Məhkəmə qərarları › İş №1(005)-447/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-447/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-447/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, tərcüməçi – X10, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində qonaq kimi dəvət olunduğu, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 8, mənzil 201 ünvanında yerləşən evdən 17 fevral 2022-ci il tarixdə, saat 12:00 radələrində qonaq otağının dəhlizində yerləşən paltar dolabının aşağıdan birinci gözünə qoyulmuş, sellofan torbaya bükülmüş, kağız paketdə olan 16500 ABŞ dolları və 1100 manat puldan 11700 ABŞ dolları və 600 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 20490 (iyirmi min dörd yüz doxsan) manat ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ili əvvələrində instagram sosial şəbəkəsində “Kama Safaralıyeva” profil istifadəçisi ilə tanış olmuşdur. Onunla mütəmadi olaraq instagramda yazışmışdır. Sonra mobil telefonla tez-tez danışmışlar. xx.xx.2022-ci il tarixdə tanışı Çinarə adlı xanımla görüşüb “Ammar” hotelnə gedib onunla istirahət etmişdir. Təxminən gecə saat 02:00 radələrində Kəmalə ona zəng vuraraq evinə dəvət etmiş və gələndə 1 litr araq və nərgiz gülü alıb gətirməsini xahiş etmişdir. O da bir qədər axtardıqdan sonra nərgizgülünü tapıb almış və “Bravo” marketdən 1 litr araq, 2 ədəd şüşə butulkada sirab alıb taksi ilə Kəmalənin yaşadığı evə gəlmişdir. O, evə gələndə Kəmalə içkili imiş. Təxminən 2-3 saat Kəmalə ilə evdə söhbət etmiş sonra aldığı arağı onunla birlikdə içmişdir. Sonra isə onunla cinsi əlaqədə olmuşdur. Hamam otağından çıxıb Kamalədən dəsmal istədiyi zaman onun yatdığını görmüşdür. O, evin dəhlizində olan paltar dolabından dəsmal götürmək istəyən zaman orada sellofan paketdə olan pulu görmüş və oradan 2100 ABŞ dolları və 500 manat pulu götürmüşdür. Sonra Kəmalənin yanına yaxınlaşmış, Kəmalə onun qolundan tutaraq yenidən cinsi əlaqədə olmaq istədiyini demişdir. O, yenədə Kəmalə ilə cinsi əlaqədə olmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat təxmin 13:00 radələrində Kəmaləni yuxudan oyadıb getmək istəmişdir. Kəmalə qapını ört get sözünü demişdir. O da götürdüyü pullarla birlikdə evi tərk edib getmişdir. Bir daha qeyd edir ki, o, Kəmalənin evinin dəhlizində olan paltar dolabından 2100 ABŞ dolları və 500 manat pul götürmüşdür. Kəmalənin evindən çıxıb gəlib Nərimanov ərazisində həmin pulları saymağa başlamış və 2100 ABŞ dolları və 500 manat pul olduğunu görmüşdür. Yenidən pulu cibinə qoymuş, 200 manatlıq bazarlıq edib və kirayə yaşadığı evə getmişdir. Daha sonra Nərimanov rayonu ərazisində “Nənəmin təndiri”nin yaxınlığındakı dayanacaqda olan aparatda öz adına olan “Kapital” bank kartına 500 manat pul qoymuş və “Ammar” adlı hotele getmişdir. Orda öz telefonunda internet vasitəsi ilə “Topaz” saytına girib oynamağa başlamışdır. Karta qoyduğu 500 manat pulun hamısını uduzmuşdur. Daha sonra İlkin adlı dostu gəlmişdir. Dostu İlkin ilə bir az pivə içmiş və gecəni hoteldə qalmışlar. Günortaya yaxın hoteldən çıxıb əmisioğlu Seymurun kartına 20 manat pul atmışdır. Daha sonra əvvəllər instagram sosial şəbəkəsi vasitəsi ilə tanıdığı Sevinc adlı xanımla görüşüb yenidən “Ammar” hotelə getmişdir. 4-5 saat xanımla birlikdə hoteldə qaldıqdan sonra həmin xanım gedərkən onu yola salmağa düşmüşdür. Xanımı yola salan zaman bir nəfər mülki şəxs ona yaxınlaşmışdır. Polis əməkdaşları olduğunu söyləyib onu saxlamış və bölməyə aparmışlar. Bölmədə sorğu sual zamanı qeyd etmişdir ki, Kəmalənin mənzilindən oğurladığı pullardan Topaz oynunda, daha sonra hoteldə xərcləmiş, özünə 90 manata “Bakcell” nömrəsi almış, təxminən 100-200 manat arası yaşadığı evə alış-veriş etmiş, atasının qəbir daşının hazırlanmasına təxminən 300- 350 manat borcu var imiş onu ödəmiş, götürdüyü bir ədəd yeni 500 manatlıq əskinazı İlkinin idarə etdiyi maşında ona vermiş, daha sonra İlkin ilə birlikdə "Ammar" hotele getmişdir. İlk olaraq bir otaq, daha sonra iki otaq sifariş etmişdir. Hotelə bir xanım çağırmış, lakin əvvəllər tanıdığı üçün ona pul verməmişdir. İlkin ilə birlikdə hoteldə qalmaqlarının, yeməklərinin və içkilərinin pulunun hamısını, yəni 300-400 manat hotelin hesabını ödəmiş, anasının və bacısının olan borclarını yəni təxminən ***-**** manat borcunu ödəmişdir. Hotelə gedəndə isə təxminən 50 manatlıq içki və ərzaq almışdır. İlkin ilə onun avtomaşınında şəhərdə gəzən zaman benzinə, siqaretlərə, içkilərə və digər şeylərə 100-150 manat pul xərcləmişdir. Üzərindən aşkar olunmuş 1200 ABŞ dolları və 625 manat pul Kəmalənin evindən götürdüyü puldan qalan hissədir. Aldığı “İphone 13 Pro Max” markalı mobil telefonla bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, onun adına olan "xxxx"dan aldığı kartda 3700-3800 manat pulu var idi. Həmin mobil telefonu onun həmin kartı ilə ödəniş edilərək nağd formada anası tərəfindən “Baku Electroniks” mağazalar şəbəkəsindən alınmışdır. 01 ədəd kilit açarı barədə deyə bilər ki, o, Kəmalənin evinin açarını götürməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Əli (Əlişka) adlı şəxslə instagramda tanış olmuşdur. O vaxtdan sosial şəbəkədə Əli adlı şəxslə danışırmış. Danışıqlarda həmişə Əli adlı şəxs onu niyə qonaq çağırmadığını və əlavə olaraq onunla ailə həyatı qurmaq istədiyini demişdir. Bu danışıqlardan sonra xx.xx.2022-ci il tarixdə, saat təxmin 03:00 radələrində o qərara gəlmişdir ki, Əlini qonaq çağırsın və Əliyə zəng edib yaşadığı evə qonaq çağırmışdır. Danışan zaman Əli ondan gələrkən nə almağını soruşmuşdur. O da Əliyə gələrkən nərgiz gülü, içki olaraq isə nə istəyirsə almasını demişdir. xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində Əli onun yaşadığı mənzilə gəlmişdir. O, Nərgiz gülü, bir ədəd spirtli içki, iki ədəd qazlı su, bir ədəd kola alıb gəlmişdir. Əli gəldikdən sonra süfrə açaraq spirtli içki qəbul etməyə başlamışlar. Bununla yanaşı onlar həmçinin söhbət edirmişlər. Səhər saat 10:00-dək Əli ilə söhbət etmişlər. Daha sonra yuxusu gəldiyi üçün yatmışdır. Saat 12:00-da işi ilə bağlı olaraq evdən çıxmalı imiş. Amma yatıb yuxuya qaldığı üçün gedə bilməmişdir. Təxminən saat 15:10 da oyanmışdır. Oyananda görmüşdür ki, Əli evdə yoxdur, evin qapısı bağlı olsa da kilitlənməmişdir. Həmin vaxt o Əliyə yazmışdır ki, nəyə görə qapını açıq qoyub getmişdir. O, qapını kilitləyən zaman evin qapısının açarlarından birinin olmadığını görmüşdür. Bu anda hiss elemişdir ki, onun evinin açarını götürən Əli evdə olan pulundan da götürə bilərmiş. Bundan sonra o, qonaq otağının dəhliz hissəsində yerləşən geyim dolabına qoyduğu sellofan torbadakı kağız paketin içində olan 16500 dolları və 1100 manat puldan 11700 dolları və 600 manat pulun olmadığını aşkar etmişdir. Bundan sonra o Əliyə yazmışdır ki, onun bu qədər pulunu aparmışdır və pulunu geri gətirməsini istəmişdir. Əli isə ona cavab vermişdir ki, o, onun pulunu götürməmiş və onunla evlənmək istədiyini bildirmişdir. O isə Əliyə bildirmişdir ki, xoşluqla onun pulunu qaytarsın və bununla bağlı olaraq polisə müraciət etməsin. Əli yenə inkar etmişdir ki, pulu o, götürməmişdir. Bundan sonra o, yaşadığı ərazi üzrə 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2014-2015-ci illərdən Zərərçəkmiş şəxs ev işlərini görür və onun sürücüsü işləyir. Kəmalə xanımı tanıyandan bu günə kimi dəfələrlə onunla birlikdə müəyyən banklara getmişdir. Həmin banklarda dəfələrlə pul dəyişməsində iştirak etmişdir. Bundan əlavə banklarda manatı dollara dəyişən zaman limitlər olduğuna görə dəfələrlə o, öz adınada manatı dollara dəyişməkdə iştirak etmişdir. 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək tək onun adına bir neçə dəfə manatı dollara dəyişmə əməliyyatları aparmışdırlar. Ən son 2022-ci ilin fevral ayında 1500 ABŞ dolları pulu o, öz adına dəyişərək Kəmalə xanıma vermişdir. Bundan əvvəllərdə dekabrda 4900 ABŞ dolları bir, 3500 ABŞ dolları yanvarda banklardan manatı dəyişərək dollar təhvil alıb Kəmalə xanıma vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. xx.xx.2022-ci il tarixdə Allahverdi ilə görüşmüşdür. Birlikdə bir az vaxt keçirdikdən sonra axşam saatlarında o, Allahverdini evlərinə öz maşını ilə apararkən yolda Allahverdi ona demişdir ki, kiminsə evindən pul oğurlayıb. O, Allahverdiyə etdiyi hərəkətinin düz olmadığını bildirmişdir. Bundan sonra məlumat almaq üçün ondan pulu hardan, kimdən hansı formada götürməyini soruşmuşdur. İlk olaraq bu haqqda Allahverdi ona heç bir şey deməmişdir. O, bu məsələ ilə bağlı olaraq davamlı suallar verməyə davam etmişdir. Bundan sonra Allahverdi ona bildirmişdir ki, Kama Səfərəliyeva adlı qız var. Həmin gün, yəni 17 fevral 2022-ci il tarixdə onun evinə getmiş və həmin qızın evindən pul oğurlamışdır. O bu zaman Allahverdiyə bildirmişdir ki, gec olmamış gedib həmin xanımı tapsınlar və təcili onun pulunu geri versinlər. Lakin Allahverdi onunla razılaşmamışdır. Bundan bir gün sonra Allahverdiyə zəng çatmamışdır. Allahverdinin anası Lalə xanımın xahişi ilə o, Allahverdini axtarmağa başlamış və anasına bildirmişdir ki, Allahverdinin artıq çox pulu var. İndiyə qədər harda olurdusa bu barədə məlumat verirdi və danışırmışlar, görüşürmüşlər. Amma indi pulu var deyə o, Allahverdinin yanında getmirmiş ki, pulu var deyə onun adına söz çıxarar. Anası ondan xahiş etmişdir ki, onunla birlikdə Allahverdini axtarmağa getsin. Bundan sonra onlar Allahverdini axtarmağa başlamışlar. Daha sonra bir neçə yerlərə baxmışlar. Bəzi otellərə də birlikdə baxıblar. Bundan başqa heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq edilməsi faktı əsasında Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Şahid4 tərəfindən verilmiş təhqiqat tapşırığı ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət törədənin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Bundan sonra şöbə rəisinə məruzə edib Təqsirləndirilən şəxs həmin vaxt olduğu “Ammar” adlı hotelə getmişdir. Orada Təqsirləndirilən şəxs yaxınlaşıb özümü təqdim edərək şəxsiyyəti barədə məlumat verməsini bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs qeyd olunan hadisə ilə bağlı 17-ci PŞ-nə dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 19 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd olunan hadisə ilə əlaqədar şübhəli şəxs qismində saxlanılaraq 17-ci PŞ-nin təhqiqatına təqdim edilmişdir. Qeyd qeyd olunan hadisə ilə bağlı olaraq onun tərəfindən verilmiş tapşırıq əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq təhqiqata təqdim edilmişdir. Aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində nələrin olduğu soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan 1200 ABŞ dolları, 625 manat pulu, 01 ədəd Unibanka məxsus plastik kartı, 01 ədəd kilit açarını, 05 ədəd onlayn ödəniş qəbzlərini, 01 ədəd İphone 13 Pro Max markalı mobil telefonu, 01 ədəd Huavei markalı mobil telefonu könüllü təqdim etmişdir. Bu barədə tərəfindən protokol tərtib edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, uca səslə oxunmuş, əlavə qeydlər daxil olmadığı üçün Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilmişdir. Cinayət işinin İ cildinin 12-13-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Şahid4 Azərbaycan Respublikası CPM-nin 51 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu: Hadisə yeri ünvan 4 ünvan 18 mərtəbəli yeni tikili yaşayış binasıdır. Hadisə binanın 14-cü mərtəbəsində 201-ci mənzilində olmuşdur. Mənzilin giriş qapısı açıq rəngli qapıdan ibarətdir. Mənzilə içəri daxil olduqda dəhlizdə sol tərəfdə 2 oturacaq, tünd rəngli taxtadan döşəmə, üstündə tünd rəngli xalça, dəhlizdə paltar asmaq üçün nəzərdə tutulmuş dəmir konstruksiyalı əşya var. Dəhlizə iki otağın və bir hamam otağının qapısı açılır. Otaqların qapıları ağ rəngli taxta qapılardır. Həmin otaqlardan biri yataq otağı, digəri qonaq otağıdır. Hadisə dəhlizdə olan ağ rəngli taxtadan düzəldilmiş paltar dolabından olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs pulu qoyduğu yeri göstərmişdir. Hadisə yerində protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuş, baxış süni işıqlanma şəraitində keçirilmiş, protokol ucadan oxunmuş, heç bir şikayət daxil olmamışdır. Cinayət işinin İ cildinin 15-16-cı vərəqələrində olan “Könüllü təqdim olunan əşyaların götürülməsi haqqında” 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısı Şahid4 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən icraatında olan X1 ərizəsi əsasında araşdırılan material üzrə həmin gün Təqsirləndirilən şəxs 17-ci PŞ-də xidməti otağında Kəmalə Səfəralıyevin evindən götürdüyü 2100 ABŞ dollardan 12 ədəd (PK34240499E, LB90049856C, PK34240474E, PK34240475E, PK34240352E, PK34240500E, PF40852979F, LL77526505H, PK34240476E, PK34240478E, PK34240477E, LG52347060C) 100-lük ABŞ dolları, 3 ədəd (A10363433, A26523009, A********) 200-lik AZN, 1 ədəd (Bİ3453927) 20-lik AZN və 5 ədəd (G32463630,B56125299, B48568241, F31566100,0********) 1 manatlıq pul əsginazını, 01 ədəd Unibankdan alınmış öz adına olan plastik kartı, 01 ədəd açarı, 05 ədəd ödəniş qəbzlərini, 01 ədəd İphone 13 Pro Max marklalı mobil telefonu təqdim etmək istədiyini bildirmişdir. Həmin 1200 ABŞ dolları və 625 manat pul, 01 ədəd Unibankdan alınmış öz adına olan plastik kart, 01 ədəd açar, 05 ədəd ödəniş qəbzləri, 01 ədəd İphone 13 Pro Max marklalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüş, protokol iştirakçılara uca səslə oxunmuş, əlavə qeydlər daxil olmadığı üçün imzalarla təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 29-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 53-56-cı vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X11 Azərbaycan Respublikası CPM-nin 51, 85.4.2, 240 və 241-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib tərtib etmişdir ki, ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs iştirakı ilə 01 ədəd «KALE» markalı kilid açarı tanınmaya təqdim olunmuşdur. Tanınma zamanı texniki vasitələrdən istifadə edilməmişdir. Tanınmalı olan əşya 01 ədəd «KALE 162500» markalı kilid açarı eyni növdən olan nömrələnmiş vəziyyətdə «AK» markalı markalı kilid açarı, «KALE» “14169” markalı kilid açarı, “KALE” “ 162500” markalı kilid açarı və «KALE» markalı «56897» markalı kilid açarı arasında təqdim edilmişdir. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib tanınmaya təqdim edilən kilid açarlarının arasında «KALE 162500» markalı kilid açarının onun yaşadığı mənzilin özündə olan açarlarını təqdim edərək, həmin açarların Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş açar ilə eyni markalı və eyni nömrəli olduğunu, həmin açarın yaşadığı mənzilin kilid açarı olduğunu, qeyd olunan hadisə baş verən zaman Təqsirləndirilən şəxs ondan xəbərsiz olaraq qapının üzərindən götürdüyü həmin kilid açarının olduğunu, həmin açarın modelindən və üstündə olan nömrələrdən tanıdığını bildirmişdir. Tanınmanın iştirakçıları tərəfindən protokola əlavə ediləsi, düzəliş, şikayət və təkliflər daxil olmamışdır. Protokol tərəfindən ucadan oxunmuş, düzgün tərtib edilmişdir və ona görə də imza edilmişdir. Cinayət işinin İ cildinin 57-58-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd kilid açarının göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin İ cildinin 78-82-ci vərəqələrində olan Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin 4(005)-232/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 105-111-ci vərəqələrində olan “Telefonda olan məlumatlara baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elnar İbrahimli icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85, 236.1-cı maddələrinin tələblərini rəhbər tutub Təqsirləndirilən şəxs və vəkil X3 iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Bakı şəhəri, Nərimanov RPİ-nin inzibati binasının 30 nömrəli xidməti otağında icraatında ibtidai istintaqı aparılan cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış sübutların həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs məxsus “Huavei” markalı mobil telefonda olan məlumatlara baxış keçirmişdir. İlk olaraq telefonda quraşdırılmış “Galery” proqramına baxış keçirilmişdir. Baxış zamanı istintaq marağı kəsb edən şəkillər və videolar aşkar edilmiş, həmin şəkillər, videolar DVD diskə köçürülmüş və fotocədvələ əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus «Huavei» markalı mobil telefonda olan məlumatlara baxış keçirilmiş və maraq kəsb edən bir məlumat aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 112-113-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1200 ABŞ dolları və 625 manat pulun, 05 ədəd online ödəniş qəbzlərinin, 01 ədəd plastik kartın, 01 ədəd yeni İphone 13 Pro Max markalı mobil telefonun, 01 ədəd Huavei markalı mobil telefonun göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınması, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmaqla zərfdə qablaşdırılmış “Huavei” markalı mobil telefonun müvafiq məhkəmənin yekun qərarınadək Nərimaov Rayon Polis İdarəsində məsul saxlanışa verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 114-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-2533-1222 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin xx.xx.2022-ci il tarixli, 078-5041- 1222 nömrəli məktubu vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 8, mənzil 201 ünvanında, Səfər-X5 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Nəsimi RPİ və Nərimanov RPİ-dən daxil olmuş) xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində xx.xx.2020-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Cinayət işinin İ cildinin 128-133-cü vərəqələrində olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, HTİD/1970 nömrə-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq götürülmüş “Unibanka” məxsus kart X6 məxsusdur. Həmin kart üzrə xx.xx.2022-ci il tarxdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində hesabdan çıxarışlara baxış keçirən zaman iş üzrə dəlil və əhəmiyyət kəsb edən hallar aşkar edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, qeyd olunan oğurluq hadisəsinin baş verdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik karta ardıcıl olaraq 50 manat, 4100 manat, 4000 manat, 5000 manat və 800 manat olmaqla, ümumilikdə 13950 (on üç min doqquz yüz əlli) manat pulun daxil olması aşkar edilmişdir. Həmin bank məlumatları cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin İ cildinin 135-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" ASC-dən təqdim edilmiş 1 ədəd CD formatlı diskin və bank məlumatlarının maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 163-cü vərəqində olan “Könüllü olaraq pulun təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X11 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 51-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə icraatında olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1200 ABŞ dolları, 625 manat pul, İMEİ **********42198 kodlu, İphone 13 Pro Max 256Gb-lik markalı mobil telefon-1900 manata dəyərləndirilərək ümumilikdə 4565 manat pul dəymiş ziyanla əlaqədar Zərərçəkmiş şəxs təqdim edilmişdir. Sonuncu qeyd olunanlar pulu və mobil telefonu qəbul etmişdir. Buna görə də tərəfindən protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun düzgün tərtib olunması imzalarla təsdiq edilmişdir. Cinayət işinin İİ cildinin 52-68-ci vərəqələrində olan “Toplanmış sübutlara qiymət verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 8, mənzil 201 ünvanında, Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri, məlumatlara baxış keçirilməsi protokolu, həmin məlumatların köçürüldüyü 02 (iki) ədəd DVD disk, "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd CD diskin və kartla bağlı bank məlumatlarının maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş iddia ərizəsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın müqabilində ümumilikdə 20490 manat olmaqla, 15925 manat dəymiş zərər və 5000 manat mənəvi ziyan, dövlət rüsumu qismində ödənilmiş 150 manatın tutularaq ona geri ödənilməsi barədə qaldırdığı mülki iddiası məhkəmə hökmündə öz əksini tapması xahiş olunmuşdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı - X12 məxsus xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına 150.00 (bir yüz əlli) manat ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini və vurulmuş zərərin bir hissəsinin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.3), cəza çəkməsinin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 04 ədəd disk, 05 ədəd ödəniş qəbzi, 01 ədəd kilid açarı, 01 ədəd plastik kart cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1200 ABŞ dolları və 625 manat pulun və 01 ədəd yeni İphone 13 Pro Max markalı mobil telefonun və 01 ədəd kilid açarın qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-də məsul saxlanışa verilmiş 01 ədəd “Huavei” markalı mobil telefon Təqsirləndirilən şəxs, 01 ədəd kilid açarı isə Zərərçəkmiş şəxs qaytarılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 15.925 (iyirmi beş min doqquz yüz iyirmi beş) manat, mənəvi ziyana görə 5.000 (beş min) manat və dövlət rüsumuna görə ödənilmiş 150 (yüz əlli) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə, iddia tələbinin mənəvi ziyana görə 5.000 manat ödənilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı tələb etdiyi məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən mənəvi zərərlə bağlı pul məbləğində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 15.925 (on beş min doqquz yüz iyirmi beş) manat maddi ziyan və 150 (yüz əlli) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 19 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 04 ədəd disk, 05 ədəd ödəniş qəbzi, 01 ədəd plastik kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1200 ABŞ dolları və 625 manat pulun və 01 ədəd yeni İphone 13 Pro Max markalı mobil telefonun və 01 ədəd kilid açarın qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-də məsul saxlanışa verilmiş 01 ədəd “Huavei” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 15925,00 (on beş min doqquz yüz iyirmi beş) manat maddi ziyan və dövlət rüsumunun ödənilməsinə görə 150 (yüz əlli) manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar