Məhkəmə qərarları › İş №1(005)-435/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-435/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-435/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3, xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi iştirakları ilə, Zərərçəkmiş şəxs tərəfindən X5 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 və X3 CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, ona “pozğun” deyib, bakirə qadın olmamağı barədə X5 və X6 tərəfindən qohumlar və tanışlar arasında kütləvi yayılan ifadələr onun qadın şərəfini və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, böhtan xarakterli məlumatlardır. Ona görə həqiqətə uyğun olmayan həmin məlumatlar təkzib olunmalı və ondan üzr istəməlidirlər. Həmçinin bildirir ki, X5 və X6 tərəfindən qeyd edilən böhtan xarakterli həmin məlumatların yayılması ona çox pis mənəvi və psixoloji təsir etmişdir. Ona qarşı törədilən qanunsuz hərəkətin nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Hətta vəziyyəti pisləşdiyinə görə həkimə müraciət etmişdir. Bütün bunlar qohumları və tanışları arasında onun şərəf və ləyaqətinə, nüfuzuna mənfi təsir etmişdir. Onların birlikdə ona vurduqları mənəvi zərəri 20.000 (iyirmi min) manat məbləğində qiymətləndirir və həmin məbləğ təqsirli şəxslərdən onun xeyrinə tutulmalıdır. Ən nəhayət, yuxarıda qeyd etdiyi faktlarla təsdiq olunur ki, X5 və X6 birlikdə ona indiyədək 1636 (bir min alti yüz otuz altı) manat məbləğində maddi zərər də vurmuşlar. Həmin zərərin əvəzinin ödənilməsini də tələb edir. X4 və X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilərək, xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatın başlanılması, X4 və X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinərək, müvafiq cinayət cəzasına məhkum edilmələri, ona “pozğun” deyib, bakirə qadın olmamağına dair X5 və X6 tərəfindən qohumları və tanışları arasında kütləvi yayılan ifadələr onun qadın şərəfini və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, böhtan xarakterli məlumatlar sayılaraq, həmin məlumatların təkzib olunması və ondan üzr istəmələri, ona vurulmuş mənəvi zərərin kompensasiya edilməsi üçün X1 və X2 hər birindən 10.000 (on min) manat olmaqla, cəmi 20000 (iyirmi min) manat məbləğində, maddi zərərə görə isə 1636 (bir min alti yüz otuz altı) manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi şikayət ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 barəsində verilmiş şikayətin qanunsuz və əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə, barəsində şikayət verilən şəxs kimi göstərilmiş X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməməklə, yalnız soyadı, adı, atasının adını və yaşayış yerini göstərmiş, digər məlumatları (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi barədə) isə qeyd etməmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin, ümumiyyətlə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi göstərilməlidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs öz şikayətində X5 və X6 tərəfindən CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini qeyd etsə də, törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsinə dair işin hallarını, habelə cinayətin törədilmə hallarını təsdiq edən müvafiq sübutları (şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməmişdir. Bundan başqa, şikayətdə xüsusi ittiham qaydasında şikayətin verilmə qaydasına riayət edilməyərək xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs özünü və vəkilini (nümayəndəsini) zərər çəkən şəxs kimi qeyd etmişdir. Halbuki, CPM-nin 88.1.3cü maddəsində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Göründüyü kimi, şikayətin əvvəlində Zərərçəkmiş şəxs özünü və vəkilini (nümayəndəsini) zərər çəkən şəxs kimi göstərməsi qanunun tələblərinə uyğun deyildir. Qanunun tələblərinə əsasən Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs, Müdafiəçi isə barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili kimi göstərilməlidirlər. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinin tələbləri pozulmaqla şikayətin verildiyi tarix (il, ay və gün) göstərilsə də, tərtib edildiyi yer qeyd edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 və X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair Zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən X5 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar