Məhkəmə qərarları › İş №1(005)-433/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-433/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-433/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ saat 09:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində, saat 13:30 radələrində nəvəsi X5 telefon ilə zəng edib onu nalayiq sözlərlə təhqir etmişdir. Belə ki, qızı X3 Cavadov Sevil adlı xanımla evlənmişdir. Son zamanlar X10 ilə həyat yoldaşı Sevil Cavadova arasındakı münasibətlər kəskinləşdiyindən xx.xx.2021-ci il tarixdə qızı Lalə Cavadova gəlini Sevili işdən sonra evə qayıtdıqda yaşadığı evə buraxmamışdır. Sevilin anası Sevda xanım özləri rayonda olduğu üçün onunla əlaqə saxlayaraq qızı Sevilə kömək etməyini xahiş etdi. Vicdanı yol vermədi ki, 4 aylıq hamilə olan Sevil soyuqda köməksiz vəziyyətdə həyətdə tək ağlaya-ağlaya qalsın. Həyətə düşüb Sevili də götürüb Sarvan Cavadovla yaşadığı qonşu «B» bloklu 79 saylı mənzilə qalxmışlar. Qızı Lalə (ona verdiyi) evə Sevili və onu buraxmayıb qapı arxasında qoydu. Polislər gəldikdən sonra güclə qapını açsalar da, qızı Lalə (Sevilin qayınanası) Sevili evə buraxmadı, polislər isə Sevilə küçədə qalmamaq üçün onu oteldə yerləşdirməyi təklif etsələr də, onlar buna razı olmamış, Sevili aparıb gecə öz evində saxlamış və ona lazımi köməklik etmişdir. Sarvan Cavadov isə bətnində 4 aylıq körpəsini daşıyan Sevil Cavadovaya heç zəng də etmədi. Bu hadisədən sonra X10 öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefonuna zəng edərək ünvanına iyrənc, biədəb, ağlasığmaz, saysız-hesabsız, tərbiyəsiz və hislərimə toxunan “it, çaqqal, ağzıva pox, ağsaqqalına, ağbirçəyinə pox, sən heç kimsən, sən mənim belimdən aşağısan” kimi təhqiredici ifadələr işlətmiş, ona əziz olan rəhmətə getmiş valideynlərinə qarşı da nalayiq sözlər işlətmişdir. X7 onun ailə işinə qarışdığını bildirib alçaldıcı sözlərlə təhqir etsə də, o, heç kəsin ailə işinə heç vaxt qarışmamışdır. Qışın soyuğunda, köməksiz vəziyyətdə həyətdə çarəsiz qalmış hamilə qadına kömək etmək hər bir vicdanlı, xeyirxah insanın borcudur. Beləliklə, təhqir xarakterli məlumatları yaymaqla Sarvan Cavadov şərəf və ləyaqətini qəsdən alçaltmış, nəticədə ona mənəvi zərər vurulmuşdur. Baş verənlərlə bağlı Bakı şəhərinin Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət etdikdə, polis şöbəsindən aldığı cavabda ona Azərbaycan Respublikasının CPM-nin 37.2-ci maddəsinin tələblərinə əsasən, xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Barəsində şikayət etdiyi X7n barəsində X6 zəng vuraraq onun ailə üzvlərinin də eşitdiyi eyni məzmunla, təhqir xarakterli fikirlər ifadə etmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində o, 27 yaşlı cavan oğlunu itirmiş, 76 yaşlı xəstə, dərdli qadın arzuolunmaz vəziyyətə düşmüş, saysız-hesabsız təhqirlərdən səhhətində ciddi sarsıntılar əmələ gəlmiş, çoxlu dərmanlar qəbul etmiş, rahatlığım pozulmuşdur. Ona mənəvi və fiziki iztirablar formasında zərər vurulmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən barəsində şikayət etdiyi Sarvan Cavadovun CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb Sarvan Cavadov tərəfindən istifadəsində olan mobil nömrədən nənəsi Xədicə Kərimovanın istifadəsində olan mobil nömrəyə zəng edərək onu təhqir etməsi olmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X5 nənəsi X1 ünvanına telefon vasitəsilə təhqir edici ifadələr işlətmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, X5 nənəsi X1 ünvanına telefon vasitəsilə təhqir edici ifadələr işlətməsi barədə şikayətə artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)386/2022 saylı qərarı ilə hüquqi qiymət verilmiş, həmçinin hazırki vəziyyətdə şikayət vermiş şəxs tərəfindən preyudisial əhəmiyyət kəsb edən faktı təkzib edən yeni dəlillər məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, preyudisiallığın obyektiv və subyektiv həddi dəyişməmişdir. Qeyd edilənlərə əsasən şikayət əsassızdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar