Məhkəmə qərarları › İş №1(005)-434/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-434/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-434/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi, Müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının 27-də, saat 02:50 radələrində arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona sağ göz yarğının daralması ilə müşayiət olunan sağ göz ətrafı nahiyənin hematoması, üst və alt qapaqlarının qançırı, sağ gözün ağlı qişasına qansızma, boyun nahiyyəsinin, sağ və sol saidin, sol budun qançırları, sol əlin arxa səthinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2015-ci ilin noyabr ayında rəsmi olaraq ailə həyatı qurmuş və evliliklərindən 2016-cı il təvəllüdlü bir azyaşlı qız övladı vardır. Tural bildirmişdir ki, işləri ilə əlaqədar ciddi problemlər yaşadığından, kifayət qədər pul vəsaiti qazana bilməmiş və ailəsinin maddi tələbatını qarşılaya bilmədiyi üçün tez-tez ailə zəminində yoldaşı ilə arasında sözlə mübahisələr yaranmışdır. Hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə gecə 02:50 radələridə o, evdə çarpayısında uzanaraq notebookdan istifadə edirmiş, yoldaşı Ləmanda çarpayıda uzanmış, yatmaq istədiyi üçün notebookun işiğını azaltmağını Turaldan istəmiş, o isə işi olduğunu və işığı azaltmayacağını bildirmişdir. Daha sonra Ləmanla aralarında sözlü mübahisə başlamış, Ləman onun valideynlərini nalayiq ifadələrlə təhqir etdiyi üçün o əsəblərini cilovlaya bilməyərək ona yumruq ilə baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, yoldaşı ilə barışmaq üçün bir neçə dəfə cəhd etmiş, lakin yoldaşı onun bu təklifi ilə razılaşmamış, onunla barışmaq istəməmişdir. Yekun olaraq o, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı övladının olmasının nəzərə alınmasını və məhkmədən barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun müdafiəçisini, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixində Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə həyatı qurmuş və onların bu nikahdan bir azyaşlı qız övladı vardır. Təxminən evliliklərinin son illərində Tural ailəsinin heç bir maddi təlabatını ödəməmiş və müxtəlif bəhanələrlə tez-tez mübahisələr yaratmışdır. Həmçinin o bildirmişdir ki, Tural onu dəfələrlə döyərək, müxtəlif bədən xəsarətləri yetirmişdir. Hadisə günü, yəni 27 iyun 2022-ci il tarixdə, gecə saat 02:50 radələrində çarpayıda uzanaraq yatmaq istəmiş, lakin yanında Tural notebook istifadə etdiyi üçün işıq onu narahat etmiş, Turaldan notebookun işığını azaltmağını istəmiş, o isə azaltmayacağını bildirdiyi üçün ilkin olaraq aralarında sözlü mübahisə yaranmış, daha sonra isə Tural onun baş və bədənin müxtəlif nahiyələrinə yumruqdan dəfələrlə zərbələr endirmişdir. O, isə Turala heç bir fiziki güc tətbiq etməmişdir. Yekun olaraq Turalla barışmaq istəmədiyini və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi Məhkəməyədək sadələşdirilmiş icraat materialının 1-ci vərəqində olan törədilmiş və ya hazırlanan cinayət barədə məlumatlarının şifahi qəbulu haqqında 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə gecə saat 02:50 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman aralarında ailə məişət zəminində sözlü mübahisə yaranmış və daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 6-cı vərəqində “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvandadır. Hadisə mənzilin yataq otaqında baş vermişdir.Baxış keçirilən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs yataq otağını göstərərək həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən məhz həmin otaqda döyüldüyünü bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 14-15-ci vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 28 iyun 2022-ci il tarixli, 658 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının almış olduğu xəsarətlər – sağ yarğının daralması ilə müşayiət olunan sağ göz ətrafı nahiyənin hematoması, üst və qapaqlarının qançırı, sağ gözün ağlı qişasına qansızma, boyun nahiyəsinin, sağ və saidin, sol budun qançırları, sol əlin arxa səthinin sıyrığı küt əşyanı (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 46-cı vərəqində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 iyul 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Sabiq qızının xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs maddi zərər olaraq 500 manat, mənəvi zərər olaraq 10.000 manat, cəmi 10.500 manatın iddiaçıya ödənilməsini tələb etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində azyaşı övladı olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işlər cəzasının təyin olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerinin dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs qızının Təqsirləndirilən şəxs maddi zərər olaraq 500 manat, mənəvi zərər olaraq 10.000 manat, cəmi 10.500 manatın iddiaçıya ödənilməsi tələbi ilə qismən razılaşır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 500 manat məbləğində vurulmuş mənəvi zərər tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar