıb. Son olaraq Faiq ona bildirmişdir ki, “birdə mənə zəng etmə, cəhənnəm ol, sənin üçün axırı pis olar”. Hazırda «Ülkər» adlı film kino-teatrlarda nümayiş olunur, sosial şəbəkələrdə geniş yayılmışdır. O, faktiki olaraq cəmiyyətdən tam təcrid olunmuşdur, qohum və tanışlar arasına çıxa bilmir, ona görə də dəfələrlə intihara cəhd etmişdir. Bununla əlaqədar o, şikayət etmiş və şikayəti Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə göndərilmiş, daha sonra isə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə göndərilmişdir. Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində səthi araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Buna səbəb guya X13 Kərimzadənin əməlində AR CM-nin 125-ci maddəsinin tərkibi olmaması faktı olmuşdur. Yeganə “doğma atası tərəfindən satılan 17 yaşlı Ülkər” başlığı altında “Youtube və Tik- Tok”-da, yəni sosial şəbəkələrdə məlumatlar yerləşdirmişdir. Həqiqətəndə onun iradəsindən asılı olmayaraq 1998-ci ildə 16-17 yaşlı şikəst oğlanla nikahı rəsmiləşdirilmişdir. Bundan sonra baş verən hadisələri o, açıqlamaq istəmir. Həmin faktları bibisi qızı Yeganə və yaxınları bilirdi. O, şəxsi həyatında baş verənləri tam məxfi saxlamışdır. Onun 18 yaşlı oğlu var və hazırda Türkiyə Respublikasındadır. Oğlunun bu hadisələrdən məlumatı olsa, ailə faciəsi baş verəcəkdir. Bütün bunlara Yeganə ilə Faiq səbəb olmuşdur. Artıq o, baş vermiş biabırçılıqlardan sonra yaşamaq istəmir, yaxın və tanışlarının üzünə baxa bilmir. Həmçinin ona dəymiş maddi və mənəvi zərəri 200.000 (iki yüz) manat məbləğində dəyərləndirir. Yeganə və Faiqlə telefon danışığı zamanı o, bildirmişdir ki, onun razılığı olmadan şəxsi həyatına aid məlumatlardan istifadə etmək cinayətdir, onlar isə öz bildirdiklərini bu gün də davam etdirirlər. O, sadəcə həyatındakı bəzi halları açıqlaya bilmir, onlar isə filmdə həmin halları tam açıqlığı ilə əks etdirmişlər. Gələcəkdə o, intihar etmək məcburiyyətində olsa bibisi qızı və Faiq bu faciədə günahkardırlar, onların əməlində AR CM-nin 147 və 148-ci maddələrinin tərkibi mövcuddur, onlar mütəmadi olaraq ləyaqətini alçaldır, yəni həmin film fasiləsiz nümayiş olunur, sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları sosial şəbəkələrdə yayan və onun şəxsi həyatından bəhs edən «Ülkər» adlı filmdə qəsdən alçatdıqlarına görə X5 və X11 barədə AR CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlamaqla onlardan müştərək qaydada 200.000 (iki yüz) manat məbləğində maddi və mənəvi təzminat ödəmələri, həmçinin «Ülkər» adlı filmin nümayişinin dayandırılması və sosial şəbəkələrdə onun haqqındakı məlumatlara qadağa qoyulması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və onun vəkili X4 ayrı-ayrılıqda şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs X6 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə soyadı, adı, atasının adını qeyd etməklə kifayətlənmiş, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü və vəzifəsi barədə məlumatları tam şəkildə göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməli olduğu halda, buna əməl etməmiş, cinayətin törədilmə hallarını təsdiq edən müvafiq sübutları (şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməmiş, şikayətdə qeyri-müəyyənliyə yol verərək qeyd edilən maddənin tələblərini pozmuşdur. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi yer göstərməli olduğu halda, şikayət vermiş şəxs X6 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə həmin məlumatı qeyd etməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətləri subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilə bilər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Belə ki, xüsusi ittihamçı X6, X7 və X2 onun şərəf və ləyaqətini alçaltdıqlarını, qəsdən onu nüfuzdan salan saxta məlumatları kütləvi informasiya vasitələrində, həmçinin, sosial şəbəkələrdə yayımlayan və hətta onun adını daşıyan “Ülkər” adlı filmi çəkdiklərinə dair ittiham irəli sürsə də, lakin şikayətin iş materialları və şikayətin əsasını təşkil edən film nəzərdən keçirilən zaman “Ülkər adlı filmin adı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin adının eynilik təşkil etməsindən başqa, filmdə məhz X3 həyatının əks olunması, sonuncunun şərəf və ləyaqətini alçaldılmasını faktlar nöqteyi-nəzərindən müəyyən etmək mümkün olmamışdır. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, xüsusi ittihamçı filmdə onu nüfuzdan salan saxta məlumatların olmasını bildirsə də, eyni zamanda şikayət ərizəsində, həm də məhkəmə hazırlıq iclaslarında çəkilmiş filmin onun həyatını əks etdirdiyini, filmdə olan kadrların onun həyatında baş vermiş hadisələr əsasında çəkildiyini qeyd etmiş, bununla da şikayət ərizəsində qeyri-müəyyənliyə yol vermişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində X5 tərəfindən “doğma atası tərəfindən satılan 17 yaşlı Ülkər” başlığı altında “Youtube və Tik- Tok” sosial şəbəkələrində məlumatlar yerləşdirdiyini qeyd etsə də, məhkəməyə “doğma atası tərəfindən satılan 17 yaşlı Ülkər” başlığı altında “Youtube və Tik-Tok” sosial şəbəkələrində hər hansı məlumatlar yerləşdirilməsi, həmin məlumatların X5 tərəfindən yerləşdirilməsi, məlumatlarda məhz ondan bəhs edilməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nəlayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar