Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-445/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayə yaşayan, əvvəllər məhkum olunmamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “VEYSƏLOĞLU" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN:**********) 12 fevral 2018-ci il tarixdən satış təmsilçisi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, Cəmiyyətlə aralarında bağlanmış 12 fevral 2018-ci il tarixli əmək müqaviləsinə, 01 iyul 2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, o cümlədən təsdiq edilmiş vəzifə təlimatına əsasən, ona etibar edilmiş əmlakın, maddi və ya digər sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda işə götürənə maddi ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, işəgötürənə vaxtı-vaxtında öhdəsində olan əmlakın, maddi və ya digər sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmaq, gündəlik olaraq təyin edilmiş rut üzrə satış mərkəzlərini ziyarət edərək sifarişləri qəbul etmək və satışı həyata keçirmək, mağazalarda ona təhkim olunmuş şirkət məhsullarının tam olaraq kateqoriyasına uyğun yerləşdirilməsini təmin etmək, müştəri tərəfindən verilən satış və qaytarma sifarişlərini yerində sistemə qeyd etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, istifadəsində olan "SAMSUNG" modelli, "A73” markalı smartfon tipli mobil telefonuna mal sifarişləri üçün Cəmiyyət tərəfindən yazılmış informasiya resursu olan “VESAS" adlı proqram təminatı üzərindən Cəmiyyətlə ticarət əlaqələrində olmaqla ünvan 3 ünvanında fəaliyyət göstərən "OKEAN" adlı marketin adından guya 10 yanvar 2025-ci il tarixdə 19.488,76 manat dəyərində müxtəlif çeşiddə və adda şirniyyat məsulları mallarının sifarişi verildiyi barədə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib sözü gedən dəyərdə malları Cəmiyyətin Abşeron rayonu, Məhəmmədli qəsəbəsində yerləşən anbarından onun niyyətindən məlumatlı olmayan Cəmiyyətin sabiq sürücüsü Şahid5 və sabiq sürücü köməkçisi Şahid6 vasitəsi ilə 10 yanvar 2025-ci il tarixdə həmin “OKEAN" adlı marketin qarşısına çatdırılmasına nail olub daha sonra həmin malların həqiqətən də market tərəfindən sifariş edildiyi barədə görüntü yaratmaq və əməllərini pərdələmək məqsədilə mallara dair tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli, ********** №-li 02 ədəd "malların təhvil qəbul aktlarım" malları qəbul etməli olan marketin əməkdaşına imzalatması adı ilə orada sürücü köməkçisi Şahid6 qəbul edib həmin rəsmi sənəd olan aktların “təhvil aldı” qrafasını 10 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən “OKEAN” adlı marketin yaxınlığında şəxsən imzalayaraq vahid qəsdlə tamah niyyəti ilə sözü gedən rəsmi sənədlərə yalan məlumatlar daxil edib daha sonra sonuncuya qaytarıb sürücü Şahid5 və sürücü köməkçisi Şahid6 oradan getdikdən sonra həmin malları əvvəlcədən oraya sifariş etdiyi “166” Yük daşıma şirkətinə məxsus olan nəqliyyat vasitəsinə yüklətməklə, həmin tarixdə qeyd olunan ünvanda öz qulluq mövqeyindən istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə ona etibar olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus cəmi 19.488,76 (on doqquz min dörd yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat dəyərində malı talayaraq, xeyli miqdarda ziyan vurmaqla mənimsəmiş, həmçinin vahid niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törtəmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə "VEYSƏLOĞLU” MMC-nə satış təmsilçisi (ekspeditor) vəzifəsinə qəbul olunduqdan sonra təxminən 2022-ci ilədək o, isti satışla işləmişdir. 2024-cü ildə aylıq plana çata bilmədiyindən “OKEAN" marketin adına sifariş vurmuş və həmin malları daha sonra digər topdan alan şəxslərə satışını həyata keçirərək plana çatmağı qərarlaşdırmışdır. Daha sonra isə pul vəsaitlərini marketin adından Cəmiyyətə ödənilməsini həyata keçirəcəkdi. Bu səbəbdəndə o, həmin dövrdə marketin Elman və Vahid adlı işçisindən bu barədə xahiş etmişdir. 2025-ci ildə o, Elmana və Vahidə bildirmişdir ki, sistem üzərindən “OKEAN" marketin adına mal sifariş etsin və həmin mallar sürücülər tərəfindən marketə çatdırıldıqdan sonra sonuncular çatdırılma qaimələrinə qol çəkərək malları qəbul etsinlər, daha sonra isə o, həmin malları digər ərazidə satışını həyata keçirəcəkdir. Onlar isə bu barədə Marketin rəhbərliyinə bildirdikdən sonra ona köməklik göstərmək məqsədilə razılaşmışdırlar. Bundan sonra isə 2025-ci ilin yanvar ayında o, hissə-hissə olmaqla “OKEAN" marketin adına 16.436,66 manat dəyərində mal sifarişi etmiş və həmin mallar sürücülər tərəfindən oraya çatdırılaraq Vahid tərəfindən qaimələrə imza çəkilməklə qəbul edilmişdir. Daha sonra isə o, həmin malları həmin dövrdə tanıdığı səyyar qaydada topdan satış həyata keçirən Zaur adlı tanışına (nömrəsini xatırlamır və bildiyim qədərilə sonradan vəfat etmişdir) çatdırılmasını təşkil etmişdir. Maşınları isə Zaur özü göndərmişdir. Malların müqabilində pul vəsaitlərini isə həmin ay Zaurdan alaraq şəxsi ehtiyaclarıma sərf etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əməlindən səmimi peşmandır. Tərəfindən vurulan maddi ziyan tam məbləğdə ödənilmişdir. Bütün bu halların nəzərə alınaraq barəsində yüngül cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, 12 fevral 2018-ci il tarixli əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Cəmiyyət) satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş əməkdaşı Təqsirləndirilən şəxs vəzifə öhdəliklərindən sui-istifadə edərək və vəzifə səlahiyyətlərini aşaraq ayrı-ayrı vaxtlarda digər şəxslərlə qabacadan əlbir olmuş, ümumi niyyətlə əhatə olunan bir sıra qanunsuz əməllərə yol verməklə Cəmiyyətə ümumilikdə 35.925,42 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, 07 yanvar 2025-ci il və 14 yanvar 2025-ci il tarixlərində Təqsirləndirilən şəxs Cəmiyyətin mal alqı-satqısına dair kommersiya münasibətində olduğu müştərisi ünvan 4 ünvanında yerləşən "Okean" Supermarketin əməkdaşı Vahid adlı şəxslə əvvəlcədən razılaşaraq, mal alışına dair zərurət olmadan, maddi maraqlarını təmin etmək üçün Cəmiyyətdən ümumi dəyəri 16.436,66 (on altı min dörd yüz otuz altı manat altmış altı qəpik) manat dəyərində olan bir sıra qida məhsullarını sifariş etmişdir. Cəmiyyətin kommersiya siyasətinə uyğun olaraq mallar "Okean" supermarketin qarşısına gətirildikdən sonra Vahid adlı şəxs həmin malları qəbul etdikdən sonra, Təqsirləndirilən şəxs təhvil vermiş, sonuncu isə həmin malları oradan götürərək adlarını bildirmədiyi digər şəxslərə satmaqla Cəmiyyətə maddi ziyan vurmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixində digər bir cinayət qanunu ilə qadağan olunmuş əmələ yol vermişdir. Belə ki, təkrar olaraq şəxsi maraqlarını təmin etmək niyyəti ilə ümumi dəyəri 19.488,76 (on doqquz min dörd yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat dəyərində olan bir sıra malların sifariş verilməsinə nail olmuş, mallar supermarketin qarşısına çatdırıdıqdan sonra, malları Cəmiyyətə məxsus nəqliyyat vasitəsindən boşaltdırmış, daha sonra isə əvvəlcədən 166 Yük Daşıma Xidmətindən sifariş verdiyi yük nəqliyyat vasitəsinə yüklətmiş və adlarını bildirmədiyi digər şəxslərə sataraq, əldə etdiyi vəsaiti şəxsi məqsədləri üçün istifadə etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir, həmin şəxs tərəfindən vurulmuş maddi ziyan tam məbləğdə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid “OKEAN" marketdə mal qəbulçusu vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs o, marketdə işlədiyi vaxtdan tanımışdır. Belə ki, Musa həmin Cəmiyyəti satış təmsilçisi olmaqla onun işlədiyi marketlə ticarət əlaqələrində olmuşdur. 2025-ci ilin yanvar ayının əvəllərində Təqsirləndirilən şəxs işlədikləri marketdə olan zaman ona və Elmana bildirmişdir ki, ona Cəmiyyət üzrə aylıq plana çatmasında köməklik göstərsinlər. Onlar isə bunu necə edə biləcəklərini soruşduqda Musa söyləmişdir ki, Elmanın sifariş etdiyi mallardan əlavə sonuncu Cəmiyyət üzrə Marketə mallar vursun və həmin mallar sürücülər tərəfindən Marketə çatdırdıqdan sonra həmin malları digər ərazidə satışını həyata keçirərək pul vəsaitlərini marketin adından Cəmiyyətə ödənilməsini təşkil edib bununlada aylıq plana çatsın. Musa onlara həmin vaxt bildirmişdir ki, Marketin adına mal sifarişi edib satışını nağd qaydada etdikdən sonra ən geci 1 (bir) həftə ərzində mallara dair pul vəsaitlərini marketin adından Cəmiyyətə ödəyəcəkdir. Onlar isə həmin vaxt Musaya bu barədə marketin rəhbərliyinə deyib daha sonra nəticəsini söyləcəklərini bildirmişdirlər. Onlar isə bu barədə Musaya razılıq vermişdirlər. Bundan sonra isə Təqsirləndirilən şəxs bır neçə dəfəyə olmaqla “OKEAN” Marketə həmin qaydada təxminən 16.436,66 manat dəyərində mal sifarişi etmişdir. Mallar marketə çatdırıldıqdan və həmin mallar onun tərəfindən qəbul edildikdən sonra Musa həmin malları oradan götürüb aparmış və öz dediyinə görə tanışlarına satacağını və bununlada aylıq plana çatacağını bildirmişdir. Onlar isə, Musaya nə səbəbdən həmin satdığı adamın adına mal satışını etmədiyini soruşduqlarında, Musa bildirmişdir ki, həmin malı alan şəxsin bank hesabları yoxdur və Cəmiyyət həmin şəxslərlə müqavilə bağlamır və mal satışı etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “OKEAN" marketdə mal sifarişçisi vəzifəsində işləyən Şahid2, marketin direktoru Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 dediklərini təsdiq etmişdirlər. Məhkəmə iclasında dindirilmiş şahid "VEYSƏLOĞLU” MMC-nin sabiq sürücüsü Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 2025-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Okean” Marketdən 19.488.76 manat dəyərində sifariş qəbul edilib həmin dəyərdə mallar 10 yanvar 2025-ci il tarixdə sözü gedən ticarət subyektinə çatdırılsada, həmin mallar ticarət subyekti tərəfindən qəbul edilməmiş və mallar tərəflərindən çatdırıldıqdan sonra isə Təqsirləndirilən şəxs tərəfindən “166” Yük Xidmətinin avtomobili ilə oradan digər istiqamətə aparıb naməlum alıcılaraq sataraq pul vəsaitlərini ələ keçirilməsini sonradan öyrənmişdir. Belə ki, onlar yalnız sifariş əsasında 10 yanvar 2025-ci il tarixdə həmin malları "OKEAN” marketə çatdırılmasını təşkil etdiklərini bildirmişdirlər. Lakin sonradan həmin malların Təqsirləndirilən şəxs tərəfindən "166” Yük Xidmətinin avtomobili ilə oradan digər istiqamətə aparıb naməlum alıcılaraq satılması ilə bağlı məlumatlarının olmadığını qeyd etmişdirlər. Belə ki. işlədikləri müddət ərzində onlar bir neçə dəfə olmaqla "OKEAN” marketə mal çatdırılmasını həyata keçirmişdirlər. Məhkəmə iclasında dindirilmiş şahid “VEYSƏLOĞLU" MMC-nin sabiq sürücü köməkçisi Şahid6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “OKEAN” marketdən 19.488.76 manat dəyərində sifariş qəbul edilib həmin dəyərdə mallar 10 yanvar 2025-ci il tarixdə sözü gedən ticarət subyektinə çatdırılsada, həmin mallar ticarət subyekti tərəfindən qəbul edilməməsini sonradan bilmişdir. Onlar yalnız sifariş əsasında 10 yanvar 2025-ci il tarixdə malları “OKEAN” marketə çatdırılmasını təşkil etdiklərini söyləmişdirlər. Lakin sonradan həmin malların Təqsirləndirilən şəxs tərəfindən “166” Yük Xidmətinin avtomobili ilə oradan digər istiqamətə aparıb naməlum alıcılaraq satılması ilə bağlı məlumatları olmamışdır. Belə ki, işlədikləri müddət ərzində onlar bir neçə dəfə olmaqla “OKEAN" marketə mal çatdırılmasını həyata keçirmişdirlər. Bundan əlavə mahiyyəti üzrə bildirmişdir ki, 10 yanvar 2025-ci il tarixdədə həmişəki qaydada sifariş əsasında onlar 19.488.76 manat dəyərində malları sözü gedən marketə aparmalı olmuşdurlar. Bundan əlavə sözü gedən mallar anbardan 3 (üç) nüsxədən ibarət "malların təhvil qəbul” aktı çıxsada mallar çoxluq təşkil etdiyindən həmin mallar marketə iki dəfəyə olmaqla çatdırılmışdır. Belə ki, 10 yanvar 2025-ci il tarixdə, günorta saatlarında onlar anbardan malları avtomobilinə yüklənməsini həyata keçirib “OKEAN” marketə çatdırdıqdan sonra sürücü Cavid malların digər hissəsini gətirmək üçün anbara geri qayıdmış və bu səbəbdəndə onun həmin vaxt orada gözləməsini bildirmişdir. Bundan sonra isə Cavid digər hissəni gətirmək üçün anbara geri dönmüşdür. O, isə orda gözləyən zaman ekspeditor Təqsirləndirilən şəxs oraya gəlmiş və onunla görüşmüşdür. Bundan əlavə həmin vaxt Musa orada Marketin əməkdaşı ilə nəisə söhbət etmişdir. O, isə həmin vaxt malların yanında dayanmışdım. Musa sonradan onun yanına tərəf gələrək mobil telefonla “166” Yük Xidməti ilə danışmışdır. Belə ki, o, həmin vaxt telefonla danışaraq marketin olduğu ünvanı bildirmiş və həmin ünvana yük avtomobilinin göndərilməsini söyləmişdir. Bu isə onda həmin vaxt hər-hansı şübhə doğurmamışdır. Bundan sonra isə onlar Cavidlə avtomobilə əyləşərək oradan çıxıb getmişdirlər. Həmin ərazidən yola tərəf çıxan zaman oraya “166” yük xidmətinin avtomobilinin döndüyü görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş 166" Yükdaşıma Şirkətində sürücü işləyən Şahid7 ifadəsi də təqsirləndirilən şəxsin ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 10 yanvar 2025-ci il tarixli, ********** №-li 02 ədəd “malların təhvil qəbul aktlarından görünür ki, 19.488,76 manat dəyərində müxtəlif çeşiddə və adda şirniyyat məsulları Təqsirləndirilən şəxs tərəfindən ticarət əlaqələrində olduğu ünvan 3 ünvanında fəaliyyət göstərən “OKEAN” adlı marketə satış üçün təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 01 oktyabr 2025-ci il tarixli, 9/3747 №-li rəydə göstərilmişdir ki, iş materiallarında olan "xxxx" MMC ilə OKEAN': market arasında tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən “OKEAN" marketə 10 yanvar 2025-ci il tarixdə 19.488,76 manat məbləğində məhsul verilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2025-ci il tarixdə saat 15:30da tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 oktyabr 2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 27 oktyabr 2025-ci il Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “X1 Sistemi”-ndən çıxarılan məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Diskə baxış protokolundan görünür ki, içərisində “WhatsApp Video 2025-02-14 at 01,34.05_95c20b2d” adlı, "WhatsApp Video 2025-02-14 at 01 34.05_dbb47987” adlı, “WhatsApp Video 2025-02-14 at 01.34.06_b39bd0f5” adlı üç ədəd videogörüntülər və “WhatsApp İmage 2025-02-14 at 01.32.37_b6824477” adlı fotoşəkil vardır. Həmin videolar MP4 formatında, foto "JPG” formatındadır. “WhatsApp Video 2025-02-14 at 01,34.05_95c20b2d” adlı video görüntü 48 saniyə davam edir. Həmin videogörüntüdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük avtomobili 10 yanvar 2025-ci il tarixdə “OKEAN” marketin arxa hissəsinə gəlir və orada dayanır. “WhatsApp Video 2025-02-14 at 01,34.05_dbb47987” adlı video görüntü 07 dəqiqə 11 saniyə davam edir. Həmin videogörüntüdən görünür ki, 10 yanvar 2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük avtomobilindən mallar “OKEAN” marketin arxa hissəsinə boşaldılır. “WhatsApp Video 2025-02-14 at 01.34.05_dbb47987” adlı video görüntü 04 dəqiqə 28 saniyə davam edir. Həmin videogörüntüdən görünür ki, 10 yanvar 2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük avtomobilindən "OKEAN” marketin arxa hissəsinə boşaldılmış mallar daha sonradan oraya yaxınlaşan “166” Yük daşıma şirkətinə məxsus olan yük avtomobilinə yüklənilir. “WhatsApp İmage 2025-02-14 at 01.32.37 b6824477” adlı fotoşəkildən görünür ki, 10 yanvar 2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük avtomobilindən “OKEAN” marketin arxa hissəsinə boşaldılmış və daha sonra orada yüklənmiş “166” Yük daşıma şirkətinə məxsus olan yük avtomobil “Mercedes” markalı olmaqla dövlət qeydiyyat nişanı **-JX-***-dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş məhkəmə-mühasibatlığa dair 01 oktyabr 2025-ci il tarixli, 9/3747 №-li rəydə göstərilmişdir ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “OKEAN” market arasında tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən “OKEAN” marketə 10 yanvar 2025-ci il tarixdə 19.488,76 manat məbləğində məhsul verilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, üzləşmə aktları, auditor rəyləri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, habelə yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 179.2.3, 179.2.4-cü və 313-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinin tələbindən və mənasından çıxış edərək qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirkar tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israf etmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Mənimsəmə və ya israf etmə yolu ilə özgəsinin əmlakını talama əmlakın oğurluq yolu ilə qanunsuz götürülməsindən onunla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etibardan istifadə edir, oğurluğun törədilməsi zamanı isə şəxs özgənin əmlakını gizli yolla, əmlakın mülkiyyətçisinin iradəsinə zidd olaraq ələ keçirir. Göründüyü kimi, şəxsin özgə əmlakını mənimsəmə yolu ilə talama cinayətini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün aşağıdakı halların sübuta yetirilməsi tələb olunur: 1) əmlak həmin şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibar edilməlidir (saxlama müqaviləsinə əsasən (yazılı və ya şifahi), müvafiq əmrlə və sair); 2) şəxs həm vəzifə səlahiyyətlərinə müvafiq olaraq, həm də digər əsaslara görə, məsələn saxlama müqaviləsinə əsasən, ona etibar edilmiş əmlakı müəyyən olunmuş müddətdə saxlamağı, qorumağı, mühafizə etməyi və etibar edənin razılığı olmadan həmin əmlakdan istifadə etməməyi, ona hər hansı qaydada sərəncam verməməyi və öz mülkiyyətinə keçirməməyi öhdəsinə götürməlidir; 3) şəxsn etibar edənin razılığı və ya icazəsi olmadan ona etibar edilmiş əmlak barəsində 2-ci bənddə göstərilən qadağanedici hərəkətlər etməsi qanunvericilikdə müəyyən olunmuş qaydada sübuta yetirilməlidir; 4) mənimsənilmiş əmlakın dəyəri əməlin cinayət kimi qiymətləndirilməsi üçün kifayət etməlidir (CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin tələbinə uyğun olaraq). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham onun “VEYSƏLOĞLU" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi işlədiyi dövrdə MMC-dən "OKEAN" adlı marketin adından “təhvil aldığı” malları həmin “OKEAN" adlı marketin qarşısına çatdırılmasına nail olub daha sonra həmin malların həqiqətən də market tərəfindən sifariş edildiyi barədə görüntü yaratmaq və əməllərini pərdələmək məqsədilə mallara dair tərtib edilmiş "malların təhvil qəbul aktları" qəbul etməli olan marketin əməkdaşına imzalatması adı ilə orada sürücü köməkçisi Şahid6 qəbul edib həmin rəsmi sənəd olan aktların “təhvil aldı” qrafasını imzalayaraq vahid qəsdlə tamah niyyəti ilə sözü gedən rəsmi sənədlərə yalan məlumatlar daxil edib daha sonra sonuncuya qaytarıb sürücü Şahid5 və sürücü köməkçisi Şahid6 oradan getdikdən sonra həmin malları əvvəlcədən oraya sifariş etdiyi “166” Yük daşıma şirkətinə məxsus olan nəqliyyat vasitəsinə yüklətməklə, öz qulluq mövqeyindən istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə ona etibar olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus cəmi 19.488,76 (on doqquz min dörd yüz səksən səkkiz manat yetmiş altı qəpik) manat dəyərində malı talayaraq, xeyli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş məhkəmə-mühasibatlığa dair 01 oktyabr 2025-ci il tarixli, 9/3747 №li rəydə göstərilmişdir ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “OKEAN” market arasında tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən “OKEAN” marketə 10 yanvar 2025-ci il tarixdə 19.488,76 manat məbləğində məhsul verilməsi təsdiqini tapmışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, habelə yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 179.2.3 və 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanın tam olaraq ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, azyaşlı övladlarının olmasını, ilk dəfə cinayət əməlini törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası və 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsaəsn cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. CM-in 68.3-cü maddəyə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə 68.3.1-ci maddəyə əsasən islah işlərinin iki günü bərabər tutulur. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu CM-in 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, CM-in 68.3.1-ci maddəsinə əsasən islah işlərinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən şəxsin şübhəli şəxs qismində tutulduğu 2 gün müddət (25-27 oktyabr 2025-ci il tarixləri) azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə əlavə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətinə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən iki gün islah işləri bir gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - müşahidə kamerasının görüntülərin əks olunduğu 01 ədəd (CD) disk və 19.488.76 manat dəyərində mallara dair tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli, ********** №-li 02 ədəd "malların təhvil qəbul aktları" cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-445/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-445/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver