Məhkəmə qərarları › İş №1(005)-428/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-428/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-428/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zəfər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan. Ağdam şəhəri 20 Yanvar küçəsi ev 2-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi yeni yaşayış sahəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmiş, saxlamış və daşıyaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə Tula silah zavodunda 1959-ci idə istehsal olunmuş 20 kalibrli, texniki cəhətdən saz olan və atəş üçün yararlı, çaxmağlı, qoşa lüləsi və qundağı kustar üsulu ilə kəsilərək öz təyinatını itirmiş, «TOZ-B» modelli, 72985 N-li, odlu yivsız silah hesab edilən hamar qoşa lüləli ov tüfəngin kəsiyini əldə edib idarə etdiyi Toyota Prius” markalı ** VY *** qeydiyyat nişanlı avtomobildə saxlayıb gəzdirməklə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küç.50 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13.50-də göstərilən ünvanda saxlanılaraq ünvan 2 İdarəyə dəvət olunaraq idarə etdiyi "Toyota Prius” markalı ** VY *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sonuncu avtomobilin arxa yük yerindən çıxararaq polis əməkdaşlarına təqdim etdiyi bir ədəd "TOZ-B" modellı odlu yivsiz silah hesab edilən ov tüfəngin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 ay bundan qabaq yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi ərazisində zibilliyin yaxınlığında yerdən qundağı kəsilmiş patronsuz ov tüfəngi tapmışdır. Həmin silahı marağ üçün avtomobildə gəzdirirdi. Həmçinin təxminən 2 ay bundan qabaq yenə də Zabrat-1 qəsəbəsində bir ədəd açılıb-qatlanan bıçaq tapmışdır. Meyvə doğramaq məqsədi ilə üzərində gəzdirirdi. 02 iyun 2022-ci il tarixdə saat 13:50-də Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində idarə etdiyi Toyota Prius markalı ** VY *** qeydiyyat nişanlı avtomobilin qarşısında dayandığı zaman üç nəfər əvvəllər tanımadığı şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqlar Mübarizə İdarəsinin əməkdaşları olduqlarını qeyd edərək özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirdikdə polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu idarə etdiyi avtomobil ilə birlikdə polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə idarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində bıçaq olmasını etiraf edərək əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd açılıb-qatlanan bıçağı və 01 ədəd avtomobil açarını, əynində olan boz rəngli şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 200 manat nağd pulu çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bıçağa polis tərəfindən baxış keçirilmiş və daha sonra ekspertiza təyin olunacağı ona izah olunaraq polis tərəfindən götürülüb qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş 200 manat və 01 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan başqa ona məxsus şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə olunması məqsədilə götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** VY *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə şəxsi axtarış zamanı həyəcanlı olduğu üçün avtomobilində silah olmasını söyləmədiyini qeyd edərək polis əməkdaşlarına bildirmişdir ki, idarə etdiyi avtomobildə özünə məxsus tüfəng vardır. Bundan sonra idarə etdiyi avtomobilə polis tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol ön qapısından avtomobilin qeydiyyat şəhadətnaməsi, ona məxsus sürücülük vəsiqəsi və etibarnamə, yük bölməsindən isə 01 ədəd qara rəngli, üzərində hər hansı bir yazı və qeydiyyat nömrəsi olmayan, qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan, içərisində patronları mövcud olmayan tüfəng aşkar edilmişdir. Şifahi sorğu zamanı aşkar olunan tüfəngin özünə məxsus ov tüfəngi olduğunu, patronunun mövcud olmadığını, həmin predmeti təxminən 6 ay öncə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsindən tapdığını, silaha marağı olduğu üçün götürərək özündə saxladığını, həmin predmetdən istifadə etmədiyini, heç kəsin onda silah olması barədə məlumatının olmadığını, silahların satışı ilə məşğul olmadığını, bundan başqa avtomobilində və özündə hər hansı qanunla qadağan olunan əşya və predmet olmadığını bildirmişdir. Daha sonra aşkar olunmuş 01 ədəd tüfəng polis tərəfindən götürülərək qablaşdırılmışdır. Qablaşdırıldıqdan sonra həmin bağlamanın üzərini imzalamışlar. Anası onkoloji xəstədir, hazırda əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Baş İdarəyə daxil olmuş məlumat əsasında 02 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 13:50-də ünvan 3 ünvanında Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, ** VY *** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və daşımaqla üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə aparılması haqqında" 02 iyun 2022-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bıçaq olmasını etiraf edərək əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd açılıb-qatlanan bıçağa bənzər dəmir predmeti və 01 ədəd avtomobil açarını, əynində olan boz rəngli şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 200 manat nağd pulu çıxararaq masanın üzərinə qoymuşdur. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində hər hansı bir əlavə predmet və əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan predmetin özünə məxsus olan açılıb-qatlanan bıçaq olduğunu, həmin bıçağı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı ünvanın yaxınlığından təxminən 2 ay öncə tapdığını, məişətdə istifadə etmək uçün bıçağı götürərək özündə saxladığını, soyuq silahların satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan nağd pulun özünə məxsus olduğunu, aşkar olunmuş avtomobil açarının isə saxlanılan zaman qarşısında olduğu və onunla birlikdə baş idarəyə gətirilmiş avtomobilin açarı olmasını, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prıus» markalı, ** VY *** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin sol ön qapısından avtomobilin qeydiyyat şəhadətnaməsi, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və etibarnamə, yük bölməsindən isə 01 ədəd qara rəngli, qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan, içərisində patronları mövcud olmayan tüfəngə bənzər dəmir predmet aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan predmetin özünə məxsus ov tüfəngi olduğunu, patronunun mövcud olmadığını, həmin predmeti təxminən 6 ay öncə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən tapdığını, silaha marağı olduğu üçün götürərək özündə saxladığını, həmin predmetdən istifadə etmədiyini, heç kəsin ondan silah olması barədə məlumatının olmadığını, silahların satışı ilə məşğul olmadığını, bundan başqa avtomobilində və özündə hər hansı qanunla qadağan olunan əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş predmətlər qablaşdırılaraq möhürlənmiş, üzəri imzalanmışdır. Məhkəmə iclasında ifadə verən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 Əlibala oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməkdə şübhəli bilinən 09.01,1984-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvansız fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq özündə saxladığı odlu silah və döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silah və döyüş sursatının vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, BMCMl-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 13.50-də ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq etibarnamə əsasında idarə etdiyi “Toyota Prius" markalı 10VY280 qeydiyyat nişanlı avtomobili ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub avtomobilinə baxış keçirilərkən avtomobilin arxa yük yerindən bir ədəd TOZ-B modelli odlu yivsiz silah hesab edilən ov tüfəngin kəsiyi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayıt işı materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 03 iyun 2022-ci il tarixli, 22/406R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 72985 No-li silah, zavod üsulu ilə keçmiş “SSRİ" dövlətində, 1959-cu ildə Tula silah zavodunda istehsal olunmuş, 20 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 20 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 4(005)-564/2022 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 5(005)-704/2022 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Əlibala oğlu tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdirr; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2022-ci il tarixli, 3/756 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan, xüsusi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməyib, istifadəyə yararlıdır. Ekspertiza xərci 64 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022ci il tarixli, 27/1677 nömrəli məktubundan görünür ki, zavod üsulu ilə istehsal olunmuş 72985 nömrəli 20 mm “TOZ-B” modelli odlu silah Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “TOZ-B” modelli, 72985 nömrəli yivsiz silah hesab edilən hamar qoşa lüləli ov tüfənginin kəsiyi maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü DİN-in BMCMlnin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, aşkar edilib götürülmüş 01 ədəb ov bıçağı, eləcədə Toyota Prius markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin avtomobilin Təqsirləndirilən şəxs qohumlarına qaytarılması nəzərə alınmışdır. İşdə olan xx.xx.1998-ci il tarixli vəsiqənin surətindən görünür ki, təqsinləndirilən şəxsin anası X3 2-ci qrup əlildir. İşdə olan xx.xx.2011-ci il tarixli vəsiqənin surətindən görünür ki, təqsinləndirilən şəxsin anası X7 rayonundan məcburi köçkündür. İşdə olan xəstəlik tarixindən çıxarışdan görünür ki, X1 vəzi xərçəngindən əziyyət çəkir. İşdə olan Goranbor rayon üzrə MKİ sahəsinini verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Agdan rayonundan məcburi köçkün kimi Qoranboy rayonunda evlə timin olunub. Əməksevərliyi ilə əhalinin hörmətini qazanmışdır. İşdə ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1986-cı il tarixdə ölmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CMin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 3 (üç) ay 11 (on bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM-162.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd“TOZ-B” modelli, 72985 nömrəli yivsiz silah hesab edilən hamar qoşa lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. (CPM-132, 132.1.4). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) ay 11 (on bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 6 (altı) ay 22 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq ona 2 (iki) il 2 (iki) ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd“TOZ-B” modelli, 72985 nömrəli yivsiz silah hesab edilən hamar qoşa lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD diski cinayət işinin materiallarında saxılanılsın. İş üzrə ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar