Məhkəmə qərarları › İş №1(005)-434/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-434/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-434/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, gəzdirmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd TE-4669 nömrəli zavod üsulu ilə xarici dövlətdə 1994-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 7,62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AKMS modelli avtomatı və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik darağı əldə edib üzərində gəzdirməklə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 4 ünvanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə saat 14:15-də Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 4 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib xidməti otaqların birində saat 16:05-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı 01 ədəd əl çantasının içərisində 01 ədəd TE-4669 nömrəli zavod üsulu ilə xarici dövlətdə 1994-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 7,62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AKMS modelli avtomat, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patron və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 7,62x39 mm kalibrli patron tutumuna malik daraq aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həbs olunmamışdan 8 ay əvvəl Bakı şəhərinə gəlmiş və müxtəlif yerlərdə işləmişdir. Elvin adlı şəxs onun həm qohumu, həm də dostudur. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Elvinlə görüşməmişdir. Polis əməkdaşları tərəfindən tutulduğu gün o, Yasamal rayonuna saat 17:00 üçün diş həkiminə getməli imiş. Həmin günü günorta vaxtlarında dostu Elvin ona zəng edərək onun Bakı şəhərində Ruslan adlı dostunun olduğunu, həmin dostunun təcili olaraq pula ehtiyacı olduğunu bildirmiş və ondan kömək etməyini xahiş etmişdir. O, cavab olaraq Ruslana 100 manat miqdarında köməklik edə biləcəyini demişdir. Daha sonra Ruslan adlı şəxs onun özü ilə əlaqə saxlamış, harada və necə görüşə biləcəklərini soruşmuşdur. O, Ruslana görüşməyə ehtiyac olmadığını və bank kartı vasitəsilə pulu ona ata biləcəyini demişdir. Lakin Ruslan bank kartı olmadığını bildirmiş və onun təcili olaraq pula ehtiyacı olduğu üçün görüşməyi xahiş etmişdir. O, Ruslana saat 5-də həkimə getməli olduğunu bildirmişdir. Ruslan ondan hansı ərazidə olduğunu soruşmuş və o, Həzi Aslanov mütrostansiyasının yaxınlığında olduğunu demişdir. Ruslan da elə həmin ərazidə olduğunu və onu özü həkimə aparıb maşınla çatdıracağını bildirmişdir. Bundan sonra o, Ruslanla görüşməyə razılaşmışdır. Daha sonra bir nəfər “Range Rover” markalı avtomobil ilə ona yaxınlaşaraq maşına əyləşməyi təklif etmişdir. O, maşına əyləşmişdir. Bir az yol getdikdən sonra Ruslan sağa dönmüş və daha sonra 500 metr getdikdən sonra təkrarən sağa dönərək ona birlikdə çay içməyi təklif etmişdir. Həmin vaxtı saat 3 radələri olmuşdur. O, saat 5-ə həkimə gedib çatacağını düşündüyü üçün çay içməyə razılaşmışdır. Avtomobildən düşən zaman isə polis əməkdaşları ona yaxınlaşmış və onu tutmuşlar. Hər şey anidən baş vermiş və o, niyə tutulduğunu başa düşməmişdir. Son olaraq məhkəmədən barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elvin onun daha öncəki məhkumluq həyatından dostu olmuşdur. Ruslanı isə tanımır. Polis əməkdaşları ona təsir və təzyiq etdiyindən onun polis əməkdaşları ilə razılaşmaqdan başqa seçimi olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən əlində çanta-pul qabı olmuşdur. O, həmin çantanın içində pulunu, metro kartını və digər zəruri əşyalarını saxlayır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Elvin və Ruslanla əlaqə saxlaya bilməmişdir. Ruslanın avtomobilinin nömrəsi gürcü nömrəsi olmuşdur. Polis əməkdaşları tərəfindən ifadəsi etirafedici formada yazması təklif edilmişdir və o da həmin məzmunda ifadə yazaraq imza etmişdir. Məhkəmə iclasında ifadə verən polis əməkdaşlarından yalnız Şahid1 tanıyır və o, saxlanılarkən Şahid1 orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 09 iyun 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 09 iyun 2023-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları – əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 14:15-də ünvan 3 ünvanın yaxınlığında olduğları zaman Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olması ona bildirilmiş və istintaq hərəkətlərinin keçirilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edimişldir. Baş İdarəyə gəldikdən sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmiş, baxış zamanı o, əlində olan çantanın içərisindən bir ədəd Kalaşnikov avtomatını, bir ədəd sandıqçanı və beş ədəd patronu çıxardaraq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomatı 2 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisindən tapmasını, həmin avtomatın onun üçün maraqlı olduğunu, bu səbəbdən həmin avtomatı özündə saxladığını bildirmişdir. Daha sonra həmin avtomat, sandıqça və patronlar təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənmişdir. Daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsi ilə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı çantada odlu silah, avtomat olmasını bildirib əl çantasını masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən ona məxsus 01 ədəd mobil telefonu, sol yan cibindən isə 24 manat pul əskinazını çıxarıb masanın üzərinə qoymuşdur.Əlindəki çantanın içərisindən 01 ədəd avtomata bənzər dəmir prdmete,sandıqçaya,sandıqçanın içərisində olan patronlara baxış keçirilmişdir. Baxış zamanı həmin dəmir predmetin tutacaq hissəsinin qəhvəyi rəngli taxta materialdan, lülə hissəsinin isə qara rəngli dəmir materialdan ibarət olması və avtomata bənzər dəmir predmetin üzərində TE 4669, 1994 yazıları müəyyən edilmişdir. Sellofan paketdə olan sandıqçaya baxış keçirilən zaman sandıqçanın dəmir materialdan olması və içərisində 05 ədəd patrona bənzər predmetlərin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin avtomata bənzər dəmir predmeti 2 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisindən tapmasını, həmin dəmir predmetin onun üçün maraqlı olmasını, bu səbəbdən onu üzərində saxladığını, lakin bu gün həmin dəmir predmeti hansısa ünvana tullamaq üçün aparmaq istədiyini, bu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş “Samsung A53” markalı mobil telefon, 01 ədəd avtomata bənzər dəmir predmet, 01 ədəd sandıqça, və 05 ədəd patron Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 10 iyun 2023-cü il tarixli, 23/434R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd TE-4669 №li silah, zavod üsulu ilə xarici dövlətdə, Kalaşnikov konstruksiyalı 7,62 mm kalibri AKMS modelli avtomatdır. Avtomatın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmilşdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə istehsal olnmuş, 7,62x39 mm kalibri Kalaşnikov avtomatlarında əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatıdır və atəşə yararlıdır. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov ” konstruksiyalı silahın komplekt hissəsi olan 7.62x39 mm kalibri patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır və istifadəyə yararlıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli, 4(005)- 886/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 12 iyn 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd TE-4669 nömrəli Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat, 01 ədəd darağ və tədqiqatdan sonra qalıq qalmış 02 ədəd patronlar maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 07 il azadlıqan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 il 09 aya endirilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 06 il 08 aya endirilib. AR Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmşdir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətməməsi bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin və ekspert rəyinin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 09 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd TE-4669 nömrəli Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat, 01 ədəd darağ və tədqiqatdan sonra qalıq qalmış 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd TE- 4669 nömrəli Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat, 01 ədəd darağ və tədqiqatdan sonra qalıq qalmış 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar