Məhkəmə qərarları › İş №1(005)-437/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-437/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-437/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədilə 22 fevral 2022-ci il tarixdə və 24 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanda tanışı X2 03 ədəd kağız bükümdə, ümumi təmiz çəkisi - 9,144 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış, 24 fevral 2022-ci il tarixdə saat 16:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3ən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins gödəkçəsinin sağ yan cibindən 03 ədəd kağız bükümdə eyni tərkibli, ayrı-ayrılıqda 01 ədəd içərisində təmiz çəkisi 8,745 qram, 01 ədəd içərisində təmiz çəkisi 0,179 qram və 01 ədəd təmiz çəkisi 0,220 qram, ümumi təmiz çəkisi - 9,144 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, təxminən 15 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri İmişli rayonundan və Bakı şəhərindən tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Bakı şəhərindən aldığı narkotik vasitə qurudulmuş marixuananı isə “Vüqar” adlı şəxsdən almışdır. Yəni “Vüqar” adlı şəxsin narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olmasını bilmiş və lazım olduğu vaxtda ona pulunu verərək narkotik vasitə alıb istifadə etmişdir. O, 22 fevral 2022ci il tarixdə “Vüqar" adlı şəxsdən 2 ədəd bükümdə, 24 fevral 2022-ci il tarixdə isə 01 ədəd bükümdə olmaqla ümumilikdə 03 ədəd bükümdə istifadə etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana almış və bunun qarşılığında "Vüqar” adlı şəxsə ümumilikdə 120 manat pul vermişdir. Aldığı narkotik vasitələri də üzərində rayona getdiyi zaman orada istifadə etməsi üçün saxlamışdır. 24 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o üzərində narkotik vasitə marixuana olduğunu bildirib, gödəkçəsinin cibindən 03 ədəd kağız bükümü təqdim etmişdir. Təqdim etdiyi kağız bükümlərdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Son olaraq məhkəmədən törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, lakin heç bir zaman narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirərək barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 fevral 2022-ci il tarixdə "Rahim” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Rahim" adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş idarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, əməliyyat müvəkkili polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00 yuxarıda qeyd etdiyi ünvanın yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar özünü təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən onunla razılaşıb Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi gəldikdən sonra Təqsirləndirilən şəxs təqdim olunaraq qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, üzərində satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üzərinin yoxlanılmasına razı olduğunu bildirdikdən sonra təhqiqatçı onu şəxsi axtarış və götürülmə aparılması haqqında qərarla tanış edərək, ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli cins gödəkçəsinin sağ yan cibindən 03 ədəd kağız bükümü və həmin cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi kağız bükümlərdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. 03 ədəd kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd "Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kağız bükümdən 02 ədəd kağız bükümdə olan narkotik vasitə marixuananı xx.xx.2022-ci il tarixdə, digər 01 ədəd kağız bükümdə olan narkotik vasitə marixuananı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində “Vüqar” adlı şəxsin tərəfindən aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o həbs olunanadək mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. O, narkotik vasitə marixuananı tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Sonuncu dəfə 2021-ci ilin iyun ayında marixuana almışdır. Belə ki, həmin vaxt yas mərasimi ilə əlaqədar İsmayıllı rayonuna getmişdir. Yasdan çıxarkən o taksi ilə avtovağzala getmişdir. Yolda onu aparan yaşlı şəxslə söhbət əsnasında həmin şəxs onun narkotik vasitə marixuana istifadə etməsi barədə öyrənmişdir. Bundan sonra hazırda idarə etdiyi avtomobildə təxminən 250 qram narkotik vasitə marixuana olduğunu və ona 370 manata sata biləcəyini bildirmişdir. O, onun təklifi ilə razılaşmış və avtovağzalda avtomobildən düşdükdən sonra həmin şəxsə 370 manat pul verərək ondan bir ədəd sellofan torbada narkotik vasitə marixuana almışdır. Sellofana açıb içərisində baxdıqda içərisində həm adı vəziyyətdə narkotik vasitə marixuananın olduğunu və əlavə olaraq bir neçə kibrit qutularında narkotik vasitə marixuananın olduğunu görmüşdür. O, həmin sellofanı üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 255, mənzil 4 ünvanına gətirmişdir. Həmin narkotik vasitə marixuananın bir qədərini özü istifadə etmişdir. Müəyyən hissəsini isə istifadə etməsi üçün tanışlarına vermişdir. O, həmin marixuanadan tanışı Təqsirləndirilən şəxs da vermişdir. Belə ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımışdır. Rahim qaynaqçı işləmişdir. Onların normal münasibət olmuşdur. O, bir neçə dəfə marixuananı ona əvəzsiz versə də sonuncu dəfə xx.xx.2022-ci il tarixdə bir ədəd kibrit qutusunda marixuananın əvəzində Təqsirləndirilən şəxs 100 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, həmçinin Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmişdir, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər - əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli cins gödəkçəsinin sağ yan cibindən 03 ədəd kağız bükümü və həmin cibindən "Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi kağız bükümlərdə narkotik vasitə marixuana olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kağız bükümə baxış keçirilmişdir. 03 ədəd kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində yaşıl rəngli, spesfik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kağız bükümdən 02 ədəd kağız bükümdə olan narkotik vasitə marixuananı xx.xx.2022-ci il tarixdə, digər 01 ədəd kağız bükümdə olan narkotik vasitə marixuananı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində “Vüqar” adlı şəxsdən aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 7/186 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..” yazısı və imzalar olan kağız paketdəki 03 (üç) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,745 qram, 0,179 qram, 0,220 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 9,144 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manatdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-261/2022 nömrəli, xx.xx.20222-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və məhkəmə iclas zalından dərhal buraxılması qərara alınmışdır; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanınma haqqında” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra ümumi təmiz çəkisi 8,994 qram qalmış narkotik vasitə qurudulmuş marixuana öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və hökm qanuni qüvvəyə minənədək AR DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir; “Videogörüntüyə baxış keçirilməsi haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərindən üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli cins gödəkçəsinin sağ yan cibindən 03 ədəd kağız bükümü və həmin cibindən "Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi kağız bükümlərdə narkotik vasitə marixuana olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kağız bükümə baxış keçirilmişdir. 03 ədəd kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində yaşıl rəngli, spesfik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2022-ci il tarixli, 2264 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən CD disk maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. “CD formatlı diskin yaddaşına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrənin girişçıxış zəngləri və anten dairəsi barədə məlumatları özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı məlumat tapılmamışdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra ümumi təmiz çəkisi 8,994 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən CD disk maddi sübut hesab edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələrin satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəllcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaqın gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 9,144 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 16:30-da ünvan 4 ünvanının yaxınlığında saxlanılmış, onun tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 9,144 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İlk növbədə qeyd olunmalıdır ki, ********* nömrəli cinayət işinin materiallarının tədqiqi zamanı təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunun qeyd edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs əməlində satış faktını təsdiq edən hər hansı məlumata rast gəlinməmişdir. Sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2022-ci il tarixli qərarda ibtidai araşdırma orqanı gəldiyi bu nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, şahid ifadələrindən, məhkəmə-ekspertizalarının rəylərindən, eləcə də ilkin araşdırma zamanı toplanmış materialdan və işdə olan digər mötəbər sübutlardan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələrində narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində saxlamaqla daşıdığını göstərməsi özünü müdafiə etməsi kimi qiymətləndirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, onun tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə onun satış niyyəti ilə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıması kimi qiymətləndirsə də obyektiv sübutların məcmusu, xüsusən Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə saxlamasını müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticənin əldə olunmaması, habelə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqların və məlumatlarını əks etdirən "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol ilə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində üç ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı X2 şəxsi istifadəsi üçün 120 manat pulun müqabilində aldığını, aldığı narkotik vasitə qurudulmuş marixuananı rayona getdiyi zaman orada şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, narkotik vasitə qurudulmuş marixuananı üç ədəd bükümdə hazır şəkildə əldə etmiş və Təqsirləndirilən şəxs da həmin bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı yuxarıda qeyd edilən ərazidə əldə edərək üzərində saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dizpozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri satma dedikdə, təkcə həmin vasitə və maddələri satma deyil, həm də bu maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın çəkisi – 9,144 qramdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Bir sözlə, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həyata keçirilmiş ilkin əməliyyat-axtarış tədbirinin kifayət etmədiyini, belə məqsədin olmasını təsdiq edən başqa halların və sübutların, yəni istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olmasının ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Göstərilənlərlə əlaqədar onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 01 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), həmçinin onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 8,994 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saat üçün cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 01 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı – 8,994 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saata görə 120 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar