Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-427/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 30 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində X5 ilə bir qrup şəxs halında ictimai yer sayılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gənclik” stansiyasının yeraltı piyada keçidində əvvəlcədən mağazada ona gülməklə bərabər təqib edilməsini bəhanə edərək hiddətlənib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə təhqir edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək mübahisə edib zor tətbiq edərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə qəsdən vurub ona alt dodağın əzilmiş yarası, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirdikdən sonra qrupun digər üzvü Gülçin Mayılova həmin cinayətkar niyyətin davamı olaraq əli ilə Zərərçəkmiş şəxs qəsdən qol və əl nahiyələrindən vurmaqla ona sol əlin V barmağının tendiniti və hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sol bazunun qançırı, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.2.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs aralarında mübahisə yaranan vaxtdan, yəni 30 iyul 2023-cü il tarixdən tanımış və ona qarşı heç bir ədavəti, şəxsi qərəzliyi olmamışdır. 30 iyul 2023-cü il tarixdə anası X5 ilə birlikdə “Gənclik Mall” ticarət mərkəzində “Mango” mağazasında olarkən Zərərçəkmiş şəxs qızı Şahid1 ilə birlikdə endirimli mallara baxdığı zaman söz ataraq ona baxıb gülməyə başlamışlar. O da Zərərçəkmiş şəxs nəyə güldüyünü soruşduqda, həmin şəxs sallanmış qarnına güldüyünü bildirmiş və onu polisə verəcəyini demişdir. Onlar oradan çıxıb getmək qərarına gəlmiş və Zərərçəkmiş şəxs qızı ilə birlikdə onların arxası ilə gəlməyə başlamış, metronun “Gənclik” stansiyasının girişinə daxil olmuşlar. Keçiddə olarkən onlar arasında mübahisə yaranmış, bu zaman o, əli ilə Zərərçəkmiş şəxs sifətindən itələmiş, anası Gülçin Mayılova isə Zərərçəkmiş şəxs əlindən mobil telefonu almaq istəmişdir ki, oraya kənar şəxsləri zəng edib çağırmasın. Bu zaman Sülhiyyə Əsəgərovanın mobil telefonu əlindən yerə düşmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və barələrində araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs şillə ilə vurmamış, əli ilə sifətindən itələmişdir. Özünü ona görə həmin hissədə təqsirli hesab edir. Hadisə vaxtı orada çox sayda insanlar var idi. Hadisələr bu həddə çatmalı deyildi, əməlindən peşmandır. Polis orqanında olan vaxtdan zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də barəsində yüngül cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təxminən 3 il əvvəl vanna otağında duş qəbul edərkən yıxılaraq xəsarət almışdır. Hazırda görmə qabiliyyətində zəiflik vardır, eyni zamanda hadisə nəticəsində bel və topuq sümükləri sınmışdır. 30 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində qızı, 2007-ci il təvəllüdlü Şahid1 ilə birlikdə alış-veriş etmək üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzinə getmiş, həmin ticarət mərkəzinin daxilində yerləşən qadın və uşaq geyimləri satılan “Mango” adlı mağazaya daxil olub geyim əşyalarına baxmışlar. Mağazada rənginə görə qeyri-adi formada olan bir şalvar görüb qızı Fidana gülümsəyərək zarafatla: “Gəl bu şalvarı sənə alım” - demişdir. Fidan da onun bu sözünə gülməyə başlamışdır. Bu vaxt onların yanından keçən iki qadın, yəni sonradan tanıdığı X5 və Təqsirləndirilən şəxs səhvən onlara baxıb güldüklərini başa düşdükləri üçün Gülçin Mayılova ona yaxınlaşıb nəyə görə güldüyünü soruşduqda, onlara gülmədiklərini, başqa bir şeyə güldüyünü izah etmiş, lakin Gülçin Mayılova onu təhqir etməyə başlayıb irad bildirdiyi vaxtda qızı X6 təhqir etməməsini demişdir. Gülçin Mayılova daha da əsəbləşərək qızı Fidanı da təhqir etməyə başlamışdır. O, Gülçin Mayılovanın onları təhqir etdiyini görüb DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt Gülçin Mayılova və qızı Təqsirləndirilən şəxs “Mango” geyim mağazasından çıxıb “Gənclik” metrosunun yeraltı piyada keçidinə doğru getmişlər. O da qızı Fidanla birlikdə onları bir qədər uzaqdan təqib etməyə başlamışdır ki, irəlidə polis əməkdaşı gördükdə təhqir edilməsi barədə məlumat versin. Onlar birlikdə Gülçinlə qızı Nərminin arxası ilə “Gənclik” metrostansiyasının yeraltı piyada keçidinə daxil olduqda Gülçin və qızı Nərmin, təqib edildiklərini bilib geri dönərək onun üzərinə hücum etmişlər. İlk əvvəl Təqsirləndirilən şəxs əli ilə onun sifət nahiyəsinə vurmaqla onun üstünə qışqırmışdır. O özünü müdafiə etmək üçün əllərini üzünə tutub geriyə döndükdə Gülçin Mayılova onu arxadan saçından tutaraq özünə tərəf çəkdikdə, o, Gülçinə tərəf dönmüşdür. Bu vaxt Gülçin onunla əlbəyaxa olaraq onu söyüb təhqir edib, əli ilə vurmağa başlamışdır. O, əlləri ilə sifət nahiyəsini qapamağa çalışsa da, Gülçinin vurduğu zərbələrdən biri onun əlinə dəymiş və o, əlində fiziki ağrı hiss etmişdir. Gülçin və qızı onun üzərinə gəlməyə davam etdikləri vaxtda metrostansiyasının girişində xidmət aparan polis əməkdaşları hadisə yerinə gəlib onları ayırmışlar. Daha sonra o, qızı ilə birlikdə Bakı Metropolitenində Polis İdarəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Hadisə “Gənclik” metrostansiyasının yeraltı piyada keçidində baş vermiş və 5-7 dəqiqə davam etmişdir. Hadisə baş verən anda metrodan və piyada keçidindən istifadə edən tanımadığı şəxslər hadisə yerində olmuşdur. Hadisənin baş verməsinə səbəb paltar satılan mağazada onun qızı ilə zarafat edərək gülməsini Gülçin Mayılovanın yalnış anlaması və nəticədə qızı Nərminlə birlikdə onu döymələri olmuşdur. Bundan sonra isə X3 Mayılova ilə birlikdə üzərinə hücum edərək ona bədən xəsarətləri yetirmişlər. Məhkəmə iclasında iştirak etməyən şahid - Şahid1 ibtidai istintaq orqanına verdiyi Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu olan ifadəsi elan edilmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid - Şahid2 elan edilmiş ibtidai istintaq orqanına verdiyi ifadəsindən görünür ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 30 iyul 2023-cü il tarixdə "xxxx" QSC-nin “Gənclik” stansiyasının yeraltı piyada keçidində yerləşən stansiyanın giriş hissəsində xidmətini təşkil edərkən saat 16:00 radələrində yeraltı piyada keçidinde səs-küyün gəldiyini eşidib, həmin yerə tərəf istiqamətlənmişdir. Hadisə yerinə çatdıqda şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs və X1 birlikdə Zərərçəkmiş şəxs ilə əlbəyaxa mübahisə etdiklərini və X4 Əsgərovanın əllərindən tutaraq itələməsini görmüşdür. O dərhal mübahisəyə müdaxilə edib onları ayırıb sakitləşdirərək polis idarəsinə dəvət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi" barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baş vermiş hadisə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gənclik” stansiyasının yeraltı piyada keçidində qeydə alınmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 307/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol əlin V barmağının tendiniti və hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, alt dodağın əzilmiş yarası, sol bazunun qançırı, bərk küt əşyanın (əşyaların) təsirindən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil. Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 07/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol əlin V barmağının tendiniti və hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, alt dodağın əzilmiş yarası, sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən ilkin məhkəmə-tibbi müayinəsindən (xx.xx.2023-cü il) bir günə qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol əlin V barmağının tendinit və hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl. ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. “DVD” diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi zaman, yəni 30 iyul 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs övladı Şahid1 ilə birlikdə “Gənclik Mall” ticarət mərkəzində yerləşən qadın və uşaq geyimləri satılan “Mango” mağazasına daxil olaraq geyimlərə baxmaları, bir qədər sonra isə Zərərçəkmiş şəxs qızı ilə birlikdə gülmələri, X5 və Təqsirləndirilən şəxs mağazadan çıxıb çıxışa tərəf getmələri, Zərərçəkmiş şəxs telefonla danışaraq qızı ilə birlikdə onları təqib etmələri, ticarət mərkəzinin çıxışında iti addımlarla gedib mühafizə əməkdaşına yaxınlaşaraq şikayət etmələri, mühafizəçinin isə Gülçin Mayılova ilə Təqsirləndirilən şəxs yanına çağırmaqla onlarla birlikdə söhbət aparmaları, daha sonra isə mühafizəçidən kənarlaşmaqla ticarət mərkəzini tərk etmələri, arxaları ilə yenə də Zərərçəkmiş şəxs qızı ilə birlikdə getməsi müşahidə olunmuşdur. 2-ci diskdə mövcud olan digər videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Gənclik” metrosunun yeraltı piyada keçidində piyada hərəkət edən Gülçin Mayılova ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı ilə birlikdə onları təqib etmələrini görüb, geri dönərək Zərərçəkmiş şəxs üzərinə hücum etmələri, ilk əvvəl Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla onun üstünə qışqırması, Zərərçəkmiş şəxs əlləri ilə üzünü tutub geriyə döndükdə Gülçin Mayılovanın onu arxadan saçından tutaraq özünə tərəf çəkməsi, bu vaxt X4 Əsgərova ilə əlbəyaxa olaraq əli ilə vurmağa başlaması, Zərərçəkmiş şəxs yenidən əlləri ilə sifət nahiyəsini qapamağa çalışması zamanı Gülçin Mayılovanın vurduğu zərbələrdən birinin Zərərçəkmiş şəxs əlinə dəyməsi və metro stansiyasında xidmət aparan polis əməkdaşının hadisə yerinə gəlməsi müşahidə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, (005)-260/2024 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə bir qrup halında cinayət əməlini törətmiş X5 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə və diskə baxış keçirilməsi, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz digər dəlillərlə 30 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gənclik” stansiyasının yeraltı piyada keçidində olarkən, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan anası Gülçin Mayılova ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs sağlamlığına qəsdən dərəcəsi təyin edilməyən və yüngün bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs vurmadığını, əli ilə sifət nahiyəsindən itələdiyini bildirsə də, onun qeyd olunan ifadəsi iş üzrə bir-biri ilə uzlaşan və bir-birini tamamlayan sübutlar - zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tibbi ekspertizaların rəyləri, hadisə yerinə baxış keçirilməsi, müşahidə kameraları ilə qeydə alınmış videogörüntülərə baxış keçirilməsi barədə protokollar, X1 məhkum olunması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə tam təkzib edilməklə öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilir. Göründüyü kimi qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarında saxlanmış 2 ədəd DVD diskin və digər istintaq sənədlərinin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, həmin iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayəti yoxdur və gələcəkdə də heç bir şikayəti olmayacaq. Məhkəməyə təqdim edilmiş tibbi arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs “Onurğanın 1-ci bel fəqərəsinin pazvari deformasiyası, kompression sınığın bitişməsindən sonra, 12-ci döş, 1-ci bel fəqərəarası disklərin hündürlüyünün azalması, sağ bayır topuğun bitişmiş sınığı, daimi ağrı sindromu” diaqnozu təyin edilmişdir. Məhkəmə Azərbaycan Respubikası CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, şəxsin sağlamlıq vəziyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, məhz bu cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkün olar. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Məhkəmə qeyd edir ki, qanunvericiliklə rəsmi iş yeri olmayan şəxs barəsində islah işləri növündə cəzanın təyin edilməsi istisna edilmir. Belə ki, qeyd olunan məhdudiyyətin olmaması Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.2 və 43.3-cü maddələrinin məzmunundan aşkar surətdə müəyyən edilir. Həmin maddələrə əsasən məhkum heç yerdə işləmədikdə, icra məmuru məhkuma üç ay müddətində işə girməyi təklif edir və zəruri olduqda ona işə düzəlməkdə kömək edir. İşsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilməli, cəzasının əvvəli aylıq qazancından tutulmaların başlandığı vaxtdan hesablanmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 2 ədəd DVD diskin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin arxivində olan ********* (1(005)-260/24) nömrəli cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 manat olmaqla 15 iş saatı üçün 165 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başlandığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 2 ədəd DVD diskin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin arxivində olan ********* (1(005)-260/24) nömrəli cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 manat olmaqla 15 iş saatı üçün 165 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-427/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-427/2025
07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver