Məhkəmə qərarları › İş №1(005)-429/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-429/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-429/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X5 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əvəzaga oğlunun və onun müdafiəçisi Arbitrium vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 111-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Əvəzaga oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əvəzaga oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, bir ədəd bükümdə təmiz çəkisi 2,279 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış və 01 aprel 2022-ci il tarixdə saat 19.30-da ünvan 1 ünvanın qarşısında Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə 2,279 qram çəkidə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Əvəzaga oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının sonlarından etibarən siqaretə doldurub yandıraraq tüstüsünü udmaqla narkotik vasitə heroin qəbulu ilə məşğul olur. Təxminən 27 mart 2022-ci il tarixdə saat 13 radələrində ünvan 4 ünvanında yerləşən Şəhriyar parkında gəzişərkən yerdən siqaret qutusunda bir neçə ədəd siqaret, alışqan və gümüşü rəngli bir bükümdə qəhvəyi rəngli maddə tapmışdır. Siqaret qutusundakı həmin bükümü açıb diqqətlə baxdıqda içərisində narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin olduğunu görmüşdür. Elə həmin gün bükümün içərisində olan narkotik vasitənin bir qismini siqaretə doldurub yandıraraq tüstüsünü udmaqla istifadə etmiş, qalanını isə sonra istifadə etmək məqsədi ilə özündə saxlayıb üzərində gəzdirmək qərarına gəlmişdir. Təxminən iki gün sonra yenidən bükümdə olan narkotik vasitədən bir qədər eyni üsulla istifadə etmiş, qalanını isə sonra istifadə etmək üçün cibində gizləyib saxlamışdır. 01 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 5 ünvanında skamyada oturub siqaret çəkərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək ad və soyadını, habelə yaşadığı ünvanı soruşmuşlar. Bu zaman əynindəki qara rəngli şalvarının arxa sağ cibində gizləyib saxladığı heroin bükümünə görə həbs olunacağını düşünüb həyəcanlanaraq özünü itirmiş və oradan uzaqlaşmaq istəmişdir. Bunu görən polis əməkdaşları onlarla birlikdə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə getməyi təklif etmişlər. Başqa çıxış yolu görməyib etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə getmişdir. Həmin vaxt polis əməkdaşları onu diqqətlə müşahidə etdiyindən imkan tapıb cibindəki heroin bükümünü kənara tullaya bilməmişdir. Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa, çıxarıb təqdim etsin. Bu zaman şalvarının arxa sağ cibində gizləyib saxladığı heroin bükümünə görə həbs olunacağını düşünüb qorxduğu üçün üzərində qanunsuz əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının arxa sağ cibində gizlətdiyi içərisində narkotik vasitə heroin olan gümüşü rəngli kağız büküm aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu ondan soruşduqda başqa çıxış yolu görməyib səmimi etiraf edərək bükümün içərisində «kakos» olduğunu demişdir. Polis əməkdaşları həmin maddəni haradan əldə etdiyini soruşduqda həmin «kakos» bükümünü təxminən 5 (beş) gün əvvəl Nərimanov rayonu ərazisindəki Şəhriyar parkında gəzişərkən siqaret qutusunun içərisində yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini və bir qismini istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə aparıb protokol tərtib etmişlər və ondan aşkar olunmuş həmin heroin bükümünü zərfə qoyub qablaşdırmışlar. Həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 6 ünvanının yaxınlığında Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə xidməti vəzifəsini icra edən zaman Tələt Şıxəliyev küçəsi 20 ünvanının qarşısında skamyada oturmuş bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını müşahidə etmişlər. Bununla əlaqədar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan adını və soyadını, habelə yaşayış ünvanını soruşmuşlar. Bu zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs Əvəz oğlu kimi təqdim etmişdir. Həmin şəxs rabitəsiz danışaraq skamyadan qalxıb uzaqlaşmağa çalışdığından üzərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onu Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə gətirmişlər. 18-ci polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra barəsində müvafiq araşdırma aparılması üçün şöbə rəisinə raportla məruzə etmişdir. Bundan sonra vəkil X4 iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X7 tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olmadığını bildirmişdir. X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarının arxa sağ cibindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş gümüşü rəngli kağız bükümünə baxış keçirilərkən bükümün içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş həmin qəhvəyi rəngli maddə kütləsi barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin narkotik vasitə “kakos” olduğunu və həmin maddəni təxminən 5 (beş) gün əvvəl Nərimanov rayonu ərazisində yerləşən Şəhriyar parkında siqaret qutusunun içərisində yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, bir qismini isə istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs digər heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd gümüşü rəngli kağız bükümündə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə kütləsi zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. X7 tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola axtarışda iştirak edən hər bir şəxs, həmçinin Təqsirləndirilən şəxs imza etmişdir. Məhkəmə iclasına şahis qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Əvəzaga oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Şəxsi axtarış və götürmə protokoluna əlavə olunmuş CD diskə xx.xx.2022-ci il tarixdə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüqar Ələkbərli tərəfindən 01 aprel 2022-ci il tarixdə saat 21:30-dan 22:00-dək həmin şöbədə yerləşən xidməti otağında Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X6, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə kütləsinin götürülməsinə dair videogörüntünün mövcud olduğu müəyyən edilmişdir. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 aprel 2022-ci il tarixli 6/1767 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «…Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,279 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmin çəkisi 2,279 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,229 qram. Ekspertiza xərci 81 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2642 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2073 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 03 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 03 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs Əvəz oğlundan aşkar olunaraq götürülmüş 2,279 qram narkotik vasitə heroin maddi sübut hesab edilmişvə ekspert tədqiqatından sonra qalıq qalmış 2,229 qram narkotik vasitə heroin Nərimanov RPİ-yə saxlanışa verilmiş, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs Əvəz oğlunun üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Əvəzaga oğlu həmin tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Əvəzaga oğlu tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs Əvəzaga oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 2,279 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs Əvəzaga oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əvəzaga oğlunun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əvəzaga oğlunun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Əvəzaga oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Əvəzaga oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əvəzaga oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs Əvəzaga oğluna məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Əvəzaga oğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (01-03 apre 2022-ci il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), Təqsirləndirilən şəxs Əvəzaga oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Əvəzaga oğlunun məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Arbitrium vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Əvəzaga oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əvəzaga oğlunun həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Əvəzaga oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Əvəzaga oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 2.229 qram narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Əvəzaga oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Əvəzaga oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Arbitrium vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar