Məhkəmə qərarları › İş №1(005)-440/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-440/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-440/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Cəlilabad rayonunda doğulmuş, orta təhsilli, işləməyən, evli və 02 azyaşlı övladı olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə saat 13:50 radələrində ünvan 2 ünvanın qarşısında tanışı X1 məqsədi olmadan qanunsuz olaraq 02 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,774 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 27 may 2024-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına aparılaraq üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,199 qram və 0,575 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,774 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki, narkotik vasitə olan “kakos” adı ilə tanınan heroindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanışı, əvvəldən tanıdığı Elman adlı şəxslə telefon əlaqəsi yaradaraq ağrılarının olduğunu və narkotik vasitəyə ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il saat 13:50 radələrində qeyd olunan ünvanda Elman ilə görüşüb 02 ədəd içərisində narkotik vasitə olan “kakos” adı ilə tanınan heroin olan bükümü Elmandan götürüb əynində olan şalvarın cibinə qoyduqdan sonra ayrılmaq istədikdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib hərəkətlərindən şübhələndikləri üçün onları Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişilər və birlikdə həmin PŞ-nə getmişlər. Şəxsi axtarış zamanı 01 ədəd “Redmi” markalı, mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini və cibində 02 ədəd şəffaf sellofanın içərisində “kakos” adı ilə tanınan narkotik vasitə heroini təqdim etmişdir. Aşkar olunmuş 02 ədəd büküm qablaşdırılmış və möhürlənmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya təsir olmamışdır. Əməlindən səmimi peşman olmasını, himayəsində 02 azyaşlı övladının və ailəsinin olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 16cı Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. 27 may 2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin baş inspektoru, polis mayoru Şahid4 və cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin gün saat 14:00 radələrində ünvan 5 ünvanının qarşısında xidmət aparan zaman iki nəfər şəxsin onları görən kimi özlərini şübhəli apardıqlarını görmüşlər. Buna görə də, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdıqlarını görüb onları Nərimanov RPİ-nin 16-cı PŞ-nə aparmışlar. Şəxsi axtarış keçirməmişdən əvvəl Fəridə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Fərid 01 ədəd “Redmi” markalı mobil telefonu, sənədlərini və cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin maddələri şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Fərdin üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsi iş üzrə dindirilmiş digər Şahid2 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid3 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş və ifadəsi digər şahidlər Şahid2 və Şahid4 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasınsa saxlanılan iş üzrə şahid X6 məhkəmə iclasına gətirilməmiş və bu barədə heç bir məlumat verilməmişdir. Məhkəmə adıçəkilən şahidin məhkəmə istintaqında vermiş olduğu ifadəsini elan etmiş və ifadəsi təqsirləndirilən şəxsin ifadəsi ilə eyni məzmunlu olmuş və həmin faktları təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 may 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ 16-cı PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3, YYÇÜ baş inspektor, polis mayoru Şahid4 və 25 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi markalı”, üzərində 070 *** ** ** nömrəsi olan markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibindən isə 02 ədəd şəffaf selofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddəni təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 02 ədəd bükümün içərisindəki maddə narkotik vaditə hesab olunan “Kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni xx.xx.2024-cü il saat 13:55 radələrində Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 saylı ünvanda tanıdığı və əvvəllərdə narkotik vasitə aldığı Elman adlı şəxsdən almışdır. Həmin 02 ədəd bükümü əynində olan göy rəngli cins şalvarının sol yan cibində öz istifadəsi üçün saxlamışdır. Təxminən 10 dəqiqə sonra qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3003 saylı rəyindən görünür ki, Tədqiqat təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün № 218” dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 199 qram və 0,575 qram, ümumi təmiz çəkisi 0,774 qram qəhvəyi rəngli tozşəkilli maddələr ksutar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X10 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 3835 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilər qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində SMSlərin siyahısı yoxlanılmış və təqsirləndirilən şəxsin müxtəlif vaxtlar narkotik vasitəsi alması ilə bağlı bir sıra mesajlar aşkar edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X7 Xəstəxanasına ünvanlanmış sorğuya əsasən 22 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən 28 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 27 may 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsi barədə” 29 may 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində Bədirov Hüseyn və Bədirov Ülvi adlı 02 azyaşlı övladı, həyat yoldaşı və yaşlı anası vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 02 (iki) azyaşlı övladının, həyat yoldaşının və yaşlı anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (27-29 may 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,634 qram narkotik vasitə heroin məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 (bir) ədəd DVD formatlı disk və bir ədəd "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş saat) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutma altında saxlanıldığı 02 (iki) gün (27-29 may 2024-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 09 (doqquz) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,634 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 (bir) ədəd DVD formatlı disk və bir ədəd "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş saat) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar