Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-433/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə Göyçay rayonu, Bəydövül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Göyçay rayonu Bəydövül kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, «Makarov» konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı yivli odlu döyüş silahını və onun komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd darağı qanunsuz olaraq əldə edib saxlayaraq daşımaqla üzərində gəzdirmiş, 10 iyul 2024-cü il tarixdə saat 16:30da Nərimanov RPİ-nin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nə gətirildikdən sonra həmin polis idarəsinin inzibati binasında onun üzərinə şəxşi axtarış və götürmə keçirilən zaman əynində olan şalvarın bel hissəsinin sağ tərəfinə keçirilmiş həmin odlu silah və onun komplekt hissəsi olan darağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2024-cü ilin iyun ayının sonlarında Nərimanov rayonu, “Erməni Qəbirstanlığı” adlanan ərazidə zibil qutularının yanında rəngli bir qutu görmüş, həmin qutu diqqətini çəkmiş və onun içərisinə baxdıqda orada “Makarov” tipli silahın olmasını görmüşdür. Əvvəlcə onun əsl silah olmadığını, oyuncaq olduğunu düşünmüş, lakin sonradan həmin silahın əsl silah olduğunu ağırlığından hiss etmiş və həmin silahı götürərək özündə saxlamaq qərarına gəlmişdir. O, həmin silahı özündə saxlamaqda məqsədi işləmədiyi üçün gələcəkdə sataraq pul əldə etmək olmuşdur. 10 iyul 2024-cü il tarixdə, saat təxminən 16:30 radələrində Nərimanov rayonu, “Ulduz” metrostansiyasının yaxınlığında gəzərkən 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun üzərində odlu silah olması barədə məlumatlarının olmasını bildirmişlər və onu Polis İdarəsinə gətirmişlər. İdarədə olan zaman ona müdafiəçi təyin edilmiş və onun üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Bu zaman o, şalvarının arxa hissəsindən bel nahiyəsində saxladığı “Makarov” markalı silahı çıxararaq masanın üzərinə qoymuşdur. O, həmin silahı tapanda onun içərisində gülləsi olmamış və o da istifadə etməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, «Pərviz» adlı şəxsin üzərində qanunsuz odlu silah gəzdirməsi və 10 iyul tarixdə, saat 16 radələrində Nərimanov rayonu, M.Araz küçəsi 7 saylı ünvanın qarşısında olacağı və üzərində odlu silah olması, həmin şəxsin geyimi və xüsusi əlamətləri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış əməliyyat qrupuna rəhbərlik ona tapşırılmış, əməliyyat qrupuna ondan başqa 17-ci PŞ-nin kiçik inspektorları Şahid2 və X4 daxil edilmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. 10 iyul 2024-cü il tarixdə saat 16:30-da əməliyyat qrupu ilə birlikdə həmin ünvanda olmuş və əməliyyat məlumatında əlamətləri və geyimi göstərilən şəxsi saxlayıb Nərimanov RPİ-nə gətirdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun barəsində araşdırma aparılması üçün raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması idarənin təhqiqatçısı Mirsənan Ağalarova tapşırılmış, o, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl həmin şəxsə hüquq və vəzifələrini izah edib, vəkil dəvət edərək baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyini izah etmişdir. Baxış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra o, əynində olan şalvarın bel hissəsinin sağ tərəfinə keçirilmiş 1 ədəd nömrəsi silinmiş «Makarov» tipli tapançanı çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin tapançanı 10-15 gün əvvəl Nərimanov rayonu ərazisində «erməni qəbristanlığı» adlanan yerdə qara rəngli qutunun içərisindən tapmış, əvvəlcə onun oyuncaq olmasını düşünsə də, daha sonra polis əməkdaşlarında olan silaha bənzətmiş və ağırlığından əsl silah olmasını başa düşərək özündə saxlamış və gələcəkdə satmaq niyyətində olmuşdur. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vaxtdan silahı üstündə gəzdirmiş, 10 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Nərimanov rayonu, «Ulduz» metrostansiyasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş tapança onun iştirakı ilə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs götürülmüş sihah təhqiqatçının qərarı ilə ekspertizaya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin CA üzrə kiçik inspektoru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 24-25-ci vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 37-38-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X1, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Nərimanov RPİ-nin CAŞ-nın əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə cibindən 01 ədəd bir manatlıq və 01 ədəd iyirmi manatlıq pul əskinazını çıxararaq masanın üzərinə qoydu. Daha sonra o, əynində olan şalvarının arxa hissəsindən bel nahiyəsindən 01 ədəd “Makarov” tipli tapançanı çıxararaq masanın üzərinə qoydu. Bundan sonra o, bildirdi ki, üzərində başqa hər hansısa bir əşya yoxdur. Daha sonra tərəfindən onun üzərinə şəxsi axtarış keçirildi və hər hansısa bir əşya aşkar edilmədi. Daha sonra şəxsin üzərindən aşkar edilmiş pul əskinazları iş üçün sübut əhəmiyyəti kəsb etmədiyi üçün şəxsin özünə qaytarıldı. Bundan sonra həmin silahın nə olması və haradan əldə etməsi barəsində sual edildikdə Təqsirləndirilən şəxs bildirdi ki, həmin silahı 10-15 gün əvvəl Nərimanov rayonu ərazisində “Erməni Qəbirstanlığı” adlanan ərazidə qara rəngli qutunun içərisindən tapmışdır. O əvvəlcə həmin silahın oyuncaq olmasını düşünsə də, daha sonra onun Polis əməkdaşlarında olan silaha bənzətmiş və ağırlığından əsl silah olmasını başa düşərək özündə saxlamışdır. Daha sonra həmin silahı nə üçün saxladığı soruşulduqda o bildirmişdir ki, həmin silahı sataraq gəlir əldə etmək istəmişdir. Bundan sonra silaha tərəfindən baxış keçirilmiş və silahın darağı çıxarılaraq silah boşaldılmışdır. Daha sonra tərəfindən həmin silah zərfə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Bundan sonra tərəfindən şübhəli şəxsə saxlanılması barədə sual edildikdə o bildirmişdir ki, 3 nəfər Polis əməkdaşı onu Nərimanov rayonu, “Ulduz” m/s qarşısında olan zaman saxlayaraq polis idarəsinə gətirmişlər. Bundan başqa şübhəli şəxsə saxlanılan zaman fiziki və yaxud psixi zora məruz qalıb-qalmaması soruşulduqda, psixi və yaxud fiziki zora məruz qalmadığını, saxlanılan zaman heç bir xəsarət almadığı və bədənində heç xəsarət olmadığını bildirdi. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Cinayət işinin 46-49-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 24/1250 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1968-ci ildə istehsal olunmuş, 9 mm kalibri, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Həmçinin tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibri patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Cinayət işinin 79-82-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-917/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 3 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 10 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 85-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 4 ay 10 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 90-cı vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 24 iyul 2024cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Tağıyev icraatında olan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85-ci maddəsini rəhbər tutaraq həmin Məcəllənin 51 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan materialla əlaqədar olaraq təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edildi ki, fayldakı görüntü 11 dəqiqə 47 saniyə davam edir. X2 baxışda iştirak edən şəxsləri təqdim edib Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona təklif olunur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə görüntünün 02 dəqiqə 15-ci saniyəsində şalvarının sağ yan cibindən 01 ədəd 1 manatlıq və 01 ədəd 20 manatlıq pul əskinazını masanın üzərinə qoyur. Daha sonra isə videogörütünün 02 dəqiqə 21-ci saniyəsində əynində olan qara rəngli şalvarın bel hissəsinin sağ tərəfinə keçirilmiş 01 ədəd nömrəsi pozulmuş tapançanı masanın üzərinə qoyur və videogörüntünün 03 dəqiqə 25-ci saniyəsində həmin tapançanı “erməni qəbirstanlığı” adlanan ərazidən 10 gün əvvəl əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi tapança bükülü zərfə qoyularaq möhürlənir və zərf iştirakçılar tərəfindən imzalanır. Bununla da videogörüntü başa çatır. Cinayət işinin 99-103-cü vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18 oktyabr 2002-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 109-113-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibri, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silah olan «Makarov» konstruksiyalı tapançanın və həmin tapançanın komplekt hissəsi olan darağın iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi qiymətləndirilməsi və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 8 il müddətinin axımı onun Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsindən, yəni xx.xx.2017-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 10 iyul 2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibri, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silah olan «Makarov» konstruksiyalı tapança və həmin tapançanın komplekt hissəsi olan darağı hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 09 oktyabr 2024-cü il – 27 noyabr 2024cü il tarixlərdə keçirilmiş 5 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibri, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silah olan «Makarov» konstruksiyalı tapança və həmin tapançanın komplekt hissəsi olan darağı hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-433/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-433/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver