Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-429/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Abşeron Rayon Vəkil Bürosunun vəkili X1, Müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir . Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 avqust 2018-ci il tarixdə, saat 01:57-də Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən və əvvəllər satıcı kimi işlədiyi “Qədir-Xum” adı ilə tanınan un məmulatları mağazasında işçilərin, eləcə də digər şəxslərin daxil olmasının qadağan olunduğu həmin mağazanın ofis otağının qapısını icazəsiz açıb həmin otağa qanunsuz daxil olaraq orada olan stolun siyirməsindən Zərərçəkmiş şəxs məxsus 5200 manat məbləğində pulu gizli olaraq talayıb, həmin mağazanı dərhal tərk etməklə Zərərçəkmiş şəxs 5200 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2016-cı ildən “Qədir-Xum” adlı un məmulatları dükanında işləmişdir. İlk əvvəl ofisiant kimi, daha sonra isə baş ofisiant işləmişdir. Həmin yerdə işlədikcə orada müdir olan şəxs Zərərçəkmiş şəxs ilə münasibəti yaranmış və bununla da onun etibarını qazanmışdır. İşlədiyi dövrdə onun heç kim ilə problemi olmamışdır. Bundan sonra bir müddət keçdikdən sonra 22 avqust 2018-ci il tarixdə işlədiyi yerdə iş əsnasında müdiri ilə mübahisəsi yarandığı səbəbindən ordan uzaqlaşmışdır. Həmin yerdə işlədiyi zaman dükandakı müdirin otağında olan siyirmədə pulların olduğunu görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğundan və işsiz olduğundan həmin pulları oğurlamaq niyyətinə düşmüşdür. Bu məqsədlə də 23 avqust 2018-ci il tarixdə “Qədir-Xum” adlı un məmulatları dükanından oğurluq etmişdir. Əldə etmiş olduğu 5200 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödədiyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2004-cü ildən ünvan 2 ünvanında yerləşən “Qədir-Xum” adlı un məmulatları dükanını icarəyə götürüb işlətməyə başlamışdır. Həmin dükanda 10-a yaxın əmək müqaviləsi ilə işə götürdüyü işçiləri olduğunu qeyd etmişdir. Həmin obyekt birmərtəbəli olmaqla, üstündə özünə yer düzüldərək istifadəsi üçün otaq yaratmışdır. Həmin kabinetin qapısının açarı olsa da orda kamera quraşdırıldığı səbəbindən qapısını bağlamadığını bildirmişdir. Həmin otağa onun icazəsi və o olmadan daxil olmağı işçilərinə qadağan edərək xəbərdarlıq etmişdir. 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs həmin yerə xidmətçi kimi işə götürərək onunla tanış olmuşdur. 23 avqust 2018-ci il tarixdə saat 09 radələrində işə gələrək şirniyyat sexinə gətirilmiş şirniyyat məhsullarının pulunu vermək üçün həmin otaqda siyirmədə saxladığı 5200 manat pulu götürmək istədikdə yerində olmadığını aşkar etmişdir. Otağa qurlaşdırılan video görüntüyü baxdıqda ona aydın olmuşdur ki, 22 avqust 2018-ci il tarixdə saat 01:57 dəqiqədə Təqsirləndirilən şəxs pilləkənlə otağa qalxıb orda olan 5200 manat pulu oğurlayandan sonra oranı tərk etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilsə də təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 4(005)- 787/2019 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş vəsatət və təqdimatın təmin edilməsinə, həmin cinayət işi üzrə Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs tutulduqda dərhal həbsə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına təhvil verilməsi və həbsetmənin əvvəli Təqsirləndirilən şəxs faktiki tutulduğu tarixdən hesablanması qərara alınmışdır. “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi barədə” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Novqorod Şəhəri Kanaviniski Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158 M 2.b, 167 M 2, 167 M 2.69 M 2 maddələri ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “DVD diskə baxış keçirilməsi haqqında” 17 iyul 2023-cü il tarixi protokoldan görünür ki, həmin diskdə mağazada yerləşdirilmiş kamera qurğusu vasitəsilə qeydə alınmış Təqsirləndirilən şəxs 22 avqust 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Qədir-Xum” adlı un məmulatları dükanından oğurluq etməsi barədə videogörüntülər öz əksini tapır. Həmin diskin yaddaşında olan videogörüntü baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 avqust 2018-ci il tarixdə saat 01:57 radələrində ünvan 3 ünvanında yerləşən “Qədir-Xum” adlı un məmulatları dükanındakı müdir otağının siyirməsindən Zərərçəkmiş şəxs məxsus 5200 manat pulu oğurlamışdır. Baxışda iştirak edən təqsirləndirilən şəxs videogörüntüdə olan və 5200 manat pulu oğurlayaraq mağazanı tərk edən şəxsin onun özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 06 iyul 2023-cü il tarixli, 3-16-17/40/2-3257/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, xx.xx.2023-cü il tarixdə isə həbsdə saxlama müddəti uzadılmadığına görə müəssisə rəisinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. Həbsdə saxlama növündə qətimkan tədbirinin seçilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nijni Novqorod vilayətinin Lıskovo rayonunun prokuroru S.İ.Broniskinin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni xx.xx.2022ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin uzadılması haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Rusiya Federasiyası tərəfindən təhvil verilmə tələbinin yerinə yetirilməsi üçün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. “Sübutların qiymətləndirilməsi haqında” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, baş vermiş oğurluq cinayəti əməlinin videogörüntüləri əks etdirilən 01 ədəd DVD-R formatlı disk iş üçün maddi əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5200 manat məbləğində maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə cinayət törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxsə dəymiş zərərin tam olaraq ödənilməsini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 18 oktyabr 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 06 ay müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 il azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 06 ay müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 01 il azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-429/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-429/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver