Məhkəmə qərarları › İş №1(005)-435/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-435/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-435/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, Bərdə rayonu, E.Əsədov küçəsi ev 14də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ev 58, mənzil 41-də yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 11 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanının qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPl-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,495 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11.09.2021-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanın qarşısında duran zaman 2 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin cibindən aşkar olunan narkotik vasitə heroin onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün 07.09.2021-ci il tarixdə onlayn qaydada tanımadığı, adını və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata özü istifadə etmək üçün Nizami rayonu Q.Qarayev prospektində dəqiq bilmədiyi ünvanda ağacın dibindən götürmüşdür. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, «Nicat» adlı şəxsin Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 13 ünvanının yaxınlığında mütamadi olaraq narkotik vasitələrin qanunsuz olaraq dövriyəsi ilə məşğul olması və mütamadi olaraq üzərində narkotik vasitə daşıması barədə Nərimanov RPl-nin 18-ci PŞ-nə əməliyyat məlumat daxil olmuş, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 11.09.2021-ci il tarixdə saat 18 radələrində polis əməkdaşlar tərəfindən keçirilən tədbir zamanı Nərimanov rayonu Ə.Rəcəbli küçəsi 13 ünvanının qarşısında «Nicat» adlı şəxs saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin gümüş rəngli kağız bükümündə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini 07.09.2021-ci il tarixdə onlayn qaydada tanımadığı şəxsdən 10 manata alaraq Nizami rayonu Q.Qarayev prospektində ağacın dibindən götürmüş, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-21-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 247-ci maddələrinin tələblərinə əsasən Nərimanov RPİ-nin 18ci PŞ-nin sahə inspektoru Şahid2, Nərimanov RPİ-nin 18-cı PB-nin C/A üzrə baş əməliyyat müvəkkili Şahid1, vəkil X3 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs iştirakları ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, 11.09.2021-ci il tarixdə saat 18:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “heroindir”. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 07.09.2021-ci il tarixdə onlayn qaydada tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində əldə edərək Nizami rayonu, Q.Qarayev prospektində dəqiq bilmədiyi ünvanda ağacın dibindən götürmüşdür. 11.09.2021-ci il tarixdə saat 18:00 radələrində isə ünvan 6 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmadı. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Bununla da şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Şəxsi axtarış aparılması axşam vaxtı, otaq şəraitində süni işıqlanmada aparıldı, saat 19:30-da başlandı və 20:00-da başa çatdırıldı. Axtarış aparılan zamanı “Panasonic HC-V770” video kamerası vasitəsilə çəkiliş aparıldı. Protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, odur ki, imzalarla təsdiq olundu. Cinayət işinin 36-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2021-ci il tarixli, 6/4008 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №224 möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,495 qram maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 69-71-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Yavər Məmmədlinin 13.09.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 86-cı vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,495 qram narkotik vasitə heroinin işi üzrə maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,445 qram narkotik vasitə olan heroinin Nərimanov RPİ-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair 09.10.2021-ci il tarixli, 3857 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-94-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanınmaq haqqında” 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 1 ədəd CD-R diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD-R diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,495 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (11-13 sentyabr 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, Müdafiəçi 10 noyabr 2021-ci il – 15 dekabr 2021-ci il tarixlərdə keçirilmiş 5 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 21 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,445 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar